Tarixə mədəni baxış
   
   
   Avropa və Asiyanın qovuşmasında yerləşən Azərbaycan bəşər sivilizasiyasının ilk ocaqlarından biri kimi də məşhurdur. İki milyon il əvvəl burada ibtidai insanların məskən salması, yaşayıb-yaratması, təkamül və tərəqqiyə çatması üçün hər cür şərait mövcud olmuşdur.
   
   Elə bu baxımdan da Azərbaycan etnoqrafik baxımdan dünyanın ən zəngin və maraqlı guşələrindən biridir. Etnoqrafiya xalqı öyrənməklə yanaşı, həm də onun tarixini yazır. Əgər arxeologiya yerin qatlarındakı müxtəlif dövrlərə aid zəngin materialları aşkar edirsə, etnoqrafiya bu maddi-mədəniyyət qalıqlarının bərpasına kömək edir və bu da tarixin yaranmasına öz töhfəsini verir. Azərbaycanın etnoqrafiyası onun tarixi qədər qədimdir. Bu sayımızdan etibarən “Tarixə mədəni baxış” rubrikasında təqdim edəcəyimiz yazılar xalqımızın sənətkarlıq, maddi-mənəvi mədəniyyəti və məişəti ilə bağlı mövzuları əhatə edəcək. Bu yazıda xalqımızın sənətkarlıq tarixində özünəməxsus yeri olan həsirçilikdən söz açacağıq.
   
   * * *
   Ölkəmizin zəngin xammal ehtiyatı (ağac, gil, daş, yabanı bitkilər və s.), maldarlıq məhsulları (yun, gön-dəri) qədim dövrlərdən etibarən müxtəlif sənət sahələrinin meydana gəlməsinə əlverişli şərait yaratmışdır. Hələ daş dövründən başlayaraq həyat üçün lazım olan vasitələrin, xüsusən də ərzağın əldə olunması üçün sərt daş növlərindən bəsit əmək alətləri (çaxmaqdaşı, dəvəgözü və s.) düzəldilmişdir.
   Metal dövrünə keçid mərhələsində əkinçilik və maldarlıq daha da inkişaf etdi. Bununla bərabər sənətkarlıq sahələri də təşəkkül tapırdı. Həmçinin lifli bitkilərin becərilməsi, qoyunçuluğun inkişafı hörmə işindən toxuma məşğuliyyətinə keçilməsinə təkan vermiş, habelə toxuculuğun müxtəlif sahələrinin yaranmasına və bununla da sənət daxilində ixtisaslaşmalara səbəb olmuşdur.
   Azərbaycanda toxuculuq sənətinin izləri çox qədim tarixə malikdir. Bu sənətin meydana gəlməsinə, təbii ki, ərazidə xammal ehtiyatının bolluğu səbəb olmuşdur. Lifli bitkilər - lığ, ziyəlığ, kətan, pambıq və s. əsrlər boyu yun və ipəklə yanaşı, toxuculuq sənətinin başlıca xammalından biri olmuşdur. Toxuculuğun ilk mərhələsi hörmə sahəsində əmələ gələrək bəsit texniki qaydalarla üzvi surətdə bağlı olub. Buna sübut kimi Qobustanda Mezolit dövrünə aid “Firuz” yaşayış düşərgəsindən tapılan, hörmə işində istifadə edilən 8 ədəd itiuclu sümük aləti misal çəkmək olar. Toxuculuğu, xüsusən də onun başlanğıc mərhələsini təşkil edən əyirmə məşğuliyyətini araşdırarkən Eneolit dövrünün bütün abidələrində demək olar ki, müxtəlif tipli əyiricilərə rast gəlinir. Bu alətlərin forma və müxtəlifliyi tunc və dəmir dövrü abidələrində daha da aydın nəzərə çarpır. Zaman keçdikcə onların müxtəlif növləri yaranmışdır.
   Ölkəmizin ərazisində toxuculuğun tarixini müəyyənləşdirmək üçün toxuma keramika qalıqlarının əhəmiyyəti böyükdür. Əyiricilik və hörmə sənətinin inkişafı parça istehsalını da labüd etmişdi. Toxuculuq dəzgahı hörmə əməliyyatından toxuma texnikasına keçid mərhələsində qədim dövrə xas olan texniki vasitələr içərisində ən mürəkkəb əmək aləti idi. İlk orta əsrlərə aid katakomba qəbrində və ona yaxın ərazidə toxucu dəzgahının hissələrinə rast gəlinmişdir. Hörmə texnikasının təkmilləşməsi müxtəlif sahələrin meydana gəlməsinə zəmin yaratdı. Onlardan biri də həsirçilikdir.
   Ağac çubuqları, lifli və dənli bitkilərin küləşini hörmə sənətinin qədim növü olan həsirçilik yaxın keçmişədək öz əhəmiyyətini itirməmişdir. Bu sənətlə lığ və ya ziyəlığdan burub eşmə üsulu ilə ciyə hazırlanması Lənkəran zonasında indi də qalmaqdadır. Həsir toxuculuğunda əriş üçün işlənən lığ eşmə ev məişətində geniş yayılmışdır. Zənbil, kövsərə, süfrə üçün ciyələr məhz həmin üsulla hazırlanır. Çubuqdan hörülən həsir məmulatları, səbət, aşsüzən və s. özünün təsərrüfat və məişət əhəmiyyətini bu gün də saxlamaqdadır. Eşmə və ciyənin icad edilməsi texniki cəhətdən bəsit toxumanı həyata keçirməyə imkan verirdi.
   Həsir dəzgahlarının şaquli və üfüqi olmaqla iki əsas tipi müasir dövrədək gəlib çatmışdır. Saya (sadə) həsir toxuculuğunda tətbiq olunan şaquli dəzgah növü (“Dasko”) Lənkəran bölgəsində hələ də qalmaqdadır. Saya həsirdən fərqli olaraq, güllü həsir tipoloji cəhətdən yer hanasını xatırladan üfüqi dəzgahda toxunur. Güllü həsir isə mürəkkəb toxuma texnikası əsasında pizənin zərif növü olan “Xüqəpizə”dən toxunur. Pizə tayları gah sağ, gah da soldan olmaqla müəyyən qaydada əriş taylarının arasından keçirildikcə paral vasitəsilə döyəclənib bərkidilir. Güllü həsirin ayaq və baş hissəsi kətansayağı sadə toxuma texnikası ilə, yan haşiyəsi isə “nəfsə” adlanan kənar ərişlər üzrə “döndərmə” üsulu ilə toxunur.
   Gül həsir bir qayda olaraq ərişin alt və üst tayları üzrə pizə dəstəsinin çarpaz mövqeyini müəyyən qaydada dəyişdirmə üsulu ilə salınır. Naxış növünün tələbinə uyğun olaraq pizə dəstəsi əriş taylarının gah biri, gah digərindən, gah da üçüncüsündən keçirilərək istənilən nəticə əldə edilir. Bunun müqabilində müxtəlif həndəsi görkəmə malik naxışlar əmələ gəlir. Həsirin hərəmi (baş hərəmi, qoşa hərəmi), nəlbəki, güllü, şanagül, girdəgül, cinaği, teşti, ənzəli və digər növləri günü bu gün də dəbdə olan çeşidlər sırasındadır.
   
   Lalə Azəri