Ulu öndər mədəni irsimizi təkcə milli varlığımızın deyil, həm də dövlət quruculuğunun mühüm tərkib hissəsi kimi dəyərləndirirdi
   
   İyunun 15-də ümummilli lider, müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişinin 20 ili tamam olur. Böyük öndər artıq on ildir ki, dünyasını dəyişsə də, onun təməlini qoyduğu dövlətçilik siyasəti davam edir, qurduğu dövlət ilbəil güclənir, inkişaf edir, beynəlxalq nüfuzunu möhkəmlədir. Ötən illərdə Azərbaycan mədəniyyəti də böyük inkişaf yolu keçib, mədəni irsimizə dövlət qayğısı dahi rəhbərin müdrik tövsiyələrindən rişələnərək bu gün də uğurla davam edir.

   Ulu öndər, sözün həqiqi mənasında, Azərbaycanın ən böyük sərvəti hesab olunan mədəniyyətimizin, milli dəyərlərimizin hamisi idi. “Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”, - deyən Heydər Əliyev mədəniyyətimizi, milli-mənəvi dəyərləri təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın - dövlət quruculuğunun mühüm tərkib hissəsi kimi dəyərləndirirdi.
   Məlumdur ki, milli dövlətçiliklə milli-mənəvi dəyərlər bir-biri ilə bağlıdır. Məhz buna görə də milli mənliyini dərk edən xalqın bitkin inkişaf proqramı olmalıdır. Heydər Əliyev nəinki bu proqramı yaratdı, həm də onu həyata keçirdi. Bütün həyatı boyu milli-mənəvi, dini dəyərlərimizin və adət-ənənələrimizin keşiyində durdu. Onun təşəbbüsü ilə hələ sovet dövründə qədim və zəngin tariximizin mühüm göstəricisi olan eksponatların qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması məqsədilə Azərbaycanın bölgələrində tarix-diyarşünaslıq muzeyləri yaradıldı. Milli folklorumuzun daha dərindən araşdırılması, aşıq sənətinin inkişafı istiqamətində ciddi tədbirlər həyata keçirildi. Bu, gələcək müstəqil dövlət quruculuğumuz üçün mühüm zəmin idi.
   1993-cü ildə xalqın təkidli tələbiylə siyasi hakimiyyətə qayıdan Heydər Əliyev həyata keçirdiyi dövlət quruculuğu ilə paralel surətdə mədəni-mənəvi və milli-tarixi irsin qorunub inkişaf etdirilməsini daim diqqət mərkəzində saxladı. Sovetlər dövründə qadağalara məruz qalan, yasaq olunan milli və dini bayramlar, adət və mərasimlər xalqa qaytarıldı. O, hər il Novruz, Ramazan və Qurban bayramlarında xalq ilə birgə olar, insanların bayram sevincindən qürur duyardı.
   Heydər Əliyev həmçinin ortaq türk mədəniyyəti və mənəviyyatının öyrənilib təbliğ edilməsi və bu dəyərlərin gələcək nəsillərə çatdırılmasını zəruri sayırdı. Qırğızların “Manas” eposunun 1000 illik yubileyində etdiyi çıxışda bütün türk dünyasını mədəni sərvətimizə sahib çıxmağa çağırdı, “Dədə Qorqud” dastanının 1300 illiyi münasibətilə türkdilli ölkələrin liderlərini, alim və yazıçılarını bir araya gətirdi, bu yubileyin UNESCO səviyyəsində qeyd olunmasını təmin etdi.
   Bu bənzərsiz şəxsiyyətin mədəniyyətimizlə bağlı gördüyü işləri saymaqla qurtaran deyil. Nizami Gəncəvi məqbərəsinin bərpası, Molla Pənah Vaqif, Hüseyn Cavid məqbərələrinin, görkəmli şair və yazıçıların, incəsənət xadimlərinin abidələrinin ucaldılması - bütün bunlar onun milli məfkurə kimi xalqımıza təqdim etdiyi azərbaycançılıq ideologiyasının həyatda təcəssümüdür. Bu məfkurə həmçinin dövlətçilik, vətənpərvərlik və ənənələrə sadiqlik prinsipləri kimi milli birliyin əsasını təşkil edir. 2001-ci ildə dünya azərbaycanlılarının birinci qurultayında çıxış edən ümummilli lider demişdir: “Azərbaycan dövləti müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan soydaşlarımız üçün əsas strateji xətdir. Siz unutmamalısınız ki, dünyada müstəqil Azərbaycan dövləti var. Bu torpaq bütün azərbaycanlıların doğma torpağıdır. Onun milli-mənəvi dəyərləri hər birimizə məxsusdur”.
   Ölkəmizin mədəniyyəti, dəyərli irs xəzinəsi Heydər Əliyevin diqqət və qayğısı sayəsində dünyada daha geniş tanınmağa başladı. Bu gün mədəniyyət nümunələrimiz milli sərvət olaraq dünyada Azərbaycan düşüncəsinin zənginliyi kimi nümayiş etdirilir. Azərbaycan xalqının düşüncə və zəkasının məhsulu olan mədəniyyəti onun sivil dünya ilə inteqrasiyasına, humanitar yaxınlaşmasına şərait yaradır. Qobustanın qaya rəsmləri, Qız qalası və Şirvanşahlar sarayı kimi möhtəşəm abidələrimiz UNESCO tərəfindən dünya mədəni irs xəzinəsinə, milli muğamımız, Azərbaycan aşıq sənəti, xalça sənəti, tar ifaçılığı sənətimiz bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
   Bu gün paytaxt Bakıda və regionlarımızda mədəniyyət ocaqlarının təmir-bərpası, yeni mədəniyyət saraylarının inşası, tarixi irsimizə göstərilən qayğı böyük öndərin mədəniyyət siyasətinin uğurla davam etdirilməsidir. Ulu öndərin “Biz öz milli-mənəvi dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik” - deyə bəyan etdiyi azərbaycançılıq məfkurəsi bu gün də yaşayır, gələcəkdə də yaşayacaqdır.
   
   Savalan Fərəcov