Şuşa səhifəsini yazan Vasif
   
   İlk baxışda zahirən sərt, bir qədər də özündən razı, Araz aşığından, Kür topuğundan görünən, bəlkə də daha çox çətin adam təsiri bağışlayan Vasif Quliyevlə özün arasındakı dağları aşmağı bacarsan, onun necə böyük ürəyə, həssas qəlbə malik olduğunu anlamaq asandır. Əlinə qələm alan gündən rəngarəng mövzulara üz tutsa da, bir məsələdə həmişə sədaqəti ilə seçilib. Bu da onun Şuşaya bağlılığıdır. Anasının laylasını, atasının öyüdünü bu dağların qucağında duyan Vasif Quliyev arzularının arxasınca Bakıya gəlsə də, burada yaşayıb yaratsa da, qibləsi həmişə Şuşadır.
   
   O, qəlbinin bütün telləri ilə Şuşaya bağlıdır. Hələ tələbəlik illərindən Şuşanın bəxtəvər günlərindən müxtəlif materiallar hazırlayardı. Radionun «Bulaq» verilişi üçün bir-birindən maraqlı, dadlı, duzlu mövzularda folklor nümunələrini toplayıb bir araya gətirərdi. Rəhmətlik Məhluqə Sadıqova da Şuşadan gələn bu seçmələri elə qəribə, təsiredici, qəlbə yatımlı səslə bizə dadızdırardı ki, ruhumuz dirçələrdi, könlümüz dincələrdi.
   Şuşanın işğalından sonra Vasifin sifətinə əbədi bir kölgə düşdü. Daim qaşqabaqlı, qaşları çatılmış, əsəbi, həmişə narahat görürük onu. O ağır, dəhşətli gündən 20 il keçir. Bu illər ərzində ürəyinin yanğısını söndürmək üçün Vasif nələr etmədi?! «Şuşa» nəşriyyatı yaratdı, bu dilbər guşə ilə bağlı kitablar nəşr etdi, ürəyindən keçənləri «Şuşa» qəzetində dərc etdirdi. Bir gözü ağlayanda bir gözü gülən Vasif «Günəş» jurnalında (bu dərginin baş redaktorudur) balalarımız üçün bir-birindən maraqlı məlumatların, məqalələrin işıq üzü görməsinə imza atdı. Mən onu tanıyandan bir şakərinə də heyrət etmişəm. Nə kitab çıxsa, ondan beş-altı nüsxə götürər. Bir gün marağımı gizlədə bilməyərək soruşdum:
   - Vasif, bu kitabları neynirsən?
   - Şuşaya dönəndə bəs kitabxanalara nə aparacağıq?
   20 ildir o, kitab toplamaqla məşğuldur. Allah bilir, artıq neçə kitabxananın fondu düzələr onun arxivindən.
   Vasif Quliyev adi jurnalist deyil. O, çox fədakar, yorulmaz, həm də inadkar tədqiqatçıdır. Bir məsələnin izinə düşdümü, axıra qədər gedərək lazım olan mətləbi əldə etməyincə yarımçıq geri çəkilməz. Apardığı tədqiqatlar da çox gərəkli və vacibdir. Qarabağla, xüsusilə də Şuşa ilə əlaqədar elə bir məsələ, mövzu, sahə yoxdur ki, Vasifin orada əməyi olmasın. Şuşa ilə bağlı nə varsa araşdırıb. Bu qədim şəhərin tarixindən üzübəri şifahi xalq ədəbiyyatı, folkloru, musiqisi, məşhur adamları, repressiya qurbanları, incəsənət xadimləri, idmançıları, din nümayəndələri, tarixi abidələri, arxivlərdə gizlədilmiş həqiqətlər, demək olar ki, nöqtəsindən vergülünə kimi Vasifin qələmindən keçib. Onun yazılarındakı Qarabağ sevgisi bitib-tükənməyən bir çeşmədir. Nə danışığında, nə yazısında bu sevgi sözünün özü yoxdur. Amma bütün əməllərində, gecə-gündüz gərgin işləməsində, arxivlərdə daim çalışmasında, böyük qayğı ilə üzə çıxardaraq çap etdirdiyi kitablarının bütün sətirlərində bu sevginin dərinliyi duyulur. Vasif Quliyev Qarabağ torpağının yetirdiyi bütün gərəkli insanlar haqqında yazıb. Əslində o, «Qarabağnamə»lərin yeni fəslini yazır, ya bəlkə də «Qarabağ» ensiklopediyası yaradır. Mütəxəssislər bunu dürüst araşdıra bilərlər. Bir qələm dostu kimi bircə şeyi dəqiq bilirəm ki, bu «Qarabağnamə»dir, ensiklopediyadır, ya daha başqa bir topludur, hər nədirsə, onun şah səhifələri Şuşadır və bu gərəkli işi də Vasif Quliyev layiqincə yerinə yetirir. Ona kimsə tapşırıq verməyib, onu kimsə bu işə yönəltməyib. Vasif Quliyev öz ürəyinin hökmü ilə vətəndaş olaraq bir şuşalı kimi bu işləri yerinə yetirir. Haysız, həşir fəaliyyətilə əsl qəhrəmanlıq göstərir. Qəhrəmanlıq yalnız döyüşlərdə qazanılmır ki?! Vasif Quliyev də söz döyüşçüsüdür. Yorulmaq bilmədən çox məsuliyyətlə, vicdanla, böyük məhəbbətlə Şuşanın, Qarabağın yeni tarixini yaradır. Beş addımlıq ömür yolu nə vaxtsa sona çatır. Bizi bizdən sonra yaşadacaq Söz isə əbədiyaşardı. Bu mənada Vasif Quliyev əlindəki qələmlə «Söz» adlı bir abidə ucaldıb. Onun hər bir kərpicində yadlar tapdağında sızıldayan Şuşamızın xoş və ağır günləri dil açıb danışır. Biz bəzən öz aramızda olan fədakarların qədrini yetərincə bilib əməyini doğru qiymətləndirə bilmirik. Halbuki Vasif Quliyev də qələmlə döyüşür və Şuşanın salnaməsini yaradır. Vətənə xidmətin başqa adı da var?!
   Onun tədqiqatlarında elə məsələlər var ki, ilk dəfə açılır. Vasifin «Qacarlar», «Mehmandarovlar» silsiləsindən yazdığı yazılar xalqımızın faciəli məqamlarını bir daha göz önündə canlandırır. Arxivlərdə çalışanlar bilirlər ki, tədqiqatçılıq çox ağır işdir. İstər tarixin, istərsə də mədəniyyətin, ədəbiyyatın qaranlıq səhifələrinə ayna tutmaq, unudulmuşları yenidən gündəmə gətirmək tədqiqatçıdan böyük səbir, dözüm, müəyyən əzablara qatlaşmaq tələb edir. Hər axtarışın da bəhrəsi olmur. Aylarla, illərlə toz basmış arxivdə çalışırsan, axtarırsan, nəhayət, aradığını tapanda, kim bilir, nə dərəcədə sevincli hisslər keçirirsən. Bu mənada Vasifin «İlk qarabağlı general», «Enək İsa bulağına», «Vətən bağı al-əlvandır», «Qarabağın ikinci bülbülü», «Üzeyir bəyin ilk musiqi müəllimi», «Azərbaycanın ilk tarzəni», «Malıbəyli Həmid» və başqa yazıları tarixi keçmişimizə güzgü tutur. İlk kitabı 1988-ci ildə çıxıb. «Ucalığa gedən yol» adlanan bu nəşrdə Şuşa şəhəri ilə bağlı müxtəlif oçerkləri toplanıb. O gündən bəri onlarla kitabı işıq üzü görüb. Bir məsələ də var ki, onun tədqiqatları həmişə gərəklidir. Təkcə kütləvi oxucular üçün deyil, tədqiqatla, elmlə məşğul olan gənc alimlər də Vasif Quliyevin kitablarından bəhrələnə bilərlər.
   Hərdən mənə elə gəlir ki, Vasif Quliyev canlı bir ensiklopediyadır. Nə vaxt Qarabağla, Şuşa ilə bağlı bir sualım olsa, dərhal ona üz tuturam. Çox vaxt da yaddaşına heyrət edirəm. Elə səlis, dəqiq və ətraflı cavab verəcək ki, səni qane edəcək. Əgər söz versə ki məndə bu barədə mənbə var, sabah sənə gətirərəm, bil ki, mütləq yerinə yetirəcək. Hərdən mən ona qibtə edirəm. Yumruq boyda ürəkdə Şuşa kimi bir dilbər guşənin həm həsrətini, həm məhəbbətini, həm də qayıtmaq ümidini necə yerləşdirə bilib? Qəribə cavabları olur: «Həsrətin mayasında məhəbbət var. Məhəbbət olan yerdə inam cücərər. Bir də inamsız yaşamaq mümkün deyil axı?! Heç ola bilməz ki, beşiyimiz yırğalanan yerlərə qayıda bilməyək. Əvvəl-axır Şuşaya gedəcəyik».
   Özünəməxsus xüsusiyyətləri var. Yazısının üstündə nanə yarpağı tək əsər. Bir sözünə, kəlməsinə toxunsan, «qan» düşər. İnsafla deyək ki, heç onun yazısına toxunmağa lüzum da duyulmur. Hər sözü, fikri yerində olar. İllərdir ki, bu sahədə külüng çalır. Bir-birindən maraqlı, dəyərli kitabların müəllifidir. Şuşa və şuşalılar haqqında oncildlik kitab üzərində işləyir. Allah köməyi olsun! Maraqlıdır ki, hələ də kiril əlifbasında yazıb yaradır. «Gözüm öyrəşib» - deyir. Şuşalılara məxsus ağayanalıq bütün varlığına hopub. Əyilməzdir, çətin yaşaya bilər, maddi cəhətdən ehtiyacı da ola bilər, amma həmişə özünü tox aparmağı bacarır. Haram tikədə gözü olmaz. Halbuki jurnalistin, tədqiqatçının çörəyi daşdan da ağır olan hərflərdən çıxır. Bütün bununla bərabər, Vasifin qaməti həmişə şuxdur, başı əyilməzdir. Bir sifəti var. Bu səbəbdən də onun bütün həyatının bir möhürü var - şərəf! Elə şərəfli yaşadığı üçün də ucalığa gedən yolun döngələrində həmişə iti addımlarla hərəkətdədir! Bütün bu ağır görünə bilən, «tərs damarlı» Vasifin gül kimi ürəyi var! Ondan bir kağız parçasını qoparmaq asan deyil. Əl boyda yazını da ciddi-səylə qoruyur. Amma bilsə ki sən də Şuşa ilə bağlı nəsə araşdırırsan, fağır uşaq kimi önə düşüb səndən köməyini əsirgəməz. Düzgün istiqamət verər. Əsl mənbənin yerini göstərər. Hələ tarı sinəsinə sıxanda ona qulaq asasan. Ruhun hara qanadlanmaz?!
   Onun yaradıcılığı çoxcəhətlidir. Qəzet, jurnal redaktorudur. Neçə-neçə yazını oxuyub redaktə edir. Jurnalistlik fəaliyyəti genişdir, tədqiqatçıdır, tərcüməçidir, naşirdir, gözəl ailə başçısıdır (qızı Sona xanım jurnalist, oğlu Üzeyir bəy hüquqşünasdır), yaxşı dostdur, sədaqətli həmkardır. Bu məziyyətləri saydıqca uzana bilər. Hər nədisə, kimdisə, mənim bildiyim odur ki, uzun illərdən bəri yaxından tanıdığım bu qələm dostumuzun hansısa bir təxəllüsə, ləqəbə, epitetə ehtiyacı yoxdur. O, eləcə Vasif Quliyevdir! Adını da, soyadını da ləyaqətlə doğruldub. Nə təltifə, nə mükafata təmənnası var. İllərdir əlində qələm öz işi ilə məşğul olan Vasif Quliyevin ürəyinin sarı simi Qarabağdı! Allahdan istəyi Şuşadır!
   
   Flora Xəlilzadə
   yazıçı-publisist







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar