Ölkəmizdə yaşayan hindlilər onlara qarşı isti və xoş münasibətdən razılıq edirlər
   
   Azərbaycan cəmiyyətində və onun mədəni həyatında mühüm rol oynayan xalqlardan biri də hindlilərdir. Onları bu ölkəyə cəlb edən başlıca səbəb isə neft-qaz layihələri, ticarət, bir sözlə, biznesdir. Hətta hindlilərin arasında uzun müddət Azərbaycanda yaşayan, öz biznesini quran və bu ölkəni doğma vətənləri hesab edənlər də var. Səbəb isə özlərinin də dediyi kimi, onlara göstərilən isti və xoş münasibətdir.
   
   Bunu artıq 16 ildir ki, Azərbaycanda yaşayan, əslən hindistanlı olan Ronald və Racani Çandra D’Mello cütlüyü də təsdiq edir. Ronald D’Mello deyir ki, hələ SSRİ dövründə Azərbaycan ittifaqda yeganə respublika idi ki, Hindistan hökumət başçıları Moskvaya rəsmi səfər edərkən Bakıya da gələrdilər. Bundan başqa dünya səviyyəli hind müğənnisi Rac Kapur da Azərbaycanın paytaxtı Bakıda olub. Onun «Tramp», «Cənab-420», «Sanqam» filmləri bu günə qədər də bizim tamaşaçılara çox yaxşı məlumdur.
   D’Mello cütlüyü Azərbaycana 1995-ci ildə gəlib. Onlar əvvəlcə Xəzər Universitetinin tibb fakültəsində müəllim kimi fəaliyyətə başlayıblar. Bir qədər sonra isə Bakıda «Hind Klinikası» adlı özəl tibb ocağı yaradırlar. Azərbaycanı çox sevdiyini deyən Racani xanım bura ilk gəlişindən qəriblik hiss etmədiyini bildirdi: “Azərbaycana ilk gəldiyimizdə bu ölkə haqqında çox az məlumata malik idik. Təbii ki, tanımadığımız bir ölkədə yaşamaq çətin görünürdü. Lakin Azərbaycan xalqının istiqanlılığı və qonaqpərvərliyi bizim tezliklə yerli cəmiyyətə uyğunlaşmağımıza, onlarla qaynayıb-qarışmağımıza kömək etdi. Əvvəlki illərə nisbətən indi Azərbaycanda daha çox hindli yaşayır. Yerli sakinlərin isti münasibəti hindliləri çox cəlb edir və onlar Azərbaycan cəmiyyətinə sürətlə uyğunlaşırlar».
   Ronald D’Mello isə hesab edir ki, Azərbaycan və Hindistan mədəniyyəti arasında mövcud oxşarlıq həm də bu ölkələrin tarixi kökləri ilə bağlıdır: «Tarixi keçmişə nəzər salsaq görərik ki, hələ XVII-XVIII əsrlərdə müstəqil ölkə olan Azərbaycanla Hindistan arasında ümumi ticarət əlaqələri olub. Təbii ki, bu əlaqələr fonunda xalqlar, onların mədəniyyəti, milli-mənəvi dəyərləri də bir-birinə inteqrasiya olunmağa başlayıb. Məsələn, Bakının Suraxanı qəsəbəsində yerləşən Atəşgah XVII əsrdə Azərbaycanda yaşayan hindlilər tərəfindən tikilib. Bu məbəd tez-tez bu ölkəyə səfər edən hind tacirləri tərəfindən bir karvansara və ya qədim yataqxana kimi istifadə olunub. İndi isə «Atəşgah» muzey kimi qorunub saxlanılır. Qeyd edək ki, Zərdüştlük (oda sitayiş) İslama qədər regionun mənəvi həyatında mühüm rol oynayıb. Bütün bu detallar göstərir ki, hind mədəniyyəti ilə Azərbaycan mədəniyyəti və ənənələri arasında oxşarlıq olub».
   Ronald və Racani Azərbaycan dilində çox gözəl danışırlar. Azərbaycan və hind dillərində oxşar sözlərin çox olduğunu deyən cütlük ona görə də bizim dilimizi asanlıqla qavrayıblar. Racani xanım deyir ki, vaxt keçdikcə, Azərbaycanda daha uzun müddət qalmaq qərarına gəlirlər: «Yerli sakinlər arasında çoxlu dostlarımız var və onlar bizim üçün heç də hindlilərdən fərqlənmirlər. Mənə elə gəlir ki, bu, bizim Şərq əsilli olmağımızdan irəli gəlir. Milli bayramlarımızda biz onları evimizə dəvət edirik. Azərbaycanlılar da öz milli bayramlarında eynən belə edirlər. Novruz bayramını yerli dostlarımızla qeyd etmək kimi vərdiş də formalaşıb. Artıq bu bayramda onlarla bir araya gəlməsək bizdən inciyərlər. Sizin mədəniyyətiniz kimi mətbəxiniz də çox gözəldir. Odur ki, mənim üçün Azərbaycan milli yeməklərini hazırlamaq çox maraqlıdır».
   
