İftixar Piriyev
   
   

   AZƏRBAYCAN! - bütün parametrlərdən Şərqin ən varlı ölkəsi!
   İlham qaynağının tükənməz, poetik hünərinə görə; təbiətinin əsrarəngiz gözəlliyinə görə; yeraltı və yerüstü sərvətinin tükənməzliyinə görə; beynəlmiləl, tolerant ruhuna görə; insani və əxlaqi keyfiyyətinə görə; qüdrətli dövlət adamlarına, siyasətçilərinə görə; incəsənətinin orijinal potensialına görə; mükəmməl, zəngin ədəbi nümunələrinə görə; ən başlıcası, təmiz, pak, safürəkli insanlarının istiqanlılığına, insan meyarına sonsuz sevgisinə, doğma münasibətinə görə; mənəvi zənginliyinə, ruhi bütövlüyünə, tərbiyə meyarına, qonaqpərvərliyinə, humanistliyinə, bütün cəhətlərdən istedadlılığına və yüksək əyarlı xislətinə görə!..
   Şübhəsiz ki, hər deyilən söz əsaslı bir həqiqətə söykənməlidir və əyani faktla sübuta yetirilməlidir.
   Tanrı həqiqətinə söykənsək, böyük ürəklə deyə bilərik ki, bu gün Azərbaycan geniş miqyaslı özünüifadə müstəvisində inkişaf yoluna işıq sürətli bir yüksəlişlə qədəm qoyub və əldə olunan nailiyyətlər danılmaz həqiqət olaraq gözlərimiz önündə heyranedicilik nöqtəsinə yüksəlmişdir. Məhz bu yüksəlişin özülünü yuxarıda sadaladığımız alilik prinsipləri yaradır.
   Budur, bu həqiqətlərin sübutunu təsdiqləyən Azərbaycanımızın paytaxtı Bakı şəhərində, may ayında keçirilən “Eurovision-2012”nin əfsanəvi, heyrətamiz mənzərəsi. Bu mənzərə hətta bakılıların özünü, bütünlüklə Azərbaycan vətəndaşlarını da heyrətləndirdi. Çünki gözlərimiz önündə yüksək sıçrayışla parlaq bir miqyasa ucalan ölkəmizin paytaxtı 42 ölkənin mədəniyyət, incəsənət adamlarının gözü ilə bütün dünyanı heyran qoydu. Bu heyranlığı biz də məhz onların gözü ilə görməyə başladıq. Fikrim elə anlaşılmasın ki, biz görmürdük. Xeyr, biz görürdük və biz nəinki görürdük, hətta dünyanı heyran edə biləcəyinə bütün varlığımızla inanırdıq. Buna hər kəs inanırdı. Bu ölkəni, bu milləti, bu xalqı sevən də, sevməyən də buna inanırdı. Sözsüz ki, insanın öz gözəlliyini görmək çətinliyi bir həqiqətdir və bu həqiqət əslində böyük məsuliyyətin və narahatçılığın ölçüsüdür. Öz gözəlliyini görə bilmək çətinliyinin həqiqətinin bütün dünyanı heyran qoyan mənzərəsi xarici dövlətlərin yüksək zövqlü incəsənət nümayəndələrinin nəzərləri ilə bizə daha aydın əks olunduqca, sözsüz ki, içimizə dolan fərəh hissi bütün narahatçılığı və gərginliyi çilik-çilik etdi. Biz anbaan yüksəlir, əleyhdarlarımızın bizə qarşı dünyanın diqqətini çaşdıran mənfur əməllərindən çox-çox uzaq məsafəyə ucalırdıq və biz ucaldıqca düşmənlərimizin bəd niyyətləri kiçilir və zərrəyə dönüb yox olurdu. Bu, xalqımızın, dövlətimizin, millətimizin mənəvi rahatlıq, haqqımızda süni şəkildə yaradılmış fikir çaşqınlığına aydınlıq gətirən və millətlər arasında parlaqcasına seçilən, millətlərin öz nümayəndələrinin gözü ilə gördükləri, onların öz dilləri ilə ifadə etdikləri danılmaz həqiqətlərə inamın təntənəsi idi.
   Fərəhlə demək lazımdır ki, bu gözəlliyi yaradan Azərbaycan xalqıdır, Azərbaycan xalqının fenomen insanlarıdır, Azərbaycan dövlətidir!
   Təbii ki, “Eurovision” yarışması zamanı bütün dünyaya yayımlanan, Azərbaycanda son illərdə, hətta son günlərə qədər anbaan dəyişən və hər dəyişməsi ilə hər kəsin həsəd apardığı bu gözəlliklər Azərbaycan xalqının mənəvi təmizliyinin, ucalıq rəmzinin təzahürüdür.
