Sizin kitab rəfiniz
   
      
   Orta məktəbdə oxuduğum illərdə ən çox sevdiyim fənn coğrafiya idi. Mənim düşüncəmə görə yeganə bu fənnə aid kitablarda şişirtmə, yalan, yanlışlıqlar yox idi. Yəqin ki, o zaman bəzi dərsliklər quruluşun, rejimin diktəsi ilə yazıldığından coğrafiya kitablarındakı maraqlı məlumatlar, bilgilər, xüsusilə də müxtəlif mənzərələri, təbiəti, dağı, dərəni əks etdirən fotolar çox xoşuma gəlirdi. Əslində mən yanılmamışdım. Dünyanın hər yerində Günəş eyni cür çıxır, eyni görüntüdə qürub edir.
   
   Səhərlərin, axşamların, yağışın, qarın rəngi eynidir. İnsan da dünyaya eyni cür gəlir. Əbədiyyətə qovuşanda da heç kim özü il nəsə aparmır. Məhəbbətin, nifrətin pöhrələndiyi ünvan da ürək olur. Bir sözlə, Tanrı insanların məskunlaşdığı Yer kürəsini bir Göy qübbəsinin altında yaradıb. Atalar sözlərimizdə də dünyanı gəzib-görmək haqqında müdrik məqamlar var: «Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır»; «Çox yaşayan çox bilməz, çox gəzən çox bilər» və s. Nə isə mətləbdən uzaq düşməyək.
   Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllimi, tədqiqatçı-alim, Salatın Əhmədlinin iki cilddən ibarət «Səfərnamə»sini vərəqləyəndə məhz bu hissləri keçirdim. Və bir fərəh hissi duydum ki, mənə də bir sıra ölkələri gəzib-görmək nəsib olub. Bu sevinci mənə bəxş edən Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığımı bildirməyə borclu duyuram özümü. Çünki məhz nazirliyin müxtəlif ölkələrdə keçirdiyi Azərbaycan mədəniyyəti günlərində iştirakım mənə bu səyahəti qismət edib.
   Salatın Əhmədlinin birinci kitabında müxtəlif qitələrin ab-havası var. Dörd bölmədən ibarət olan «Səfərnamə»nin ilk üz tutduğu ünvan Misirdir. Deyirlər ki, göz yaddaşı daha möhkəm olur. Bu həqiqətən də belədir. Müəllifin «Misirə səyahət» yol qeydlərini oxuduqca, xəyalımda bu ölkənin qeyri-adi mənzərələri, möcüzələri canlandı. Afrikanın şimal-şərqində yerləşən bu ölkə dünyanın ilk yaşayış məskənlərindəndir. Yadımdadır ki, 2005-ci ildə mən bu ölkəyə səfər zamanı Misir ehramlarını və İsgəndəriyyə mayakını (dünyanın yeddi möcüzəsindən ikisi), eləcə də qədim İsgəndəriyyə kitabxanasını görəndə özümü çox qədim dövrlərdə hiss etdim. Hələ Nil çayının üzərindəki körpüdə dayanıb timsahları seyr edəndə bütün bunları gerçək yox, röya sanırdım. Müəllifin yol qeydləri mənə o günləri xatırlatdı. Həqiqətən də Salatın xanım doğru söyləyir ki, Qahirə elə bil səhralar dənizində yerləşmiş bir adadır. Şəhərin dörd tərəfi səhradır. Qahirə muzeylər, tarixi abidələr, qədim diyarlar məskənidir. Bu qeydlər vasitəsilə Misiri başdan-ayağa “dolaşmaq” mümkündür. Müəllif oxucuya Afrikanın bu möcüzəli ölkəsi haqqında olduqca ətraflı və geniş məlumat verir. Qahirənin görməli yerlərindən məşhur Misir ehramlarına qədər, xüsusilə də paytaxtda yerləşən Milli Tarix və Mədəniyyət muzeylərindən, Nəbatat bağından, hətta bazarlardan, Nil boyu gördüklərindən, İsgəndəriyyənin gözəlliklərindən, məşhur kitabxanasından söz açan müəllif çox böyük bacarıqla oxucusunu bu yerlərə qiyabi səyahətə apara bilir.
   Türkiyə ilə əlaqədar qələmə aldığı yol qeydlərində də Salatın xanımın bu ölkəyə, onun tarixinə, qəhrəmanlarına, böyük övladlarına sevgisi duyulur. Türkiyənin müxtəlif bölgələri ilə əlaqədar çəkilmiş fotoşəkillərdə də qardaş ölkənin təbiət gözəllikləri, qeyri-adi mənzərələri boylanır. Müəllifin Birləşmiş Ərəb Əmirliyi, Malayziya, İran səfərləri ilə əlaqədar qələmə aldığı təəssüratlarında Asiya qitəsinin min bir rəngi görünür. Xoşagələn cəhət də budur ki, bu yazılarda Salatın xanımın bəşəri duyğuları daha çox hiss edilir. O, insanları böyük sevgi ilə, məhəbbətlə təqdim edib. Onların həyat tərzindən, məişətindən maraqlı məqamlar qələmə alıb. Fərqli görüşlərin, fərqli mədəniyyətlərin bir məcraya yönəlməsinin səbəblərini tutarlı faktlarla izah edib.
   Kitabın ikinci hissəsi müəllifin Avropa səfərinin xoş məqamlarını oxucuların gözləri qarşısında pərdə-pərdə açır. Bu qitədə Salatın xanımın ilk söz açdığı ölkə Fransadır. Avropanın bu qəribə və gözəl ölkəsinin tarixi, coğrafiyası, insanları haqqında maraqlı məqamları diqqətə çatdıran müəllif Fransanın turistlər tərəfindən sevilməsinin səbəblərini də açıqlamağa çalışıb. Xüsusilə də, Parisin mədəni mühitindən, qədim memarlıq üslubunda tikilmiş binalarından, şəhərə bədii gözəllik gətirmiş küçə və prospektlərindən, kilsələrindən, Sena çayının sahilindəki qədim abidələrdən, Zəfər tağından, Eyfel qülləsindən, Şarl de Qoll meydanından şirin təhkiyə ilə söz açıb.
   Portuqaliya, İspaniya, İngiltərə kimi Avropa ölkələrinə olan səyahətdən doğan təəssüratlar da maraqlıdır. Baxmayaraq ki, bu səfərlər ayrı-ayrı illərdə, müxtəlif vaxtlarda baş tutub, amma Salatın Əhmədli «Səfərnamə»ni elə qələmə alıb ki, sanki eyni epopeyanı oxuyursan, hər bir ölkənin adı da bu bütöv dastanın ayrı-ayrı səhifələrini nişan verir.
   Müəllifin Baltik dənizi boyunca etdiyi səyahət Norveçdən, Danimarkadan, İsveçdən, Finlandiyadan, Rusiyadan, Estoniyadan, Polşadan, Almaniyadan, Avstriyadan keçib. Bu ölkələrin mədəni aləmindən, təbiətindən, insanlarından maraqlı nümunələri qələmə alan Salatın Əhmədli kitabın sonuncu bölməsində Aralıq dənizi boyunca səyahətin yaddaqalan məqamlarına da toxunub. Bakıdan Avstriyanın paytaxtı Vyanaya, oradan isə Romaya uçan müəllifin sorağı gah Siciliyadan, Sardiniya adalarından, eləcə də İtaliyanın görməli yerlərindən gəlir. Müxtəlif abidələrlə, fəvvarələrlə, qədim tikililərlə, körpülərlə, kilsələrlə zəngin olan ölkənin qeyri-adi sərvətlərindən danışılır. Hər səyahət bir xatirə, hər xatirə isə məzmunlu bir yazının gözəl mövzusudur. Bu baxımdan müəllifin Yunanıstandan, Çexiyadan qələmə aldığı yazılar da bədii dəyərinə görə məzmunlu və yaddaqalandır.
   * * *
   «Səfərnamə»nin birinci cildini xoş təəssüratla başa vurdum. Gördüyüm və görmədiyim ölkələrin xəyalımda canlandırdığım qeyri-adilikləri qəlbimdə bu nəşrin müəllifinə minnətdarlıq duyğusu yaratdı. Ona görə ki, o, gəzib-gördüyü ölkələr haqqında belə bitkin, dəyərli, gərəkli kitab hazırlayıb. Fikirləşirdim, «Səfərnamə»nin mütləq ikinci hissəsi də yaranacaq. Belə də oldu. Birinci kitabın xoş təəssüratları başa çatmamış müəllif mənə kitabın ikinci cildini bağışladı.
   Bu «Səfərnamə» də məni öz cazibəsinə çəkdi. Dinə bağlı insan kimi məni ən çox məmnun edən bir məsələni də bildirmək istəyirəm. İkinci kitabın ilk yazısı «Həcc ziyarəti» adlanır. Yol qeydlərinin belə bir müqəddəs mövzu ilə əlaqədar olması öz yerində, xoşbəxtlikdən bu ziyarətdə mən də müəlliflə birgə olmuşam. Bu çətin, amma şərəfli səfərdə onun insanlara göstərdiyi qayğının, şəfqətin, ülfətin, yardımın, həssas münasibətin şahidiyəm. Qeydləri vərəqlədikcə, o günləri bir də yaşadım. Doğrudur, S.Əhmədli öz yazısında ziyarətə getdiyimiz müqəddəs ünvanlardan, ziyarət boyunca icra olunan vacib əməllərdən söz açaraq vətənə dönüşdən danışıb. Bu yazıda müəllif o ağır və çətin səfərdə ziyarətçilərə etdiyi köməkdən bircə kəlmə də olsun danışmayıb. Əslində bu onun təvazökarlığını bildirir. Məgər az görmüşük, hansısa bir imkansıza edilən cüzi maddi köməklik ekranların geniş mövzusuna çevrilir. Halbuki, Həcc ziyarətində olanlar çox gözəl bilirlər ki, bu səfərdə kiməsə bir stəkan su verməyin özü böyük savab sayılır. Kəbənin təvafı, Səfa və Mərva dağlarının arasındakı məsafənin səyi - bütün bunlar adət etmədiyimiz bir haldır - daha dəqiq desək, kilometrlərlə piyada yol qət etməkdi. Doğrudur, bu yorğunluğun və yuxusuzluğun özündə də bir ruhi rahatlıq var. Çünki sən müsəlmanların müqəddəs bir məkanında, çoxuna qismət olmayan Kəbədəsən. İnsan bu yerdə o qədər saf, mərhəmətli, həssas olur ki... İndinin özündə də Məkkənin adı çəkilən kimi o unudulmaz anları xatırlayıram. Səfər yoldaşlarım arasında ehram geyimli Salatın Əhmədli ilk olaraq yadıma düşür. Biz müqəddəs bir yolun yolçuları olmuşuq.
   «Səfərnamə»nin ikinci cildi yeddi hissədən ibarətdir. Müəllif olduğu ölkələrin tarixindən, bir sıra xalqların adət-ənənəsindən, bəşər mədəniyyətinin müxtəlif yerlərdə qorunan nümunələrindən söz açır. Kitabı vərəqlədikcə hiss olunur ki, Salatın xanımın səyahətə böyük və səngiməz marağı var. Bu səbəbdən də il boyu arzusunu gerçəkləşdirməkdən sanki zövq alır. Hər səfərdən qayıtdıqdan sonra bizi belə gözəl yazıları ilə məftun edir. Müəllifin səsini gah Şri-Lankadan, gah Hindistandan, gah İsveçrədən, gah Seyşel adalarından, gah okeanın o tayından - Amerikadan, gah da dünyanın miniatür incisi sayılan Mavrikidən eşidirik. Kitabda verilmiş maraqlı şəkillər də sözlərin doğruluğunu, təsirini təsdiqləməkdədir.
   Hər iki kitabı bitirdikdən sonra, açığı, müəllifi bir daha necə təqdim etməkdə çətinlik çəkdim. Salnaməçi, jurnalist, səyahətçi, coğrafiyaşünas, ədəbiyyatçı, tarixçi, üstəgəl dünya mədəniyyətinə, gözəlliyinə aşiq olan bir insan. Çünki bütün bu məziyyətlərin hamısı «Səfərnamə»də duyulur. Müəllif gah hadisələri sıralayır, gah tədqiqat aparır, gah ölkələrin təbii gözəlliyindən, faydalı sərvətlərindən, yeraltı və yerüstü incilərindən, mədəni aləmindən, ədəbi mühitindən, tarixi hadisələrdən məftunluqla söz açır. Elə məqam da olur ki, gördüyü gözəllikdən, qeyri-adi mənzərədən riqqətə gəlir. Qəlbində həsəd hissləri oyanır. Bəzi səyahətlərində biz müəllifin fərqli cümlələrinin şahidi də oluruq: «Azərbaycan xalqı qədər dünyada qonaqsevər xalq yoxdur»; «Kaş Xəzərin suları da belə aydın və təmiz olaydı»; «Torpağımızın bütövləşdiyi günü görəydim»; «Azərbaycan mədəniyyəti həqiqətən bəşər mədəniyyətinin tərkib hissəsidir». Belə misalları çox çəkmək olar.
   Mərhum akademik Budaq Budaqov «Səfərnamə»yə yazdığı ön sözdə bildirirdi: «Bu kitabın hər bir abzası oxucunu cəlb edən, onda maraq doğuran yeni təsviri düşüncələr, faktlar və hadisələrlə zəngindir. Buna səbəb Salatın Əhmədlinin bütün səfərlərini eyni istək və maraqla, səbir və ağılla qələmə almasıdır. Müəllif kitabda səfər təəssüratları ilə yanaşı, ədəbiyyat materiallarından da yerində və lazımi qaydada istifadə etmişdir. Kitabı oxuduqca müəllif düşüncələrini, hadisələrə yanaşma tərzini, qiymətləndirmə meyarlarının şahidi olursan. Əminik ki, hacı Salatın xanımın bu əsəri oxucular tərəfindən rəğbətlə qarşılanacaq, Azərbaycanın «Səfərnamə»lər seriyasında özünəməxsus yerini tutacaq və müəllifinə şərəf gətirəcəkdir».
   Həqiqətən də, bizə həm yaxın, həm də uzaq olan ölkələrdən, onların adət-ənənələrindən, mədəniyyətindən, tarixindən, məişətindən, yaşam tərzindən, sadə və qəlbəyatan bir dillə söz açan müəllif oxucunu düşündürməyi bacarıb. Kitabın hər bölməsini diqqətlə oxumaq istəyirsən. Səyahət həmişə maraqlıdır. Qiyabi səyahətin də öz yeri var. Bu mənada müəllifə təşəkkür edirik ki, bizi öz təəssüratları və yol qeydləri vasitəsilə dünyanın 30-a yaxın ölkəsinə apara bildi. Biz bu səfərdən məmnunuq və müəllifə yeni yaradıcılıq uğurları diləyirik. «Səfərnamə» həm də tarixi bir hadisənin, sözlə çəkilmiş rəsmi deməkdir. İnsan gördüyünü, duyduğunu qələmə alır. İllər keçəndən sonra bu tarixi faktlar bir tədqiqatçıya, araşdırmaçıya mütləq gərək olur. Bu yolda qələm dostumuza gözəl səyahətlər və onun bədii əks-sədası olan belə kitablarının sayının çoxluğunu arzulayırıq.
   Hər iki kitabın elmi redaktoru, rəyçisi mərhum akademik Budaq Budaqov, redaktoru filologiya elmləri namizədi Fəridə Ləmandır. Kütləvi oxucular üçün nəzərdə tutulmuş bu nəşrlərdən ali məktəblərin tələbələri də istifadə edə bilərlər.
   
   Flora Xəlilzadə