Yola saldığımız 2008-ci il Azərbaycan xalq artisti, Dövlət mükafatları laureatı, Amaliya Pənahova üçün də uğurlu oldu. Belə ki, dekabrın 20-də Türkiyənin İzmir şəhərində keçirilən Kipr Avroasiya Balkan Dövlətləri qurumunun növbəti toplantısında sənətçi «Türk mədəniyyətinə xidmətinə görə» diplomu və “Qızıl ödül”ü ilə mükafatlandırılıb. Bundan başqa Amaliya xanım Ankaradakı Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü (akademik) seçilib.


Sənətçinin sözlərinə görə, diplom və ödül onun üçün iki baxımdan əhəmiyyətlidir: «Birincisi, bir sənətkar kimi türk dünyasına, teatrımıza xidmətimi qiymətləndirib mənə bu ödülü təqdim etdilər. Digər əhəmiyyəti isə ondan ibarətdir ki, «Qızıl ödül» diplomunu mənə verən türk dünyasının çox hörmətli şəxsiyyəti Kamal Baysak idi. K.Baysak vaxtilə ulu öndərimiz Heydər Əliyevə «İlin adamı» mükafatını təqdim etmişdi».
Sevimli sənətkarımız Amaliya xanımı “Mədəniyyət” qəzeti olaraq biz də ürəkdən təbrik edir, ona yeni ildə cansağlığı və davamlı yaradıcılıq sevincləri arzulayırıq.

MEHPARƏ