Həyatda heç nə izsiz qalmır. Fizikada da maddənin itməməsi qanunu var. Tanrının seçib-yaratdığı istedad sahiblərinin qabiliyyəti, bacarığı irsən onun hansısa nəsil davamçısına keçir.
   
   Ramiz Bahadur oğlu Nuriyev 1950-ci ildə Şuşada doğulub. Qarabağda, Şuşada doğulasan, musiqini sevməyəsən, bu mümkün olan şey deyil. Ramiz müəllim Azərbaycan Dövlət Konservatoriyasını tar ixtisası üzrə bitirib, 1967-ci ildən taleyini Sumqayıtla bağlayıb. 1981-ci ilə qədər Ceyranbatan qəsəbə musiqi məktəbində, 1990-2005-ci illərdə Saray qəsəbə musiqi məktəbində direktor işləyib. Hazırda həmin məktəbdə müəllim işləyir.
   Ramiz müəllimlə görüşərkən onun gözlərində bir nisgil gördük:
   - Vətən deyilən müqəddəs bir söz var. Bu o qədər doğma, o qədər əziz bir sözdür ki, uzaqda olarkən yadına düşəndə özündən asılı olmayaraq kövrəlirsən. Hamı üçün Vətən doğulub boya-başa çatdığı ata ocağından başlayır. Mənim üçün də Vətən Şuşadan başlayır. O torpaqdan ki, xalqımıza Natəvan, Üzeyir, Bülbül, Xan kimi böyük insanları bəxş edib. Nə yazıq ki, ora əlimiz çatmır...
   İnsan yaşa dolduqca doğulub, boya-başa çatdığı yeri daha tez-tez xatırlayır. Bu dünyanın ağrı-acısı ilə üz-üzə qalanda dərd-sərdən qurtarmaq istəyəndə içimdən bir yurd həsrəti keçir. Hərdən dost-tanışlar “kəndə gedirəm” deyəndə içimdə gizli bir həsəd yaranır.
   İnsanı doğulduğu məkan qədər duruldan, onda yaşamaq əzmini artıran, güc-qüvvət verən başqa ilahi sehr yoxdur. İnanırıq ki, dövlət rəhbərimizin yürütdüyü siyasət nəticəsində torpaqlarımız işğaldan azad olunacaq, o bağlı yollar üzümüzə açılacaq.
   
   * * *
   Ramiz müəllimin yolunu, sənətə olan məhəbbətini oğlu Anar Nuriyev davam etdirir. Anar 1977-ci ildə Sumqayıtda anadan olub. Musiqişünas ailəsində doğulduğu üçün uşaqlıqdan musiqiyə həvəsi olub. Sumqayıtda Səid Rüstəmov adına musiqi məktəbində skripka ixtisası üzrə təhsil alıb.
   1999-cu ildə Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetini bitirdikdən sonra hərbi xidmətə getmiş və hərbi xidmətini başa vurduqdan sonra Azərbaycan Dövlət Milli Konservatoriyasının tərkibindəki musiqi kollecində oxuyub, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. Əmək fəaliyyətinə Sumqayıtdakı “Dostluq” mədəniyyət evində başlayıb. Hazırda Saray qəsəbə musiqi məktəbinin direktorudur.
   Onun sözlərinə görə, Saray qəsəbəsində musiqiyə, incəsənətə maraq böyükdür. Hazırda məktəbdə 300 şagird təhsil alır. Onların təlim-tədrisi ilə 60-dək müəllim məşğul olur.
   Mədəniyyət qayğı sevir. Biz də bu qayğını daim hiss edirik. Ona görə də kollektivimiz Mədəniyyət və Turizm Nazirliyinə, Abşeron Rayon İcra Hakimiyyətinə məktəbimizə göstərilən diqqətə görə minnətdardır. Bizə bədbin olmaq yaraşmır. İnanıram ki, bir gün işğal altındakı torpaqlarımız azad olacaq. Bu həsrətin sonu var...   

    İ.Abdullayev