Dövlətdə dəvə...
   
   Lökbatan, Dəvəçi, Lök qalası və s. bu kimi toponimlər dəvəçiliyin respublikamızda ta qədimdən geniş yayıldığını göstərir. Dəvə tarixən səhra və yarımsəhra ölkələrdə yük daşımaq vasitəsi olub. Ona görə də insanlar onu bəzən “səhra gəmisi” adlandırır.
   
   Cənubi Azərbaycanın Şahtəpə adlanan ərazisində arxeoloji araşdırmalar zamanı aşkar edilən (eradan əvvəl IV əsrə aid) dəvə sümükləri, Qobustanda Böyükdaş adlanan sahədəki qayalarda dəvə və karvan təsvirləri ta qədimdən ölkəmizdə dəvədən bir nəqliyyat vasitəsi kimi istifadə edildiyini göstərir. Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun direktoru akademik Budaq Budaqov yazır ki, dəvələrin əhliləşdirilməsi əhəmiyyətinə görə yük maşınlarının icad olunmasına bərabər tutulmalıdır. Çünki dəvə min illər ərzində ətçiliyin, südçülüyün, toxuculuğun inkişafına kömək edib. Eyni zamanda ticarətin güclənməsinə, iqtisadi, mədəni əlaqələrin artmasına və əhalinin miqrasiyasına təkan verib.
   Araşdırmalarda dəvənin ev heyvanına çevrilməsi türk mədəniyyətinin nailiyyəti kimi göstərilir. Monqollar və çinlilər ilk dəfə türklər vasitəsilə dəvə əldə etdiklərini bildirirlər. Avropa xalqlarından macarlar və serblərin, Qafqaz xalqlarından osetinlər dilində ”dəvə” sözü (türkcə) işlənir. Respublikamızın ərazisində tapılan tunc dövrünə aid dəvə fiqurları təsvir olunmuş bəzək əşyaları ta qədimdən əhalinin məişətində dəvəçiliyin mühüm sahə olduğunu göstərir. Füzuli rayonu Qarabulaq kəndi yaxınlığında eramızdan əvvəl II minilliyin sonuna aid kurqanda qəbilə başçısı ilə bir yerdə dəfn olunan iki dəvə qalığı tapılıb. Bu, hətta bir vaxtlar dəvənin müqəddəs heyvan olduğuna işarədir.
   Azərbaycan dəvəçiliyi haqqında antik müəlliflərdən Klavdi Elianın məlumatı çox maraqlıdır. O yazırdı: “Burada çoxlu dəvə var. Ən böyükləri at hündürlükdədir. Bədənləri isə zərif yunla örtülüdür. Onların yunu yumşaqlığına görə Milet yunundan geri qalmır. Həmin yundan hazırlanan paltarları kahinlər, varlı və şöhrətli kaspilər geyirlər”.
   Tarixi-etnoqrafik baxımdan Azərbaycanda dəvəçilik haqqında ətraflı məlumat verən ilk mükəmməl yazılı abidə “Kitabi-Dədə Qorqud” dastanıdır. Dastan Azərbaycan xalqının məişətində dəvəçiliyin yerini, mövcud olmuş dəvə cinslərini, onunla bağlı inam və etiqadları öyrənmək üçün qiymətli mənbədir.
   Alman səyyahı Adam Oleari XVII əsrdə Azərbaycanda olarkən dəvəçilik haqqında maraqlı məlumat toplayıb. Müəllif dəvələrin buğur, buğura, maya, nər, lök cins və növlərindən də bəhs edib. Nərin ən güclü dəvə olduğunu, hətta bir tona qədər yük götürə bildiyini göstərib. Azərbaycanda boyca kiçik, amma at kimi çevik, hətta atdan bərk qaçan dəvələr olduğunu yazıb. O daha sonra bildirir ki, orta hesabla 400-500 kq yük götürən dəvə gün ərzində 90-100 km yol gedir.
   Dəvə çox fəhmli heyvandır. Bir dəfə keçdiyi yolu bir daha unutmur. Dəvənin bu keyfiyyətləri xalq məsəlində dəqiqliklə ifadə olunub: “Dəvə yaxını otlar, uzağı gözlər”.
   Səhra və yarımsəhra heyvanı olan dəvə əsasən tikanlı kol və şorakət bitkiləri ilə qidalanır. Ən çox sevdiyi ot dəvətikanı və qanqaldır. Görmə qabiliyyəti güclü olan dəvə çöldə-örüşdə ona lazım olan otu seçir, ancaq öz payını götürür. Hətta ac olanda belə, bitkini bütöv yemir. Ondan müəyyən hissəni qoparmaqla kifayətlənir. Uzun müddət dəvə üzərində müşahidə aparan fransız alimi Xilda Qote Pilters yazır: “Dəvə heç bir heyvana bənzəmir. O sanki hər şeyi ölçüb-biçməyi bacarır”. Hesablamalara görə, dəvə 50 dərəcəyədək istidə 10 gün susuz qala bilir. Birdəfəyə 130 litr su içən dəvələr var. Bəziləri isə bir neçə saat ərzində 200 litr su içir. Sonra bir həftə suya yaxın getmir. Alimlər müəyyən ediblər ki, dəvələrin susuzluğa və istiyə dözümlülüyü onların bədənində temperaturun dəyişkən olması ilə də bağlıdır. Susuz dəvələr 60-70 kilometrlik məsafədə suyun olduğu səmti asanlıqla duyub tapırlar. Digər heyvanlardan fərqli olaraq dəvələrin ayaqlarının altı ətdəndir. Daşlıq ərazilərdə çox çətinlik və narahatlıqla yeriyirlər.
   Etnoqrafik baxımdan dəvənin ələ (işə) öyrədilməsi xüsusi maraq doğurur. Sağlam, gümrah böyümüş dəvələr iki-üç yaşından iş üçün öyrədilir. Başqa ev heyvanlarına nisbətən dəvənin ələ öyrədilməsi daha çətin olur. Sahibi dəvə ilə ünsiyyət yaratmaq üçün hələ köşək vaxtı onu tumarlayır, başına ip keçirir. Xam dəvə isə adamı yaxına buraxmır. Bədəninə ip toxunmasına imkan vermir. Bu zaman çox səbir göstərmək lazım gəlir. Dəvə hələ kiçik yaşlarından “xıx” sözünü çox eşitdiyi üçün “xıx” deyən kimi yatır. Dəvə mülayim olanda, onu, sadəcə olaraq, yedəkdə gəzdirirlər. Tədricən yükə öyrədirlər. İnadkar, adama yovuşmayan dəvəni isə öyrənmiş dəvənin arxasına bağlayırlar.
   Dəvə digər heyvanlarla müqayisədə olduqca sadiqdir, sahiblərindən başqa kimsəni qəbul etməz. Eyni zamanda olduqca kinli canlıdır. Onu vuranı və üstünə qışqıranı sevmir. Oturuşları ilə digər heyvanlardan fərqlənirlər. Belə ki, onlar üzləri qibləyə, həm də dairəvi otururlar. Balalarını da dairənin içərisində saxlayırlar. Bu isə, hər şeydən əvvəl, onları kənar təsirlərdən qorumağa xidmət edir.
   
   Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar