Azərbaycan mətbuatında, mədəniyyət tarixində məxsusi yeri olan sənətşünaslıq doktoru, professor İlham Rəhimli çoxcəhətli yaradıcılıq yolu ilə seçilən alim və pedaqoqdur. Yazılarımın birində söyləmişdim ki, o, teatrşünaslıq elminin keşiyində vicdanla dayanıb. Bu, danılmaz bir həqiqətdir. Böyük zəhmət, hünər və fədakarlıqla Azərbaycan teatrının salnaməsini yaradan İlham Rəhimli bu sahənin çağdaş dövrü barədə dəyərli monoqrafiyaların müəllifidir. Aktyorluq məktəbinin elə bir mərhələsi yoxdur ki, sənətşünasın qələmi ora güzgü tutmasın.
   
   Əlbəttə, məqsədim bu görkəmli sənətşünasın yaradıcılıq yolundan söz açmaq deyil. Ötən il mənə “Avtoqraflar” adlı miniatür bir kitab bağışlamışdı. Açığı, birinci dəfəydi ki, bu məzmunda və mövzuda kitab görürdüm. “Apostroff” nəşriyyatında işıq üzü görən bu bir ovuc kitabda İlham Rəhimliyə bağışlanmış kitablara yazılan avtoqraflar toplusunun söz ətirli çələngi toplanıb. Kitabda əslində bir sənətkar ömrünün ardıcıllıqla və mükəmməl şəkildə əks olunduğunu gördüm. İlham Rəhimliyə bağışlanan nəşrlərdə, yazılan avtoqraflarda səmimiyyət, duyğu və düşüncələr həm İlham Rəhimli yaradıcılığına, şəxsiyyətinə ünvanlanan konkret rəy və dəyərli fikir, həm də qarşı tərəfin münasibəti kimi çox maraqlıdır.
   Ötən əsrin 70-ci illərindən başlayaraq 2012-ci ilin yarısına kimi İlham Rəhimliyə bağışlanmış kitablarda yazılan avtoqrafların bu kitabda cəmləşməsi ayrı-ayrı müəlliflərin onun haqqında söylədiyi fikirlərin bir məcraya yönəlməsi ilə bərabər, eyni zamanda tamlıq, bütövlük yaradır. Müxtəlif fikirlərin ünvanı bir şəxsiyyətdir və qəhrəmanın bütün məziyyətləri bu münasibətdə çox aydın görünür. Deyək ki, 1970-ci ildə yazıçı Əli Səmədli bağışladığı kitabında belə yazırdı: «Sevimli tələbəm İlham! Sənə həyatda ancaq vaxtın qiymətini bilməyi tövsiyə edirəm. Vaxtını öldürənlər özlərini öldürürlər».
   Bir müddət - 80-ci ilə kimi bağışlanan kitablarda məhz belə tövsiyələr, məsləhətlər öz əksini tapıb. Artıq məktəblidən tələbəyə, tələbədən mütəxəssisə qədər bir yol keçən İlham Rəhimli qələmi ilə diqqət mərkəzindədir. Bu zaman ona bağışlanan kitablarda yaradıcılığı, qabiliyyəti haqqında söz deyilir. Məmməd Araz «Həyatın və sözün rəngləri» adlı kitabındakı avtoqrafında yazırdı: «Özünün və qələminin səmimiyyəti bir-birinə oxşar qələm dostum İlhama».
   O zaman mətbuatda çalışan İlham Rəhimlinin yazıları həm oxucuların, həm də ustad sənətkarların diqqətini çəkirdi. Həmin ərəfədə də ona bağışlanan kitablarda məhz bu inam, bu münasibət özünü göstərirdi. Xalq şairi Nəbi Xəzri öz avtoqrafında İlhamı belə təqdim edirdi: «İncəsənətimizi incə ürəklə sevən, xalqına, elinə, zəmanəsinə dərin köklərlə bağlı olan əziz dostum İlham Rəhimliyə müəllifdən».
   Boyca balaca, mətləbcə geniş məzmuna, dərin fikirlərə malik olan bu kitabda İlham Rəhimli «Ehtiramlara ehtiramım» adlı ön sözdə yazır: «Mənə ünvanlanan bütün sözlər ehtiramla, məhəbbətlə, səmimiyyətlə, ilıq məhrəmliklə, xoş məramla, qanadlı arzularla, saf duyğularla yoğurulub. Bu ehtiramı, bu məhəbbəti, bu səmimiyyəti, bu istiliyi, bu məlhəmliyi qorumaq, həmin məramlara, həmin arzulara, həmin duyğulara çıraq tutmaq üçün «Avtoqraflar»ı oxucularıma ərməğan edirəm». Həqiqətən də çox gözəl təşəbbüs və yaxşı düşünülmüş bir məramdır. Həm avtoqraf yazan müəlliflərin fikirləri oxucuya maraqlıdır, həm də bu sırada qəhrəmanın il-il, söz-söz ucalmasının şahidi olursan.
   Kitabdan kitaba İlhamı artıq tanınmış söz adamı, istedadlı jurnalist kimi təqdim edirlər. Onun şəxsiyyətinə hörmət və ehtiram bilinir. Xalq yazıçısı Elçin ona bağışladığı kitabında öz fikirlərini belə bildirir: «İstedadlı tənqidçimiz, qeyrətli dostum İlhama ən səmimi arzularla müəllifdən».
   İllər ötdükcə avtoqrafların məzmunu da dəyişir. Hətta şairlər sənətşünasa şeirlər də yazıblar. Xəlil Rza Ulutürk 1981-ci ildə qəhrəmanımıza bağışladığı «Maqsud Şeyxzadənin bədii yaradıcılığı» adlı kitabında avtoqraf yerinə şeir ərməğan edib:
   
   Qaraqaş, qaragöz, ortaboy, mətin -
   Cəsur övladısan bu məmləkətin.
   Savalan boydadır gücün, qüdrətin,
   Arxam, arxadaşım - İlham Rəhimli,
   Mehriban qardaşım, İlham Rəhimli.
   
   Unudulmaz Şahmar Əkbərzadənin də qələm dostuna ünvanladığı şeirdə müəllifin iç dünyası və səmimiyyəti hiss olunur:
   
   Şairə rəhm etmir hər zaman ilham,
   İlhamdan yaranan nə bəxtiyardır!
   Dünyada xoşbəxtlər xoşbəxtiyəm mən,
   Mənim öz Rəhimli İlhamım vardır.
   
   Həmişə hədiyyələrində tənqidçi və ədəbiyyatşünas kimi öz təfəkkür məziyyətlərini də əks etdirən Bəkir Nəbiyev «Özümüzdən başlayaq» kitabını İlham Rəhimliyə bağışlayarkən yazdığı avtoqrafda məslək dostunun bir sıra şəxsi keyfiyyətlərini də qələmə alıb: «Ədəbiyyat və incəsənətimizin yorulmaz tədqiqatçısı və ilhamlı təbliğatçısı dostum İlham Rəhimliyə böyük səadət arzulayır və bu kitabı yadigar verirəm».
   Dövlət müstəqilliyimizin bərpasından sonra bağışlanan kitablarda bu fərəhdən doğulan ruh da özünü göstərir. Məsələn, Ənvər Əhməd «Qanlı torpaq» kitabını qələm dostuna bu istəklə bağışlayıb: «Xalqımızın qeyrətli oğlu, mərd, böyük sənətşünası - filoloq alim, iti qələmli, dərin zəkalı, istedadlı, yazıçı-publisist, milli ləyaqətli dostum İlham Rəhimliyə - ən dəyərli bir insana müəllifdən xatirə».
   1996-cı ildə İlham Rəhimlinin «Füzuli meydanında sənət məbədi» kitabı çapdan çıxıb. Akademik Milli Dram Teatrının çağdaş truppasının sənətkarlarına, əsərləri repertuarda olan müasir dramaturqların tərcümeyi-hallarına həsr edilmiş həmin nəşrdə sənətkarlar öz portretlərinin yanında avtoqraflar yazıblar. Onların da ürək sözləri çox maraqlıdır. Məsələn, Bəxtiyar Vahabzadə fikrini belə ifadə edib: «Əzizim İlham, sən bu kitabınla millətimizə əvəzsiz xidmət etmisən». Xalq artisti Lütfi Məmmədbəyov isə öz razılığını belə dilə gətirib: «İlham bəy, bizi tarixə keçirdiyinizə görə min dəfə sağ olun». Unudulmaz Həsən Məmmədov isə öz duyğularını belə naxışlayıb: «Sənətə hörmət, sənətkarlara verilən böyük qiymətin bu kitabda çox yüksək səviyyədə göründü. Kitabdakı sənətə qiyməti biz sizə veririk. Hələ ki böyüklüyünüzü bilmirsiniz».
   Maraqlıdır, bütün aktyor truppası onların barəsində belə bir mükəmməl və maraqlı kitab ərsəyə gətirən müəllifə ürək sözlərini deməkdən, təşəkkür bildirməkdən sanki zövq alıblar. Xalq artisti Laləzar Mustafayeva müəllifin zəhmət və əziyyətini də yüksək dəyərləndirir: «Sənət yolunda təmənnasız, əvəzsiz xidmətlərinizə görə çox sağ olun».
   Beləliklə, qanadlı illər bir-birinə bağlanaraq ötməkdədir. Ömür yolunun 50-ci pilləsinə ucalan vaxt aktyorlar, sənət adamları, yazıçılar, şairlər, bir sözlə, onu sevənlər İlham Rəhimliyə bir təbrik boğçası hazırlayıblar. Həmin söz çələnginin də gülləri bir-birindən ətirli və xoşnəfəslidir. Unudulmaz Həsənağa Turabov uzun illər bir teatrda çalışdığı İlham Rəhimlini belə xarakterizə edib: «Mehriban dostum, görkəmli teatr bilicisi İlham, sən teatrımızın vicdanısan». Doğrudan da, çox böyük qiymətdir və həqiqətdir.
   İllər onun ömür kitabını vərəqlədikcə yazılan avtoqraflarda da bu ovqat duyulur. Etnoqraf alim Arif Mustafayev səmimi duyğularını belə bildirir: «Dəyanət və ləyaqətin qəhətə düşdüyü indiki zəmanədə ziyalılar arasında ziyası, abır-həyası hələ də üzündə qalmış əməlisaleh insan görəndə sevinməyə bilmirsən. Nurlu çöhrənizi uzaqdan-uzağa, telekanallarda gördüyüm, söhbətlərindəki səmimiyyətinə, elmi təfəkkür və milli duyğularına məftun olduğum qiyabi qələm dostum İlham Rəhimliyə». Bu avtoqraflarda demək olar ki, İlham Rəhimli yaradıcılığının məziyyətləri də görünməkdədir. Xalq artisti Amaliya Pənahova böyük hörmət və ehtiramla qələmə aldığı sözlərində İlham Rəhimli yaradıcılığını belə dəyərləndirib: «Böyük alim, Azərbaycan teatr tarixinin tədqiqatçısı, sənətkarlarımızı abidələşdirən hörmətli İlham bəyə».
   Bu avtoqrafları oxuduqca hərdən fikirləşirəm ki, İlham Rəhimli haqqında ayrıca bir məqalə yazmağa heç ehtiyac yoxdur. Çünki bu kitabda cəmlənən yüzlərlə müəllifin ürək sözlərində bizim hörmətli qələm dostumuzun, sənətşünasın həm yaradıcılığı, həm də şəxsiyyəti haqqında elə orijinal, qiymətli fikirlər var ki, hərdən bunları oxumaq bəs edər ki, sən İlham Rəhimlinin kimliyini lap dəqiqləşdirəsən. Bu fikri deməkdən bir qürur duyuram ki, mən İlham Rəhimlini özümə həmişə müəllim saymışam. Baxmayaraq ki, onun tələbəsi olmamışam. Amma teatr aləmi və aktyor dünyası ilə maraqlanandan həmişə diqqətlə oxuduğum, tez-tez müraciət etdiyim məhz bu sənətşünasın yazdığı kitablar olub. Elə bu istək və təşəkkürün nəticəsi olaraq ona bağışladığım kitabda yazdığım avtoqrafı bu nəşrdə görəndə çox sevindim. Həm yazımın sonluğu, həm də öz fikrim kimi yenidən onu oxucuların diqqətinə çatdırıram: «Yazdıqlarını maraqla oxuduğum, bəhrələndiyim, qələminə və şəxsiyyətinə böyük hörmətim olan müəllimim, həmkarım və istəkli qardaşım İlham Rəhimliyə xoş duyğularla müəllifdən. Ustada kitab bağışlamaq cəsarətdi, amma ustad ikiqat istedadlı olanda qorxusu yoxdur».
   Beləcə, avtoqraflarda naxışlanan bir ömrün məna çalarları çoxrənglidir. Hər rəngin də öz ovqatı və təsiri var. Böyük zəhmət və fədakarlıqla bu avtoqrafları bir yerə toplayaraq kitab halında oxuculara təqdim edən İlham Rəhimliyə bir də ona görə minnətdaram ki, o, bu qiymətli sözlərin həm itib-batmasına imkan vermədi, həm də oxuculara çatdırdı. Beləliklə də, həm özünü, həm də ona yazılan sözlərin müəllifini tanıtmaq baxımından çox təqdirəlayiq bir iş görüb. Bu avtoqrafların sayı o qədər çox olsun ki, gələcəkdə miniatür kitaba yox, daha böyük nəşrlərə sığışdıra bilsin.

   Flora Xəlilzadə,
   Əməkdar jurnalist