Bugünlərdə bütün dünyada məşhur olan böyük Azərbaycan bəstəkarı və dirijoru Niyazinin ev-muzeyində oldum. Muzeyin sehrli, əsrarəngiz aləmi insanı valeh edir. Dəhlizin divarlarından asılmış, tarixin yaddaşına çevrilmiş şəkillər göz oxşayır. Onlar sanki musiqi notlarının sədaları altında dilə gəlməyə hazır idi. Həmin fotolarda böyük sənətkar dövrünün bir sıra qabaqcıl siyasi, ictimai və mədəni xadimləri ilə yanaşı dayanmışdı. Müxtəlif vaxtlarda nümayiş etdirilən konsert proqramlarının reklam afişaları hələ də həmin anların ab-havasını özündə yaşadırdı. Elə bil bir azdan növbəti konsertlərdən biri başlanacaq. Qırmızı pərdələr yuxarı qalxacaq. Gur alqışlarla Niyazi yenə də səhnəyə çıxacaq. Sehrli çubuq havada bir göz qırpımında fasiləsiz hərəkətlər edəcəkdi. Həmin vaxtlarda olduğu kimi...… Niyazinin iş otağı daha maraqlı idi. Burada da çoxlu rəsmlər vardı. Bu rəsmlərin əksəriyyətində Niyazi Azərbaycanın məşhur bəstəkarı Üzeyir Hacıbəyovla birgə idi. Həmin otağın bir tərəfində Niyazinin iş stolu qoyulub. Masa hər tərəfdən şüşə ilə əhatə olunmuşdu. Şüşədən masa üzərindəki musiqi əsərləri aydınca görünürdü. Muzey rəhbəri məlumat verdi: “Həmin musiqi əsərlərini Niyazinin özü bəstələyib. Çoxları, Niyazini dirijor kimi tanıyır. O, həm də böyük bəstəkar olub. İlk dəfə "Şur", "Rast" muğamlarını nota köçürüb, "Xosrov və Şirin" və "Çitra" və s. baletlərini yazıb”. Növbəti otaq da şəkillərlə və eksponatlarla zəngin idi. Müxtəlif vaxtlarda tarixi əbədiləşdirən fotolar, musiqi əsərləri və digər əşyalar... Diqqəti çəkən medallar, döş nişanları və s. Salon isə daha maraqlı idi. Səliqə ilə düzülmüş stullar və qara piano konsertqabağı hazırlığı xatırladırdı. Burada əsl musiqi aləminə - notların sehrinə düşdük. Divarlardan rəssamlar tərəfindən Niyaziyə həsr olunmuş rəsmlər asılmışdı. Onlardan daha çox diqqət cəlb edən tanınmış rəssam Toğrul Nərimanbəyovun çəkdiyi şəkil idi. Şəklin aşağı hissəsində Niyazinin surəti, yuxarıdakı böyük hissədə isə rənglər burulğanını xatırladırdı. Qırmızı rəng daha çox hiss olunurdu. Rəssam atəşin qırmızı rəngi ilə Niyazinin fantaziyalı musiqi aləmini yaratmışdı. Burulğan isə bu fantaziyanın sonsuzluğuna və sərhədsizliyinə işarə idi. Təəssüratlarım da sonsuz oldu. Arzu Paşayev