Tanınmış yazıçı-dramaturq, “Ulduz” jurnalının baş redaktoru Elçin Hüseynbəylinin “Gözünə gün düşür” hekayəsi erməni plagiatına tuş gəlib.
   
   Oktyabrın 19-da mətbuat konfransı keçirən yazıçı bildirdi ki, ermənilərin Qarabağ müharibəsindən bəhs edən və bu ilin sentyabrında premyerası olan “Əgər hamı...” filmi həmin hekayənin motivləri əsasında lentə alınıb. Ermənilər oğurluq süjetlə çəkdikləri filmi “Oskar” mükafatına təqdim ediblər.
   Film Rusiyada yaşayan və əslən Dağlıq Qarabağdan olan erməni qızı haqqındadır. Ermənilərin çəkdikləri filmə əsasən, guya həmin qız Qarabağ müharibəsində həlak olmuş atasının qəbri üzərində ağac əkmək istəyir. Amma məzar azərbaycanlıların nəzarətində olan ərazidədir. Əsərin qəhrəmanı öz istəyinə çatmaq üçün həmin əraziyə keçir və ağacı əkən zaman azərbaycanlılar tərəfindən əsir götürülür.
   E.Hüseynbəyli bildirdi ki, eyni süjet və ideya, eyni xronoloji ardıcıllıq onun iki il yarım əvvəl yazdığı “Gözünə gün düşür” hekayəsində əksini tapıb: “Fərq yalnız bundadır ki, mənim hekayəmin qəhrəmanı kişi, erməni “müəlliflərin” qəhrəmanı isə qızdır”.
   Yazıçının 2010-cu ilin əvvəllərində yazdığı hekayə həmin il fevralın 27-də “525-ci qəzet”də dərc edilib. Hekayə haqqında professorlar Nizami Tağısoy, Telman Vəlixanlı və Tofiq Hacıyevin məqalələri nəşr olunub. Əsər rus dilinə tərcümə olunaraq 2010-cu ildə Moskvanın “Drujba narodov” jurnalında çap olunub, bir çox rusdilli saytlarda və Rusiyanın bəzi kitabxanalarında da hekayənin süjet və ideyası barədə məlumatlar dərc olunub. Hekayə Gürcüstanın hazırkı mədəniyyət naziri Quram Odişariya tərəfindən tərcümə olunaraq “Literaturili palitra” (“Ədəbiyyat palitrası”) jurnalında da çap olunub. Əsər Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə «525-ci qəzet» seriyasından işıq üzü görüb. Həmçinin nazirliyin dəstəyi ilə 2011-ci ilin fevralında hekayə əsasında “Yol” qısametrajlı bədii filmi (rejissor Fehruz Şamıyev) çəkilib və ekran əsəri həmin ilin martında Almaniyada «Oberhauzen» beynəlxalq festivalında proqramdankənar nümayiş olunub.
   Hekayə Türkiyədə kitab şəklində nəşr edilərək ərəb, fars, ingilis dillərinə çevrilib. 2012-ci ilin sentyabrında isə ABŞ-ın “Trafford” nəşriyyatı hekayəni ingilis dilində “Müasir Azərbaycan antologiyası”nda dərc edib.
   Yazıçının sözlərinə görə, “Əgər hamı...” filminin “ssenari müəllifləri” Mikael Paqosyan və Tereza Vargepetyan plagiatlıq yolu ilə bu hekayə əsasında film çəkmiş və növbəti dəfə riyakarlıq edərək azərbaycanlı müəllifin əsərini özününküləşdirməyə çalışmışlar: “Mənim iki il yarım əvvəl dərc olunmuş hekayəmlə ermənilərin “ssenarisi” arasında bu qədər yaxın düşüncə və paralellər - ağac, məzar, işğal altında olan ərazi və s. - nonsens kimi qəbul edilə bilər. Mən sübut etmək istəyirəm ki, ermənilər növbəti dəfə təxribat edərək yenə də Azərbaycan ədəbiyyatından oğurluq ediblər”.
   Elçin Hüseynbəyli hadisə ilə bağlı Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinə müraciət edib: “Plagiat faktı o yana dursun, ermənilər bu filmdə Qarabağ müharibəsi barədə faktları da təhrif ediblər. Biz Azərbaycan dövlətinin dəstəyi və Müəllif Hüquqları Agentliyinin yardımı ilə bu iddianı dünya kino ictimaiyyəti və “Oskar” komitəsi qarşısında qaldırmağa borcluyuq”, - deyə yazıçının müraciətində vurğulanır.
   
   Lalə Azəri