Sağ olsaydı, yəqin deyərdi: «Bunu yazma!..»
   
   Bu gün Bəşir Səfəroğlunun anadan olmasının 84 ili tamam olur. Martın 23-ü ölümündən 40 il keçir. Tamaşaçıları üçün, teatr üçün, bizim üçün, yaxın qohumları üçün Bəşir Səfəroğlu heç vaxt 44 yaşından o tərəfə adlamayacaq. 44 yaşının şəkli bütün ömrünə sonuncu illüstrasiya olacaq. Amma dünənə də, bu günə də, lap elə, indən beləyə də teletamaşalardan, kinolentlərdən şəkil-illüstrasiyalar göndərəcək. Hər dəfə bir özgə adamla, bir özgə tiplə, hər dəfə bir obrazda…
   
   Elə bu boyda vəzifəni - Bəşir Səfəroğludan yazmaq məsuliyyətini öhdəsinə götürmüş, hardan başlayacağını götür-qoy edən müəllifə - mənə də ismarış yetirəcək.
   «Yazarsan ki, mən
   mən Gülümsərov.
   Həm ciddi, həm də
   şən Gülümsərov...»
   Bəzən ayrı-ayrı sənətkarlar, aktyorlar haqqında portret oçerklər yazanda onların heç bir şəkildə ümumi olmayan fərdi cizgilərini kəşf edirəm. Sonra da mürəkkəb-sadə bənzətmələrlə onu dəqiq ifadə eləməyə çalışıram. Yazandan sonra görürəm ki, məqsədimə nail olmamışam, çoxları fikrimi tutmayıb. Amma yenə oxucu (tamaşaçı) duyumuna, fəhminə güvənib, Bəşir Səfəroğlunun aktyor portretinin (oyununun) bir cizgisini açmaq istəyirəm. Bəşir Səfəroğlu öz qəhrəmanlarını yaradır, bütöv edir, tamamlayır. Və maraqlıdır ki, bu tamlıqda həm də öz qəhrəmanına kənardan tamaşa edən, ona yad bir Bəşir Səfəroğlu var. Bu, oyunu dağınıq etmir. Əksinə, onu bütövləşdirir, tamamlayır. Hərdən onun qəhrəmanları «danışan Çaplinə» bənzəyir. Amma hər dəfə bayaq qeyd etdiyim cizgi dəqiqdir: «Mən qəhrəmanlarımı başa düşürəm və bağışlayıram».
   
   Tale
   
    Bəşir Səfəroğlunun yumoru sərtdi, çevikdi, bitkindi. Komik ampluanın bu qolu yalnız Bəşir Səfəroğlu yaradıcılığı üçün xasdı.
   Bu sənətkar heç bir xüsusi peşə təhsili almayıb. Heç teatr təhsili də yoxdur. Hələ müharibədə eşitmə qabiliyyətini və nitqini itirdikdən sonra yenidən teatra qayıdıb. Və dili açıldıqdan sonra da onlarla obraz yaradıb.
   İlk dəfə səhnəyə 14 yaşında çıxıb. «Sevil» tamaşasında Gündüzü oynayıb. Bir il sonra Musiqili Komediya Teatrına gəlib və tamaşalarda sözsüz rollarda çıxış edib. 1941-ci ilin noyabrında yaşı düşməsə də könüllü cəbhəyə gedib. 1942-ci ildə «kontuziya» alaraq eşitmək və danışmaq qabiliyyətini itirib. Amma elə həmin il Musiqili Komediya Teatrının yardım heyətinə, mimans qrupuna götürülüb.
   Sonra dili açılıb, eşitmə qabiliyyəti bərpa olunub. 1949-cu ildə Musiqili Komediya Teatrı bağlandıqdan sonra Bəşir Səfəroğlu bir müddət sürücü işləyib. Bir qədər sonra filarmoniyanın nəzdində estrada qrupuna daxil olub. 1956-cı ildə Musiqili Komediya Teatrı bərpa edilib və bədii rəhbər Şəmsi Bədəlbəylinin kollektivə ilk dəvət etdiyi aktyorlardan biri də Bəşir Səfəroğlu olub. 1949-cu ildə böyük qızı Zivər, 1955-ci ildə kiçik qızı Afaq dünyaya gəlib. 1964-cü ildə Bəşir Səfəroğlu əməkdar artist , 1968-ci ildə isə xalq artisti adına layiq görülüb.

