Burada musiqi əsərləri hisslər, duyğularla ifa olunur
   
   Bakı şəhəri, Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsi 97... Bir məktəbin sorağı ilə gəlib bu ünvana çıxmışam. Həyətdə müəllimlər skamyada oturub söhbətləşir, bir valideyn iki övladının əllərindən tutaraq böyük sevgi və ehtiyatla musiqi məktəbinin qapısından içəri ötürüb geri qayıdır, pəncərələrdən fortepiano, kamança, tar səsləri ətrafa yayılır...
   
   Bura Bakı şəhəri gözdən əlil uşaqlar üçün 38 №-li 11 illik musiqi məktəbidir. Musiqi alətlərində hansı notun ifa olunacağını, barmaqların hansı pərdəyə qoyulacağını gözlər yox, ürəklər “diktə” edir bu məkanda. Hisslər, duyğular ifa olunur, musiqi sənətimiz yaşayır...
   
   32 yaşlı məktəb
   
   Gözdən əlil uşaqlar üçün 38 №-li 11 illik musiqi məktəbi 1980-ci ildə Azərbaycan Korlar Cəmiyyəti (indiki Azərbaycan Gözdən Əlillər Cəmiyyəti) nəzdində ixtisaslaşdırılmış uşaq musiqi məktəbi kimi fəaliyyətə başlayıb. Məktəb həmin dövrlərdə adıçəkilən cəmiyyətə rəhbərlik edən filologiya elmləri namizədi Arif Zeynalovun təşəbbüsü ilə yaradılıb. Tədris ocağının ilk direktoru, Əməkdar mədəniyyət işçisi, tarzən Murtuz Mehdiyev olub. 1990-cı illərin əvvəllərində müharibə şəraiti, ölkəmizdə bütün sahələrdə hökm sürən iqtisadi böhran məktəbi bağlanma təhlükəsi ilə üz-üzə qoyub. Lakin 1993-cü ilə qədər cəmiyyətin nəzdində fəaliyyət göstərən məktəb həmin il Mədəniyyət Nazirliyinə - Bakı Şəhər Mədəniyyət İdarəsinin tabeçiliyinə verilib. Hazırda Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeçiliyində fəaliyyət göstərən məktəb artıq üç ildir ki, 11 illik təhsil sisteminə keçib.
   Burada respublika gözdən əlil uşaqlar üçün orta internat məktəbinin şagirdləri musiqi təhsili alırlar. Hər iki məktəbin eyni həyətyanı ərazidə yerləşməsi uşaqların rahat şəkildə təlim-tədrisinə imkan verir. İnternat məktəbində dərslər günün birinci yarısında, musiqi məktəbində isə günün ikinci yarısında olur.
   Məktəbin fəaliyyəti ilə bizi yaxından tanış edən direktor Əsab Əliyev bu təhsil müəssisəsinin ilk məzunlarındandır. O, həm də məktəbin ilk direktoru olmuş tarzən Murtuz Mehdiyevin tələbəsidir: “Murtuz müəllim vəfat edəndən sonra onun işini davam etdirirəm. Bu məktəbin bir neçə məzunu ilə birgə Asəf Zeynallı adına Orta İxtisas Musiqi Texnikumunda (indiki Musiqi Kolleci) oxumuşuq. Sonra Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını bitirib yenidən buraya qayıtdıq. Müəllimlik fəaliyyətinə başladıq. Məktəbdə şagirdlərimiz öz ixtisaslarına böyük maraq göstərirlər. Mən burada müəllimimin işlərini davam etdirdiyimə, öz sənətimlə məşğul olduğuma görə çox xoşbəxtəm”.
   Məktəbdə əsasən xalq çalğı alətləri üzrə ixtisaslar tədris olunur. Tar, kamança, qarmon, nağara, fortepiano, xanəndəlik siniflərində 193 şagird musiqi təhsili alır. Direktor Əsab Əliyev deyir ki, məktəb onbirillik olsa da, heç də bütün şagirdlər yuxarı siniflərə keçirilmir: “Biz uşaqlar arasında müşahidə aparırıq. Əsasən V-VII sinfi bitirmiş və tədris prosesində nümunəvi olan şagirdləri yuxarı siniflərə keçiririk. Sonradan ali təhsil almaq istəyən məzunlarımız isə müxtəlif təhsil ocaqlarına sənədlərini verirlər”.
   Məktəbdə şagirdlərin musiqi təhsili ilə 50-dən çox müəllim məşğul olur. Son illərdə Asəf Zeynallı adına Musiqi Kollecindən, Milli Konservatoriyadan, Bakı Musiqi Akademiyasından pedaqoqlar, habelə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi nəzdində fəaliyyət göstərən musiqi məktəblərindən təcrübəli müəllimlər buraya pedaqoji fəaliyyətə cəlb olunub. Gələcəkdə yeni ixtisasların yaradılması da planlaşdırılır. Əsab müəllim deyir ki, bunun üçün ilk növbədə təbliğat lazımdır: “Çalışacağıq ki, yaxın gələcəkdə skripka, violonçel ixtisasları üzrə qruplar yaradaq. Amma gözdən əlil uşaqlar bu ixtisaslar haqqında məlumatlı olmalıdır. Odur ki, bu istiqamətdə təbliğata başlamışıq”.    

   Dövlətin diqqət və qayğısı
   
   Məktəbə dövlət səviyyəsində yüksək qayğı və diqqət göstərilir. Məktəbin binası 2009-cu ildə Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə təmir edilib, maddi-texniki bazası möhkəmləndirilib. 2009-cu ildə məktəbə 6 ədəd fortepiano, mebel avadanlığı verilib. Paralel olaraq Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ilk dəfə Azərbaycan dilində Brayl şriftləri ilə musiqi dərsliklərinin çapı da həyata keçirilib və bu iş davam etdirilir. Qeyd edək ki, digər ixtisaslar üzrə dərs vəsaitlərinin də çapı nəzərdə tutulur.
   Direktor deyir ki, Mədəniyyət və Turizm Nazirliyi, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi məktəbin fəaliyyəti üçün bütün zəruri köməyi göstərirlər: “2010-cu ildə məktəbin 30 illik yubileyini qeyd etdik. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müəllimlərə pul mükafatları verildi. Bu gün də hər bir işimizə dəstək olmağa çalışırlar”.
   
   Məktəbin “Duyğu”su

   
   Gözdən əlil uşaqlar üçün 38 №-li 11 illik musiqi məktəbində “Duyğu” xalq çalğı alətləri ansamblı fəaliyyət göstərir. Ansambl ətrafında istedadlı şagirdlər və müəllimlər toplanıb: “Ansamblımız 1983-cü ildə yaradılıb. Adını müəllimimiz Murtuz Mehdiyev qoyub. O vaxt Murtuz müəllim dedi ki, madam ki, ansambl hiss və duyğuların “dili” ilə yaşayacaq, gəlin ansamblın adını “Duyğu” qoyaq. Gələn il ansamblın 30 yaşı olacaq. Ansamblın üzvləri - gözdən əlil şagird və müəllimlər maraqlı musiqi nömrələri hazırlayırlar. Təsəvvür edin, xalq mahnılarını, muğamları, digər musiqi əsərlərini eyni vaxtda başlamaq, eyni vaxtda qurtarmaq bütün bunlar ansambl üzvlərinin duyğuları ilə baş verir. Ansamblın üzvləri bütün bunları öz hissləri ilə yaşayırlar”.
   Uşaqların musiqi təhsilinə yiyələnmələri üçün müəllimlərlə yanaşı, valideynlər də diqqət göstərirlər. Bu isə şagirdlərin uğur qazanması üçün vacib amildir. Yeri gəlmişkən, məktəbin şagirdləri müxtəlif festival və yaradıcılıq müsabiqələrində fərqləniblər. Bu yaxınlarda Bülbül adına orta ixtisas musiqi məktəbində dünya şöhrətli vokalçı, SSRİ Xalq artisti Bülbülün anadan olmasının 115 illiyinə həsr edilmiş musiqi festivalında məktəbin şagirdi Soltan Səmədli tar ixtisası üzrə III dərəcəli diplom və bürünc medalla təltif edilib.
   Bundan başqa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən keçirilən Əlillərin V Ümumrespublika bədii yaradıcılıq baxış-müsabiqəsində məktəbin xoru xüsusi dərəcəli diploma layiq görülüb. Nazirlik tərəfindən keçirilən digər yaradıcılıq müsabiqəsində isə “Duyğu” ansamblı da xüsusi dərəcəli diplom alıb. Məhəmməd Abuşov (qarmon), Yetər Kərimova (kamança), Aysel Əlizadə (vokal), Xatirə Hacıyeva (vokal) da məktəbin öncül şagirdlərindəndir.
   Məktəbin kollektivi 1997-ci ildən televiziyalarda çıxışlar edir. Azərbaycan Dövlət Televiziyasında, İctimai Televiziyada və İctimai Radioda maraqlı konsertlər veriblər. Hazırda məktəbin kollektivi “Mədəniyyət” telekanalı vasitəsilə yeni konsertə hazırlaşır. Məktəbin musiqi kollektivi hər il Türkiyədə keçirilən 23 aprel - Uşaq bayramında müvəffəqiyyətlə iştirak edir.
   
   Ceyhun Zərbəliyev