Həqiqət. Əfsanə. Heyrət… Xan adı çəkiləndə birinci ağlagələn bunlar olur. Bu sözlərin və daha neçə belə ifadənin gərəkliyi lazımdı onun kimliyini dərk etmək üçün. Mədəniyyət tariximizdə ən məşhurlardan biridi o. Həqiqətdi. Muğamla qoşa çəkilir adı. Azərbaycan xalq musiqisinin, muğamatımızın rəmzidi. Xan deyəndə muğam, muğam deyəndə Xan yada düşür. Yenə həqiqətdi. Və bir həqiqət də var: onun adı Şuşanın, Şuşanın adı Xanın xatırlanması deməkdi. Bax beləcə…
    
   
   Şuşanın dağları başı dumanlı,
   Qırmızı qoftalı, yaşıl tumanlı,
   Dərdindən ölməyə çoxdur gümanlı
   Ay qız, bu nə qaş-göz, bu nə tel?
   Ölərəm dərdindən, onu bil,
   Danışmasan da, bala, barı gül!

   
   
   «Könül söhbətləri»ni ustad xanəndəsiz təsəvvür eləmirəm. Gec-tez görüşəcəydik Xan əmiylə. Görüşdük də. Əslində, ilin hansı vədəsi onu xatırlamırıq ki? Hərhalda milli təəssübkeşliyi, kökümüzə ehtiramla yanaşanlar yalanı çıxartmazlar.
   Azərbaycan xanəndəlik sənəti tarixində özünəməxsus məktəb yaratmış Xan Şuşinskinin - İsfəndiyar Aslan oğlu Cavanşirin repertuarında «Mirzə Hüseyn segahı», «Şahnaz», «Qarabağ şikəstəsi», «Kürdü-Şahnaz», «Rast» «Bayatı-Şiraz», «Qatar», «Çahargah», «Mahur», «Heyratı», «Şur» və sair muğamlar, bir sıra təsniflər, «Qara qaşın vəsməsi», «Süsən sünbül», «Alma almaya bənzər», «Girdim yarın bağçasına», «Apardı sellər Saranı» və sair xalq mahnıları mühüm yer tutub. Amma o təkcə xanəndə kimi qalmayıb tarixdə. «Şuşanın dağları», «Ay gözəl», «Məndən gen gəzmə», «Al yanağında», «Dağlarda çiçək», «Gözəl yarım», «Ölürəm a Ceyran bala» və başqa mahnılar bu kişinin adına yazılıb. Sadə, hətta müəyyən məqamlarda sadəlövh, haqqında lətifələrin yaranmasına səbəbkar Xan not-filan bilmədən bəstələyib mahnıları. Və onların çoxu bu gün də sevilir:
   
   Ay Qəmərim, Qəmərim,
   Körpəcə Qəmərim, Qəmərim.
   Şirin Qəmərim, Qəmərim,
   Qəşəng Qəmərim, Qəmərim,
   Denən gəlsin, Qəmər gəlsin.
   Yarım gəlsin, Qəmər gəlsin, hey…

   
   Sadəlövhlükdən söz düşmüşkən, fəxri adın hansının daha yuxarı, hansının aşağı olduğunu bilmirmiş. Yoxsa günlərin birində o zaman ölkənin ikinci vəzifə sahibi rəhmətlik Mirzə İbrahimova «ay Mirzə müəllim, mənim qardaşım Allahyar neçə ilin tarzənidi, nolar ona əməkdar artist adı verilsə» sualının qarşılığında «mümkün deyil» eşidib, «yaxşı əməkdar vermirsiz-vermirsiz, cəhənnəm, xalq artisti verin» deməzdi ki.
   İsfəndiyar yeniyetmə yaşında Qarabağın Novruzlu kəndində qurulmuş məclisə yığışanların arzusu və müəllimi, «Segah»ın mahir ifaçısı İslam Abdullayevin xeyir-duasıyla, zamanında məşhur təbrizli Əbülhəsənin «Kürdü-Şahnaz»ından geri qalmayan ifasının qiyməti olaraq Xan adına layiq görülmüşdü. Zahiri gözəlliyilə yumşaq, şirin səsinin, ağayana hərəkətinin, mərdanə xasiyyətinin bir-birini tamamlaması hələ gənc ikən insanlarda ona hədsiz maraq və sevgi qazandırmışdı. Çox sonralar qəzəlxan Vahidin
   
