Türk rejissoru Yılmaz Ərdoğanın «Vizion tele» adlı bir filmi var. Qısa süjeti belədir: ucqar bir kənddə camaat həvəslə artıq paytaxtların geridə qoyduğu bir yeniliyi gözləyir - bələdiyyə başqanı kəndə televizor gətirdir. Uzun sürən çalışmadan sonra televizoru işə sala bilirlər və bu bayram misallı açılışdan sonra televizordan aldıqları ilk xəbər bələdiyyə başqanının oğlunun əsgəri xidmətdə həlak olması olur. Sevinc, həyəcan bir anda öz yerini kədər, boşluq dolu sükuta təhvil verir... Al, bu da sənə televiziya! Axı həlak olan oğlanın anasına o lənətə gəlmiş pəltək molla demişdi ki, bu kafir əşyasını rədd edin, ondan pis ruhlar var...
   Ana televizoru yüksək təpənin başında basdırır. O gənc, gözəl oğlan bu televizorda öldü.
   Qadın televizoru həm lənətli bir əşya kimi basdırır, həm də yeni texniki ixtira kimi ana təbiətə, torpağa tapşırır. O, torpaqdan güclü qüvvə tanımır. Savad, təhsil görməmiş bu yaşlı kənd qadını öz ana intuisiyası ilə bu cihazın bədxəbərliyini, adamın axırına çıxmağını hiss edir. Əlbəttə, bəd xəbəri televizordan yox, kiminsə ağzından, lala-piti işləyən telefon aparatından, ərinin gözlərindən, tini burulan əsgər maşınından da ala bilərdi. Amma rejissor televizoru ona görə seçir ki, onun-informasiyanın insanı necə öldürməsini göstərsin.
   Televizoru tez-tez cəmiyyətin güzgüsü adlandırırıq. Güzgü bu dünyayla o dünya, tale ilə talesizlik arasında dayanmış predmetdir. Biz güzgüdən öz simamızı, alnımızı, gözlərimizi - talenin cizgilərimizi görürük. Bu cizgiləri tez-tez güzgüylə əks etdiririk, özümüz özümüzə qaytarırıq... Bu təkrar olunma prosesi ikiləşdirir. Film rejissorlarının çəkdikləri kadrları sonra həyatda yaşamalarına dair faktlar var. Bu, kinonun magiyasıdır. Ekranın magiyasıdır. Televiziyanın da belə magik qüvvəsi var. Bunu demək istəyir rejissor.
   ...Televiziya bizi ekranın içində öldürür, ekranın qarşısında öldürür, biz bunu bilirik, amma yenə də bilmək istəyirik. Hər xəbər proqramında ölümlər, insan itkiləri, kriminallarda ağlasığmaz qətllər və bunların arasında sms-li musiqi yarışmaları...
   Bunlar hamısı hər gün evimizin içindədi. Biz bu xəbərlərdən sonra yemək yeyir, çay içir, əylənirik. Bəzilərimizsə keçə bilmirik. Sarsılırıq. Yaşamağa davam etmək çətindir. Xəbər verilişləri şok effektli xəbərləri həvəslə düzür ard-arda. İnternetdə ən çox izlənən görüntülərin arasında dəhşətli videolar var. Bu görüntülərə baxanların sayı artdıqca vəhşiliklər də çoxalır. Sanki insana nə qədər pis, zalım olduğunu deyir televiziya. Bu qarşısıalınmaz oyunda insana insan olduğunu xatırladacaq filmlər, mənzərələr, sevgilər itir get-gedə teleekranlardan. Biz özümüz özümüzü lənətləyirik.
   ...Sən baxma televizora
   Üzünü o yana çevir
   Qorxulu şeylər göstərirlər...
   Günlərini evdə, televizor qarşısındasa keçirən dostumun şeirindəndir. Ekranla uşaqların arasına qoymağa heç nə tapmayanda əlinə keçən kağıza yazıb. Bir yazının sonluğu olmağa da yarayır.
   
   Aliyə