Yorulmaz alim və gözəl pedaqoq Nailə Mehdiyevanın 80 yaşı münasibətilə
   
   Vaxtilə bir yerdə təhsil aldığım yoldaşlarımla tez-tez görüşürük, müəllimlərimizi yada salırıq, tələbəlik illərinin hadisələrini bəzən ən xırda təfərrüatlarına qədər xatırlayırıq və sanki həmin illəri bir də yaşayırıq. İndi biz özümüz müəllimik, bizə dərs deyən müəllimlərimizlə həmkar sayılırıq. Mən bundan çox böyük qürur duyuram və onlarla ünsiyyətdən daxilən zənginləşirəm. Elə müəllimlərimiz var ki, onlarla tez-tez qarşılaşıram, fikirlərimizi bölüşürük, hansısa problemləri müzakirə edirik. Lakin elə müəllimlərimiz də var ki, demək olar ki, ali məktəbi bitirdikdən sonra əlaqəmiz olmayıb, lakin qiyabi də olsa onların fəaliyyəti ilə, yaradıcılığı ilə maraqlanmışam.
   
   Belə müəllimlərimizdən biri - bu günlər 80 yaşını qeyd etdiyimiz hörmətli musiqişünas-alim Nailə xanım Mehdiyeva haqqında danışmaq istərdim.
   Nailə Mehdiyeva 1932-ci il aprelin 21-də Bakıda anadan olmuşdur, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyasının) yetirməsidir. Konservatoriyanı musiqişünas kimi bitirdikdən (1959) sonra “Musiqi tarixi” kafedrasında müəllim kimi çalışmağa başlayıb. 1993-cü ilə qədər burada dosent (1974), professor (1989-1993) vəzifələrini tutmuş; kafedra müdiri, tarix-nəzəriyyə fakültəsinin dekanı (1971-1974) olmuşdur. Pedaqoji fəaliyyətlə yanaşı, elmi yaradıcılığa da zaman ayırmış, 1968-ci ildə dissertasiya müdafiə edərək sənətşünaslıq namizədi elmi dərəcəsinə layiq görülmüşdür.
   Bu illər ərzində Nailə xanımın bir sıra tədqiqat işləri də çap olunur ki, bunlardan “Qara Qarayevin kino musiqisi” monoqrafiyasını (1966), “XIX əsrin Qərb ölkələrinin musiqi tarixi (romantizm dövrü)” metodik vəsaitini (1988), “R.Qlierin “Şahsənəm” operası və rus oriyentalizmi”, “Tofiq Quliyevin yaradıcılıq portreti” kitabçalarını (1992), “Azərbaycan musiqi tarixi” (1993, müəlliflər qrupu, rus dilində) dərsliyində “XIX əsr - XX əsrin əvvəllərində Azərbaycan musiqi mədəniyyəti” adlı fəsli, “Sovetskaya muzıka”, “Muzıkalnaya jizn” və s. elmi jurnallarda və dövri mətbuat səhifələrində çap olunmuş məqalələrini göstərmək olar. Bütün bunlar onun elmi maraq dairəsinin genişliyini sübut edir. Hazırda da bu elmi işlərdən musiqişünaslıq tədqiqatlarında bir mənbə kimi istifadə olunur.
   Nailə xanımın ən böyük uğurları pedaqoji sahə ilə bağlıdır. Xüsusi müəllimlik və lektorluq istedadına malik olan N.Mehdiyevanın mühazirələri haqqında ayrıca danışmaq lazımdır. Bu baxımdan, yəqin ki, ondan dərs almış bizim nəslin musiqişünaslarının xatırlamağa çox sözü var.
