Müsabiqənin qalibləri təltif olunub
   
   Bakının Xəzər (keçmiş Əzizbəyov) rayonunun Binə qəsəbəsində yerləşən kütləvi kitabxana 1958-ci ildə yaradılıb. 1969-cu ildə kitabxanaya böyük şair Mikayıl Müşfiqin adı verilib.
   
   1993-cü ildən Binə qəsəbəsi icra nümayəndəliyinin binasında fəaliyyət göstərən kitabxana 2010-cu il dekabrın 28-dən Heydər Əliyev Fondu tərəfindən inşa olunan Binə Mədəniyyət Mərkəzinin binasında geniş və hər şərait ilə təchiz olunmuş otaqlarda yerləşir.
   Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin 27 yanvar 2011-ci il əmrinə əsasən Xəzər rayonunda yerləşən kitabxanaların bazasında Xəzər rayon Mərkəzləşmiş Kitabxana Sistemi yaradılıb. MKS-in direktoru Vəfa Quliyeva bizimlə söhbətində bildirdi ki, MKS 7 kitabxana-filialı özündə birləşdirir: “Bunlar Mərdəkan mərkəzi kitabxanası, Pirallahı, Buzovna, Zirə, Türkan, Qala və Şüvəlan kütləvi kitabxanalarıdır. Kitab fondumuz 484600 nüsxə, oxucularımızın sayı isə 29700-dən çoxdur. Respublikamızda gedən iqtisadi və mədəni inkişaf kitabxananın fəaliyyətinə də müsbət təsir edib. Yeni binada, geniş şəraiti olan otaqlarda fəaliyyət göstəririk. Bu şəraitin yaradılmasına görə, Heydər Əliyev Fonduna oxucularımız adından dərin təşəkkürümü bildirirəm.
   Oxucularımızın sayı günbəgün artır. Məqsədimiz məktəblilərə və gənclərə Azərbaycan ədəbiyyatında öz dəst-xəttini qoymuş şair və yazıçılarımızın həyat və yaradıcılığını daha dərindən tanıtmaqdır. Filiallarımızda sərgilər, mühazirələr təşkil olunur. Oxucularımız sırasında dram dərnəyinə həvəs göstərənlər də az deyil. Elə bu səbəbdən də dramaturqlarımızın əsərləri oxucularımız tərəfindən səhnələşdirilərək tamaşaçılara təqdim olunur”.
   Qeyd edək ki, noyabrın 25-də Binə Mədəniyyət Mərkəzində Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşəbbüsü ilə şəhər kitabxanalarının məktəbli oxucuları arasında keçirilmiş “Kitabla dost ol, ən fəal oxucu ol” müsabiqəsinin yekunlarına həsr olunmuş tədbir keçirilib. Müsabiqənin keçirilməsində məqsəd kitaba, mütaliəyə, kitabxanalara marağı artırmaq, uşaqların şəxsiyyət kimi formalaşmasında bu amillərin əhəmiyyətini bir daha diqqətə çatdırmaqdır.
   Tədbirdə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev, Bakı şəhər MKS-in direktoru Nüşabə Ələkbərova, görkəmli şair İlyas Tapdıq, uşaq yazarı Gülzar İbrahimova, Gülarə Munis, Arif Buzovnalı və başqaları iştirak edirdilər. Tədbirdə il ərzində fərqlənən fəal oxuculara mükafatlar təqdim olundu.
   V.Quliyevanın sözlərinə görə, kitabxananın məktəblərlə əlaqələri də genişlənir: “Orta məktəb şagirdlərini kitabxanaya cəlb edərək maraqlı ədəbi-bədii gecələr, sərgilər, kitab müzakirələri, dəyirmi masalar təşkil edilir. M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasından yeni nəşrlər almışıq, F.Köçərli adına Respublika Uşaq kitabxanası ilə sıx əlaqələrimiz var. Ümumilikdə bu il bizim üçün çox məhsuldar və yaddaqalan olub. Kitabxana işçilərimiz oxucuların tələbatını ödəmək üçün lazım olan bütün öhdəlikləri yerinə yetirməyə həvəslidirlər”.
   
   Lalə Azəri