Beynəlxalq kitab sərgilərində iştirakımızın səmərəli olması üçün xarici dillərdə daha çox kitab nəşr etməliyik
  
   Son illər ölkəmizdə kitab nəşri və onun təbliği sahəsində bir sıra layihələr gerçəkləşir. Müstəqilliyimizin ilk dövrlərində mövcud kitab nəşri və yayımı şəbəkəsinin öz dövriliyini, mobilliyini itirməsi və bununla da sistemin xeyli zəifləməsi, üstəgəl əhalinin mütaliəyə marağının azalması bu sahənin inkişafını ciddi surətdə əngəlləmişdi. Daha doğrusu, kitab nəşri ilə məşğul olanlar məhdud sayda sifarişçinin tələblərini güclə yerinə yetirirdilər. Təbii ki, bu, onsuz da sürətlə azalan oxucunu, mütaliyə həvəskarını kitab mağazalarından uzaqlaşdırmışdı. Belə olan təqdirdə həm kitab naşirlərinin, həm də oxucuların beynəlxalq kitab mühiti ilə əlaqələri tamam zəifləmişdi.
    3 il öncə formalaşan Mədəniyyət və Turizm Nazirliyi prosesin belə bir müstəvidə inkişafını önləmək üçün ciddi tədbirlər görməyə başladı. Bu məqsədlə struktura daxil olan müvafiq şöbənin fəaliyyəti daha da gücləndirildi. Hazırda ölkədə kitab nəşri işini canlandırmaq üçün büdcə vəsaiti hesabına həyata keçirilən nəşr layihələrinin sayının artırılması ilə yanaşı kitab nəşri və yayımı sahəsində beynəlxalq təcrübənin öyrənilməsinə də xüsusi önəm verilir.
   Bütün bunların nəticəsidir ki, Azərbaycan son bir neçə ildə mütəmadi olaraq İsgəndəriyyə, Əbu-Dabi, Saloniki, Moskva, Varşava, Pekin, İstanbul, Frankfurt kimi dünyanın bir çox iri şəhərlərində keçirilən məşhur beynəlxalq kitab sərgi-yarmarkaları və festivallarında iştirak edib. Bu cür beynəlxalq tədbirlər kitablarımızın dünyada tanıdılması, beynəlxalq təcrübənin mənimsənilməsi və tətbiqi baxımından böyük əhəmiyyət daşıyır.
   Nazirliyin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin İnformasiya və reklam sektorunun müdiri Tehran Vəliyev bu yaxınlarda Misir Ərəb Respublikasının paytaxtı Qahirə şəhərində səfərdə olub və burada keçirilən Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak edib. Onunla söhbətimiz də elə bu barədə oldu.


   - Tehran müəllim, Qahirəyə səfərinizin məqsəd və məramı haqqında nə deyə bilərsiniz?
   - Mən ötən ilin sonlarında Bakıda səfərdə olan Misir Ərəb Respublikasının MDB ölkələri ilə Texniki Əməkdaşlıq Fondunun baş katibi xanım Safiya İbrahim Əminin Nazirlikdə görüşü zamanı əldə edilən razılaşmaya əsasən Misir tərəfinin dəvətilə yanvarın 22-dən 28-dək Qahirə XIV Beynəlxalq Kitab Sərgi-Yarmarkasının bir həftəlik qonağı olmuşam. Bu tədbir Misirin başlıca sərgi pavilyonunda - Qahirədəki məşhur Misir Sərgilər və Festivallar Mərkəzində təşkil olunmuşdu. Çox böyük sərgi idi. Onun stendlərinə baxıb qurtarmaq mümkün iş deyildi. Burada nümayiş olunan kitabların əhatə dairəsi də xeyli geniş idi: bədii, elmi, dini ədəbiyyatlar, mədəniyyət və incəsənətə həsr olunmuş kitablar, dərsliklər, müxtəlif lüğətlər və s.
   Uşaq kitabları xüsusi üstünlük təşkil edirdi. Eyni zamanda elektron nəşrlərə, uşaqlar üçün oyun disklərinə də xeyli yer ayrılmışdı.
   Mənim üçün ən maraqlısı isə bu ölkənin insanlarının bu sərgiyə, ümumiyyətlə, kitaba necə böyük həvəs göstərdikləri oldu. Sərgi mərkəzinə giriş pullu olsa da (doğrudur, bilet haqqı çox cüzi - bizim pulla təxminən 20 qəpik idi), ilk günlər insanlar buraya düşmək üçün növbəyə dururdular. Həm də onlar sadəcə maraq xatirinə baxmır, xeyli kitab alıb çıxırdılar.
   - Sərgidə hansı ölkələr iştirak edirdi?
  