   Konservatoriyada təhsil alan musiqişünasların digər tarixi və nəzəri fənlərlə yanaşı, əsas ixtisas fənlərindən biri dünya musiqi tarixi üzrə mühazirələrdir ki, birinci kursdan başlayaraq sonuncu kursa kimi biz onu mərhələlərlə mənimsəyirdik. Nailə xanım qədim dünya və Qərbi Avropa musiqi tarixi üzrə mühazirələri ilə, elə ilk dərsdən, sözün əsl mənasında, bizi heyran etmişdi. Müəllim sanki dərs demirdi, mühazirə oxumurdu, o elə bil bu tarixi gözü qarşısında canlandırırdı və bunları bizə də aşılamağa çalışırdı. Biz istər-istəməz onun emosional danışıq tərzinin, ifa edərək əyani surətdə nümayiş etdirdiyi musiqinin təsiri altına düşürdük. Onun dünya musiqi tarixinin müxtəlif dövrlərinə aid musiqi mədəniyyətinin inkişaf mənzərəsini şərh etməsi, müqayisəli şəkildə onları əlaqələndirməsi böyük maraq doğururdu.
   Musiqi tarixinin mərhələləri və cərəyanları, bəstəkarların həyat və yaradıcılığı, əsərlərin dinlənilməsi və təhlili - bütün bunlar haqqında hələ məktəbdən müəyyən məlumatımız olsa da, Nailə xanımın geniş əhatəli təqdimatında biz mövzunu dərinliyinə kimi mənimsəyirdik. Dünya musiqi mədəniyyəti tarixi ilə yanaşı, sonrakı kurslarda Nailə xanım bizə həm də SSRİ xalqlarının musiqi tarixindən də dərs demiş, o dövrdə bütün sovet respublikalarının musiqi mədəniyyəti haqqında bizə ətraflı bilgilər vermişdir.
   Pedaqoji təcrübədə tələbənin düzgün istiqamətləndirilməsi çox böyük əhəmiyyətə malikdir və bu sahədə Nailə xanım tələbədən öz biliyini əsirgəməyən bir müəllimdir. Bu da bizi özünə cəlb edirdi. Nailə xanım bizdə daha çox öyrənmək, daha çox bilmək həvəsini artırırdı. Bu məqsədlə o nə qədər elmi ədəbiyyat tövsiyə edirdi və biz bütün bunları mənimsəmək üçün kitabxanadan çıxmırdıq, oxuyurduq, tərcümə edirdik, konspektləşdirirdik, əsərləri dinləyirdik. Bu da bizdə elmi ədəbiyyatla işləmək və tərcüməçilik vərdişlərini yaradırdı. Əlbəttə ki, bütün bunlar musiqişünas kimi yetişməyimizdə mühüm mərhələ idi və bunda Nailə xanımın da böyük zəhməti vardı.
   1993-cü ildən Nailə Mehdiyevanın həyat və fəaliyyəti Türkiyə ilə bağlı olmuşdur. O, Ankarada görkəmli alim və ictimai xadim İhsan Doğramacının yaratdığı məşhur Bilkənd Universitetinə dəvət almışdır. Universitetdə Avropa musiqi tarixi, dünya opera incəsənəti tarixi, iyirminci yüzilliyin çağdaş musiqi tarixindən mühazirələr oxumuşdur. Eyni zamanda 1995-2009-cu illərdə Bilkənd Universitetinin musiqi və səhnə sənətləri fakültəsində musiqi tarixi kafedrasına rəhbərlik etmişdir.
   Nailə xanımın qardaş ölkədəki fəaliyyəti haqqında məlumatım tam və əyani olmasa da, qeyd etməliyəm ki, burada da o öz pedaqoji prinsiplərinə sadiq qalaraq var qüvvəsi ilə çalışmış, türkiyəli gənclərdən də öz bilik və bacarığını əsirgəməmiş və onların hörmətini qazanmışdır.
   Onu da nəzərə almalıyıq ki, Türkiyədə musiqi mədəniyyətinin inkişafında azərbaycanlı musiqiçilərin çox böyük rolu vardır. Bu haqda dəfələrlə deyilib, yazılıb (hətta dissertasiyalar da meydana gəlib). Bu baxımdan, əlbəttə ki, bizim tanınmış musiqi xadimlərinin bu ölkədəki fəaliyyəti xüsusilə diqqətəlayiqdir və bunun səmərəli nəticələri Türkiyədə musiqi mədəniyyətinin və musiqi təhsili sisteminin uğurları timsalında göz qabağındadır.
   Türkiyədə N.Mehdiyevanın elmi yaradıcılığı da məhsuldar olmuşdur. Pedaqoji işi ilə yanaşı, o, Bilkənd simfonik orkestrinin proqramlarına daxil olan əsərlər haqqında məlumatlar yazmışdır ki, sonradan həmin yazılar ingilis, fransız, alman dillərinə tərcümə olunaraq, disklərin üzərində çap olunmuşdur.
   Onu da deyək ki, Türkiyədə musiqişünaslıq sahəsində bir çox dərs vəsaitləri də elə azərbaycanlı musiqiçilər tərəfindən yazılmışdır. Bu istiqamətdə N.Mehdiyevanın apardığı maarifçilik işi xüsusi əhəmiyyətə malikdir. Onun hazırladığı bəstəkarların həyat və yaradıcılığı, simfonik və opera əsərlərinin təhlili üzrə proqramlar Bilkənd Universitetinin tələbələri üçün dərs vəsaiti olmaqla yanaşı, ölkənin digər ali məktəblərində də yayılmış və çox istifadə olunan bir mənbəyə çevrilmişdir.
   2008-ci ildə Bilkənd simfonik orkestrinin konsert proqramları əsasında N.Mehdiyevanın “Konser kılavuzu” adlı kitabı ərsəyə gəlmişdir. Kitabda musiqişünas müxtəlif ölkələrdən olan 92 bəstəkarın 267 simfonik əsərinin təhlilini vermişdir. Bu kitabın daha da genişləndirilmiş ikinci nəşrində isə 116 məşhur bəstəkar haqqında məlumat və 484 simfonik əsərin şərhi öz əksini tapmışdır.
   Əlamətdardır ki, burada Avropa bəstəkarları ilə bərabər, Azərbaycanın görkəmli bəstəkarlarının - Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Rauf Hacıyev, Soltan Hacıbəyov və başqalarının yaradıcılığı da yer almışdır. Türkiyə bəstəkarları Əhməd Adnan Sayqun, Ülvi Camal Erkin, Fərid Tüzün və digər sənətkarlar haqqında geniş məlumat, onların əsərlərinin təhlili də diqqətəlayiqdir.
   Ümumiyyətlə, Azərbaycan musiqi mədəniyyəti haqqında, bəstəkarlarımızın yaradıcılığı haqqında zəngin məlumatların Türkiyə ictimaiyyətinə çatdırılmasında N.Mehdiyevanın əməyini xüsusi qeyd etməliyik. Onun Türkiyə jurnalistlərinə verdiyi müsahibələrdə də Azərbaycan musiqi mədəniyyətinin rəngarəng mənzərəsi öz əksini tapmışdır. Həmin müsahibələrin mətni “Bilincin işığında müzik” adlı kitabda çap olunaraq geniş oxucu kütləsinə təqdim olunmuşdur.
   Tanınmış musiqişünas-alim və pedaqoq Nailə Mehdiyevanın 80 yaşı tamam olur. Biz bu münasibətlə Nailə xanımı təbrik edir, ona cansağlığı, uzun ömür arzulayırıq.
   Nailə xanım, Siz mənalı ömrünüzü musiqiyə, sorağı müxtəlif ölkələrdən gələn tələbələrinizə həsr etmisiniz. Düşünürəm ki, əsl müəllimin tələbələrinin yaddaşında saldığı izlər həqiqətən də silinməzdir. Bu, müəllim əməyinin ən böyük bəhrəsidir.
   
   Cəmilə Həsənova,
   sənətşünaslıq üzrə elmlər doktoru, Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru