Nərgiz Cabbarlı

Dünya kitab aləmində müəllifin uğurunun ilk səbəbi budur

Kitab dedikdə ilk olaraq ağıla gələn, əlbəttə ki, bədii ədəbiyyatdır. Oxucu diqqətini çəkmək üçün maraqlı əsərdən yaxşı nə ola bilər ki?! Müasir dünyanın kitab bazarı məhz bu həqiqətin üzərində qərar tutub.

Kitaba marağın azaldığı söylənsə də, bu gün bütün dünyada kitab, xüsusilə də bədii ədəbiyyat vasitəsilə milyonlar qazanılır. Bunun üçün bütöv bir sistem - mexanizm dayanmadan hərəkətdədir. Əlbəttə, dəyərli əsər işin başlanğıcı, ilk addımıdır. Yazıldı, təhvil verildi, müəllifin işi bununla yekunlaşmış olur. Sonra bu əsəri oxucuya layiqincə çatdırmaq, tanıtmaq, onun vasitəsilə həm qazanmaq, həm də müəllifinə qazandırmaq, bir sözlə, kitabı gəlir mənbəyinə çevirmək mərhələsi gəlir ki, bu işin məsuliyyəti artıq sistemin üzərinə düşür. Hətta əsərin məşhur ədəbi mükafatlar qazanmasında, tanınmış kitab nəşriyyatlarının, jurnal, qəzet və portalların hər il ortaya çıxardıqları reytinqlərdə yer tutmasında, müəllifinin ən çox oxunan və qazanan yazıçı kimi müəyyən siyahılara düşməsində sistemin fəaliyyəti danılmazdır.

Bunun müəyyənləşdirilməsi üçün (məsələn, elə 2013-cü il üzrə) ən populyar olan, ən çox satılan kitablar və ən çox qazanan müəlliflərin reytinqini açıqlayan bir sıra mənbələrə nəzər salmaq yetərlidir. Bu siyahılarda ən çox satılan əsərlərlə ən çox qazanan müəlliflərin adları demək olar ki, eynidir.

Bu siyahılarda dünyada ən çox oxunan müəlliflər kimi Paulo Koelyo («11 dəqiqə», «Kimyagər», «Rio-pyedranın sahilində oturdum və ağladım»), Den Braun («Da Vinçi kodu»), Haruki Murakami («Norveç meşəsi»), Elif Şafak («Aşk»), Patrik Züskind («Ətriyyatçı») kimi yazıçılar qeyd olunur. 2013-cü ilin nəticələrinə görə C.K.Roulinq («Təsadüfi vakansiya»), Loren Oliver («Rekviem»), Kerstin Qir («Taymless. Sapfir kitab»), Yanuş Leon Vişnevskiy («Şəbəkədə tənhalıq»), Viktor Pelevin («Betman Apollo»), Ceymi Makqvayr («Mələk haqqında əfsanə. Kitab 1. Kabus»), Maks Fray («Tubur oyunu. Numminorix Kutun danışdığı əhvalat»), Metyu Kvik «Ümidin gümüşü şəfəqləri») və digər müəlliflərin də adları bu siyahılarda hallanır.

Əlbəttə, çox oxunan kitabların hamısı yeni nümunələr deyil. Məsələn, internet portallarında ən yaxşı satış reytinqi qazanmış əsərlərdən biri - 13 yaşlı yəhudi qızın başına gələnləri əks etdirən «Anna Frankın gündəliyi» Amerikada 1947-ci ildən çap olunur. Amma yenə də reytinqlərdə öz yerini qoruyub saxlayır. Və ya Marqaret Mitçellin «Küləklə sovrulanlar»ı 1936-cı ildən məşhurlaşıb və hələ də populyarlığını qoruyur. Amerikalı yazıçı-jurnalist Den Braunun «Da Vinçi kodu» 2003-cü ildə populyarlıq qazanıb və bu günədək 50 dildə çap olunub. Son illər şöhrətlənən C.R.R.Tolkienin «Üzüklər hökmdarı», Coan Roulinqin Harri Potterlə bağlı silsilə kitabları, Paulo Koelyonun «Kimyagər”i və s. də bu sıradandır

Ən avtoritetli kitab bazarlarının biri Amerika bazarıdır. Burada isə ən çox satılan kitabların siyahısı belədir: Den Braun - «İnferno», Gillian Flinn - «İtmiş», Robert Cordan, Brendon Sanderson - «Dünyanın yaddaşı», Daniel Silva - «İngilis qız», Nil Geyman - «Küçənin sonundakı okean», Şarlin Harres - «Əbəd ölüm», Ceyms Patterson və Maksayn Paetro - «12 heç vaxt», Devid Baldaççi - «Hit», Nora Roberts - «Biç viskisi»... Xatırladaq ki, bu, «The New Times»ın çap etdiyi siyahıdır.

O ki qaldı dünyanın ən çox qazanan müəlliflərinə, əvvəlcə xatırladaq ki, bu müəlliflər həm də sürətli yazmaq xüsusiyyətinə malikdirlər. Məsələn, onlar ildə heç olmasa 5-6 əsər təhvil verməli olurlar, bu isə yazıçı üçün heç də asan məsələ deyil.

2013-cü ilin nəticələrinə görə, bu siyahıda ildə 91 milyon gəliri olan Ceyms Patterson, 23 milyon gəliri olan Nora Roberts, 1973-cü ildən çap olunan və hələ də çox satılan kitabları ilə milyonlar qazanan Stiven Kinq, Daniel Stil əsas yerləri tuturlar. Rekord göstərici E.L.Ceymsin «Boz rəngin əlli çaları» əsərinə aiddir - 95 milyon illik gəlir. Bu kitab çap olunduğu ilk 8 ayda 70 milyon nüsxə satılıb.

Pattersonun naşiri, «Hachette Book Group»un direktoru Maykl Pitç bu müəllifin uğurunun sirrini heyrətləndirmək bacarığı və orijinallıqla əlaqələndirir. Əlbəttə, haqlı olaraq. Amma bu, səbəblərdən yalnız biridir. Yəni ən azından naşirin əməyinin dəyərini aşağı salmaq lazım deyil.

Gəlin, indi də bizdə mövcud olan reytinq siyahısına, məsələn, «Kitab klubu» və «Qanun» nəşriyyatının təqdimatına diqqət edək. Həmin Paulo Koelyonun adı burada da var. Bundan əlavə, Fredrek Breqbeder, Den Braun, Haruki Murakami, Patrik Züskendin adı sadalanır.

Siyahılar arasında eyniyyət təşkil edən məqamları yəqin ki, özünüz də gördünüz. Onda belə bir sual ortaya çıxır: bu nəyə işarədir? Əlbəttə ki, dünyadan geri qalmamağın göstəricisidir. Yəni dünya nəşriyyat sistemində hansı xarici əsərlərin adları çəkilirsə, bizim nəşriyyat-poliqrafiya sistemi də onu oxucumuza təqdim etməyə çalışır. Düzdür, dünyada artıq təşkil edilmiş reklamdan yararlanmaq daha asan, daha rahat yoldur. Nəticə isə belədir: adıçəkilən əsərlər bizdə də maraqla qarşılanır.

Bu məqamda daha bir sual meydana çıxır: bəyənilmək əsərlərin ədəbi dəyəri ilə də bağlıdırmı? Bu dəyər həqiqətənmi yüksəkdir? Ən çox satılan və oxunan əsər «yaxşı əsər» kimi qiymətləndirilə bilərmi? Bir əsərin çox oxunmasının sirri onun bədii mətn kimi yüksək keyfiyyəti ilə nə dərəcədə bağlıdır? Cavab birmənalı olmasa da, ən çox oxunmaqla ədəbi dəyər arasında əlaqə mövcuddur. Reklamın bu işdə rolunu kiçiltmədən qeyd edək ki, «Da Vinçi kodu», «Ətriyyatçı», «Kimyagər» və s. haqqında bu fikri əminliklə söyləyə bilərik: yetərincə maraqlı əsərlərdir. Və Pattersonun naşirinin yuxarıda xatırlatdığımız «orijinallıq və heyrətləndirmək bacarığı» ilə bağlı fikirləri böyük həqiqətdir və bu əsərlərə aid edilə bilər.

Amma bu zaman daha bir haqlı sual ortaya çıxır. Nə üçün müasir Azərbaycan ədəbiyyatı ilə bağlı bu sistemin işi öz nəticəsini vermir? Məsələn, nə üçün gənclərin əksəriyyətinin kitablarını nəşr edən «Qanun» nəşriyyatı sonradan onların təbliğatı ilə məşğul olsa da, müzakirələr təşkil edilsə də, arzulanan effekt əldə edilmir? Reklamın zəifliyindənmi? Qətiyyən. Bəlkə əsərin zəifliyindəndir? Təbii ki… Bu nümunələrin böyük əksəriyyəti «heyrətləndirmək bacarığından və orijinallıqdan» uzaq olduqları üçün əsər səviyyəsinə qalxa bilmir, bəzən ilk oxunuşdan sonra unudulur.

Bəs bizdə yaxşı əsər yazılırmı? Hə, bax, bu, həqiqətən də maraqlı sualdır, amma başqa yazının mövzusudur...