   Ölünü də qıdıqlayan rollar...
   
   Bəşir Səfəroğlunun yaradıcılığı Musiqili Komediya Teatrının möhtəşəm, parlaq bir dövrünü əhatə edir. Onun yaratdığı obrazlar rəngarəng və müxtəlifdir. Məşədi İbad və Qoçu Əsgər («O olmasın, bu olsun»), Uzun («Toy kimindir?»), Süleyman («Arşın mal alan»), Salyanski («Gözün aydın»), Şulu («50 yaşında cavan»), Baləmi («Rəisin arvadı»), Əli Dinməzov («Bir dəqiqə»), Dayandur («Olmadı elə, oldu belə »), Firuz bala («6 qızın biri Pəri»), Gülümsərov («Ulduz»), Höcətov («Höcət eləmə»), Polis rəisi («Milyonçunun dilənçi oğlu»)…
   Bu teatr tamaşalarının çoxu günümüzə gəlib çatmayıb. Tamaşa ömrünü yaşayıb və bitib. Bu obrazları tamaşaçı alqışı dəfn edib. Əlbəttə ürəklərdə…
   Bəşir Səfəroğlunun rolun səhnə həllinə, qəhrəmanların sözlərinə münasibətdə fərqli mövqeyi vardı. Məsələn, o, hər kəlməni müxtəlif intonasiyalarla mənadəyişiminə məruz qoyurdu. Bəşir qəhrəmanın vəziyyətinə psixoloji zəmindən yanaşırdı və oyununda gözgörəsi ifşa - özünü ifşa yox idi. O, sadəcə qəhrəmanın xarakterini və vəziyyətinin komikliyini açırdı. Onun öz obrazlarına münasibəti ciddi və bütöv idi. Nadan professora da, bürokrat Murtuzova da, səfeh polis rəisinə də ciddi məntiqlə yanaşırdı. Bu daha düzgündü. Axı nadan adam öz nadanlığının fərqində deyil və bunu ona görə də xüsusilə qabartmır. Aktyor öz qəhrəmanlarının psixolojisini, düşüncə xəttini müəyyən edir və bu əsasdan da ona jest-hərəkət qrafiki cızırdı.
   
   Yalqızam, yalqız...
   
   Bəşir Səfəroğlu cəmi 7 filmə çəkilib.
   «Aygün», (Əmirxanın dostu), «Qəribə əhvalat» (Cəmil), «Əhməd haradadır?» (Sərxoş), «Ulduz» (Gülümsərov), «Xoca Nəsrəddinin 12 qəbri» (Nəsrəddin), «Yun şal» (Kişi), «Yaşamaq gözəldir, qardaşım» (Səfər) bu yeddiliyi təşkil edir.
   Bu rollardan ən məşhuru “Ulduz” filmindəki Gülümsərovdur. «Ulduz»da isə Gülümsərov təcrübəyə gəlmiş tələbələrin rəhbəridir. Bu tipajı sanki Bəşir Səfəroğlu çoxdan tanıyır. Gülümsərov elmlə «məşğul olur» və cəmiyyət və şəxsiyyət müstəvisində bu tipaja mənəvi kütlük kimi baxılırdı. Gülümsərov özünü özü haqda formalaşdırdığı bir qəlibə salıb. Və bu qəlibi aktyor Bəşir Səfəroğlu çox peşəkarlıqla duyub. Gülümsərovun görkəmli alim «imici» bu qəlibin məhsuludur. Bu alimciyəzin Naziləyə (B.Şəkinskaya) rast gələcəyini qabaqcadan proqnozlaşdırmaq olur.
   «Əhməd haradadır?» filmində Bəşir Səfəroğlu ekranda çox az görünən epizodik və yaddaqalan bir obraz yaradır. Ümumiyyətlə, bu film sadə bir süjetin üzərində qurulmuş epizodlar komediyasıdır. Bəşir Səfəroğlu yaratdığı obrazda sərxoşluğun faciəsinin özünəməxsus yumorla açır. «Yalqızam, yalqız..» deyib də dirəkləri qucaqlayan sərxoş diqqətdən yayınmır. Lütfəli Abdullayevdən bir replika da qazanır «Can, ay yetim..». Bəşir Səfəroğlu hər hansı bir detalla obrazına xarakterik cizgilər əlavə etməyi xoşlayırdı. Bəşir Səfəroğlunun böyüklüyü, zövqünün həssaslığı orasında idi ki, o, detaldan istifadənin ölçülərini, həddini heç vaxt pozmurdu.
   1965-ci ilin yay aylarında «Mosfilm»in rejissoru Tacikistanda Xoca Nəsrəddin haqqında film çəkməyə hazırlaşır. Baş rola Bəşir Səfəroğlu dəvət edilir. Filmdə əsas aparıcı obraz Xoca Nəsrəddindir. Müəllif bir-biri ilə bir o qədər də bağlılığı olmayan epizodları, hadisələri, müəllifləri vahid xətdə- Xoca Nəsrəddinin vasitəsilə birləşdirməyə çalışmışdır. Tamaşaçılar filmi yaxşı qarşıladılar.
   … Alimlərin nüfuzlu bir məclisi... Elmi sessiya… Bir-birinin ardınca fikir yürüdən natiqlər «mühüm bir məsələ» barədə mübahisə edirlər: Xoca Nəsrəddin tarixi şəxsiyyətdirmi? O nə vaxt yaşamışdır? Nəsrəddinə isnad edən 12 qəbirdən hansı onundur?
   Bayaqdan bəri bu məclisi sakitcə seyr edən Xoca Nəsrəddin axırda mənalı şəkildə alimlərə müraciət edir:
   - Sizin bu mübahisənizin camaata xeyri nədir?
   
   Yenə tale...
   
   Xoca Nəsrəddin rolu ümumittifaq miqyasa çıxdığı bir vaxtda tale Bəşirə «sürpriz» hazırladı - Xərçəng!
   Sonra Bəşiri inandırırlar ki, xəstə deyil, onda heç nə yoxdur. Onu inandırmaq üçün nələr etmirdilər. Bir dəfə o, Qulamrzaya deyir ki, and iç, and iç ki, məndə heç nə yoxdur. Qulam and içir. Yerə, göyə and içir. Deyir: «Yox Qulam, and iç ki, balalarım ölsün, səndə heç nə yoxdu». Çarəsiz Qulam yenə and içir. Yanına dəyməyə gələnlərlə min cür ssenari quraşdırırlar. Bəşiri inandırırlar, ümidləndirirlər. Ağrılardan imkan tapan kimi teatra gəlib tamaşalarda çıxış edir. 40 dərəcə qızdırma içində «Milyonçunun dilənçi oğlu» tamaşasında oynayır. Polis rəisini… Bu rol tamaşada cəmi iki epizodda, qısa müddətdə səhnədə görünürdü. İkinci epizod xüsusilə maraqlı idi. Guya ölmüş senatorun arvadını götürmək üçün polis rəisi gəlir. Onun sözü çox azdı: «Axmaqlar! Ölünün də qıdığı gələr?» Burada aktyor mətndən kənara çıxaraq bu epizodu bir neçə variasiyada oynayırdı. Bu improvizələr heç vaxt bir-birini təkrarlamırdı. «Milyonçunun dilənçi oğlu» tamaşasında heç kim səhnəyə Bəşir Səfəroğlu qədər ciddi hərəkət və sifət ifadələri ilə çıxmırdı. Və heç kim də konkret situasiyanı bu dərəcədə dəqiq, bütün aydınlığı və yumor tutumu ilə canlandıra bilmirdi. Çünki bütün ifaçılar hamısı hadisəni oynamağa səy göstərirdi.
   Bəşir Səfəroğlu xalq arttisti adını alandan sonra cəmi 7 ay yaşadı. Ağrılar içində, ümidlə, aldanışla, inanmaq istəyi ilə. Bir aktyor ömrü beləcə bitdi.
   
   Epiloq əvəzi
   
   Obrazları yaşayır, xatırlanır. Qızı Afaq xanım yaşayır, atasından sonra yeri boş qalan səhnəni doldurmaq amalı ilə yaradır…
   …Bəşir Səfəroğlunu bu həyatdan xərçəng xəstəliyi apardı. Özü isə bu dünyadan - onun əbədiliyindən, faniliyindən, gülüşündən, kədərindən nələrisə qoparıb apardı. «Kim bu dünyadan nə aparır?» - yalan sözdü. Əgər xatırlanırsa, hamı nəsə aparır. Onun kimi…   

  Aliyə