İftixar Piriyev
   
   Azərbaycan-doğma VƏTƏN, ana yurd!
   Azərbaycan-göz bəbəyimiz, şah damarımız!
   
   AZƏRBAYCAN! Səni sevmək, səni qorumaq, sənin uğrunda hər bir əzaba qatlaşmaq, sənin yolunda can qurban etmək bütün soydaşlarının və vətəndaşlarının süd borcudur! Səni sevməmək, sənə xəyanət etmək, səni dünya malına dəyişmək, səni canından üstün tutmamaq, sənə qarşı yönələn əllərdə əsir-yesir olmaq, səni “qan gölünə” çevirməyə can atmaq Yaradanına ağ olmaq qədər dəhşətlidir!
   Məncə, bu hikmət hər bir azərbaycanlı üçün, hətta millətindən asılı olmayaraq, bu torpaqda doğulub boya-başa çatan, bu torpaqda yaşamaq üçün buraya pənah gətirən, bu torpağın duzu, çörəyi, suyu ilə qidalanan hər bir kəs üçün alidir. Biz ayıq gözlə anlamalıyıq ki, müstəqil dövlət olaraq yenicə pərvəriş tapmış, ruhi yüksəlişinə yenicə qovuşmuş, qanadlarını geniş açaraq daha uzaq mənzillərə çatmaq üçün öz uçuş miqyasını yenicə müəyyənləşdirmiş və start nöqtəsindən çox cəsarət və inamla yenicə səmaya qalxmış, şahin qanadlı, qartal dimdikli, güclü, qüdrətli Azərbaycanın sevgiyə, qayğıya və qorunmağa daha çox ehtiyacı olduğu məqamda (təkrarən deyirəm, Azərbaycanı həmişə sevmək bizim süd borcumuzdur!), Azərbaycanın dövlət olaraq təhlükəyə atılmasında, yolunu azıb, ona xəyanət hazırlanmasına köməklik göstərilməsində, gözəl Vətənimizi yad tapdaqlara təslim etmək istəyində olmağın ağrısını və acısını anlamamaqda və “Azərbaycanda vətəndaş müharibəsinin başlamasının bizim üçün heç bir əhəmiyyəti yoxdur!” düşüncəsinin kirli hikmətinə bulaşmaqda özünü rahat hesab edən anlamazlar təkcə Azərbaycan xalqının, Azərbaycan vətəndaşlarının, Azərbaycan dövlətinin qəsdində dayanmaq mövqeyinin təmsilçiləri deyillər, onlar eyni zamanda insanlığın məhvinə can atan şeytana xidmət göstərənlərdir.
   Allahın müqəddəs yolunda şəxsi mənafe külafirəngisi qurub, həmin külafirəngidən uca səslə, anlamadıqları hikmətlə danışanlar, bu yolun nurlu cinahlarına qaranlıq kölgə salanlardır və qaranlıq əməllərlə məşğul olanlardır. Qaranlıq mühit onlar üçün son dərəcə kafidir. Çünki qaranlıqda görülən əməllər gözəgörünməz olur. Gözəgörünməz əməllərin isə mahiyyəti həmişə qaranlıq qalır.
   Allah adamları cəmiyyətin aydınlarıdır. Aydın olan kəslər isə Allahın nuruna qərq olaraq düz əməlləri ilə parlaq şəkildə görünürlər. Aydınlıqda görülən əməllərin mahiyyəti də gün kimi aydın şəkildə hər kəsə bəlli olur...
   Biz İslam ölkəsiyik. İslam tək bir dindir. İslam dininin heç bir eşi yoxdur. Bu dinin təlqin etdiyi mənəvi paklıq, vicdani saflıq, yüksək həqiqət, uca Allahlıq, ali peyğəmbərlik hökmü, insanın və insanlığın tanrısallıq qüdrətinə qovuşmasına rəvac verən, yol göstərən bir müqəddəslik qaynağıdır!
   Allah yolu ilə yola çıxan heç bir məxluq Allahın buyurduqlarının əksinə nəinki danışa bilməz, bu barədə düşünmək iqtidarında olduğunu ağlına gətirməyi heç könlündən belə keçirə bilməz. Çünki hər bir adam dərk etməlidir ki, insan tək olanda belə, Allah həmişə onun təkcə başı üzərində deyil, həm də onun ruhundadır və onun qəlbindən keçənləri bütün incəliklərinə qədər duyur, eşidir. Ona görə də bütün insanlar dərk etməlidirlər ki, Allahın yaratdıqları içində ən sevimli incisi olan İNSANA qıymaq, Allaha qarşı çıxmaq - Allahın buyurduqlarına etiraz etmək deməkdir. Xüsusən də özünü İslamın bayrağı altında nümayiş etdirənlər üçün bu daha dərin məna kəsb edən həqiqət hikməti kimi daha keçərlidir. Allah bütün insanlara bir cür ruh verib. Bu da İNSAN duyğusudur ki, insan həmin qüdrətlə canlanmışdır. Allahın verdiyi eyni ruh qüdrəti ilə bütün insanlar ALLAH dərgahında ona ibadət etməli, onun buyurduqlarına əməl etməlidirlər, bu da o deməkdir ki, Allahın buyurmadıqlarını insan heç ağlından belə keçirməməlidir.
   Birmənalı şəkildə anlamaq lazımdır ki, İslam tək olduğu kimi, həm də insanın mənəvi dünyasıdır. Bu bir dindir və bu din peyğəmbərimizin Allahdan aldığı qüdrətlə, hökmlə yaranmışdır. İkinci bir İslam anlamı (islam partiyası, islam cəmiyyəti, islam qurumu və sair!) İslam dininin əks qütbündə dayanmaq kimi özünü ifadə edən bir anlayışdır. İslam dininə qarşı mövqedə dayanmaq, peyğəmbərlik iddiasında olmaq kimi dəyərləndirilən bir amildir. Bu, çox təhlükəlidir. Həm insanlar qarşısında edilən qəbahət, həm peyğəmbərimizin ruhu qarşısında sayğısızlıq, həm də Allah qarşısında törədilən bir günahdır!
   Bu adın və bu böyük mənəvi aləmin, bu nəhəng ruhsal, tanrısal həqiqət, ədalət, haqq fəlsəfəsinin hikmət dünyasının kölgəsinə, yalnız Allah təkliyinə, İslamçılıq meyarına, İslam dininin ətrafında mənəvi birləşmə ucalığına xidmət göstərən ali missiya daşıyıcılarının sığınmaq izninin olduğu bir hökmdür!
   Bu gün bütün dünyanın diqqətinin bizə tuşlandığı və hər kəsin heyranlıqla müşahidə etdiyi, həsəd apardığı bir zamanda bizim bugünkü uğurlarımıza min cür ləkə vurmaq istəyən xarici qüvvələrə köməklik göstərmək, Azərbaycanı cəhənnəmə çevirməyə çalışmaq, onların dəyirmanına su tökmək, onlara arxalanmaq, “Avrovizion” yarışmasını siyasi məqsədlər üçün istifadə məkanına çevirmək niyyətində olanların əməllərinə dəstək durmaq, Azərbaycanı nahaqdan qan gölünə çevirmək niyyətində olmaq, Azərbaycanın parçalanmasına çalışmaq kimi pis niyyətin həyata keçməsinə şərait yaratmağa çalışanlardır. Vətənimizi, torpaqlarımızı, millətimizi başqa xalqların təbəəliyinə atmaq istəyənlərdir. Azərbaycan xalqını səfalət içində, qaragüruh libasında yaşatmağa çalışanlardır.
   Şübhəsiz ki, Azərbaycanın bugünkü firavan həyatı çoxlarının ürəyincə olmayan bir məsələdir.
   Burada düşmən əlinin olduğu gün kimi aydındır. Lakin onların narahatçılığı anlaşılandır. Amma bu düşmənçiliyə əl qoyan azərbaycanlıların əməli bağışlanmaz bir xəyanətkarlıqdır. Bu, bilərəkdən öz xalqının rifahını dağıtmaqdır. Ərəb ölkələrində törədilən dəhşətli hadisələrdəki kimi öz geninə qənim kəsilmək, sərvətlərini yadellilərə təslim etmək, milli qürurumuzun tapdaqlara salınmasını təmin etmək, kor-koranə bir-birinin qanına susamaqdır.
   İnanın ki, bizə qan gərək deyil. Təzəcə dirçəldiyimiz, az vaxt içində bir xalq kimi bütün parametrlərdən dünyanı heyran qoyduğumuz bir vaxtda, ölkəmizi düşdüyü vəziyyətdən çıxarmaq üçün bütün var gücümüzlə, iti zəkamızla, ağlımızla, əzmkar əməyimizlə, əməlimizlə, nümunəvi mədəniyyətimizlə, siyasətimizlə start nöqtəsindən uğurla qopduğumuz bir vaxtda heç kəsin təsiri altına düşməməliyik.
   Axı əcnəbi diplomatın nə vecinədir ki, Azərbaycan xalqı hansı taleni yaşasa, bu xalq üçün daha gözəl olar. Amma hər bir azərbaycanlını bu məsələ havaya, suya ehtiyac qədər düşündürməlidir və bu meyarın hər bir azərbaycanlı üçün mütləq həqiqət olduğu şübhə altında deyil.
   Əsrlər boyu (və elə indi də!) Azərbaycan torpaqlarını işğal edərək, bu torpaqlarda at oynadan, Azərbaycan xalqını öz təsiri altında saxlamaqdan həzz alan, bunu özü üçün hegemonluq qüdrəti hesab edən və bu xalqı təhqir edə-edə sümürən fars dövlətinin, bu gün gözlərimiz önündə bizimlə qan düşmənçiliyi aparan erməni xalqının çətin məqamlarında, dünya birliyi qarşısında nüfuzunu itirməyə başladığı bir vaxtda, iqtisadi çətinlikdən boğulduğu anda ona arxa olması, dirçəltməyə çalışması İslamçılığa, İnsanlığa, Allahlığa yad amil deyilmi?!
   Bütün bunları Azərbaycan xalqına bir qəsd kimi törədən İran dövləti anlamırmı ki, öz müsəlman qardaşlarına qəsd etməyə can atmaq ədalətlilik deyildir və Azərbaycanı yeri gəldi, gəlmədi nədəsə günahlandırarkən öncə öz əməllərinə ayna tutmalı deyilmi?!
   Öz vicdanı ilə üz-üzə, mərdi-mərdanə hesablaşmalı deyilmi?!
   Və bütün bu məsələlərdə başını qaldırıb Allaha baxmalı deyilmi?!
   İki gənc Azərbaycan şairini əsassız ittihamlarla günahlandırmaq, bu azərbaycanlı gənclərin, həm də ziyalı gənclərin taleyi ilə siyasi oyun oynamaq, CƏNUBİ AZƏRBAYCANda və ümumən İran dövlətinin ərazisində yaşayan azərbaycanlılara qarşı aparılan təzyiqin, saymazlığın, hörmətsizliyin həddinin göstəricisi deyilmi?!
   İran hökuməti əgər bizimlə səmimi olmaq istəyirsə, ilk növbədə ALLAH qüdrətindən ehtiyat etsinlər və münasibətlərin mahiyyətinə vicdanla yanaşsınlar!..
   Vaxtilə bizim özümüzün köməyimizlə əzəli torpaqlarımızda dövlət yaradan, bu gün böyük dövlətlərin qanadı altına sığınaraq, oradan üstümüzə diş qıcayan, böyük xəyanət nəticəsində torpaqlarımızın iyirmi faizini işğal altında saxlayan, dağüstü parkımızın Şəhidlər xiyabanına çevrilməsinə səbəb olan, indi də hər gün bir övladımızı öldürən və öz xəyanətkar yollarından çəkinmək istəməyən erməni millətçilərinə qayğı göstərən, onlara konkret köməklik edən, din qardaşlarımız libasında bizə mehr göstərmək palavrası ilə ikili standart kateqoriyası ilə meydanda özünü gülünc hala salan İran üsul-idarəsinin məstedici vədlərinə uyaraq onlara inanmaq, arxalanmaq, onlarda nicat axtarmaq və kor-koranə onlara xidmət göstərmək, cahillik, xəyanətkarlıq və nəhayət böyük bir xalqı (bu xalqla bərabər özünün əzizlərini də!), böyük bir torpağın ərazisinin bir hissəsini, onsuz da torpaqlarımızın və xalqımızın böyük bir hissəsinə hələ də hökmranlıq edən farsların, bir hissəsini isə vaxtilə çox böyük səxavətlə öz yurdumuzda yerləşdirdiyimiz erməni faşistlərinin caynağına atmağa xidmət göstərmək deyilmi?!
   Mən bu yazımla heç bir dövlətin əleyhinə heç bir qərəzli təbliğat aparmaq məqsədi daşımıram! Və belə məsələnin doğru olmadığının da bütün yazım boyu tərəfdarı mövqeyində dayandığımı parlaq şəkildə aydınlatmışam. İran İslam Respublikası bizimlə qonşu dövlətdir və mən qonşuluqda sülhün və əmin-amanlığın tərəfdarıyam və bütün qərəzlərə qarşı mövqedəyəm. Sadəcə, göz önündə olan “kor-kor, gör-gör” həqiqətinin mənzərəsini yaratmaqla, öz həmvətənlərimin və soydaşlarımın diqqətini AZƏRBAYCAN və AZƏRBAYCANÇILIQ fəlsəfəsində kamilləşməyə cəlb etmək istəyirəm! Axı bu, hər bir xalq və millət üçün önəmli olduğu kimi, bizim üçün də birmənalı şəkildə vacibdir! Mən istəyirəm ki, xalqımızda milli sevgi ön plana çıxaraq güclü qüdrət alsın!
   Hər bir xalq öz vətənini, torpağını, millətini, dövlətini, ənənələrini, tarixi keçmişini sevdiyi və bu xüsusda öz həmrəyliyini dəyərləndirdiyi və zənginləşdirdiyi kimi, biz də bu həqiqət meyarında öz haqqımızı tanımalı, bütün varlığımızda yüksək ruhla yaşatmalıyıq!
   Bizim hər birimizin hansısa dövlət məmurundan narazılığımız ola bilər. Bizim cəmiyyətdə də hamı ideal düşüncə sahibi deyil və ya hamı vəzifəyə irəli çəkildikdən sonra vəzifəsinin funksiyasını eyni dərəcədə anlamaya bilər. Lakin bu əsas vermir ki, hansısa məmura görə bütün dövlət, xalq, millət, nəhayət, böyük tarixi çətinlikdən doğulmuş azadlıq, özgürlük, hürriyyət məhv edilməli, doğma xalq qul şəklində kiminsə qamçısı altına (CƏNUBİ AZƏRBAYCAN! QƏRBİ AZƏRBAYCAN! DƏRBƏND! BORÇALI! QARABAĞ dərdi bəsimiz deyilmi!!!), təbəəliyinə, idarəçilik sisteminə təslim edilməlidir.
   Mən bir azərbaycanlı ziyalı, xalqının, millətinin xoş güzəranını istəyən bir Vətən övladı, bu yolda canından belə keçməyə hazır olan bir Vətən əsgəri kimi, yolunu yanılan, özüm qədər sevdiyim həmvətənlərimi, əziz sandığım qan qardaşlarımı Allahın düz yoluna doğru gəlməyə dəvət edirəm. Bu məqamda mütləq, bir anlıq, “lənət şeytana!” deməyi bacarmağa və dərindən düşünüb, daşınmaqda bir fayda olduğunu anlatmağa səsləmək üçün bütün var gücümlə qışqırmaq istəyirəm və qışqırıram: - “Ey tərs düşünənlər, düz yola gəlin! Anlayın ki, öncə, VƏTƏN SEVGİSİ!.. VƏTƏN SEVGİSİ!..”