Səhər yuxusunun şirin vaxtında telefon zənginə oyandım. Dəstəyi götürdüm və redaksiyadan belə bir tapşırıq aldım: «Cəfər Cabbarlının ev-muzeyində tədbir var, yazmaq lazımdır”. Hazırlaşıb çıxdım. Bu vaxta qədər Cabbarlının ev-muzeyində olmadığımdan utandırıcı olsa da muzeyi adamların “gedərsən sağa, dönərsən sola” məsləhətlərindən sonra tapdım. Ayağımı qapıdan içəri qoymağımla psixoloji mühitin dəyişməyi bir oldu. Köhnə həyət, ağaclar, balaca pilləkənlər məni bir anlıq böyük ədibin yaşadığı dövrə apardı. Qapını üzümə açan C.Cabbarlının qızı Gülarə xanımın təbəssümündən hiss etdim ki, gecikmişəm. Zalda hələ 2-3 nəfər var idi. Ətrafa nəzər yetirdim. Köhnə, qədimi tavanı uçulub-tökülmə ərəfəsində olan otaq. Divarlarında Cəfər haqqında sözlər, tamaşalardan şəkillər və s. Bir vaxtlar Cəfərin də bu otaqda gəzdiyini, divarlarına toxunduğunu düşünüb, «Mən də buradayam!» fəxarətləndim. Və hələ Gülarə xanımın ömrüm boyu unutmayacağı xoş rəftarı, mehribanlığı, səmimiyyəti...
  
