Türk xalqının görkəmli maarifçi-ziyalılarından biri də İsmayıl bəy Qaspralı (Qasprinski) olub. Onun redaktorluğu ilə nəşr olunan “Tərcüman” qəzeti uzun illər Rusiya türklərinin sevimli mətbu orqanı olub. Azərbaycanda ziyalılar bu qəzetə davamlı olaraq abunə yazılıb. Ona həm də “milli-mənəvi qida mənbəyi” kimi baxılıb...
   
   İsmayıl bəy Qaspralı 1851-ci il martın 8-də Baxçasaray yaxınlığındakı Ovçuköydə doğulub. Atası isə Baxçasaray yaxınlığındakı Qaspra kəndindən olub. Daşıdığı təxəllüs də bu kəndlə bağlıdır. On yaşına qədər Baxçasarayda yaşayır. İbtidai təhsilini Hacı İsmayıl müəllimdən alır. Ağməscid gimnaziyasında təhsilini başa vurduqdan sonra Voronej hərbi məktəbinə daxil olur, daha sonra təhsilini Moskva hərbi məktəbində davam etdirir. Burada qeyri-ruslara qarşı milli ayrı-seçkilik vətənpərvər gənci sarsıdır.
   1868-ci ildə 17 yaşında ikən Baxçasarayda Zəncirli mədrəsəsində rus dili müəllimi işləməyə başlayır. Burada çalışdığı müddətdə türk tarixi, mədəniyyəti və siyasətinə dərindən maraq göstərir. Rusiya ərazisində yaşayan türk xalqları ilə maraqlanır və dərsdən sonra bütün vaxtını kitabxanalarda keçirir, biliyini və dünyagörüşünü artırır. Eyni zamanda Avropa ədəbiyyatını, mədəniyyətini öyrənir. Mədrəsədə rus dili ilə yanaşı, tələbələrə türk dilini də öyrədir. Soydaşlarını qəflət yuxusundan oyanmağa çağırır. O fikirləşir ki, çarlığın türklərə qarşı bu qədər alçaldıcı münasibətinin qarşısını yalnız elm, təhsil, mədəniyyət, dil, fikir və işbirliyi ilə almaq mümkündür. Bu birliyi yaratmaq üçün də ilk növbədə, mətbuat - qəzet lazım idi. O, məqalələrinin birində yazıb: "Millətin tərəqqisi və gələcəyi üçün hər şeydən əvvəl fikir lazımdır. Fikir oyanmadan tərəqqi etmək qeyri-mümkündür".
   Bu məqsədlə 1872-ci ildə Ünsizadə qardaşlarının mətbəəsində "Tonquc" və "Şəfəq" adında qəzetlər nəşr etdirir. Lakin yaşadığı cəmiyyətdə haqsız ittihamlardan və əsassız təqiblərdən bezir. Təhsilini tamamlamaq və fransız dilini mükəmməl öyrənmək məqsədilə Parisə gedir. 1874-cü ilin sonlarına qədər orada qalır. Avropanın mədəni, elmi və texniki nailiyyətlərini öyrənməklə bərabər, bu mədəniyyətin heç də bütün insanlara rifah vermədiyini başa düşür. Ürəyi türkçülüklə çırpınan İsmayıl bəy türk ordusunda xidmət etmək, zabit olmaq arzusu ilə Parisdən İstanbula gedir. Lakin o, burada xəyallarında canlandırdığı Türkiyəni görmür.
   1875-ci ildə Baxçasaraya dönür. 1878-ci ildə Baxçasaray şəhər bələdiyyəsinə rəis seçilir. Bələdiyyə başçısı olduğu dövrdə məktəb, xəstəxana açmaq məqsədilə çar hökumətinə bir neçə dəfə müraciət edir. Ancaq cəhdləri boşa çıxır. Bütün bu uğursuzluqlara baxmayaraq, millətinin müqəddəratını sağlam təməl üzərində qurmaq və inkişaf etdirmək üçün əzm və iradə göstərir. Yenə də qəzet nəşr etdirmək fikrinin üstündə dayanır. 1879-cu ildə Həsən bəy Zərdabiyə bir məktub yazır. Bildirir ki, Baxçasaray türklərinin dilində “Tərcüman” adlı qəzet nəşr etmək fikrindədir. Bu işdə ona xeyir-dua verməsini və bəzi məsləhətlər görməsini xahiş edir. Həsən bəy Zərdabi bu xəbərdən çox sevinir. Ona bu işdə yardımçı olacağını bildirir.
   “Tərcüman” qəzeti nəşrinə icazə aldığı gündən hər cümləsi bir çağırış olur. Rusiyada yaşayan türkləri özünüdərkə, cəhalətdən oyanışa, pozulan və ayaqlar altına atılan haqları uğrunda mübarizəyə səsləyir. Ona görə də İsmayıl bəy Qaspralı türk dünyasının hər yerində, eləcə də Azərbaycanda alovlu publisist, görkəmli maarifçi kimi təqdim edilib. Görkəmli şair Hüseyn Cavid onun fədakarlığından bəhs edərək yazıb:
   
   Bir günəşdi Krım üfüqlərindən
   Parlayıb ətrafı nura qərq etdi.

   
   Məlumdur ki, çar Rusiyası o dövrdə türklərə qarşı daimi mürtəce siyasət aparıb. Türklər dövlət işindən və idarəetmədən kənarda saxlanılıb. İsmayıl bəy Qaspralı həyatının sonunadək buna qarşı mübarizə aparır. Mübarizəsinə "Dildə, işdə və fikirdə birlik" şüarı ilə başlayır. Maraqlıdır ki, bu yolda ilk tərəfdaşlarını Azərbaycanda tapır. Kədərini, sevincini onlarla paylaşır. Bakıda nəşr olunan "Əkinçi", "Ziya", "Həyat", "Füyuzat" və digər dövri mətbuat orqanlarından güc alır. O, xatirələrində Azərbaycan türklərinin daim maarifə, elmə, irfana doğru can atdığını bildirib. Azərbaycandan çox şey öyrəndiyini etiraf edib. Onun üçün Mirzə Fətəli Axundzadə və Həsən bəy Zərdabinin rəhbərlik etdiyi Azərbaycan maarifçilik hərəkatı əsl məktəb rolu oynayıb. Xatirələrində Həsən bəy Zərdabini daim ehtiramla xatırlayıb. Əldə etdiyi uğurların Zərdabi böyüklüyünün təsiri altında formalaşdığını bildirib. Xalqını cəhalətdən və tənəzzüldən xilas etməyin vacibliyinə tapındığı bir zamanda qarşısında "Əkinçi"ni və Həsən bəy Zərdabini gördüyünü söyləyib.
    "Əkinçi"nin 30 illiyi münasibətilə "Yaşa, Həsən bəy, yaşa!" adlı məqalə yazır. Bildirir ki, türk dünyasında birinci maarifçilik buğdasını Həsən bəy səpdi. Bundan da Tiflisdə "Ziyayi-Qafqaziyyə", "Kəşkül", Baxçasarayda isə "Tərcüman" zühur etdi.
   Araşdırmalardan məlum olur ki, "Tərcüman" qəzetinin səhifələrində Azərbaycanla bağlı hadisələr də geniş şəkildə oxuculara təqdim olunub, Bakı, Tiflis, Şuşa, Nuxa və Yelizavetpolun adları təkrar-təkrar hallanıb. Dövrünün nüfuzlu ziyalısı Zaqafqaziya müftisi Hüseyn əfəndi Qayıbov qəzetə 150 nəfəri abunə yazdırır. Yusif Vəzir Çəmənzəminli xatirələrində qeyd edir ki, rus-yapon müharibəsi başlanana qədər (1904) Azərbaycan ziyalıları "Tərcüman" qəzetini sevə-sevə oxuyur və abunə yazılırdı. 1908-ci ildə Hacı Zeynalabdin Tağıyev İsmayıl bəy Qaspralıya göndərdiyi məktubda yazıb: "Sizin xidmətlərinizi saymaqla qurtarmaz, Sizin xidmətləriniz sayılsa, gərək Rusiya müsəlmanlarının dörddə bir əsrlik mədəniyyət tarixi yazılsın".
   İsmayıl bəyin yeniləşmə hərəkatı əvvəlcə mədəni xarakter daşısa da, sonra siyasi mahiyyət alır. Türk dünyasının birliyi naminə düşündüyü və yaratdığı üsuli-cədid məktəbləri, xeyriyyə cəmiyyətləri, eyni zamanda, millətçilik cərəyanları Qafqaza gəlib çatır. Buxaradan keçməklə Türküstan, Kazan, Orenburq və Sibirə gedib çatır.
   İsmayıl bəy Qaspralı "Tərcüman"la kifayətlənmir. Onun 30-dan çox elmi əsəri, dərslik və müxtəlif sahələri əhatə edən kitabları işıq üzü görür. O, ömrünün son illərini Türkiyədə yaşayır, 1914-cü ildə İstanbulda vəfat edir.
   
   Savalan Fərəcov