“Sehrli dünya” uşaq jurnalının yaradıcı kollektivi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının “Gümüş maska” salonunda çoxsaylı balaca oxucuları üçün bayram tədbiri keçirib. Tədbir Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və “Sehrli dünya” jurnalının Yeni il buraxılışına həsr olunub.
   Mərasimdə çıxış edən jurnalın baş redaktoru, “Kiçik Dünya” uşaqların maarifləndirilməsinə kömək İctimai Birliyinin sədri, yazıçı Gülzar İbrahimova nəşr barədə məlumat verib. Qeyd olunub ki, 4-cü nömrəsi çapa hazır olan “Sehrli dünya” qısa müddətdə balaca oxucuların sevimli jurnalına çevrilib. 48 səhifəlik rəngli jurnal ətrafına 3000-dək oxucu toplaya bilib. 5-10 yaşlı uşaqların maarifləndirilməsi, zehninin inkişafında mühüm rol oynayan jurnalın hər nömrəsini nağıl və hekayələr, fantastik və macəra əsərləri daha oxunaqlı edir. Jurnalın qısa müddətdə tanınması üçün onun hər nömrəsinin içərisinə hədiyyələr (kitab, nağıl diski və s.) qoyulur.
   Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin professoru, “Uşaq ədəbiyyatı” dərsliyinin müəllifi Qara Namazov nəşri yüksək qiymətləndirib, yaradıcı kollektivə tövsiyələrini verib. Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları “Sehrli dünya” jurnalının keçirdiyi müsabiqənin qaliblərini təbrik etmişlər.
   Tədbirdə Gənc Tamaşaçılar Teatrının aktyoru, Xalq artisti Ağaxan Salmanlı çıxış edib, şairə Gülarə Munis yeni yazdığı uşaq şeirlərini oxuyub. Beş yaşlı Nailə dostlarının bayramını Azərbaycan, rus və ingilis dillərində təbrik edib. Rafiq Babayev adına 25 nömrəli uşaq musiqi məktəbi kamera orkestrinin çıxışı, uşaq yaradıcılıq mərkəzinin balaca polislərinin yaşıdlarına yol hərəkətini öyrədən rəqs nömrəsi tədbirə xoş ovqat əlavə edib.