Xəbər verildiyi kimi, Azərbaycan Dövlət Opera və Balet Teatrının orkestri bu günlərdə Almaniyada keçirilən “Gut İmmling” beynəlxalq opera festivalında uğurla çıxış edib.
   
    Bu il 17-ci dəfə keçirilən ənənəvi festivala dünyanın müxtəlif ölkələrindən opera sənətçiləri dəvət olunurlar. Opera və Balet Teatrının solisti Əli Əhməd İbrahimov da həmin sənətçilər sırasında olub. Ondan səfər təəssüratlarını bizimlə bölüşməyi xahiş etdik. Həmsöhbətimiz artıq beşinci ildir ki, bu mötəbər festivala dəvət aldığını dedi:
   - “Gut İmmling” beynəlxalq opera festivalında Avropanın əksər ölkələrindən opera sənətçiləri iştirak edirlər. Festivala dəvət almış ifaçıların iştirakı ilə tamaşalar səhnəyə qoyulur, konsertlər keçirilir. Bu tədbirlərin təşkilatçısı Lyudviq Bauman, dirijoru isə xanım Kornelia fon Kerssenbrokdur. Bu il festivalda V.A.Motsartın “Fiqaronun toyu” operası tamaşaya qoyuldu. Mən Bazilio obrazını yaratdım. Ötən il isə “Karmen” operasında rol almışdım. Onda sevimli bəstəkarımız Cahangir Cahangirovun “Aylı gecələr” romansının notlarını da özümlə aparmışdım və bunu dostlarıma təqdim etdikdə konsert zamanı həmin bəstəni də ifa etməyimi istədilər. Konsert günlərində həmin romansı bir neçə dəfə oxudum.
   Bu dəfə isə Fikrət Əmirovun “Kürd ovşarı” simfonik muğamını özümlə aparmışdım. Əsər böyük rəğbət doğurdu. Bəziləri onu eşitdiklərini söyləyir, bəziləri isə telefonlarına yazırdılar. Əsəri dinləyənlər arasında Azərbaycanda musiqinin bu səviyyədə inkişaf etdiyinə yaxşı mənada təəccüblənən, opera sənətimiz barədə sual verənlər də vardı. Mən bütün sualları məmnuniyyətlə cavablandırıb opera tariximiz, görkəmli bəstəkarlarımız haqqında məlumat verirdim. Çalışıram ki, hər görüşdə mədəniyyətimiz, incəsənətimiz barədə mümkün qədər çox insanları məlumatlandırım.
   Festivalın sonuncu günü Azərbaycan Opera və Balet Teatrının simfonik orkestri alman səhnəsində çıxış etdi. Bu, əlbəttə ki, məni də sonsuz dərəcədə qürrələndirdi.
   - Necə oldu ki, bu beynəlxalq festivala dəvət edildiniz?
   - Yuxarıda adını çəkdiyim dirijor Kornelia fon Kerssenbrok əvvəllər də Azərbaycanda olmuşdu. Bizim Opera və Balet Teatrı ilə yaxşı əlaqələri var (indi də ildə iki dəfə simfonik orkestrimizə dirijorluq edir). Nədənsə öz ölkəsindəki bu nüfuzlu tədbirdə iştirak etməyə məni seçdi. Onu da deyim ki, xanım fon Kerssenbrok bu ilin noyabrında vokalçıların Bülbül adına 6-cı beynəlxalq müsabiqəsində münsiflər heyətinin tərkibində olacaq. Bu, onun həmin mötəbər tədbirdə ilk iştirakı deyil.
   - Bir qədər də teatrdakı yaradıcılıq işləriniz barədə danışaq.
   - Avropa ölkələri, nə qədər maraqlı olsa da, açığını deyim ki, doğma divarlar üçün darıxmışam. Artıq 19 ildir ki, Dövlət Opera və Balet Teatrının solistiyəm. 20-dən çox tamaşada (“Koroğlu”da təlxək, “Karmen”də Remendado, “Payatsi”də Arlekin, “Şah İsmayıl”da Əbu Həmzə və s.) oynamışam. Dövlət Xor Kapellasında çıxış edirəm. 15 ildir ki, Mədəniyyət və İncəsənət Universitetində dərs deyirəm, bu il dosent adını almışam. Yaratdığım rollar, bu sənət, tələbələrim mənim üçün çox əzizdir. Doğma Azərbaycanımızı çox sevirəm. Hərdən xaricdəki dostlarım məni öz teatrlarına dəvət edirlər. Amma özümü Azərbaycandan uzaqlarda təsəvvür belə edə bilmirəm.

   İ.Əsədova