Qum üzərində “SOS” sözünü yazan turist xilas olub

Avstraliyanın Kvinslend ştatındakı Cardin milli parkında azmış britaniyalı turist qum üzərində “SOS” sözünü yazmaqla xilas ola bilib.
Hadisə barədə öz bloqunda məlumat verən Ceff Kiys yazır: “Son məntəqəyə tərəf üzərkən vaxtın çox keçməsindən azdığımı anladım. Bu vaxt mən səhv qərar qəbul edərək, geriyə dönmək əvəzinə kolların arasından keçərək cığırı tapmağa çalışdım. Hava artıq qaralırdı və mən ayaqyalın idim. Özüm də nə fikirləşəcəyimi bilmirdim. Amma əmin idim ki, geriyə piyada getmək üzməkdən daha rahat olar. Ona görə də mən günəşin qürubuna baxaraq, şimala yollandım”.
Gecə getməyin onu əldən salacağını düşünən C.Kiys dincəlmək qərarına gəlir. Günəş doğduqda isə o, uzaqdan helikopter səsi eşidir. Çox fikirləşmədən qum üzərində iri hərflərlə “SOS” sözünü yazır. Dostlarının onu axtarmaq üçün göndərdiyi helikopterin pilotu məhz bu işarəni görərək onu xilas edir.
Köməyə görə dostlarına minnətdarlıq edən C.Kiys yazır: “Mənim xilas olmağıma kömək edən hər kəsə minnətdaram. Onların peşəkarlığı inanılmazdı. Mən özümü axmaq yerində hiss etsəm də, bəxtimin gətirdiyini güman edirəm”.