Eurovision-2012
   
   
   Bakının ev sahibliyi etdiyi “Eurovision-2012” mahnı müsabiqəsindən bir aya yaxın vaxt ötür. Sözsüz ki, bu müsabiqə Azərbaycanın dünyaya daha geniş tanıdılması üçün böyük bir fürsət oldu. Qərb mətbuatı siyasətdən mədəniyyətədək bir çox mövzuları işıqlandırmaqla ölkəmizi öz oxucularına tanıtmağa çalışdı. Bu sırada obyektiv, xoşməramlı materiallarla yanaşı, qərəzli yazılara da rast gəlindi.
   
   Amma bunlar artıq geridə qaldı. Azərbaycan mahnı müsabiqəsinin ev sahibi qismində istər virtual, istərsə də real olaraq dünya tamaşaçılarını qəbul etdi, öz qonaqpərvərliyi, möhtəşəm şounun təşkili ilə adını “Eurovision” tarixinə yazdırdı. İki həftə ərzində dünyanın müxtəlif ölkələrindən gəlmiş jurnalistlərlə bir sırada “Eurovision” həyəcanını yaşamış şəxs olaraq mən də təəssüratlarımı oxucularla bölüşmək istərdim.
   
   Təşkilatçılıq və təhlükəsizlik
   
   Hər şey təşkilatçılıq və təhlükəsizlikdən başladığından, öncə bu barədə bir neçə kəlmə.
   Doğrusu, hələ müsabiqəyə hazırlıq mərhələsində daim düşünürdüm: görəsən, Azərbaycan dünyanın qarşısına necə çıxacaq? Düzdür, qonaqpərvərliyimiz, ürəyiaçıqlığımız bizim canımızda, qanımızdadır. Amma “Eurovision” bizim üçün indiyədək görünməmiş miqyasda böyük tədbir idi. Azərbaycanı sevənlər kimi, sevməyənlər də var. Müsabiqə öncəsi cənub qonşumuzda bir para dairələrin “Eurovision” əleyhinə çıxışları da buna sübut idi. Odur ki, təşkilatçılıq və təhlükəsizlik səviyyəsi olduqca böyük önəm kəsb edirdi.
   Yeri gəlmişkən, müsabiqəni izləmək üçün bir çox ölkələrlə yanaşı, elə İrandan həvəslə təşrif buyuranlar da az deyildi. Düşünürəm ki, bu «iradların», «etirazların» arxasında ilk növbədə Azərbaycanı dünya ictimaiyyəti qarşısında gözdən salmaq niyyəti dayanırdı və bu cəhdlər puça çıxdı.
   Müsabiqə günlərində hər hansı xoşagəlməz hadisənin qarşısını almaq üçün həyata keçirilən təhlükəsizlik tədbirlərinin yüksək səviyyəsini Mətbuat Mərkəzində də hiss etmək olurdu. Beş dəqiqəlik küçəyə çıxıb geri qayıdanda belə yenidən təhlükəsizlik xidməti əməkdaşları tərəfindən diqqətlə yoxlanılaraq içəri buraxılırdıq.
   Təşkilatçılığın ən yüksək səviyyədə olduğunu isə müsabiqə iştirakçıları ilə yanaşı, media təmsilçiləri, tədbirə təşrif buyurmuş əcnəbi musiqisevərlər, turistlər də hamılıqla etiraf edirdi.
   
   Mətbuat Mərkəzi
   
   Öncə qeyd edim ki, “Eurovision” müsabiqəsində jurnalist qismində ilk dəfə idi iştirak edirdim. Lakin öncəki illərdə Moskvada, Osloda, Düsseldorfda yarışmanı işıqlandıran jurnalist həmkarlarım mənə müsabiqənin təşkilati işlərindən ətraflı bəhs etmişdilər. 5000 kv.m sahəyə malik Mətbuat Mərkəzi müsabiqə tarixində ən geniş və ən rahat iş şəraiti olan məkan kimi bütün jurnalistlər tərəfindən qeyd olunurdu.
   Milli mətbəximizin nümunələri, şirniyyatlar, çay və s. gün ərzində jurnalistlərin, nümayəndə heyəti üzvlərinin ixtiyarında idi. Bütün bunlar hər kəsin, hətta dostlarımın da təəccübünə səbəb olmuşdu. Çünki onlar yuxarıda adları çəkilən şəhərlərdə “Eurovision” müsabiqəsini işıqlandırarkən mətbuat mərkəzlərində yeməyi, suyu belə pulla əldə edirlərmiş. Yüksək sürətli internet isə informasiyanı istər yazılı, istərsə də video şəklində dünyaya operativ olaraq çatdırmağa yardımçı idi.
   
   Bakı Kristal Zalı
   
   Müsabiqənin keçirildiyi bu möhtəşəm arenaya daxil olanda bütün bunların cəmisi 7-8 aya ərsəyə gəldiyinə, yaxşı mənada, «şübhələndim». Mənə elə gəldi ki, Bakı Kristal Zalı və onun ətrafı hazır vəziyyətdə göydən yerə enib. İyirmi min tamaşaçı tutan arenada 80 min işıq diodu, 2500-dən artıq proyektor və Avropada ilk dəfə hərəkətli işıqlardan istifadə olundu. Məhz bu səbəbdəndir ki, şou müddətində işıq effektləri nəinki oradakı tamaşaçıları, hətta ekran izləyicilərini də heyrətləndirə bildi.
   
   EuroClub
   
   “Eurovision”nun əsas əyləncə dolu məkanı olan “EuroClub” Əl Oyunları İdman Sarayında təşkil olunmuşdu. Sahəsi 2500 kv.m olan “EuroClub”da nümayəndə heyətləri, akkreditasiya olunan mətbuat nümayəndələri və fanlar yarışma müddətində bir neçə iştirakçı ölkələrin təşkil etdiyi tanıtım gecəsinə, konsertlərə, DJ-lərin musiqi proqramlarına, 1-ci, 2-ci yarımfinal və final gecəsindən sonrakı şənlik mərasimlərinə qatılmaqla “Eurovision”nun, necə deyərlər, dadını çıxarmağa çalışdılar. Bu məkanda həmçinin şounun rəsmi açılış mərasimi keçirildi. Şounun aparıcıları Leyla Əliyeva, Nərgiz Berk-Peterson və Azərbaycana qalibiyyət yaşadan Eldar Qasımov, Nigar Camal 42 ölkə iştirakçılarını qırmızı xalı üzərində qəbul etdilər. Qeyd edək ki, Eldar Qasımov bu il həm də aparıcı qismində çıxış etməklə öz səmimiyyətini və müsbət enerjisini dünya tamaşaçıları ilə bir daha paylaşdı.
   
   EuroVillage
   
   “EuroVillage” də “Eurovision”nun əsas məkanlarından biri kimi şəhər əhalisinin, qonaqların ixtiyarında idi. Burada müsabiqənin əsas sponsorları və tərəfdaşları öz məhsullarını, xidmət növlərini nümayiş etdirir, konsert proqramları təşkil olunurdu. Bu baxımdan müsabiqənin baş sponsoru olan “Azercell”in yaratdığı səhnə minlərlə tamaşaçıya əsl “Eurovision” ab-havası yaşatdı. Hər gün populyar müğənnilər, rəqqaslar, “Eurovision” təmsilçiləri, DJ-lər öz məharətlərini nümayiş etdirirdilər. Tamaşaçılar burada əylənməklə yanaşı, həmçinin pulsuz internetdən də yararlana bilirdi. Bu baxımdan “EuroVillage”də gecəyə kimi insan əlindən tərpənmək olmurdu.
   
   İştirakçılar
   
   Öncədən deyim ki, bu yazıda 42 ölkə iştirakçılarının bəzilərindən bəhs edəcəyəm. Çünki hər biri haqqında bir az yazası olsam, necə deyərlər, ucundan tutub ucuzluğa getmiş olaram. Odur ki, Mətbuat Mərkəzində jurnalistlərin favoritlərindən söz açacağam. Mayın 14-də bu məkana ilk dəfə qədəm qoyandan iştirakçı ölkələr arasında İsveçin, daha çox da Rusiyanın adı hallanırdı. Rusiyanın «Buranovskiye babuşki»lərinin hər biri, ələlxüsus 77 yaşlı üzvü Nataliya Puqaçova özünü kifayət qədər sevdirə bilmişdi. Onların məşq vaxtlarında, mətbuat konfranslarında “iynə atsaydın yerə düşməzdi”. Hər bir jurnalistin üzündə təbəssüm var idi və heç kəs onların final gecəsində uğur qazanacaqlarına şübhə etmirdi. Yüzlərlə jurnalist, elə bəndəniz də rusiyalı “nənələr”in hər bir hərəkətini izləyir, hər bir çıxışını alqışlayırdı. Səbəb məlum idi. Burada yaş faktoru, sadəlik ön sıraya keçmişdi. Səs, işıq effektləri ilə bol olan yarışma bəzən insanı əldən salanda, onların karına folklor nümunələri ilə zəngin olan ifaları gəlirdi. “Nənələr”in sevilməsinin əsas səbəblərindən biri elə bu oldu.
   Təsadüfi deyil ki, sadəlik “Eurovision-2012”-də daha çox özünü göstərdi. İsveç təmsilçisi Lorin də başı açıq, ayağı yalın, makiyajsız, qara libasdakı çıxışı ilə milyonların səsini toplamaqla birinci oldu. 28 yaşlı Mərakeş əsilli bu qız elə ilk gündən öz təmkini, soyuqqanlılığı, qələbə üçün o qədər də can atmayan birisi kimi digər iştirakçılardan fərqlənirdi. Bəlkə də yanılıram. Məncə, o əsas favorit olduğunu bildiyindən özünü artıq qalib kimi təmkinli aparırdı. Bir də onun özü haqqında yaratdığı mif: o, texnologiyanın, informasiyanın at oynatdığı dönəmdə bir noutbuku ilə yalnız və yalnız musiqi proqramlarını və elektron poçtunu izləyir. Yəni dünyada baş verən proseslərdən kənar bir həyat tərzi sürməklə özünü bütünlüklə musiqiyə həsr edir. Bəlkə də dediklərində bir həqiqət var. Amma maraqlıdır ki, dünyanın gərdişindən xəbərsiz qız necə ola bilər ki, insan haqlarından, söz azadlığından danışsın?! Onun dünyaya baxışı bir yana, ifası, çıxışı şəxsən bəndənizə xoş təsir bağışladı. Xüsusən də yoqa elementləri ilə bol olan rəqsinin ifasına heç bir təsir etmədiyini görəndə buna təəccübümü gizlədə bilmirdim. O, hər kəsə eyforiya hissini yaşada bildi.
   Amma onun çıxışı birinci olsa da, digər çıxışları heç də kölgədə qoymurdu. Məsələn, Albaniya təmsilçisi hər kəsin xatirində dərin iz buraxdı. Çünki o, əsl sənət nümayiş etdirdi. Bundan başqa Türkiyə, Serbiya, Moldova, Rumıniya, Yunanıstan, Kipr, Makedoniya, Böyük Britaniya təmsilçiləri heç də zəif deyildi. Dörd dəfə “Qremmi” mükafatına layiq görülən, dünya şöhrətli Böyük Britaniya təmsilçisi Engelbert Hamperdinkin çıxışına baxanda yadıma 2009-cu ildə Moskva səhnəsində “Eurovision”da Fransanı təmsil edən Patrisia Kaas düşdü. Bir daha anladım ki, bu mahnı müsabiqəsində şöhrət, peşəkarlıq deyil, zövqlər yarışır.
   Azərbaycan təmsilçisi Səbinə Babayeva da ifası ilə birinciliyə layiq idi. Onun dünya şöhrətli muğam ustadı Alim Qasımovla çıxışını həyəcansız izləmək olmurdu.
   Türkiyə təmsilçisi Can Bonomo çıxış edəndə isə bütün azərbaycanlı jurnalistlər türk həmkarlarına dəstək oldu. Mahnı ritmik olduğundan mətbuat nümayəndələri yallı gedib, Azərbaycan və Türkiyə bayraqlarını dalğalandırdılar.
   
   Şou
   
   Hələ yarışma başlamazdan öncə belə qənaətə gəlmişdim ki, “Eurovision-2012” digər illərdə keçirilən yarışmalardan çox-çox fərqlənəcək. Çünki mədəniyyəti, tarixi zəngin olan, Şərqlə Qərbi birləşdirən bir məmləkətdə nümayiş olunası çox şey var. Fikrim məni aldatmadı. Çıxış öncəsi Bakı Kristal Zal feyerik işıqlandırma vasitəsilə müxtəlif ölkələrin bayraqlarının rənglərinə qərq olanda, texnika ilə yanaşı, ideyaya da heyrətimi gizlədə bilmirdim. Bu fərqlilik həm də ölkələrə verilən dəyərin nümunəsi idi. Bundan başqa səhnədə işıqlandırma effektlərini, yarımfinallarda və finalda “Natiq” ritm qrupunun, son beş ilin “Eurovision” qaliblərinin, Alim Qasımovun, Emin Ağalarovun, rəqs ansamblının, orkestrin qeyri-adi çıxışı insanı sanki reallıqdan çıxarıb, tamam başqa bir məkana götürürdü. Yaşı bilinməyən Qavaldaşının səslənməsi isə şəxsən məni qəhərləndirdi. Bir daha anladım ki, əsl sənət nümunəsi üçün zaman, məkan anlayışı yoxdur.
   Hər üç şouda tanıtım çarxlarının başdan-başa Azərbaycana həsr olunduğunu görəndə təəccüblənməklə yanaşı, həm də yaxşı mənada lovğalandım. Çünki ölkəmin hər qarışı, milli-mədəni nümunələri insana böyük qürur hissi bəxş edir. Düşmən qonşumuzun yarışmadan imtina etdiyinin səbəbi isə mənə sonda aydın oldu. Bu heç də təhlükəsizliklə bağlı deyildi. Paxıllıq, əsrlərdən bəri yığılıb qalmış kin idi. Çünki səsvermə müddətində ölkənin qiymət balını açıqlayan aparıcı heç vaxt ürəklə «Hello Azerbaijan, hello Baku!» deyib, Azərbaycanla salamlaşmağa üzü olmayacaqdı. Bu isə Azərbaycanın istər siyasi, istərsə də mədəni qələbəsi sayıla bilər.
   
   Ülviyyə Heydərova