   Hind mədəniyyətinin ünvanı
   
   Hazırda Azərbaycanda 200-ə yaxın hindli yaşayır. Onları Bakıda bir araya gətirən qurum isə Hind Assosiasiyasıdır. Daha çox mədəni fəaliyyətlə məşğul olan qurum artıq 8 ildir ki, yaradılıb. Çoxmillətli və çoxdilli ölkə olan Hindistanda adət-ənənələrin qorunduğunu deyən D’Mello assosiasiya vasitəsilə mili bayramlarını keçirdiklərini dilə gətirdi: «Mən qurumun əvvəlki rəhbərlərindən olmuşam. Bakıda yaşayan hindlilərin hər biri öz işi, öz biznesi ilə məşğul olur. Lakin bu assosiasiya ilə biz bir araya gəlir, öz bayramlarımızı keçiririk. Azərbaycanda olduğu kimi, Hindistanda da dini və tarixi bayramlar var. Məsələn, «Divani» adlanan bayram oktyabrın sonu noyabrın əvvəllərində qeyd edilir. Bu «işıq» və ya «şadlıq» bayramı deməkdir. Hindlilərin ən sevimli bayramlarından biri olan Ramdanit isə Azərbaycanda İslam dini ilə əlaqədar qeyd edilən Ramazan bayramıdır. Hindistanda əhalinin 50 milyonunu müsəlmanlar təşkil etdiyindən bu bayram daha təntənəli olur. Baharı əks etdirən «Holey» bayramını da təmtəraqla qeyd edirik».
   Hind Assosiasiyasının sədri bir neçə ildən bir seçilir. Qurumun hazırkı rəhbəri Suricina Çandradır. Məhz bu hindli xanımın rəhbərliyi ilə Azərbaycanda kifayət qədər çoxlu tədbirlər təşkil edilir. Onu da qeyd edək ki, bu tədbirlərdə təkcə hindlilər deyil, azərbaycanlılar və bu ölkədə yaşayan digər xalqlar da iştirak edirlər. Məsələn, Bakıda ildə bir dəfə keçirilən Hindistan Kulinariya Festivalında bu ölkənin zəngin mətbəxi təqdim edilir. Bununla da hindlilər öz mədəni dəyərlərini təkcə Hindistanda deyil, xarici ölkələrdə də qoruyub saxlamağa çalışırlar.
   
   Mətbəxlərimiz oxşardır
   
   Azərbaycanlılar kimi, hindlilər də öz adət-ənənələrinə qarşı həssasdırlar. Məsələn, bayramlar və mərasimlər zamanı daha çox milli geyimlər geyər, milli musiqilərini ifa edər, milli yeməklərini hazırlayarlar. Hind mətbəxi ilə Azərbaycan mətbəxi arasında bənzərliyin olduğunu deyən hindistanlı xanımlar hətta qonaqlıqlar, ziyafətlər zamanı hər iki xalqın mətbəxindən istifadə etdiklərini dedilər: «Bizi Azərbaycanda heyrətləndirən məqamlardan biri də onun çox zəngin və gözəl mətbəxidir.
   Mətbəxiniz çox xoşumuza gəlir. Təbii ki, bu da iki xalqın mətbəx nümunələri arasındakı oxşarlıqla bağlıdır. Məsələn, sizin bişirdiyiniz kababı bizdə də bişirirlər. Sadəcə olaraq bir qədər forması fərqlidir. Dolmalarınızın müxtəlif növlərini, küftələrinizi hazırlamağı bacarırıq. Gözəl süfrə açıb yerli dostlarımızı da dəvət edirik. Lakin onlar həmişə deyir ki, biz ədviyyatdan və daha çox da istiotdan istifadə edirik. Bizim ümumi yeməklərimiz də var. Məsələn, plovlarımız çox oxşardır. Şiş kababı sizin kimi hazırlayırıq. Bu sizin lüləkababınıza bənzəyir. Təsəvvür edin kabab sözünü də eyni cür tələffüz edirik. Kotletin də hazırlanma qaydası eynidir. Sadəcə formasında müəyyən fərq var. Hər halda biz şərqliyik və bu da özünü çox sahələrdə göstərir».
   Racani xanım azərbaycanlı dostlarını evə qonaq çağıranda isə hər iki xalqın yeməklərini hazırladığını deyir: «Çünki azərbaycanlı qadınlar hind mətbəxini o qədər də tanımırlar. Lakin onlar da bizim mətbəximizlə maraqlanır və yeməklərimizin reseptini yazırlar».
   
   Adətləri sevir, qoruyur və inkişaf etdiririk
   
   Azərbaycanda yaşayan hind icmasının yerli xalqla qaynayıb-qarışmasının bir səbəbi də qarşılıqlı hörmət və sevgidir. Bu isə özünü mədəniyyətdə daha çox büruzə verir. Məsələn, azərbaycanlı müğənnilər hind dilində çox gözəl mahnılar oxuyurlar. Azərbaycanın qədim və əsrarəngiz muğamı hind musiqisinə yaxındır. «Xalqlarımız arasında oxşarlığın ən böyük nümunələrindən biri də qədim köklərə dayanan adət-ənənələrin bu günə qədər qorunub saxlanması, gələcək nəsillərə ötürülməsidir», - deyən cənab D’Mello bunun xalqın öz marağından irəli gəldiyini vurğuladı: «Musiqiniz, rəqsləriniz çox gözəldir, bütün bunları görmək isə çox xoşdur. Maraqlıdır ki, bizim toy adət-ənənələrimiz arasında da oxşarlıq mövcuddur. Məsələn, mən Qusar və Mingəçevirdə toylarda iştirak etmişəm. Xalqın öz adət-ənənələrinə əməl edərək düzənlədiyi bu toy mərasimləri bizim xoşumuza gəldi. Bu da xalqlarımızın bənzərliyinin daha bir nümunəsidir: adətləri sevir, qoruyur və inkişaf etdiririk».
   Bu gün Azərbaycanın dünyaya açıq, tolerant bir ölkə olduğunu bu ölkədə yaşayan milli azlıqlar, etnik qruplar da təsdiqləyir. Hindli cütlük bildirir ki, bu ölkədəki qonaqpərvərlik, isti münasibətin nəticəsidir ki, artıq 16 ildir həm rahat yaşayır, həm də işləyə bilirlər: «Ən mühüm məqamlardan biri isə odur ki, Azərbaycan ticarətə açıq ölkədir. Məsələn, yeməklərimizdə istifadə etdiyimiz spesifik hind ədviyyatlarını Bakıdakı ticarət mərkəzlərindən çox rahat şəkildə əldə edə bilirik. Yəni münasibətlərin bütün sahələrinə açıq olan Azərbaycan bunu ticarət əlaqələrində də büruzə verir. Belə bir ölkədə yaşadığımıza görə qürur hissi keçiririk».
   Qeyd edək ki, mədəni müxtəlifliyin dəstəklənməsi və qorunması Azərbaycan Respublikasının dövlət siyasətində də öz əksini tapıb. Göründüyü kimi, Azərbaycan dövləti tərəfindən atılan məqsədyönlü addımlar dinindən, millətindən, irqindən asılı olmayaraq Azərbaycan xalqının mehriban ailə, dost, qardaş olaraq yaşamaq ənənələrini daha da möhkəmləndirir və inkişaf etdirir.
   
   Mehparə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar