Azərbaycan tarixi-memarlıq abidələrinin, xüsusilə Qarabağ, İrəvan və Şirvan memarlığının son dərəcə gözəl, maraqlı nəqşlərlə bəzədilməsində şuşalı xəttatlar və rəssamlar yaxından iştirak edib. Həmin sənətkarlardan biri də Usta Qəmbər Qarabaği olub.
   
   Usta Qəmbər Qarabaği 1830-cu ildə Şuşada dünyaya göz açıb. Doğma şəhərdə ustadlar yanında sənətin sirlərini öyrənib. Erkən çağlardan rəngarəng daşlarla biçimli-biçimsiz cizgilər açar, güldən-çiçəkdən, çeşidli meyvə-tərəvəz qabıqlarından rənglər hazırlayardı. Divarlarda çəkdiyi rəsmlərin gözəlliyi, təbiiliyi Şuşa mənzərələrini əks etdirib.
   Azərbaycanın maraqlı memarlıq abidələrindən söz düşəndə bir anlıq Şəki Xan Sarayı göz önünə gəlir. Bu möhtəşəm tikilinin divarlarında, fasadında əks olunan işləmələrdən, əlvan şəbəkələrdən, rəngarəng rəsmlərdən və təsvirlərin zənginliyindən çox danışılıb, yazılıb. Şəki Xan Sarayının divar rəsmləri XVIII əsrdə işlənib, XIX əsrdə isə dəfələrlə bərpa edilib. Müxtəlif dövrlərdə yaşamış rəssamların işlədiyi bu təsvirlər nəbati ornament kompozisiyalarından - insan və quşlar, müharibə və ov səhnələrindən ibarətdir. Divar rəsmlərində qızılı, firuzəyi, qırmızı, göy, bənövşəyi və sarı rənglərdən geniş istifadə olunub.
   Araşdırmalardan o da məlumdur ki, sarayın əsas tərtibatçısı nəqqaş usta Abbas Qulu olub. Lakin XIX əsrin sonlarında burada bərpa işləri aparan sənətkarlar arasında şuşalı rəssam usta Qəmbər Qarabağinin də adı çəkilir. O, Şəki Xan Sarayında divar rəsmlərini bərpa etməklə yanaşı, bəzilərini yenidən işləyib.
   Usta Qəmbərin sənətkarlığı ilə maraqlanarkən məlum oldu ki, bu görkəmli sənətkar haqqında hələ 8 avqust 1945-ci ildə “Kommunist“ qəzetində bir məqalə dərc olunub. Məqalədə Qarabağın tarixi-memarlıq abidələrindən geniş bəhs olunur. Bu abidələrin son dərəcə gözəl, maraqlı nəqşlərlə bəzədilməsində şuşalı xəttatların, rəssamların əməyindən ətraflı danışılır.
   Məşhur alim, musiqişünas Firudin Şuşinski yazır ki, XIX əsrdə Şuşada 95 şair, 22 musiqişünas, 38 xanəndə, 12 nüsxəbənd, 19 xəttat, 16 nəqqaş, 18 memar, 5 astronom, 16 həkim, 42-yə qədər müəllim və s. fəaliyyət göstərib. Belə böyük ziyalı ordusu sayəsində şəhər, doğrudan da, mədəniyyət mərkəzinə çevrilib. Ağdamda, Bərdədə, eləcə də yaxın ətraf bölgələrdə tikilən imarətlərin, günbəzlərin, imamzadələrin, türbələrin, məbədlərin yaradılmasında və bəzədilməsində şuşalı sənətkarların adları çəkilib. Həmin sənətkarlar arasında usta Qəmbər Qarabaği xüsusilə seçilib.
   Onu da qeyd edək ki, XIX əsrdə Şəki Xan Sarayının salonlarında bu görkəmli sənətkarın əli ilə çəkilmiş divar rəsmləri adamda heyrət doğurur. Nə illərin, əsrlərin qara yelləri, nə də ki dövrlərin qanlı-qadalı olayları onun rəngini belə soldura bilməyib. Bir qədər də dərindən nüfuz etdikdə at belindəki bu igidlərin az qala harayını eşidir, döyüş səhnələrinin neçə cür şəklini göz önünə gətirirsən. Hələ müxtəlif ornamentlərlə bəzədilmiş güllər, çiçəklər, qeyri-adi naxışlar, budaqlardakı min rəngli quşlar heyrət doğurur. İnanmaq olmur ki, iki yüz ildir bu sənət əsərləri dövrün bütün qarışıqlığına öz zərifliyi ilə qalib gəlib...
   Sənətşünas Ziyadxan Əliyev usta Qəmbərlə bağlı apardığı araşdırmalarda orijinal biçimli süjetli əlyazma aşkar edib. Əlyazmanın bir üzündə Qarabağ mahalına məxsus geyimdə bir qız təsvir edilib. Digər üzündə isə dəbdəbəli bir otaqda, açıq pəncərə qarşısında və milli geyimli iki nəfərin görüş səhnəsi əks olunub.
   Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda da usta Qəmbər Qarabağinin naxışlarla bəzədilmiş bir əlyazması qalıb. XIX əsrdə xəttat Əsədulla ağa Hadi oğlu tərəfindən fars dilində yazılan həmin əlyazmadakı süjetli təsvirlər, miniatürlər, insan fiqurları, memarlıq tikililərinin məhz usta Qəmbər tərəfindən çəkildiyi bildirilir.
   Araşdırmalar göstərir ki, ustadın zəngin obrazlar yaratmaq istedadı olub. O təkcə Şəki Xan Sarayında deyil, həm də Şuşada inşa edilən bir sıra malikanələrin, mülk və sarayların divarlarında müxtəlif rəsm əsərləri çəkib. Xüsusilə də Mehmandarovların sarayında usta Qəmbərin əməyi daha çox olub.
   Usta Qəmbər XIX əsr təsviri sənət tariximizə, ilk növbədə, Şuşa və Şəki şəhərlərində işlədiyi divar rəsmlərinin müəllifi kimi daxil olub. Bu böyük sənətkar əslində Azərbaycan təsviri sənətində evləri bəzəyən divar rəsmlərinin ən mükəmməl yaradıcısı olub. O, rəssamlıqla yanaşı, dekorativ-tətbiqi sənətin müxtəlif sahələrində də çalışıb. Hazırladığı dekorativ biçimli güzgülər, əlvan bəzəkli məcməyilər, naxışlı sandıqlar, döymə nümunələri, zərif şəbəkələr, ağacdan yonduğu heykəllərin bəzisi (hətta Şuşanın işğalına qədər salamat qalıbmış) bu unudulmaz sənətkarın zəngin yaradıcılığından xəbər verir.
   Hətta belə də qeyd edirlər ki, usta Qəmbərin İrəvan şəhərində yaşayan rəssam, dəzgah boyakarlığın banisi Mirzə Qədim İrəvani ilə yaxın dostluq əlaqələri olub. Onlar birlikdə İrəvanda Sərdar Sarayının divar rəsmlərinin çəkilməsində iştirak ediblər.
   Usta Qəmbər nəinki Azərbaycanda, Qafqazda, hətta Yaxın Şərqdə belə görkəmli bir rəssam, nəqqaş və memar kimi tanınıb. Ömrünün müdrik çağında (1905), 75 yaşında vəfat edib.
   
   Savalan Fərəcov