1979-cu ilin soyuq dekabr günlərinin birində - ayın 16-da təqvimdən bir vərəq qopdu. Qara rəngli. Bu, istedadlı pianoçu, Azərbaycan caz musiqisində özünün dəst-xətti olan Vaqif Mustafazadənin 39 illik ömrünün son vərəqi idi.
   
   Otuz doqquz il nədir ki? Amma bu otuz doqquz ildə Vaqif Mustafazadə çox şeylər yaratdı. Özü ilə də çox şeylər apardı. Deyirlər, güclü yaddaşı vardı. Yaddaşına o qədər arxayın imiş ki, çox melodiyalarını lentə yazdırmazdı.
   Vaqif Əziz oğlu Mustafazadə 1940-cı ilin mart ayının 16-da Bakıda anadan olub. Üzeyir Hacıbəyovun tələbəsi anası Zivər xanımın dərs dediyi musiqi məktəbində təhsil alan Vaqif muğamı da elə anasından öyrənmişdi. Başqa dərslərə o qədər də həvəsi olmazdı. Haradansa caz musiqisi olan vallar tapıb gətirərmiş, qulaq asıb doyandan sonra başlayarmış özü çalmağa. Vaqif beləcə lap uşaqlıqdan meylini salır caza. O, heç bir müəllimdən caz dərsi almayıb. Özü müstəqil yol axtarıb və tapıb. Ömrünün sonuna qədər də bu yolla getdi. Azərbaycan musiqisində elə bir iz qoydu ki, o heç zaman itib getməyəcək.
   Öz ifaları və bəstələdiyi mahnıları ilə onu dünyanın hər yerində tanıyırlar.
   Vaqif Mustafazadə bəstəkarlıq fakültəsini bitirməmişdi. Ancaq iki konsert, simfonik əsərlər, sonatalar, skertsolar, balladalar bəstələmişdi. 1300 caz kompozisiyasının müəllifi idi. «Əzizəni gözləyərkən» kompozisiyasına görə planetin ən yaxşı caz bəstəkarı sayılmışdı.
   Amma biz onu həvəskar bəstəkar sayırdıq. Bəstəkarlıq diplomu almadığı üçün.
   Vaqif Mustafazadənin ən böyük xidmətlərindən biri də «Sevil» vokal ansamblını yaratması idi. İndi də həmin ansamblın lentlərin yaddaşına köçən ifaları könül oxşayır. «Muğam» caz ansamblı da yaratmışdı ki, burada sırf caz-milli koloritli, sırf caz musiqiləri ifa olunurdu. O, cazı, «ürək musiqisi» adlandırırdı.
   Bütün bunlar barədə martın 16-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərən pianoçu, bəstəkar, caz musiqisinin yaradıcısı Vaqif Mustafazadənin ev-muzeyində doğum günü münasibətilə keçirilən tədbirdə danışıldı.
   Muzeyin direktoru Afaq Əliyeva ev-muzeyinə gələnləri salamlayaraq qeyd etdi ki, hər il həm martın 16-da Vaqif Mustafazadənin doğmu günü, həm də dekabrın 16-da həyatdan köçdüyü gün, onun dostları, onu sevənlər bir yerə toplaşıb Vaqifi xatırlayırlar, məzarını ziyarət edir, onun üstünə gül-çiçək dəstələri qoyurlar.
   Sonra Rusiya Mədəniyyət Mərkəzinin və Turan Cavid adına Qadın Cəmiyyətinin üzvü, iki müsabiqə diplomantı Gülüstan Abdullaqızı Vaqif Mustafazadənin «Getmə» xalq mahnısının aranjimanını və ona həsr etdiyi «Fantaziya»sını ifa etdi. Onun adını daşıyan 2 saylı Uşaq İncəsənət Məktəbinin şagirdləri ilə konsert proqramı ilə çıxış etdilər.
   Vaqif Mustafazadənin doğum günü belə qeyd edildi. Onsuz, onun musiqiləri də Yaşasaydı...
   
   Fərahim Şükürov