   Yavaş-yavaş qonaqlar da gəldi. C. Cabbarlının nəvəsi Qəmər xanım tədbiri açıq elan edərək qonaqları salamladı. Böyük dramaturqun 110 illiyini 29 aprel tarixində keçirilməsinin səbəbini isə mart ayında olan bayram və tətillərin çoxluğu ilə əlaqələndirib, ilk sözü alim, cəfərşünas Asif Rüstəmliyə verdi. “C.Cabbarlı izahı və şərhi mümkünsüz olan elə bir sənət möcüzəsidir ki, insan bu sənət möcüzəsi ilə maraqlandıqca, həmin tədqiqatdan mənəvi zövq, müsbət enerji alır. O, qaranlıqları işıqlandıran dan ulduzuydu. Cəfər hələ ibtidai məktəbdə oxuyarkən imzası artıq tanınırdı. Mən Sankt-Peterburqda olarkən onun “Həqiqəti-əfkar” qəzetində bir şeirinə rast gəldim. Hansı ki, bu, bizim arxivdə yoxdu. Beləliklə, Cəfər yaradıcılığı 1915-ci ildən də əvvələ gedib çıxır. Cəfərin cümhuriyyət dövründə ictimai-siyasi fəaliyyətini xüsusilə qeyd etmək lazımdır. O dövrdə indiki himnimiz yox idi, lakin Cəfərin himnə bərabər sözləri olan “Ölkəm” şeiri var idi. Onun xidmətləri çox olmuşdur, bunları danışdıqca bitən deyil. Hazırda ölkə prezidentinin sərəncamına əsasən, onun əsərləri 100 çap vərəqi həcmində toplanılıb, çap edilib, bütün kitabxanalara paylanılıb, lakin bütün bunlara baxmayaraq, onun hələ də arxivdə qalan əsərləri vardır ki, onlar da tədqiq edilib dərc olunmalıdır”.
   Sonra “Ədirnə fəthi”ndə Orxan və “Aydın”da Aydın rolunun ifaçısı sevimli aktyorumuz Nurəddin Mehdixanlı çıxış etdi: “Hər bir millətin elə övladları olur ki, onlar öz xalqları qarşısında çox dəyərli böyük xidmətlər göstərir. Lakin, onların arasında elələri də olur ki, xidmətləri müstəsnalıq təşkil edir. Məhz Cəfərin öz xalqı qarşısında xidmətləri müstəsna olmuşdur. Cəfər həm də digər dramaturqlardan fərqli olaraq dramaturgiya tariximizdə ad islahatı edib, öz adlarımızı özümüzə qaytarıb: Aydın, Sevil, Almaz, Orxan, Qorxmaz və s. Onun yaradıcılığının bir fərqli cəhəti də ondan ibarətdir ki, əsərlərini təmiz azəri türkcəsində yazmışdır, əgər nə vaxtsa ortaq türk dili formalaşarsa, bunun bir sinonimi də düşünürəm ki, “Cəfər dili” olmalıdır. Cəfərin əsərlərinə hər zaman ehtiyac var. Aktyor özünü təsdiqləmək üçün mütləq Cəfərin məhək daşından keçməlidir. Bu gün təəssüf edirəm ki, milləti üçün bu cür böyük xidmətləri olan Cəfər Cabbarlının evi hündürmərtəbəli binaların əhatəsində təklənib, evinin divarları uçub. Çox təəssüf. Onsuz da Cəfər elə bir insandır ki, biz ona heykəl qoymasaq da, xalqın ürəyində abidə kimi yaşayacaq. Çünki o, əsərləri ilə özünə heykəl qoyub!” Bu emosional çıxış zalda gurultulu alqışlar yaratdı.
   Tədbirdə ADMİU-nun müəllimi Fərqanə xanımın hazırlaşdırdığı 175 saylı məktəbin şagirdləri Cabbarlının “Kişilər deyirlər”, “Arvadlar deyirlər”, “Qızlardan kişilərə protest”, “Bulvar hara, məktəb hara”, “Ana”, “Qiyamətmi qopar” şeirlərini yüksək ustalıqla ifa etdilər. Lamiyyə Qasımovanın “Ana” və Mirçingiz Ağazadənin “Kişilər deyirlər” şeirlərinin ifa tərzi xüsusi alqışlarla qarşılandı. Tanınmış aktyorlar Rafiq Əzimov, Maqbet bəy və Hicran xanım Cəfərin əsərlərinin onların bir aktyor kimi yetişmələrinə böyük təsirindən danışdılar. Kinoşünas Aydın Kazımzadə də Cəfərlə bağlı fikirlərini tədbir iştirakçıları ilə bölüşdü: “C.Cabbarlı həmişə bizim müəllimimiz, atamızdır. Cabbarlı kinomuzun əsasını qoyanlardan biri olmuşdur. Belə ki, Cəfərə qədər bizdən heç kəs ssenari yazmamışdır. Yazanlar da ruslar olmuşdurlar ki, onlar da türk qadınını rus xarakteriylə ifadə etmişlər. Böyük sənətkarımızın məhz elə bu xidməti ölçüyə gəlməz”. Aydın müəllim Cəfərlə bağlı maraqlı bir hadisə də danışdı: “O dövrdə kinoya azəri qadınını çəkmək olmurdu. Cəfər küçələrdə, avtobuslarda axtardığı obrazına uyğun qadının arxasıyca düşüb, kinoya cəlb etməyə çalışırdı. İzzət Orucovanı da belə tapmışdı. Lakin, bir dəfə Cəfər və məşhur aktyorumuz Məmməd Əlili bir yerdə tramvayda gedərkən Cəfər gözəl bir qadın görür və Məmmədə: - Mən utanıram, sən yaxınlaş o qadına, əsl kinoya çəkilməlidir, - deyir. Məmməd Əlili də onun sözünü yerə salmayaraq qadına yaxınlaşıb kinoya çəkilmək təklifini edəndə, arxadan Məmməd Əlilinin başına bir yumruq dəyir. Sən demə, qadının əri imiş. Sonda isə yalnız onu deyə bilərəm ki, Cəfər ürəyini xalqın yolunda əritdi”. Tədbirdə iştirak edən Məmməd Əlilinin qızı Solmaz Əlili və Möhsün Sənaninin oğlu Valid Sənani valideynləri ilə Cəfərin dostluq münasibətlərindən, onun fədakarlığından danışaraq keçmiş xatirələri yada saldılar. Bu xatirələrdən xüsusilə vurğulanası bir məqam: Sən demə, C. Cabbarlının başqasına “şər atmağı” da «varmış». Dostunun hesabına tramvayda yumruq yemiş Məmməd Əlili bir gün Cəfərgilə gəlir və söhbət əsnasında Cəfər: -Ay Məmməd, bu gün aldığım maaşı qoymuşdum stolun üstünə, bu pul hara yoxa çıxdı? - deyir. Hələ heç nəyi başa düşməyən Məmməd təəccüblə: - Başa düşmədim, Cəfər, indi nə demək istəyirsən? Cəfər: - Heç nə, deyirəm ki, otaqda bir sənsən, bir də mən, bu pul qanadlanıb göyə uçmadı ki? Məmməd təəccüblə: - Sözündən belə çıxır ki, pulu mən oğurlamışam? - deyib acıqla otaqdan çıxır. Cəfər isə onu gizlicə izləyir. Bu “şər”dən sonra Məmməd özünü tramvayın altına atmaq istəyir, onu bayaqdan izləyən Cəfər tez Məmmədə yaxınlaşıb: - Ay kişi, zarafat edirəm, nə pul, nə oğurluq yeni bir əsər yazıram, yoxlamaq istəyirdim, görüm adama şər atanda necə olur - deyərək gülür.
   Tədbirdə əməkdar artist, ud ustası Yasəf Eyvazov və gənc müğənni Rəşad İlyasov C.Cabbarlının “Azad bir quşdum” misralarıyla başlayan mahnısını da ifa etdilər.
   Tədbirin sonunda söz C.Cabbarlının qızı Gülarə xanıma verildi. O, məclisə gələn qonaqları bir daha salamlayaraq, hamıya öz təşəkkürünü bildirdikdən sonra atasıyla bağlı bir xatirəni danışdı. Gülarə xanımın dediyinə görə, Cəfər teatra o qədər bağlı adammış ki, bəzən hər şeyi unudurmuş. ...Hətta bir dəfə anam Sona xanım Cəfərin yeməyini teatra aparır. Zala daxil olur, Cəfərin məşq etdiyini görüb, maneçilik yaratmasın deyə, arxa oturacaqların birində oturub, məşqin bitməsini gözləyir. “Sevil” tamaşası, aktyorun (Rza Təhmasibin) Edilyanı öpməli olduğu səhnə. Bir dəfə öpür, Cəfər bəyənmir. 2-ci dəfə... yenə bəyənmir. Cəfərin səbri tükənir və özü səhnəyə hücum çəkib Edilyanı bağrına basaraq öpüb, Rzaya: - Gördün, arvadı belə öpərlər. - deyir. Məşqdən ayrılıb yoldaşını zalda görən Cəfər: - Aaa, sən nə vaxt gəldin, Sonası? - deyir. Yoldaşı isə: - Sən Edilyanı öpəndən burdayam, tamaşa edirəm. Cəfər isə: - Neyləyək, bizim də işimiz budur da - deyərək cavab verir.
   Adətən, insanların ad günündə ona “Yüz yaşa”, “Min yaşa” - deyirlər. Lakin, elə insanlar da vardır ki, bu ömrü cismən yaşaya bilməsələr də, ruhən daim yaşayırlar. Cəfər üçün yüz il, min il nədir ki?..
  
   Yeganə CANSAİL







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar