Bakı milyonçularının paytaxt memarlığında izləri
   
   Bu gün Bakıya ilk dəfə gələn hər kəsi şəhərdəki qədimlik və müasirliyi birləşdirən memarlıq ansamblı özünə cəlb edir. Paytaxtımızın tarixi və yeni memarlıq nümunələri heyranlıqla qarşılanır. Bakının mərkəzində vaxtilə milyonçular tərəfindən tikdirilən möhtəşəm binalar illər keçməsinə baxmayaraq, hələ də öz cazibədarlığını, gözəlliyini qoruyub saxlaya bilib. Əgər belə olmasaydı, yaşı yüzü ötmüş bu tikililər illərin sınağından üzü ağçıxa bilməzdi. 

   Bu tikililərə nəzər yetirərkən belə bir qənaətə gəlmək olar ki, vaxtilə bir-biri ilə rəqabətə girən Bakı milyonçuları gözəlliyin yaradılması naminə sərf etdikləri xərclərə heç bir məhdudiyyət qoymayıblar. Nəticədə XIX əsrin sonu XX əsrin əvvəllərində Bakı dünyanın ən nadir memarlıq üslublarına xas möhtəşəm binalarla bəzənib. Elə bir memarlıq inciləri ki, onlar həm Şərq, həm də Qərb elementlərini özündə əks etdirirdi. Bu gün də həmin tikililər öz möhtəşəmliyini saxlamaqdadır.
   
   18 illik ömrün əbədi xatirəsi

   
   Bakının müxtəlif yerlərində ötən əsrdən qalmış qədim və cazibədar binalara rast gəlmək mümkündür. Yeddi ilə tikintisi başa çatan, sahibinin içində ürəkdolusu yaşayıb və ömür sürə bilmədiyi üçmərtəbəli bir bina var şəhərin mərkəzində. Bu binanın bünövrəsi 1895-ci ildə Bakının ən məşhur milyonçusu və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyev tərəfindən qoyulub. Bina şəhərdə ən gözəl interyerə malik idi. Ailəsi, özü və yaxın qohumları tikilən möhtəşəm binada 18 il xoşbəxt yaşaya bilib. 1920-ci ildə bolşevik hökumətinin gəlişi ilə kasıbların pənah yeri olan Hacı Zeynalabdin Tağıyev böyük vəsait xərclədiyi və yüksək zövqlə, min arzularla inşa etdirdiyi evindən Mərdəkandakı bağına köçməyə məcbur oldu və ömrünün son illərini orada yaşadı. Hazırda bu binada Milli Azərbaycan Tarixi Muzeyi yerləşir.
   
   Sevginin yadigarı
   
   Paytaxtımızda yaşı yüzü ötmüş tikililərin sırasında tarixi memarlıq nümunəsi kimi Akademik Opera və Balet Teatrının binasını da göstərmək olar. Cəmi bir il ərzində ucaldılmış bu möhtəşəm tikilinin tarixi çox maraqlıdır. Paytaxtdakı bir çox əzəmətli binalar kimi, onun da inşasında Bakı milyonçularının böyük əməyi olub. Mənbələrdə binanın 1910-cu ildə tikildiyi göstərilir. Deyilənlərə görə, hər şey həmin il Rusiyanın məşhur xanım opera müğənnisinin Bakıya qastrola gəlməsi ilə başlayıb. Möhtəşəm konsert proqramı ilə çıxış etdikdən sonra şəhər milyonçuları müğənninin şərəfinə böyük ziyafət təşkil ediblər. Ziyafətdə ondan növbəti dəfə Bakıya nə zaman səfər edəcəyini soruşublar. O isə cavabında Bakıda opera ifası üçün binanın olmamasından gileylənib. Onun sözləri bakılı milyonçulara, xüsusilə də Mailov qardaşlarına pis təsir göstərib. Həmin vaxt şəhərdə belə şayiələr dolaşırmış ki, milyonçu qardaşlardan biri həmin xanıma bərk vurulub. Onun müğənniyə hədiyyə etdiyi brilyantların, bahalı libasların sayı-hesabı bilinmirmiş. Müğənnini Bakıda yenidən görmək naminə Mailov ona bir il ərzində Bakıda möhtəşəm opera binası tikdirəcəyinə söz verib. Binanın layihəsini hazırlamaq memar N.Bayevə həvalə edilir. Bakının mərkəzində, indiki Nizami küçəsində inşaat işləri başlayır. 1911-ci il fevralın 28-də opera teatrının binası təhvil verilir. Tikilinin memarlıq üslubu onu görənləri heyrətə gətirir. Burada əsrin əvvəllərinə aid barokko, rokoko elementlərinin öz əksini tapır. Binanın dörd tərəfində yerləşdirilmiş afişa sütunları, fənərlər ona xüsusi görkəm verirmiş. Teatrın salonundakı akustika isə bu gün də buraya gələn əcnəbiləri təəccübləndirməkdə davam edir.
   
   Səadətin ünvanı
   
   Bu gün Bakının mərkəzində memarlıq ansamblına məxsusi rəng qatan qotik üslublu məşhur binanı milyonçu Murtuza Muxtarov həyat yoldaşı Lizanın şərəfinə tikdirmişdi. Venetsiyada səfəri zamanı oradakı binaların arxitekturasına valeh olan milyonçu onlara oxşar sarayı Bakıda bir il ərzində (1911-1912) tikdirir. Sarayın - sütunları, tağları, buta və gülləri, pəncərə və qapıları, bəzəkləri təkrarolunmaz sənət əsəri, memarlıq incisidir. Sarayı məşhur polyak arxitektoru Yozef Ploşko fransız qotik üslubunda layihələşdirib. Hazırda həmin binada Səadət sarayı yerləşir. Milyonçu Murtuza Muxtarovun taleyi isə acı sonluqla bitib. 1920-ci ildə bolşeviklərin onun möhtəşəm binasını zəbt etdiklərini eşidən kimi bağ evində özünü güllələyir.
   
   İşıq dolu xatirə
   
   XX əsrin əvvəllərində tikilən və bu gün də arxitektura baxımından Bakıya xüsusi gözəllik verən abidələr sırasında «İsmailiyyə» binası özünəməxsus yer tutur. Tikildiyi dövrdən bu günə qədər xalqımızın tarixində zaman-zaman baş vermiş bir çox tarixi hadisələri özündə yaşadan bu bina həm də tariximizin yaddaşıdır desək, yanılmarıq. Ona görə ki, Azərbaycanın müstəqillik ideyaları ilk dəfə məhz bu binada səslənib. Binanın əsası neft milyonçusu Ağamusa Nağıyev tərəfindən 1907-ci ildə qoyulub. Onu da qeyd etmək yerinə düşər ki, vaxtilə Azərbaycan milyonçuları arasında «xəsis» kimi ad çıxarmasına baxmayaraq, Nağıyev bizlərə nə az, nə çox - 98 bina yadigar qoyub.
   Memarlıq üslubu baxımından isə olduqca heyrətamiz tikili olan «İsmailiyyə»ni milyonçu dünyadan erkən köçən oğlu İsmayılın xatirəsinə tikdirib. Binanın maraqlı tarixçəsi var. Bir gün Ağamusanın oğlu İsmayıl vərəm xəstəliyinə tutulur. Ailə həkimi gənci müayinə etdikdən sonra Nağıyevə deyir ki, oğlunun vəziyyəti çox ağırdır. Əgər tez tədbir görülməsə, ölə bilər. Amma 50 min manata qədər xərci var. Hətta həkim milyonçuya təklif edir ki, oğlunu özü İsveçrəyə aparıb 1 il ərzində müalicə etdirib gətirəcək. Musa Nağıyev deyir ki, yalnız 10 min manat verə bilər. Söhbət bununla da bitir. Lakin İsmayılın halının günü-gündən pisləşdiyini görən milyonçu son anda onun müalicəsi üçün 50 min manat verməyə razı olur. Lakin artıq gec idi, oğlu dünyasını dəyişir. Ona oğlunun xatirəsinə bina tikdirmək təklifi isə Hacı Zeynalabdin Tağıyevdən gəlir.
   Bu binanı da polşalı arxitektor Ploşko layihələşdirib. Memarın etirafına görə, onun ən böyük arzularından biri Bakının mərkəzində Azərbaycanın milli ornamentləri ilə bəzədilmiş əzəmətli binanın layihəsini işləmək imiş. Nəhayət, “İsmailiyyə” binası ilə bu arzusuna çatır. Binanın divarlarına həkk olunmuş naxışlar bu gün də hər kəsi valeh edir.

   Mehparə