Ta qədimdən xalq təqvimində qış fəsli iki əsas mərhələyə - 40 gün sürən böyük çilləyə (22 dekabr - 31 yanvar) və kiçik çilləyə (1 fevral - 20 fevral) bölünüb, sonrakı 30 gün isə boz ay adlanıb. Fevralın 1-də qış fəslinin ən soyuq günləri, qar-çovğunlu dövrü olan kiçik çillə başlayır. Hərçənd bu il kiçik çillə gəlməmiş qış öz sərt üzünü göstərib, amma bu, ayrı söhbətin mövzusudur. Bu yazıda isə çillə günlərinə təsadüf edən qədim xalq mərasimlərindən biri - Xıdır Nəbi (Xızır İlyas) bayramı haqqında danışmaq istərdik.
   
   Bu bayramın çox qədim tarixi var. Qədim (İslamdan öncəki) xalq etiqadına görə, Xıdır Nəbi xeyirxah-sehrli qüvvə, “suyun, külək və havanın himayəçisi” sayılıb, Xızır peyğəmbərlə eyniləşdirilir. Bu bayramın təsadüf etdiyi günlərlə bağlı tədqiqatçılar arasında müxtəlif fikirlər mövcuddur. Bəziləri bayramın böyük çillədən dörd, kiçik çilədən isə üç gün olmaqla yeddi gün davam etdiyini bildirir.
   Folklorşünas alim Bəhlul Abdullanın fikrincə, ta qədimdən kiçik çillənin “Xıdır Nəbi” adlanan birinci ongünlüyü fəslin ən sərt-çovğunlu günləri sayılır. Tanınmış folklorşünas professor Məhərrəm Qasımlı isə “Xıdır Nəbi” bayramı hər il qış yarı olanda: böyük çillə ilə kiçik çillə arasında keçirildiyini bildirib. Xalq yazıçısı, tədqiqatçı-alim Əzizə Cəfərzadə “Xıdır İlyas” mərasiminin kiçik çillənin qurtardığı son üç gündə, təxminən 25-28 fevralda keçirildiyini göstərir. Etnoqraflar Ə.Ələkbərov da “Xıdır Nəbi” mərasiminin kiçik çillənin birinci ongünlüyündə qeyd edildiyini göstərir. Etnoqraf Ənvər Çingizoğlu mövzu ilə bağlı təqdiqatında “Xıdır Nəbi” bayramının Qarabağ mahalında qeyd olunması haqqında maraqlı məqamları nəzərə çatdırır.
   Müəllif qeyd edir ki, bayrama hazırlıq günləri öncədən başlayarmış. Xalq arasında bu inam vardı ki, Xıdır Nəbi Boz atında gələcək. O gələrkən evlərdə mütləq bayram əhvali-ruhiyyəsi görməlidir. Əgər bu belə olmasa, o, küsüb gedər. Xıdırın küsüb getməsi ilə yaz-bahar gecikər. Nəticədə isə ruzi-bərəkət azalar. Buna görə də hələ kiçik çillənin birinci günündən başlayaraq bayram tədarükü görülür. “Xıdır Nəbi” mərasimi süfrəsinin əsas atributları səməni, qovurğa, qovut, boyadılmış yumurta, xəşil, düyüdən hazırlanmış yeməklər olur. Bayram süfrəsi üçün buğda qovrular, qovurulmuş buğdadan qovut çəkilər. Bayramdan bir gün əvvəl evin kiçik övladı (oğlan uşağı) bağdan alma çubuqları gətirər. Gətirilən çubuqlar üç tərəfdən səliqə ilə pambığa sarınıb yağda qızardılar. Axşam evin böyüyü ana çubuqları bir-bir götürüb niyyətlərini sadalayır. Hər çubuq bir niyyət üçün nəzərdə tutulurmuş. Yurdun abadlığı, ailənin salamatlığı, mal-qaranın məhsuldarlığı, bağ-bostanda barın çoxluğu, toy-düyün üçün niyyətlər edirlərmiş. Üyüdülmüş qovutu məcməyinin içində nazik yayırlar. Bəzən qovutdan başqa məcməyiyə un da yayırlar. Gecə düşəndə həmin dəstələnmiş çubuqları şam kimi yandırırlar. Özü yanıb qurtaranadək ona toxunulmaz. Səhərə qədər məcməyidəki qovut və ya una əl vurulmaz. Çünki əvvəlcə Xıdır Nəbi gəlib öz payını götürməlidir...
   Belə hesab edirdilər ki, bu zaman evin ruzi-bərəkəti artar, bolluq olar. Yalnız bundan sonra həmin qovutdan yemək olar. Axşam şər qarışanda isə cavanlar və uşaqlar dəstələnib evləri qapı-qapı gəzərək “Xıdır” nəğməsini oxuyar və bayram payı yığarlar. Hansı qapıdan içəri girsələr əvvəlcə dəstədən bir adam irəli çıxıb avazla oxuyar:
   
    Mən Xıdırın quluyam,
    Göy atının dostuyam.
    Ağzının arpasıyam,
    Ayağının nalıyam.
   Sonra da dəstə xorla oxuyar:
    Xıdırı-Xıdır İlyas,
    Özünü yetir İlyas.
   
   Qarabağın əksər bölgələrində (Cəbrayıl, Laçın, Zəngilan, Kəlbəcər və Füzuli rayonlarında) “Xıdır İlyas” bayramı özünəməxsus mərasimlərlə qeyd olunub. Rus tədqiqatçısı T.F.Aristova Laçın, Qubadlı və Zəngilan rayonlarında bu bayramın qeyd edilməsi ilə bağlı maraqlı məlumat toplayıb. Bildirib ki, qışın ortalarında keçirilən bu bayramda azərbaycanlı qadınlar ailəsinin salamatlığı üçün sacda qovurğa qovurar, çay və bulaq kənarında müxtəlif rəngli bir neçə yumurta qoyar və niyyət edərdilər. Ertəsi gün yumurtalara baxardılar. Əgər yumurta qırmızı rəngə boyanmışdırsa yaxşı, qara rəngə boyanırdısa pis əlamətə yozulardı.
   Yığılmış bayram payını götürüb uşaqlardan birinin evinə toplaşıb bayram edərdilər. ”Xıdır İlyas” mərasimini bölgədə qışın yarısının yola salınması münasibətilə keçirilər. Bu mərasimdə hamı evdən bayıra çıxar. Çoxlu tonqallar yandırardılar…
   Belə bir inam da var ki, guya mərasimdə Xıdır İlyasın özü uşaqların arasında olur. Ona mütləq pay verilməlidir. Əgər pay verilməsə Xıdır İlyas küsər, atını çapıb gedər və ruzi-bərəkəti də özü ilə aparar. Pay verildikdə isə Xıdır İlyas - Xıdır peyğəmbər atını çapıb həmin evlərin hamısına ruzi paylaya-paylaya gedər. Həmin gecə külək əsərsə belə hesab edilərdi ki, o, Xıdır İlyasdır. Əsən külək isə atın kişnərtisidir. Burada da qovuta və ya una Xıdır İlyasın əl basmasına inam güclü idi.
   Beləliklə, belə qənaətə gəlinir ki, “Xıdır İlyas” mərasimi, xalq bayramı olmaqla yanaşı, həm də mifik bir obrazın - Xıdır İlyasın mövcud olduğu və mərasimlərdə şəxsən iştirak etdiyi barədə fikri yaddaşlarda yaşayır...
   
   Savalan Fərəcov