Ölkə Prezidentinin müvafiq sərəncamlarına əsasən görkəmli ədib və mütəfəkkirlərin, elm, sənət adamlarının yubileyləri geniş şəkildə qeyd edilir.
   
   Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti də bu yubileylərə öz töhfəsini verir, təhsil ocağının fakültələri, kafedraları tərəfindən müxtəlif tədbirlər keçirilir. Dramaturgiyamızın banisi M.F.Axundzadəyə, romantik şair, böyük dramaturq Hüseyn Cavidə həsr olunmuş toplantılar buna bariz nümunədir.
   45 yaşında amansız repressiyanın qurbanı olmuş istiqlal şairi Əhməd Cavadın 120 illik yubileyi ilə bağı Ədəbiyyat və Azərbaycan dili kafedrasının hazırladığı tədbir də maraqla qarşılandı.
   Konfransı Sənətşünaslıq fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru Vəfa Əliyev açaraq Əhməd Cavadın ömür yoluna nəzər saldı, şairin ədəbiyyat tariximizdə oynadığı rolu yığcam, elmi-bədii boyalarla diqqətə çatdırdı. Daha sonra şair haqqında ürək sözlərini deyən natiqlər bu nakam və eyni zamanda qüdrətli sənətkar barədə elmi, ədəbi mənbələrdən, xatirələrdən öyrənib bildiklərini dilə gətirir, Əhməd Cavad ruhuna layiq çıxışlar edirdilər. Ədəbiyyat və Azərbaycan dili kafedrasının müdiri Gülnarə Məmmədova özünün elmi dəlillərlə zəngin çıxışında Əhməd Cavadı, sözün əsl mənasında, istiqlal nəğməkarı kimi təqdim etdi. Kulturologiya üzrə fəlsəfə doktoru, dosent Fatimat Məmmədova məruzəsində şairin yaradıcılığındakı milli istiqlal ideyalarından bəhs edərək onu həmin ideyaların ədəbiyyatımızda ən bariz daşıyıcılarından biri kimi səciyyələndirdi. Kafedranın müəllimlərindən Leyla Qurbanova isə Əhməd Cavad yaradıcılığının başdan-başa türk xalqlarının birliyinə çağırış motivləri üstündə kökləndiyi fikrini qabartdı.
   Yubiley tədbirində iştirak edən ADMİU-nun tərbiyə və humanitar işlər üzrə prorektoru, professor Gülşən Əliyeva Kəngərli çıxışında Əhməd Cavad şəxsiyyətinə, onun təkrarsız poetik irsinə xüsusi önəm verdi. Tədbirin son dəqiqələri lirik-bədii ovqatıyla yadda qaldı. Sənətşünaslıq fakültəsinin tələbələri Əhməd Cavad poeziyasından nümunələr söylədilər, şairin sözlərinə bəstələnmiş mahnılar oxudular.