- Onu deyim ki, mən anladığım qədər (çünki təşkilatçı tərəf əvvəlcə söz versə də, nədənsə, bizi müşayiətçi nümayəndə və yaxud tərcüməçi ilə təmin etməmişdi) bu sərgidə stendlər ölkə prinsipi ilə tərtib edilməmişdi. Çox güman ki, burada kitab ticarəti təşkilatları prinsipi əsas götürülmüşdü, çünki bəzən müxtəlif stendlərdə eyni ölkədə nəşr olunmuş eyni kitabları görmək olurdu.
   Sərginin builki fəxri qonağı Böyük Britaniya Krallığı olsa da, sərgidə əsasən ərəbdilli ədəbiyyat - ərəb ölkələrində nəşr olunmuş çap məhsulları nümayiş etdirilirdi. Alman və fransız dillərində olan kitab və digər nəşr məhsullarının sərgiləndiyi stendlərə də rast gəlmək mümkün idi.
   - Bu kitabların poliqrafik keyfiyyəti barədə nə deyə bilərsiniz?
  
- Bu baxımdan hər cür kitab vardı. Poliqrafik keyfiyyətə gəlincə, fərqlər ilk baxışdan seçilirdi. Məsələn, Hindistanda nəşr edilən kitabın poliqrafik keyfiyyəti ABŞ-da nəşr edilənlə, əlbəttə ki, eyni deyildi. Ancaq müşahidə etdiyim qədər burada oxucuları kitabın poliqrafik keyfiyyətindən çox, onun məzmunu, gərəkliliyi və bir də qiymətinin münasib olması daha çox maraqlandırırdı.
   - Tehran müəllim, mümkünsə, Qahirə təəssüratlarınızı oxucularımızla bölüşün...
  
  - Onu deyim ki, Qahirə olduqca böyük şəhərdir. 20 milyon nəfərə yaxın əhalisi var. Tarixi abidələrlə zəngindir. Əsl sirli-sehrli şərq-müsəlman şəhəridir. Burada min illər ərzində bir-birinə qaynayıb qovuşmuş müxtəlif mədəniyyətlərin qalıqları, izləri mövcuddur. Addımbaşı qədim məscidlər, müxtəlif təriqətlərə məxsus kilsələrlə rastlaşırsan. İnsanı heyrətə gətirə biləcək müasir tikililəri çoxdur. Mənə daha çox təsir bağışlayan Qahirənin yolları, saysız-hesabsız körpüləri oldu.
   Bu şəhəri bir həftəyə, hətta bir aya gəzib bütün görkəmli yerlərini görmək imkan xaricindədir.
   Orada olduğum qısa müddət ərzində mən yalnız Nil çayının, Milli Mədəniyyət Muzeyinin, bir də məşhur Misir ehramlarının sehri ilə tanış ola bildim.
   Yeri gəlmişkən, buradaca, Azərbaycan Respublikasının Misirdəki səfirliyinin əməkdaşı Vüqar Yusifova və bir də Qahirədə təhsil alan azərbaycanlı tələbə Camala (təəssüf ki, soy adını unutmuşam) bu gəzintilərdə mənə yardımçı olduqlarına görə öz təşəkkürümü bildirirəm.
   - Qahirədən Azərbaycan necə görünür?
  
- Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikası arasında əlaqələr ildən-ilə genişlənir. Müxtəlif qarşılıqlı tədbirlər həyata keçirilir. Müəyyən qurumlar səviyyəsində Azərbaycanı heç də pis tanımırlar. Amma bunu sıravi misirlilərə şamil etmək, bəlkə də, doğru olmazdı. Sıravi əhalinin çoxu nəinki Azərbaycanı tanımır, hətta bəziləri belə bir ölkənin mövcudluğundan xəbərsizdir. Taksi sürücüləri ilə söhbətlərimiz zamanı bunun şahidi oldum. Biz bu sahədə hələ çox iş görməliyik.
   Qahirədəki azərbaycanlı tələbələrin mənə bildirdiklərinə görə, buradakı səfirliyimiz bu istiqamətdə mühüm işlər görür. Səfirliyin dəstəyi ilə Misirdə təhsil alan azərbaycanlı tələbələr özlərinin “Vətən” cəmiyyətini yaradıblar və bu cəmiyyət Qahirədə təxminən üç ayda bir dəfə, ərəb dilində “Azərbaycan” adlı qəzet nəşr edir. Ölkəmizin gündəlik həyatı, siyasi-iqtisadi uğurları, Qarabağ münaqişəsi, tarixi keçmişi, mədəniyyəti və incəsənəti barədə müntəzəm yazılar dərc edən bu qəzeti tələbələr iştirak etdikləri tədbirlərdə yerli əhali arasında yayırlar.
   Bundan əlavə, Qahirədəki səfirliyimiz 2008-ci ildə Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini özündə əks etdirən bir kitabı - alman müəllifi Yohannes Raonun «Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ böhranı: qısa tarixi şərh» adlı kitabını öz vəsaiti hesabına ərəb dilində nəşr etdirib. Kitabda Qarabağın tarixi keçmişi, Azərbaycan dövlətinin inkişafında Qarabağ xanlığının rolu, XIX əsrdə ermənilərin Cənubi Qafqaza köçürülməsi, Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması, SSRİ-nin süqutu ərəfəsində Dağlıq Qarabağ böhranının kəskinləşməsi və Ermənistanla Azərbaycan arasında müharibəyə çevrilməsi, vəziyyətdən çıxış yolu barədə maraqlı bilgilərə yer verilib. Azərbaycanlı tələbələrin dediyinə görə, bu kitabın Misirdə nəşri erməniləri bərk qəzəbləndirib. Onlar İnternet saytlarında ölkəmizə qarşı əks-təbliğat apararaq Azərbaycanı Misirdə Ermənistan əleyhinə informasiya yaymaqda günahlandırmağa çalışıblar.
   Məncə, ermənilər boş-boşuna bu qədər bərk qəzəblənməyiblər.
   - Qayıdaq sərgiyə. Sizcə, gələcəkdə biz də bu sərgidə iştirak edə bilərikmi?
  
- Əvvəldə dediyim kimi, bizim Misir Ərəb Respublikası ilə əməkdaşlığımız ildən-ilə genişlənir. Biz artıq 2007 və 2008-ci illərdə bu ölkənin İsgəndəriyyə şəhərində keçirilən Beynəlxalq Kitab-Sərgi Yarmarkasında iştirak etmişik. Çox güman ki, bu il də iştirak edəcəyik. Qahirə sərgisinə gəldikdə isə, bu tədbirə qatılmamız ərəb ölkələri insanlarına ölkəmizi, onun mədəniyyət və incəsənətini, turizm potensialını tanıtmaq baxımından çox faydalı olardı. Fikrimcə, bu tip sərgilərdə iştirakın daha səmərəli olması üçün Azərbaycanda həmin mövzularda dünyanın populyar - ərəb, ingilis, alman, fransız və s. dillərində kifayət qədər kitab nəşr olunmalıdır. Lakin hələ ki, nəşriyyatlarımız bir çox obyektiv və subyektiv səbəblər üzündən belə kitabların nəşrinə o qədər də meyil göstərmirlər. İndiki halda Azərbaycan dilində çap olunmuş ən məzmunlu, yüksək poliqrafik keyfiyyətə malik kitabları belə ora aparsanız, dil faktoruna görə özünüzlə geri qaytarmalı olacaqsınız.

Həmidə