yaxud "Eurovision-2012" mahnı müsabiqəsi haqqında düşünərkən...
   
   Aslan Aslanov
   AzərTAc-ın baş direktoru 
   
   

   Odlar yurdu. Bu adı möcüzələr diyarı Azərbaycana Yerin təkindən üzə çıxan alovun insanlara işıq və istilik bəxş etdiyi qədim dövrlərdə vermişlər. Yurdumuz kimi, insanlarımızın da qəlbi işıqlı, qanı isti, ürəyi odlu-alovludur. Azərbaycan xalqı bu ölkəyə saf niyyətlə və xoş məramla gələn hər kəsdən öz qəlbinin hərarətini, könül evinin işığını heç zaman əsirgəməmişdir.
   
   Bu hisslər hər bir vətənpərvər azərbaycanlı üçün qürur mənbəyidir. Ona görə də, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva başda olmaqla, "Eurovision-2012" mahnı müsabiqəsinin təşkilatçıları bu tədbirin loqotipinin seçilməsində tərəddüd etmədilər: insanları birləşməyə, sülhə və həmrəyliyə çağıran "Öz məşəlini alovlandır!" devizi və odlu çiçək musiqi bayramının rəmzi oldu.
   Azərbaycanın ev sahibi olduğu "Eurovision-2012" mahnı müsabiqəsi sayca 57-ci idi. 2011-ci ildə Almaniyanın Düsseldorf şəhərində keçirilən müsabiqənin finalında Eldar və Nigar dueti 221 xal toplayaraq birinci yeri tutandan sonra Azərbaycan növbəti müsabiqəyə ev sahibliyi hüququnu qazanmışdı. Bundan dərhal sonra paytaxt Bakıda "Eurovision" mahnı müsabiqəsinə ciddi hazırlıq işlərinə başlandı.
   On beş gün Avropanın qəlbi Bakıda döyündü. Dünya musiqisevərləri "Eurovision-2012"nin mayın 22-də və 24-də yarımfinal, 26-da isə final mərhələlərinin unudulmaz həyəcanını yaşadılar.
   Təbii ki, belə bir möhtəşəm tədbirin keçirilməsi ölkəmizin dünya miqyasında təqdim edilməsi, xalqımızın zəngin mədəniyyətinin, yurdumuzun gözəl təbiətinin, turizm potensialının təbliği üçün yeni imkanlar açdı, eyni zamanda, infrastrukturun inkişafına da ciddi təkan verdi. Azərbaycan onun qarşısında duran vəzifələrin öhdəsindən şərəflə gəldi. Çox qısa müddətdə Bakıda, Dövlət Bayrağı Meydanının yaxınlığında məxsusi olaraq "Eurovision-2012" mahnı müsabiqəsi üçün 23 min tamaşaçı tutan möhtəşəm "Baku Crystal Hall" Konsert Kompleksi inşa edildi. Bunlar həqiqətən böyük enerji, yüksək təşkilatçılıq, fədakarlıq, iradə, hünər və qətiyyət tələb edən işlər idi.
   Ancaq hər bir yeniliyə, uğura "qulp qoymaq" fürsəti axtaran bəzi Qərb KİV-ləri dərhal bütün dünyaya car çəkməyə başladı ki, guya Azərbaycan bu mahnı müsabiqəsindən özünü "gözə soxmaq" üçün istifadə etməyə çalışır. Bu KİV-lər hətta dünyada 125 milyon insanın izlədiyi müsabiqənin özünə də qara yaxmağa çalışır, onun haqqında qərəzli ifadələr işlədirdilər. Nə baş vermişdi? Onlar niyə belə edirdilər? Azərbaycan kimin haqqını əlindən almışdı? Belə müsabiqələr keçirən ölkə özünü, maddi-mənəvi dəyərlərini, adət-ənənələrini bir daha göstərməyə çalışırsa, bunun nəyi pisdir? Məhz rəsmi Bakı da o günlərdə dəfələrlə bəyan etmişdi ki, "Eurovision" müsabiqəsini keçirmək Azərbaycan üçün məqsəd deyil, vasitədir. Bəs onda bədxahlarımız nə istəyirdilər?
   Bu və digər suallar barədə düşünərkən bu qənaətə gəldim ki, Azərbaycan kimi gənc, sürətlə inkişaf edən bir ölkədə "Eurovision-2012" mahnı müsabiqəsi tək möhtəşəm tədbirlər zamanı bədxah, paxıl, riyakar, ikiüzlü ünsürlərin zühur etməsi təəccüblü deyildir. Belələri təmsil etdikləri təşkilatların və ya nəşrlərin reytinqini "yüksəltmək" üçün boş yerə hay-küy salmağa, bəzən də özünə diqqəti cəlb etməyə, guya söz azadlığı və insan hüquqları uğrunda mübarizlər kimi "xal qazanmağa" çalışırlar. Qalmaqalları ilə ad çıxarmış bəzi "məşhur" siyasətçilər, sifarişlə ağı qara yazan jurnalistlər və başqaları o günlərdə Azərbaycana qarşı iyrənc böhtan yarışına girmişdilər. Görünür, belələri onlar üçün qara piar olan bu fürsəti çoxdan gözləyirmişlər ki, suyu bulandırıb balıq tutsunlar. Onların əsas məqsədi diqqəti özlərinə cəlb etmək və "bütün məclis boyu səhnədə parlamaq", hətta təlxəklik etməkdir.
   Başqa ölkələrdə belə mühüm tədbirlərin keçirilməsi tarixinə nəzər salsaq, orada da oxşar mənzərənin şahidi olarıq. Belələrinin çoxunun sifarişlə işləməsi faktını da nəzərdən qaçırmamalıyıq. Onlar aldıqları pulun müqabilində o qədər hay-küy salırlar ki, ilk baxışda hadisələrin gedişinə təsir göstərə biləcəkləri təsəvvürü yaranır. Ancaq bunlar sabun köpüyünə bənzəyir, bir qədər havada uçur və partlayıb yox olur.
   Bunu yəqin etmək üçün "Eurovision-2012" mahnı müsabiqəsi zamanı bizim opponentlərin nə barədə danışdıqlarını və yazdıqlarını qısaca xatırlatmaq kifayətdir.
   Mahnı müsabiqəsi keçirilən dövrdə bəzi qərəzli xarici jurnalistlər bizim şəhərin gözəlliyinin süni olduğu barədə informasiyalar yaymağa başlamış və Bakını müsabiqədən sonra görmək istədiklərini söyləmişdilər. Onlar elə təqdim edirdilər ki, guya bütün bunlar butaforiyadır və müsabiqədən sonra bu gözəlliklər də nağıllardakı kimi yoxa çıxacaqdır. Belə yerdə deyiblər: milçək bir şey deyil, ürək bulandırır.
   Bu məddahlar elə danışırdılar ki, guya bütün yeni binalar, muzeylər, parklar, şəhərimizin görməli yerləri, günbəgün yenilənən, inkişaf edən Azərbaycanda müstəqillik illərində yaradılmış bütün bu gözəllikləri aparıb haradasa gizlətmək və ya götürüb daha yaxşı vaxta qədər saxlamaq olarmış. Cənablar, məlumunuz olsun ki, Azərbaycanın simasının dəyişməsi nəinki builki müsabiqədən, hətta keçənilki mahnı yarışmasında bizim nümayəndələrin qələbəsindən neçə illər əvvəl başlanmış möhtəşəm, məqsədyönlü, perspektivə hesablanmış işlərin məntiqi yekunudur.
   Azərbaycan tarixən qısa müddətdə nail olduğu tərəqqini müstəqilliyini bərpa edəndən 20 il sonra bütün dünyaya nümayiş etdirdi. Azərbaycan bu illərdə inkişafın özünəməxsus modelini yaratmışdır. İndi Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biridir. Azərbaycan yeni cəmiyyət quruculuğuna sürətlə transformasiya etmişdir. Ağır böhran burulğanında ümidsiz halda çarpışan Avropa ölkələrinin əksəriyyətindən fərqli olaraq Azərbaycanda maliyyə-iqtisadi artım sabit templərlə davam edir. Azərbaycan sürətli iqtisadi inkişafı, o cümlədən qeyri-neft sektorunun davamlı artımını iqtisadi və siyasi sabitliklə uzlaşdırmağa nail olmuşdur. Təbii ki, bütün bunlar dostlarımızı sevindirir, düşmənlərimizdə isə həsəd və paxıllıq hissləri doğurur.
   Opponentlərin söylədiklərinə məna baxımından təsir göstərən bir mühüm məqam barədə söhbət açmaq yerinə düşər. Almaniyada çıxan "Die Welt" nəşrinin jurnalisti Holger Kraytlinq (Kreitling) "Eurovision-2012" mahnı müsabiqəsinin qalibi isveçli Lorinin iştirakı ilə mətbuat konfransını belə təsvir edir: "Müsabiqənin 28 yaşlı qalibi səhnədə siçan kimi sakitcə əyləşmişdi və qorxa-qorxa ətrafa baxırdı. Elə təsəvvür yaranırdı ki, onu hansısa qoruq meşəsindən tutub səhvən buraya göndərmişlər. Buna baxmayaraq, Lorin öz mahnısını mistik meşə mələyi obrazında ifa etdi və qələbə qazandı".
   Jurnalist dərhal Lorini 2010-cu ildəki müsabiqənin almaniyalı qalibi Lena Mayer ilə müqayisə edir və Lena barəsində çox təmtəraqlı fikirlər söyləyir. Bundan əlavə, həmin jurnalistin fikrincə, Bakıda keçirilən müsabiqədə də ən yaxşı iki mahnıdan biri Almaniyanın nümayəndəsi Roman Lobun ifa etdiyi "Standing Still" kompozisiyası olmuşdur. Jurnalistin mövqeyi aydındır, axı kim öz ayranına turş deyər? Bununla belə, Holger Kraytlinqin obyektivlikdən uzaq olmasına göz yummaq mümkün deyil.
   Kraytlinq daha sonra Lorinin qələbəsinə açıq-aşkar qərəzli münasibət bildirir: "Əgər sən müsabiqədə qalib gəlmiş mahnının o qədər də maraqlı olmadığını, onda bayağılıq və çiylik əlamətləri olduğunu düşünürsənsə, həyəcanlanmaya bilərsən, belə düşünən tək sən deyilsən". Bunun ardınca Kraytlinq müsabiqənin daha bir iştirakçısı - Norveç nümayəndəsi Tuci barədə qərəzli fikirlər söyləyir: "Zəfər və biabırçılıq lap yanaşı ola bilərmiş, bəstəkar və prodüser Peter Bostremin çıxışı buna sübutdur. Bu İsveç nümayəndəsi Bakıda Lorinin yanında əyləşmişdi. "Eurovision-2012" mahnı müsabiqəsində iki kompozisiya - Lorinin ifasında "Eyforiya" və norveçli Tucinin təqdimatında "dums-dums umsa-umsa" tipli sadə bir etnik rəqs onun adı ilə bağlı idi".
   Görəsən, bu "zəhər tuluğu"nun belə kəskin ifadələr işlətməsinə səbəb nədir? Məsələ bundadır ki, həmin müğənnilərin hər ikisi mənşəcə qeyri-avropalı və hətta başqa dini mədəniyyətə mənsub olan adamlardır. Tam ad-soyadı Lorin Zinab Noka Talyaui olan Lorin Mərakeş-Liberiya mənşəlidir, Tuci isə İranın Şiraz şəhərində anadan olmuşdur. Alman jurnalist özünün kin-küdurətini, daha dəqiq desək, millətçilik təzahürlərini gizlədə bilməmişdir: "Axı nə üçün onlar "Eurovision" mahnı müsabiqəsində Avropanı təmsil edirlər, ümumiyyətlə, bu müsabiqə nə üçün müsəlman ölkəsində keçirilir?". Bu başabəla jurnalistin müsabiqənin "qeyri-avropalı" iştirakçılarının ünvanına işlətdiyi bütün ağlasığmaz epitetləri sadalamağa lüzum görmürəm. Ona görə ki, Avropa Yayım Birliyinə daxil olan hər bir ölkə (hətta Avropa hüdudlarından kənarda olsa belə) bu müsabiqədə iştirak edə bilər. 1980-ci ildə müsabiqədə iştirak etmiş Şimali Afrika ölkəsi Mərakeş, habelə indiyə qədər hər il müsabiqəyə iştirakçılar göndərən İsrail belə ölkələrdəndir.
   "Eurovision" mahnı müsabiqəsi ilə əlaqədar kin-küdurət püskürən jurnalistlərdən biri də Britaniyada çıxan "The İndependent" nəşrinin müxbiri Dom Coli olmuşdur. O yazır: "Mən "Eurovision" mahnı müsabiqəsinə baxmırdım. Ümumiyyətlə, həmin müsabiqəni heç olmasa bir dəfə gördüyümə əmin deyiləm, lakin əminəm ki, o, mənim zövqümə uyğun deyil. Mən bu özünəməxsus tədbirə ev sahibliyi etdiyinə görə öz kiçik qonşusu Azərbaycanı qınayan İran hökuməti ilə müəyyən mənada razıyam".
   İngilis jurnalistin bu məsələdə İran ilə bu dərəcədə həmrəy olması çox qəribə görünə bilərdi, lakin bir mühüm məqam hər şeyə aydınlıq gətirir: Dom Coli əslən iranlıdır və Yəzd şəhərində anadan olmuşdur. Onun gizlətmədiyi kin-küdurətin, paxıllığın əsas səbəbi də budur.
   Belə cəfəng yazıları oxuyanda başa düşürsən ki, onların əsas məqsədi Azərbaycanın imicinə zərər vurmaq, hətta ən yüksək dərəcədə inkişaf etmiş ölkələrin də demək olar ki, hər birində rast gəlinən xırda qüsurları hədsiz şişirdərək "milçəyi filə döndərmək" istəyidir. Sanballı nəşrlərdə bu cür qərəzli yazıların dərc edilməsi isə yalnız heyrət və təəssüf doğurur. Görünür, onlar fikirləşmirlər ki, düşünülməmiş belə addımlar atmaqla öz imiclərini korlayırlar. Görünür, fikirləşmirlər və yeri gələndə şeytanla da əməkdaşlıq etməyi məqbul sayırlar.
   Əlbəttə, bütün bu qarayaxmalarda siyasi məqsədlərin olması da istisna edilmir. Onlar "Eurovision" mahnı müsabiqəsini maraqla izləyən çoxmilyonlu auditoriyanın diqqətini bu yolla Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, mədəni Avropanın xalqımıza qarşı törədilən ədalətsizliklərə barmaqarası baxmasından, erməni faşistləri və separatçıları tərəfindən doğma yurdlarından qovulmuş bir milyon azərbaycanlının problemlərindən, Xocalı, Qaradağlı faciələrindən, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində törədilən vandalizmdən yayındırmağa çalışırlar.
   Almaniya Bundestaqının deputatları - iqtisadi əməkdaşlıq, inkişaf və turizm üzrə parlament komitələrinin üzvü Helqa Daub, Bundestaqın Almaniya-Türkiyə parlamentlərarası dostluq qrupunun sədri Yohannes Kars, habelə almaniyalı tanınmış siyasi xadim Günter Verheugen müsabiqə ərəfəsində Azərbaycana qarşı həmlələr seriyasını belə izah edirlər: "Azərbaycana münasibətdə ədalətsizlik edilmişdir. Mətbuat bizim ölkədə də rast gəlinən bəzi məsələləri həddən artıq şişirdir. Dünyada problemləri olmayan dövlət yoxdur. Üstəlik, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi kimi ağrılı problemi vardır. "Eurovision" mahnı müsabiqəsi ərəfəsində bütün dünyanın diqqəti Azərbaycana yönəldiyinə görə ədalətsiz tənqid halları da olmuşdur. Bütün bu anlaşılmazlıqlara son qoymaq üçün Azərbaycana gəlmək və buradakı tərəqqini, inkişafı öz gözləri ilə görmək kifayətdir".
   Ədalət naminə demək lazımdır ki, geniş bir coğrafi məkanı əhatə edən başqa yazıların, bəyanat və rəylərin böyük əksəriyyətinin müəllifləri yekdilliklə bildirmişlər ki, xaricdəki islam ictimaiyyətinin qəzəbinə, Ermənistanın müsabiqədə iştirak etməkdən imtinası ilə bağlı qalmaqala və dünya hüquq-müdafiə təşkilatlarının gurultulu bəyanatlarına baxmayaraq, Azərbaycan öz müstəqilliyi tarixində Qərbin mədəni paradiqmasına inteqrasiyanın ən təsirli nümunəsini nümayiş etdirdi.
   Duqlas və Sara Elisson adına Rusiya və Avrasiya Tədqiqatları Proqramının böyük elmi işçisi Ariel Koen "The National İnterest" jurnalında dərc edilmiş məqaləsində müsabiqənin Bakıda keçirilməsini bu cür qiymətləndirir: "Bu yaxınlarda populyar teleşou - "Eurovision" mahnı müsabiqəsi keçirilmiş Azərbaycan müsəlman dünyası, xüsusən qonşu İran üçün misli görünməmiş milli və dini dözümlülük səviyyəsi nümayiş etdirdi. Bu modeli alqışlamaq və Amerikanın islam ölkələrinə ünvanladığı ictimai demokratiya çərçivəsində inkişaf etdirmək lazımdır".
   Koen ilə razılaşmamaq mümkün deyil, çünki tolerantlıq Azərbaycan xalqının ən gözəl xüsusiyyətlərindən biridir və əsrlər boyu mövcuddur. Bu, danılmaz faktdır.
   Azərbaycan müsabiqəni yüksək səviyyədə keçirməklə beynəlxalq səviyyəli tədbirlərə münasibət mədəniyyətini bir daha nümayiş etdirdi. İndiyə qədər Bakıda keçirilmiş beynəlxalq forumlar, simpoziumlar, konfranslar, idman yarışları məhz kommunikasiya sisteminin bu mühüm komponenti nəzərə alınmaqla təşkil edilmişdir. Biz özümüz də xarici ölkələrdə bu qəbildən tədbirlərdə iştirak edərkən bunların yüksək səviyyədə təşkil edilməsinin, insanlara səmimi münasibətin şahidi olur və qayıdandan sonra bu barədə xoş niyyətlə danışır, təəssüratlarımızı bölüşürük. Azərbaycan da qonaqlara öz mədəniyyətini, qonaqpərvərlik ənənələrini nümayiş etdirir. Məgər burada hansısa gizli məna axtarmaq olarmı? Əlbəttə, yox! Onu da əlavə etmək istərdim ki, Azərbaycanda mövcud olan, xarici ekspertlərin və müşahidəçilərin dönə-dönə xüsusi vurğuladığı tolerantlıq təkcə müsəlman dünyası üçün deyil, Avropa ölkələri üçün də nümunə ola bilər.
   Mahnı müsabiqəsi ölkələri və insanları birləşdirən, qarşılıqlı anlaşmaya şərait yaradan mədəniyyət körpüsüdür. O, siyasi haqq-hesab çəkmək, hamıya və hər şeyə əsassız qara yaxmaq alətinə çevrilməməlidir. Azərbaycan hər bir ifaçının, paytaxtımızın hər bir qonağının özünü evindəki kimi rahat hiss etməsi üçün lazım olan hər şeyi etmişdir.
   Müsabiqədə 42 dövlət iştirak edirdi. Maliyyə çətinlikləri ilə əlaqədar 2010-cu ildən müsabiqədə iştirak etməyən Monteneqro bu il yenidən həmin tədbirə qayıtmışdı.
   Yeri gəlmişkən, Ermənistanın Bakının ev sahibi olduğu "Eurovision-2012" mahnı müsabiqəsində iştirakdan imtina etməsi və erməni müğənnilərin Avropa Yayım Birliyinə və Ermənistan İctimai Televiziyasına ünvanlanmış müraciətinə də münasibət bildirmək istərdim.
   Erməni tərəfi öz imtina qərarını əsaslandıraraq bildirirdi ki, Ermənistan silahlı qüvvələrinin əsgəri Albert Adibekyan fevralın 23-də Ermənistanın Tavuş bölgəsində Azərbaycan snayperinin gülləsindən həlak olmuşdur və buna görə də onlar Bakıda keçirilən mahnı müsabiqəsində iştirak etməyəcəklər. Bu bəyanatı Ermənistanın bir sıra populyar artistləri, o cümlədən əvvəlki "Eurovision" mahnı müsabiqələrinin bütün iştirakçıları imzalamışdılar.
   Sonradan elə Ermənistan KİV-lərinin özləri etiraf etmişdilər ki, haqqında söhbət gedən erməni əsgərini öz yoldaşları güllələmişlər. Göründüyü kimi, bu dəfə də Ermənistan təbliğat maşını ənənəsinə sadiq qalaraq beynəlxalq ictimaiyyətə növbəti yalan sırımışdır. Bu təbliğat maşınının "ideoloqları" yaxşı bilirlər ki, bir müddət əvvəl 9 yaşlı azərbaycanlı oğlan öz ölkəsində, öz evinin həyətində sakitcə oynadığı vaxt erməni snayperinin gülləsinə tuş gəlmişdir.
   Əlbəttə, ermənilərin "Eurovision" mahnı müsabiqəsində iştirak etməməsinin başqa səbəbləri vardır. Ermənistan sadəcə olaraq, bu müsabiqədə qalib gəlməyə ümid etmir, Bakıda uduzmağı isə heç istəmirdi. Ermənilər illər boyu, mütəmadi olaraq Azərbaycanın musiqi kompozisiyalarını oğurlayır, sonra onlara yüngülvarı "əl gəzdirir" və avropalılara öz mədəni irsləri kimi təqdim edirlər. "Eurovision" mahnı müsabiqəsinə ev sahibliyi edən ölkələrdə isə bu cür "dəcəlliklərə" yol vermirlər. Azərbaycanla bağlı halda isə erməni tərəfi, ehtiyatlı tərpənməyi qərara almış, görünür, iflasa uğrayacaqlarını əvvəlcədən bildiklərinə görə imtina yolunu seçmişdir.
   Müsabiqənin keçirildiyi müddətdə başqa ölkələrdən Azərbaycana gəlmək üçün viza almaq proseduru sadələşdirilmişdi. Arzu edən hər kəs ölkəmizə gələrək, həm burada baş vermiş bütün dəyişiklikləri öz gözləri ilə görə, həm də insanları qəlbən və ruhən birləşdirən əsl bayram tədbirinin iştirakçısı ola bilərdi.
   "Eurovision-2012" mahnı müsabiqəsinin translyasiyasını İTV kanalı təmin edirdi. Azərbaycan təmsilçisi Səbinə Babayeva "When the Music Dies" mahnısını ifa edərək 150 bal toplamış və ölkəmizin bu müsabiqədə fəxri dördüncü yeri tutmasını təmin etmişdir. Müğənnimizin məlahətli səsi, gözəl ifa manerası, səhnə mədəniyyəti insan qəlbini ehtizaza gətirən mahnısı onun güclü vokal imkanlarını nümayiş etdirdi. Finalda Səbinəni müşayiət edən əfsanəvi muğam ustası Alim Qasımov və Azərbaycan xalq çalğı alətləri isə bu mahnını müasir etnik çalarlarla zənginləşdirdi.
   Azərbaycanlı ifaçı və onun mahnısı avropalı dinləyicilərin ürəyincə oldu. Odlar yurdu Azərbaycan bu müsabiqədə iştirak etdiyi illər ərzində həmişə ilk onluğa, son dörd ildə isə ilk beşliyə daxil olmaqla sübut etmişdir ki, onun nümayəndələri "Eurovision" mahnı müsabiqəsində həmişə qeyri-adi şou göstərir və gözəl ifa nümayiş etdirirlər.
   Qarşıda bizi çox müxtəlif beynəlxalq müsabiqə və idman yarışları gözləyir. Əminəm ki, həmin tədbirlərdə də dünya bizim yeni-yeni dəyərlərimizlə tanış olacaqdır. Deməli, qarşıda hələ bizi çox zəfərlər və qələbələr gözləyir.
   Nəsibimiz daim zəfərlər olsun!