   Bəli, güman ki, bu gözəlliyin Azərbaycan xalqına məxsus olduğuna sevinənlərlə yanaşı, sevinməyənlər də oldu və biz bunu gözləyirdik. Burada bir qəribəlik yoxdur, lakin danılmaz bir həqiqət var, bu həqiqət də Bakının sinəsində, Xəzərin qoynunda yerləşən “Kristal Zal” sarayından, o saraydan ki, Azərbaycan onu bir neçə ay ərzində mümkünsüzlükdən mümkün etdi və onun ətrafında və ümumən Bakının mənzərəsində ağlasığmayan, bir göz qırpımındaca gözoxşayan bir dəyişiklik yarandı, oradan dünyaya ildırım sürəti ilə canlı şəkildə yayılan mənzərələrlə özünün gerçəkliyini sübut etdi. Qürurla demək olar ki, Azərbaycan bütün parametrlərdən günbəgün, anbaan inkişaf edir, iqtisadi, mədəni, siyasi uğurları ilə dünya birliyinin diqqətini çəkir və öz yerini özünə layiq şəkildə müəyyənləşdirir. Zənnimcə, Azərbaycanın inkişafını görmək istəməyənlər və ya belə deyək, görüb sevinməyənlər bu inkişafa gəlib çatmaq barədə düşünsələr daha səmərəli nəticə əldə edə bilərlər.
   Bu da bir həqiqətdir ki, Azərbaycan Dədə Qorquddan, Nizami Gəncəvidən, İmadəddin Nəsimidən, Məhəmməd Füzulidən, Aşıq Ələsgərdən, Mirzə Ələkbər Sabirdən, Mirzə Cəlil Məmmədquluzadədən, Əli bəy Hüseynzadədən, Hüseyn Caviddən, Mikayıl Müşfiqdən, Cəfər Cabbarlıdan, Səməd Vurğundan, Rəsul Rzadan, Məhəmmədhüseyn Şəhriyardan və sair sadalamaqla bitməyən qüdrətli söz sahiblərindən boylanır dünyaya!..
   Azərbaycan Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun, Niyazinin, Vaqif Mustafazadənin sənət qüdrəti ilə ovsunlayır dünyanın bizi görən bütün insanlarını!..
   Azərbaycan yeni nəslinin yeni ruhla tərbiyə olunması, təlimatlanması, maariflənməsi ilə addımlayır sabaha!..
   Azərbaycan milli-mənəvi dəyərləri ilə ucalır dünya birliyinin mötəbər kürsülərində müəyyənləşmiş müstəsnalıq sırasına!..
   Budur, dədə-babalarımızın tikib-yaratdığı və bugünkü nəslə ötürdüyü, bugünkü nəslin də onların ruhu qarşısında fərəhlə, üzağlığı ilə qoruyub saxladığı və yenidən qurub-yaratdığı, Azərbaycan xalqına məxsus olan və xalqımızın qürur mənbəyinə çevrilən, gözlərimiz önündə canlanan Bakı gecələrinin işıqlı, canlı varlıq nümunəsinin təntənəsinə bənzəyən füsunkarlığı!..
   Bu füsunkarlıqda Bakının rəmzi nişanı olan Qız qalasının, Bakıya gələn qonaqları öz sehrində tilsimləyən varlığı heyrətamiz bir möcüzədir!..
   Qədim Qala divarının qoynuna sığınan, qoşa qaladan irəliləyən yolun İçərişəhəri, Şirvanşahlar Sarayı Azərbaycan xalqının tarixi keçmişindən gələn nağıllar aləminin canlı mənzərəsidir!..
   Bu qədim şəhərin ən uca yerində yüksələn, yenicə inşa edilmiş, XXI əsrin möcüzəsi hesab oluna bilən, üç mehriban bacı kimi bir-birinə söykənmiş məşələ bənzəyən “buta binalar”ın üzərində, gecələr yanan alov dilimləri Azərbaycan xalqının qəlbinin hərarətini, atəşini, alovunu, istiqanlılığını nümayiş etdirir sanki!..
   Bayraq meydanının əzəmətli görüntüsü dövlətimizin dövlətlər sırasındakı möhtəşəm ünvanının atributu kimi canlanır!..
   Teleqüllənin əsrarəngizliyi baxdıqca doyulmayan bir təntənədir!..
   Şəhəri saran binaların rəngarəng gözəlliyi, gözoxşayan, könül sevindirən, ruh yüksəkliyi yaradan bir incəsənət əsəri kimi bir-birini tamamlayan mükəmməl sənət nümunəsidir!..
   Bakının bütün küçələri zəfər nöqtəsinə gedən yolun işıqlı səmtini istiqamətləndirən təzahürdür!..
   Bütün bu heyranedicilik Azərbaycan xalqının, Azərbaycan vətəndaşlarının, Azərbaycan dövlətinin, Azərbaycanın nurlu adamlarının, Azərbaycan iqtidarının Vətənimizə can yanğısının ifadəsidir!
   Bununla yalnız və yalnız qürurlanmaq lazımdır və bu bizim hamımız üçün önəmlidir!
   Bir anlıq təsəvvür edək ki, oturmuşuq dünyanın hər hansı bir ölkəsində və Azərbaycandan yayımlanan xalqların bu zəfər yarışmasını izləyirik. Çıxışlararası göstərilən Azərbaycanın gözəl, yaraşıqlı təbiətini, müasir memarlığın ən yeni nümunələrinin meyarına cavab verən tikililəri və Bakının füsunkar mənzərəsini, hər ölkənin çıxışçısından əvvəl “Kristal Zal”ın bütünlükdə həmin ölkənin bayrağının görüntüsünə çevrilən, ən uzaq nöqtədən belə görünən, gecənin qoynunda ulduz sayrışması kimi canlanan dolğun mənzərəni seyr edirik. Bu zaman hər-hansı birimiz bu gözəlliklərin canlı seyriçisi olmaq istəmərikmi? Azərbaycana gəlmək arzusunda olmarıqmı? Bu ölkənin yüksək mədəni səviyyəsi ilə yaxından tanış olmağa can atmarıqmı? Bu ürəyəyatımlı, istiqanlı, kübar, son dərəcə mədəni zənginliyə malik olan xalqla isti münasibətlər yaratmağa çalışmarıqmı? Asayişin qaynar bir mühitdə, yüksək səviyyədə təşkil olunmuş yarışmanın bütün prosesinin sağlam və səlis qoruna bildiyi bir ölkəyə səfər etmək üçün can atmarıqmı? Və s...
   Fikrimcə, Azərbaycandan dünyaya açılan və hər bir xalqa nəsib olmayan bu hadisə, bu mənzərə, uğur, dünyanın diqqət mərkəzində füsunkarlıqla canlanan gözəllik və beynəlmiləlçilik Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan böyük bir tarixi salnamədir.
   Bütün bu varlıq bizim hər birimizin milli-mənəvi sərvətidir. Bu sərvətin qorunmasında, belə məqamlarda və ümumən bədxahların yaratmaq istədikləri hər hansı bir əks təbliğat kampaniyasına cavab vermək üçün hazır olmaq, onlarla mübarizə aparmaq istiqamətində həmrəylik göstərmək, can-dildən çalışmaq bizim hər birimizin birbaşa borcumuzdur. Daha doğrusu, borcumuzdan daha çox vətəndaşlıq, azərbaycançılıq vəzifəmizdir!
   Mən bu yazını yazarkən yazının içimdə qaynayan milli qürur hissimin könlümü coşduran bir təsir altında yazıla bildiyindən ehtiyatlanaraq, bir müddət yazı ilə üz-üzə dayanmaq, əcəba, düzmü yazıram, yoxsa bu mənzərə, sadəcə olaraq Vətən, millət, xalq, azərbaycançılıq sevgisinin hisslərimi təlatümə gətirən bir kükrəyişin yaratdığı boş gurultunun təntənəsinin hay-küyü ilə özüm-özümü aldatmaqdırmı deyə, götür-qoy etmək, görünən həqiqətlərin ovsununda tilsimə düşmədiyimə bir daha öncə özüm əmin olmaq üçün bu “Eurovision” adlanan möhtəşəm yüksəlişdən bir neçə gün sonra Bakıdan kənara çıxmaq, yazdıqlarıma Bakıda “Eurovision” ərəfəsində yaranan və dünyanı heyran qoyan bu misilsiz mənzərəyə soyuq başla, heç bir hissin emosional təsirindən yaranmayan həqiqət olduğunun isbatına tam arxayın olmaq üçün, bütün bu nağılın canlı gerçək olduğuna Azərbaycanın bölgələrindən baxmaq, daha sonra yazını oxucularla bölüşməyin doğruluğunu dərk etdim. Bu məqsədlə istirahət günlərimi Azərbaycanı şimaldan cənuba, şərqdən qərbə doğru səfərə çıxmağa sərf etdim.
   İndi də bölgələrdə gördüyüm daha ayrı bir mənzərə və bu mənzərənin yaratdığı ovqat mənim bütün varlığıma poetik bir qüdrətlə hakim kəsildi. Əcəba, hər gün gözlərimiz önündə dəyişən və gözəlləşən bu ölkə bizim canımızın bir parçası deyilmi? Tutalım ki, “Eurovision”un tilsimvari mənzərəsinin ovsununa düşdüyümdə bir həqiqət olduğunu gerçək hesab etsəm, bəs onda bölgələrdəki bu misilsiz inkişaf nəyin təzahürüdür? Bu da bir nağıldırmı, tilsimdirmi, sehrdirmi, yuxudurmu, ilğımdırmı? Bu da bir həqiqət deyilsə, onda bəs mənim varlığıma hakim kəsilən bütün bu görüntülər, əsrarəngiz yaraşıq, bir-birinə zəncirvari bağlılıqla cilalanan və hər bölgənin öz iqliminə, relyefinə, mənzərəsinə uyğun şəraiti özündə ehtiva edə bilən bu heyranedicilik bir rəsm əsəridirmi, tablodurmu?..
   Bəli, Azərbaycanın bölgələrinin gözəlliyinin içindən Bakıya baxanda, Bakı gözlərimdə həqiqətən də bütün ölkəmizin füsunkarlığını nida işarəsi ilə tamamlayan bir bütövlüyün, tamlığın möcüzəsi kimi göründü. Mən bu həqiqətin isbatı üçün ölkəmizi diyar-diyar gəzərək, içimdə heç bir şübhə qalmamasına ən kiçik zərrəsinə qədər inandıqdan, əmin olduqdan və heç bir millətdə mənim gördüyüm bu həqiqətin gerçəkliyinə zərrə qədər də şübhə yaratmayacağına bütün idrakımla arxayın olduqdan sonra, yazının ovqatında hər bir Azərbaycan vətəndaşının və dünyanın harasında yaşamasından asılı olmayaraq, bütün həmvətənlərimin də ovunmasını və fərəhlənməsini qərarlaşdırdım. Odur ki, uca səslə deyirəm:
   
   Azərbaycan!
   Bu yurd bizim canımıza, qanımıza coşqu verən şah damarı!
   Bu yurd bizim yolumuza işıq tutan gözümüzün nur çırağı!
   Bu yurd bizim ruhumuzu İrəvana, Qarabağa, Borçalıya,
   sinəmizdə yeri qalan Araz boyda bir şırımın o üzünə,
   Dədə Qorqud dədəmizin qəbri yatan,
   barmağının ucundakı giziltidən ürəyimin başı yanan,
   Dəmir qapı Dərbənd adlı boynubükük məmləkətə
   qanadının yelpiyində yetişdirən Zümrüd quşu!
   Azərbaycan!
   Bu yurd bizim könlümüzün alovlanan EŞQ atəşi!
   Bu yurd bizim başımızın üstündəki EŞQ günəşi!
   Bu yurd bizim namus adlı varlığımız, qeyrətimiz!
   Bu yurd bizim VƏTƏN adlı sərvətimiz, nemətimiz!
   Bu yurd bizim hünərimiz, zəfərimiz, qüdrətimiz!
   Azərbaycan!
   Bu yurd bizim fəlsəfəmiz, idrakımız, düşüncəmiz,
   Bu yurd bizim ürək dolu fərəhimiz, qürurumuz,
   Bu yurd bizim hökm adlı sevincimiz, kədərimiz,
   Bu yurd bizim alnımıza həkk olunmuş qədərimiz!
   Azərbaycan!
   Biz bu yurdu canımızla, qanımızla qorumalı, sevməliyik!
   Çətin anda, dar günündə bu yurd üçün harda olsaq gəlməliyik!
   Gərək olsa, bu yurd üçün körpəmizdən qocayadək,
   Döyüşməli, vuruşmalı, hər birimiz, hər birimiz ölməliyik!
   
   ...Və onu da deməyi borc hesab edirəm ki, bu gün bu yurdun heyranedici mənzərəsinin parlaq, füsunkar gözəlliyini yaratmağa təkan verən, ölkəmizin çiçəklənən ruhuna mənəvi qida qatmağı ali vətəndaşlıq meyarının hökm hikməti kimi uca tutan, təəssübkeşliyi və milli qüruru yüksəklərdə saxlamağı öyrədən bir İLHAM qaynağımız var! Odur ki,
   
   Ey vətəndaş “AZƏRBAYCAN!”
   Bu qaynaqdan hər bir zaman sən qidalan!
   Bu qaynaqla yoğrul, yapıl, sən qürurlan!
   Bu qaynaqda tükənməyən bir mənbə var!
   Bu mənbədə sarsılmayan bir hünər var!
   Bu hünərdə yenilməyən bir cəsarət,
   Çox qüvvətli böyük ürək, güclü nər var!
   Sən heç zaman unutma ki, bu hünərdən, cəsarətdən
   Bax bu nərdən bizə baxan, zirvə adlı bir zəfər var!”