Hər mənada, hər məqamda

Kitabın yaradılmasına qədər çox izsiz-tozsuz dövrlər keçib. Hər şeyi öyrədən bu ümumbəşəri “müəllim”in yoxluğunda isə onun özünü yaratmaq asan deyildi...

İndi gör, yalnız “yaddaş”, “ağız”, zehin, “folklor” kimi şifahiliklər dövrlərində nə qədər mədəniyyətlər, ədəbiyyatlar, sevgilər, nifrətlər it-bat olub (əslində, fağır zehin neyləyə bilərdi; beyin axur deyil ki, bütün zamanların büsbütün olay samanlarını ora doldurub, “saxla samanı, gələr zamanı” təhqiqatına başlayasan)...

Kitab insana nə öyrətməyib? Bu suala ikili cavab almaq üçün gərək kitabdan xəbərsiz insan da ola...

Kitablardan bunu da öyrənmişik ki, bəşəri məşğuliyyətlərin hər sahəsində tarixən fəhmli, qabiliyyətli, istedadlı insanlar olub, var və olacaq. Amma qabiliyyətsizlilərlə müqayisədə onların sayı çox az olur; qatığa nisbət qaymaq, bütün filizlərə nisbət qızıl, kütlələrə nisbət “kəllə”lər qədər az.

Həmin azlar yaradır, çoxlar yarınır...

Həmin azların ibtidai üzvlərini yazılı dövrə qədərin “şifahi kitabları” da adlandırmaq olar. Onlar “sözün qısası”nı, “hər şeyin əsası”nı, “çəkidə yüngül, vəzndə ağır”ların şahənşahını - kitabı da yaratdılar ki, bunun haqqı yerdə qalan bütün maddi-mənəvi nemətlərin hamısının haqqından çox...

Axtarsaq, dünyanın bütün nəhəng fikir adamları kitab haqda nəsə deyib. Amma məncə (Qurani-Kərim istisna olunmaqla), hələ onun öz dəyərincə söz deyilməyib. Yəni “gənclik” qədər ömrü olan gözəllərə, bir “baharlıq” yaşıl dağlara, bir “dövranlıqşahlara, bir “fanilik” dünyaya yazılan kitab-kitab vəsflər, heyraniyyələr, mədhiyyələrlə müqayisədə “kitab - bilik mənbəyidir” kimi deyimlər bəşəriyyəti zər-xaraya bürüyən bu çılpaq “filosofa” nə geyimlər?..

Əslində, bu hikmətlər xəzinəsinin tərif-təltifə nə ehtiyacı? Sadəcə, bu xəzinənin elmi-praktik “valyuta”sı hesabına məqam-mənsəb sahibi olanlar onun ədəb-ərkan aləmindən də bir-iki rənayi-məna götürsələr, bəsidir. Yəni elələri bir az da oxuyub bunu da bilələr ki, “artıq tamah...” nə yarır. Super təyyarələrdə dəfələrlə Həccə, Məşhədə, Kərbəlaya səyyarələyərkən mütaliə edibən mülahizə edələr ki, “əl tutmaq” kimdən qalıb. Cahıllıqda küçələrdə “parlaya-parlaya” ahıllıqda tənha qarıyıb-qaralan bir çox “surəti-cananlar” hərdən hecalayıb görələr - bu irfan aynalarında nə kimi “surəti-qananlıq” görünür. O aynalarda ki, “Görüm, ayılmasın - gec ayılanlar” üçün “Yaxşı görünür surəti-məhvəşləri, ancaq...” kimi nəsihətlər də var...

Maraqlıdır; bu gün yalnız bir qisim təşkilat və şəxsi təəssübkeşin sevdirməyə can atdığı, müxtəlif festival, yarmarka və digər tədbirlərlə imicini bərpa etməyə çalışdığı kitablar sayəsində ixtira olunmuş “xana”larda çalışanların da bəziləri öz sələflərinə naxələflik edirlər. Söz düşəndə isə “neyləyək?!” - deyə, bir vaxt yalnız kitabdan, teatrdan qidalandıqları “Olum, ya ölüm?!” dinamikası ilə monoloqlayır, “demokratiyadır”, “camaat belə şeyləri sevir”, “xalq şou istəyir!” deyirlər. Fərqinə varmırlar ki, bu gün mitilinə çırpdıqları stalinizm şouları da bir vaxt (guya) xalqın “alqış”ları, “alxış”ları, on beş “qardaş” respublikanın polit-tostları ilə süslənmişdi. İndi, yaxşı, dövlət antimilli iş görənlərə dinməsin ki, onlar belə istəyir? Demokratiyadır?! Belə yaramaz axı, yararlı kolleqalar! O it-pişik yemləri, dişqurddayıcılar, daha nə bilim nələr haqda hər dəqiqə verdiyiniz reklamların gözünə “üç gündən bir-beş gündən bir” beş-on kitab da qatıb təbliğ etsəniz, reytinqinizin qaşı düşər?

Kitabın haqqı çoxdur, əfəndilər! Özü də, tək elə “bilik mənbəyi”, şöhrət-mənsəb tramplini yox, həm də and yeri olan kitabın. Yəni hər gün təqdim etdiyiniz düjün-düjün seriallardan fərqli bir filmdə deyildiyi kimi, “dünyanın bütün huri-mələkləri yığılsa” da, heç vaxt “vəzifə haqqı”, “TV haqqı!”, “pul haqqı!”, “var-dövlət haqqı!”, lap elə “qəzet haqqı!” deyə and içilməyəcək. Amma siz də... halal-haqq insanlar çevrəsində tez-tez belə bir and da eşidirsiz: “Kitab haqqı!..

Tahir Abbaslı