Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi tanınmış yazıçı, tərcüməçi Saday Budaqlının “Yolüstü söhbət” kitabını nəşr edib. Müəllifin 60 yaşı münasibətilə çap olunan kitabda “Zədə” romanı, povest və hekayələri toplanıb.
Saday Budaqlının nəsr əsərləri 90-cı illərdə Azərbaycan və rus dillərində çapdan çıxıb. O, Moskvada nəşr olunan “Uduş” kitabına görə Maksim Qorki adına ümumittifaq mükafatına layiq görülüb. “Nedelya” həftəlik məcmuəsinin laureatıdır. 1982-ci ildə “Drujba narodov” jurnalının “İlin ən yaxşı hekayəsi” mükafatını qazanıb. 2009-cu ildə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin “Qızıl kəlmə” mükafatına layiq görülüb. Hekayələri ingilis, yapon, Litva, türk və başqa dillərə tərcümə olunub. M.Bulqakov, E.Kabavata, Q.Markes, M.Lyosa, X.Onetti və digər yazıçıların əsərlərini dilimizə tərcümə edib.
* * *
Ernesto Çe Gevaranın “Boliviya gündəliyi” kitabı isə “Tərcümə Mərkəzinin kitabları” seriyasından işıq üzü görüb. Kitab Latın Amerikasında azadlıq mübarizəsinin və Kuba inqilabının simvolu, XX əsrin əfsanəsi Çe Gevaranın yarımçıq qalmış ömründən, keşməkeşli həyat yolunun son on bir ayından - silahdaşları ilə birgə Boliviyanın azadlığı uğrunda apardıqları ölüm-dirim savaşından bəhs edir. Əsəri dilimizə Rövşən Ramizoğlu tərcümə edib.