Lütfəli Abdullayevin doğum gününə
   
   Azərbaycan teatrının və kinosunun komik aktyoru, səhnədə və ekranlarda maraqlı, yaddaqalan obrazlar yaradan Lütfəli Abdullayevi xatırlamaq üçün tamaşaçı elə də çətinlik çəkmir. Özünəməxsus imici və bənzərsiz ifası ilə həmkarlarından seçilirdi. Azərbaycan kinosunun ən unikal gombul tənbəli. Sifətində daha çox tənbəl, yorğun insanın cizgiləri olması onun bəlkə də, Allah tərəfindən verilən istedadının yeganə ifadə vasitəsidir. Danışıq tərzində bədən görkəminə uyğun gələn tövşümə onun qəhrəmanlarının xarakterik detallarındandı. Gödək əlləri, ayaqları və qəribə bədən quruluşu, yöndəmsiz addımları əslində aktyor üçün mənfi xüsusiyyətlərdir. Amma Lütfəli Abdullayevə baxan seyrçi onun obrazlarını elə belə də təsəvvür edirdi. Tamaşaçı onu ayrı cür, bəlkə də, qəbul eləməzdi.
   
   Aktyor 1914-cü il mart ayının 22 də Nuxa (Şəki) şəhərində anadan olub. Azərbaycan Musiqili Komediya Teatrında çalışıb. Bu teatrdakı əvəzsiz rolları aktyor kimi məşhur olmasında böyük rol oynayıb. «Hicran» tamaşasındakı (Mitoş) onun ən məşhur roludur. Bundan əlavə «Beş manatlıq gəlin» (Möhsün), «Toy kimindir?» (Qoşun), «Durna» (Dursun), «Gözün aydın» (Qəhrəman) tamaşalarındakı rolları ilə yaddaşlarda qalıb. «Ulduz» filmindəki (Məhəmməd) obrazı onun demək olar ki, ən yaxşı rollarından biridir. Məhəmməd obrazını seyr edərkən ilk növbədə diqqəti onun tənbəlliyi cəlb edir. Əslində aktyorun görünüşü bunu deyir, obrazı başqa cür də oynamaq mümkündür. Məhəmməd: - «Fermadandu?», Züleyxa:- «Yox, nə danışırsan, öz həyətimdəndir», Məhəmməd:- «Hə,onda yeyərəm!» Artıq bu cümlələrin ardıcıllığında istehza sezilən bir komiklik durur. Bu aktyor fiziki görkəminin bütün konturları ilə özlüyündə nəhəng bir komediya idi: «Ulduz», «Əhməd haradadır?», «Arşın mal alan»…
   50-ci illərin bayağı, cəfəng mövzulu «konfliktsizlik nəzəriyyəsinin» nümunələrinin uğursuz ağırlığını bütöv bir aktyorlar nəsli daşıdı. Bu ağırlıqdan böyük bir pay Lütfəli Abdullayevin çiyninə düşmüşdü. Bu aktyorun simasında onlarla əsər kino və teatr sənətinin incilərinə çevrilirdi. Bu «məqsədli» əsərlər toplusu məhz onun kimi aktyorların sayəsində duzlu, koloritli qəhrəmanlar qazanırdı. Sözsüz, aktyorun yaradıcılıq tarixini araşdıranda məhz bu vəziyyətin prizmasından yanaşılmalıdır. Məhz onların qəhrəmanları düzgün və prinsipial, müsbət «kolxoz qəhrəmanları»nı kölgədə qoymağı bacarırdı. Lütfəli Abdullayevin bir jesti kifayət idi ki, sosializm qəhrəmanlarının müsbət sovet idealları yönsüz, quru tipajlar kimi maraqsız qarşılansın, onların həyatı tamaşaçıya cansız və zəhlətökən görünsün. Camaat bu unikal koloritli - müftəxor, bürokrat qəhrəmanları yaradan aktyoru daha çox sevirdi. Lütfəli Abdullayev o aktyorlardan idi ki, obrazlarını həyata qarışdırmırdı. Bu öz işinə ciddi yanaşmağın göstəricisi idi. Aktyor sənətinin parodoksal xüsusiyyətidir ki, bu boyda uydurmanı çox təbii və səmimi oynamalısan. Bütün bunları yaratmaq aktyordan insan kimi son həddə çatan səmimilik istəyir. Xüsusən komik ampluada olan aktyorlar üçün bu ən əsas və vacib şərtdi. Tamaşaçılar da Lütfəlinin obrazlarının tənbəlliyini, müftəxorluğunu, bürokratlığını, mənsəbpərəstliyini bu hüdudsuz səmimiyyətə bağışlayırlar və sevirlər. Elə səmimilikdəndir ki, filmlərin adı unudulur, onlar «Lütfəlinin filmi» kimi məşhurlaşır. Lütfəli Abdullayevin mənsub olduğu aktyorlar nəsli uzun bir zaman kəsiyində Azərbaycan kinosunun komiklik imicini formalaşdırdılar. Kino qəhrəmanları sırasında özlərinin obrazlar qalereyasını yaratdılar. Martın 22-si böyük sənətkarımız Lütfəli Abdullayevin ad günüdü. Heç olmasa iki tənbəl qəhrəmanı var ki, üzü Novruz kökəsinə bənzəyir. Bu da daha bir bənzətmə. Yazın ilk günü - gecə və gündüz bərabərliyinin tamamında.
   
   Aytək