Hörmətli dünya ictimaiyyəti:
   - hər millətin ümummilli şərəfi sayılan bayrağın təhqir edilməsinə laqeydlik göstərib, katalizator-təqsirkar bir fərdin qətlinə infoyas sərgiləyən kolleqalar;
   - Xocalı qətliamında körpələrin də gözlərini oymuş güllələrə, bıçaqlara göz yumub, Qurgen-Ramil insidentindəki baltaya kameramanlıq edən Avropa yetkililəri;
   - həşəmətli ümumdünya yönətmənləri!
   
   Cənab
   
   Aleksandrlı, Neronlu, anti(aborigen)-hindulu, Bonapartlı, Adolflu, Miloşeviçli və sairli humanizm seyrçiləri!
   Məlumunuz olsun ki, Ramil Səfərovun dədə-babaları sizlərin müasir şüarlarınızdakı humanizmçiliklərdən artıq humanist, etnik bərabərlikçi, beynəlmiləlçi olmuşlar. Onun Mirzə Cəlil dədəsinin qəhrəmanlarından biri - Qəhrəman yüzbaşı sinəsinə oğul-uşaq, qohum-əqrəba dağları çəkmiş qəddar ermənilərin bir nümayəndəsini, bilirsiz, necə böyük, ümumbəşəri hislərlə bağışlayıb? Qisas hissilə alışıb-yanan bu sadə azərbaycanlı bizim kamançamızla bizim toy-bayramlarımızda özünə çörəkpulu qazanan erməni Baxşıya deyib ki, son nəfəsində bir şey çal, eşidək. Saman altdan su yeridən o sənətkar-erməni də, bu gün özlərininkiləşdirməyə çalışdıqları musiqi nümunələrimizdən birini elə çalır ki, yüzbaşının qəzəbi soyuyur, gözləri yaşarır və ona: “Dur, rədd ol burdan! - deyir. - Yoxsa, bu saat səni də öldürrəm, özümü də!..”
   Hə, cənablar, bizim o yüzbaşımız sizin o ermənini (neyləyək, bu rəyi siz özünüz yaratmısınız...) məlum səbəblərə görə öldürə bilərdi. Bəs, özünü?! Əlbəttə, sənətə (özgəninki olsa belə) bu qədər mükəmməl yiyələnib, bu dərəcədə ustalıqla ifa edən bir şəxsi (qəddar düşmən olsa belə!) öldürdüyünə görə!
   Ramilin qılınc uluları da az yadelli bağışlamayıblar. Lakin bu siyasi xəmir çox su (söz) aparacağından, daha iki hikmət babasından misal gətirməklə, sizlərin bu son məhkəmə-istintaq prosessuallığınıza rəğmən qol qoyduğum bu publi-“ekspertiza” yarımbaşlığıma xitam vermək istəyirəm. Belə ki, onlardan biri ermənilərin (çar Rusiyası dövründə) Bakıda törətdikləri qırğın zamanı: “Sabira, beynəlmiləl tədbiri-ülfət etməli!” yazıb, o biri (sovet Rusiyası çağlarında) bizə siyasət quyuları qazdıqları halda: “Qardaş olub Hayastan - Azərbaycan!..”
   Uzun sözə ehtiyac duymursuzsa, qısaca vaxt ayırın, axtarın görək, bəs, Qurgenin baba(yan)ları bu sayaq humanizmə, bəşəri qardaşlığa dair nələr edib, internasionalizmə aid nələr yazıb? Zəhmət çəkməyin, heç nə tapa bilməyəcəksiniz - ötən əsrin əvvəllərində (1915-20) Ramilin dədə-nənələrinin kürəklərinə qaynar samovar şəlləmək kimi sadistliklərindən, sonlarında (1989) Spitakda Ramilin 25 həmyaşıdını diri-diri dəmir boruya doldurub, hər iki ağzını kip şəkildə qapaq-qaynaq etmələri kimi vandallıqlarından savayı...
   
   Babalar və balalar
   
   Elə uca dədə-babaların törəmələri necə ola bilər, cənablar? “Ot kökü üstdə bitər”, “Yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq - ər kişinin işidir!”, “Qanı qanla yox, su ilə yuyarlar”, “Düşmənçilik də kişilik sevər” kimi şifahi atalar sözü və zərb-məsəllər universitetlərində təlim-tərbiyə ala-ala böyüyən xalq məzunları öz nəslinə, millətinə başıaşağılıq gətirən bir işə qol qoyarmı? Deməzsizmi, Ramil başqa motivli bir zərb-məsəlimizin - “Mərdi qova-qova namərd etmə”nin psixozərbindən bu hərbə-zorbaya qol qoyub! O, əsrlərlə sakit, düzünəqulu bir elat həyatı yaşamış Cəbrayıl elində doğulub, xəstəxanada çalışan ata-anadan, gün-güzəran mücadiləsi aparan qohum-əqrəbadan halal tərbiyə alıb. Yeniyetmə yaşlarında, haram qonşumuzun torpaq iddiası ilə əlaqədar, hər gün xəstəxanaya gətirilən neçə-neçə yaralı, şəhid soydaşlarını görüb, maddi-mənəvi sarsıntılar keçirib, qohum-qardaş evlərindən ağılar eşidib, yaşından ağır acılar yeyib. Və nəhayət, doğma yurdundan qovulub, didərgin salınıb. Gələcək “namərd”liyin bünövrəsini qoyan ilk qovulma ərəfəsində gördüyü o Qurgenlik dramatizm-kataklizmlərdən sonra taleyin oradan bura-buradan ora (hərbi təmayüllü məktəb, taqım komandiri olduğu “N” saylı hərbi hissə, təhsilini artırmaq üçün Türkiyənin İzmir şəhəri, ardınca Ankara Ali Hərbi Məktəbi və nəhayət, ingilis dili kursları üçün getdiyi ...macəralı Macarıstan) get-gəlləri. Bütün bu qovhaqov-qaçhaqaçlardan sonra böyürdən Qurgen Markaryan brendli bir ənənəvi ermənilik də peyda olur. “Necəsən - qanmayım, dədən yansın” genli o Qurgen (Qurgenlik) “dəymə mənə, dəyməyim sənə” xarakterli bu Ramilə (Ramilliyə) hər gün, hər saat ilişir, replikalar atır, “məğlubsunuz” - deyə aşağılamağa çalışır və nəhayət, bu milli kişinin baş milli atributunu - bayrağını təhqir edərək, türkün bu mərd övladını qova-qova qatil edir!..
   
   Arxeo-neo fraqmentlər
   
   Görəsən, Cəbrayıldakı o məşhur, minillik, gövdəsinə örkən dolanmaz Xan Çinar dururmu? Durursa, ona öz soydaşı, boydaşı, bəydaşı Ramildən salam olsun. Yox, əgər kəsilmişlər onu kəsiblərsə, neynək, qeyrətli oğlu tezliklə gəlib yerində yenisini əkər, inşallah!
   Görəsən, o Qurgen sağ qalsaydı, indi neyləyirdi? Azərbaycan (deməli, Türk!) bayrağını nümayişkaranə təhqir etdiyi üçün yaxasına Serjin qanlı əliylə taxılmış “milli qəhrəman” rəmzi ilə İrəvan xanlığının mərkəzində yekəxana-yekəxana gəzirdimi?
   Və heç bir ehtimalsız-gümansız deyə bilərik ki, bir həftəyə yaxındır dünyanın bütün dillərində daha çox iki ad çəkilir: öz millətinin qürur bayraqdarı - baş leytenant (artıq, mayor!) Ramil Səfərov və onun Ali Baş Komandanı, ölkəsinin Prezidenti İlham Əliyev!
   Yaxşılar xoş deyəcək, yamanlar boş. Ağıllı başlar belə bir məntiq də xırdalayacaq: “Ramil Qurgenə çox deyirmiş “belə olmaz”, axırda da səbir kasası dolub və elə eləyib. İndi Azərbaycan da Ermənistana çox deyir ki, “belə olmaz”. Bəs axırda bu Mübarizlər, Ramillər ölkəsinin səbir qazanı dolub daşsa, necə olacaq?..”
   
   Tahir Abbaslı