XX əsr Azərbaycan demokratik ədəbiyyatının görkəmli nümayəndələrindən biri də Əbdürrəhim bəy Haqverdiyevdir (1870-1933). Onu Azərbaycan oxucusu məşhur dramaturq və maraqlı hekayələr ustası kimi tanıyır. Bu dəqiqələrdə, şübhəsiz, oxucunun yadına yazıçının məşhur «Marallarım» silsiləsi düşdü. Satirik-yumoristik janrda yazılmış bu hekayələrdə yazıçı yaşadığı cəmiyyətin eybəcərliklərini maraqlı, oxunaqlı bir dillə tənqid etmişdir. Ə.Haqverdiyevin yaradıcılığında lirik-sentimental əsərlər də özünə yer alıb. «Ayın şahidliyi» hekayəsi bu qəbildəndir. Yazıçı təhkiyəni lirik-romantik bir dil üzərində qurub. Onu da deyək ki, böyük yazıçı kiçikhəcmli bu hekayədə çox mətləblərə baş vurub. Diqqətli oxucu yazıçının mətnaltı fikirlərinə baş vura, sənətkarlıq xüsusiyyətlərindən də məharətlə faydalana bilər.