   Oxunsun elimin zəfər nəğməsi
   Vahidin qəzəli, Xanın xoş səsi…
   Məmməd Rahimin
   Gözəl Qarabağa onda get ki, sən
   Yaşıl yamaclarda yüz cavan olsun.
   İsa bulağında, Cıdır düzündə,
   Səsi dağ çeşməsi dostum Xan olsun.
   
   deməsi də bu baxımdan təsadüft deyil.
   1932-ci ilin yayın əvvəlləri. İstirahət günü Cıdır düzünə gələn Bülbül və dünyadan nakam köçmüş bəstəkar Asəf Zeynallı böyük bir qayanın üstünə çıxıb baxanda adamın gözü-başı qaralan dərəyə, dərədə ilan kimi qıvrılıb axan çaya, o taydakı meşələri xüsusi maraqla süzür, təbiətin bu ecazkar gözəlliyinə tamaşa edib zövq alırmışlar. Birdən uzaqdan şaqraq, ürəkoxşayan səs dəyir qulaqlarına. «Bayatı-kürd» oxuyurmuş bu səsin sahibi. Az sonra oxuyanın səsi yavaş-yavaş aşkar eşidilir. Xanəndə zəngulə vuran kimi qayalarda əks-səda verən, Cıdır düzü boyu yayılan mələhətli səsin kimliyi bəlli olur. Bülbül bu səsi və onun sahibi gənc xanəndə Xan Şuşinskini yaxşı tanıyırdı, səhv edə bilməzdi. Xanın yalnız adını eşidib, üzünü görməyən Asəf səsin təsirindən ayılmamış, Bülbülün öz yəqinliyi üçün söylədiyinə təəccüblənir. Zarafat deyildi, dağın harasındasa görünməz olan Xanı Bülbül yanlarına gətirməkdən dəm vururdu. Sən demə, bunun sadə yolu varmış. «Çoban bayatı»nı oxuyursan qurtarıb-gedir. Həqiqətən Bülbül «Çoban bayatı»yla dilə gələn təki Xan bir neçə nəfərlə özünü yetirir. Asəfin matı-qutu quruyur. Xan bu qəfil görüşün şərəfinə «Rast» oxuyub hamını hayıl-mayıl edir. Və səhəri gün Xan yenə vəcdə gəlir. Bu dəfə Asəf fürsəti buraxmır, xanəndənin səsinə kəmənd atıb, başını qrammofon valına bağlayır. Xan illər boyu, dönə-dönə «Alma almaya bənzər», «Əlində sazın qurbanı» deyir beləcə.
   Bakıyla ilk tanışlığı da maraqlı keçib Xanın. 1923-cü ildə yay konsertləri təzəcə başlayan vaxtda böyük şəhərin tamaşaçılarıyla görüşüb. Sonralar neçə il çalışdığı filarmoniyada. Amma bu xeyli sonra olmuşdu. 1923 hara, 39-cu il hara? Hələlik Xanın vur-tut 22 yaşı var. Hündürboy, yaraşıqlı, atlını atdan salan oğlandı. Müəllimi Segah İslamdan çox şey öyrənibsə də, bakılılar qarşısına birinci dəfədi çıxır. Burasa elə-belə yer deyil. Hamının bir-birini tanıdığı Şuşada, üç il əvvəl təşviqat briqadasının tərkibində rayon və kəndlərdə verdiyi konsertlərlə bunu müqayisə etmək olmaz. Özü də Cabbar Qaryağdıoğlunu, Keçəçi oğlu Məhəmmədi, Seyid Şuşinskini, Şəkili Ələsgəri təkrar-təkrar imtahandan çıxarmış, onlara vurulmuş muğam xiridarlarının qarşısında o nə hünər göstərəcək? Bəlkə heç səhnəyə çıxmasın? Afişada adı yazılıb axı. Bəs adını çəkdiyimiz ustadlardan sonra tamaşaçıları yerində saxlaya biləcəkmi? Xan suallarla əlbəyaxa qalıb. Beynindəkiləri vuruşdurub bir yana çıxmamış elan səslənir: «Heyratı». Oxuyur Xan Şuşinski». Demək, ta düşünməkdən keçib. Oxumaq lazımdı, vəssalam. O, həyəcanlı da olsa, vüqarını itirmədən səhnəyə çıxır. Salona toplaşanlar əvvəl-əvvəl sakitcə bu qəddi-qamətli oğlanın hüsnünə tamaşa eləməyə başlayırlar. Az keçmiş filarmoniyada uğultu qopur. «Sağ ol!», «Halal olsun!», «Yaşa!» nidaları bir-birinə qarışır. Tamaşaçılar beş-on dəqiqə qabaq gözəlliyinə heyran-heyran baxdıqları Xanın bu səfər ifasından doymurlar. Aşıb-daşan alqışları səngitmək üçün yenə nəsə oxunmalıydı. Amma Xan o halda deyildi. İlk uğurun həyəcanından əsim-əsim əsirdi. Yaxşı ki, illər, sənətkarlar yola salmış ustad tarzən Qurban Primov səhnədə yanındaydı. Yoxsa dadına kim çatacaqdı. Qurban əminin göz eləyib, «di durma» tövsiyəsindən sonra o özündə təpər hiss eləyir. «Qatar»a çıxıb, «İrəvanda xal qalmadı» deyir...
   Bundan iyirmi il sonra Xan artıq xalq artistiydi. Şan-şöhrət, sevgiylə qol-boyunuydu. Ta ömrünün sonunacan belə ötdü ruzigar. Bu uzun illər ərzindəsə o, bir yol dəyişmədi. Sadəliyini, mehribanlığını, qayğıkeşliyini yerə qoymadı. Dünyaya İsfəndiyar kimi gəlib, haqsız yerə Xana çevrilmədiyini hər an, hər yerdə sübuta yetirdi. Bir ailədən bir məhəlləyə keçən, bir məhəllədən bir şəhərə adlayan və sonra bütün Azərbaycanı, hətta Yaxın Şərqi dolaşan məhəbbətli ömür yaşadı. İlk ailəsindən övlad görməyənin ümidi boşa çıxmadı, arzusu gözündə qalmadı. Xan ikinci dəfə ailə qurandan sonra, sanki ona ikinci nəfəs verildi. Həyat eşqi coşub-daşdı. Böyük qızı Bəyimxanım dünyaya gələndə 57 yaşı vardı. Baba yaşındaykən tanrı ona körpələr göndərdi. Bir vaxt övladsızlıqdan xiffət eləməyi yadından silinib getdi. Bacılara qardaş lazımıydı. Yeganə oğlu, atasının adını verdiyi Aslan da beləcə həyata göz açdı. Bir yaşında Bəyimxanımın dil açıb «dədə» deməsinə mübarəkdarlıq kimi yazdığı
   
   Araqçının mirvarı,
   Ay qız, danış-gül barı.
   Evimizə gəlməsən,
   Qonşumuza gəl barı.
   
   Ay qəşəng ceyran,
   Gözlərə qurban.
   Danış, dilinə qurban,
   Qara telinə qurban…
   
   sözləriylə məşhur «Ay qəşəng Ceyran» mahnısından sonra yaşamaq, yalnız yaşamaq lazımıydı Xana. Yaşadı da. İyirmi il. Bizim sonsuz ömür arzumuza rəğmən, cəmi iyirmi il. Otuz il əvvəl Xan nəvə-nəticə sevinci ürəyində bu dünyadan doymadan köçdü. Üstəlik, milyonlar da ondan doymadan.
   Ölməz Səməd Vurğunun dünyaca məşhur «Azərbaycan» şeirinin bir bəndində böyük xanəndənin adı möhürlənib. On illərdi bu misralar məməyeyəndən-pəpəyeyənə, hamının dilinin əzbəridi. Və bu şeir parçası musiqiyə bələnib az qala hər gün oxunduğu üçün ustad daim yaşayır. Bir də Xan təki nadir istedadlara zaval yoxdu. Onların əbədiyyət ömrünün tərcümanı nəğmələr və dipdiri SƏS var axı...
   
   Könlüm keçir Qarabağdan,
   Gah o dağdan, gah bu dağdan.
   Axşamüstü qoy, uzaqdan
   Havalansın Xanın səsi,
   Qarabağın şikəstəsi...

   
   Seymur ELSEVƏR