Əsrlərdən gələn tolerantlıq ruhunu yaşadan qədim şəhər çağdaş dünyaya barış mesajları verir

“Qəlblər yaxşılıq edənə doğru məhəbbətlə meyl edər. Yaxşılıq, barışmaq məhəbbətdən yaranar. Bir-birinizlə paylaşın və bir-birinizi sevin” - altı yüz il öncə Bakıda yaşayıb-yaratmış böyük sufi filosofu, dünya fəlsəfi fikrinə təsir göstərən məktəb, təlim qoyub getmiş Seyid Yəhya Bakuvi “Şifaül-Əsrar” (“Sufiliyin sirləri”) əsərində insanları dostluğa, ilahi eşqdən qaynaqlanan sevgi və anlaşmaya bu sözlərlə çağırırdı. Vəfatının 550 illiyi UNESCO səviyyəsində qeyd edilən mütəfəkkirin ideyaları qarşılıqlı hörmətə, şəfqətə, barışa ehtiyac duyan çağdaş dünyada, əsrlər öncəsi kimi, aktual və yenidir. Bakuvinin bəşəriyyətə səsləndiyi elə bu şəhər də, altı yüz il əvvəl, ondan da çox əsrlər əqdəm olduğu kimi, bu gün də dünyaya tolerantlıq nümunəsidir, mədəniyyət və sivilizasiyaların uzlaşdığı məkandır.

Ruhu dünyaya açıq şəhər

Bu torpaq müxtəlif dini inanclara, mədəni miraslara hər zaman açıq olub, fərqlilikləri bir araya gətirmək bu şəhərin ruhunda var. Bunu görmək üçün Bakının tarixinə baxmaq gərəkdir. Miladdan öncə bu yerlərdə atəşpərəstliyi, zərdüştlüyü yayan kahinlər məskən salmışdılar. Miladdan sonra İsa peyğəmbərin həvarisi Varfolomey missioner məsləkdaşları ilə buraya gəlib çıxdılar. Sonra uca Yaradanın sonuncu peyğəmbərlə bəşəriyyətə göndərdiyi müqəddəs İslam dini bu torpaqda yayıldı. Qərinələr bir-birini əvəzlədi, Bakı İpək Yolunun üzərində ticarət mərkəzinə çevrildi, Xəzər sahilindəki şəhərə Şərqdən və Qərbdən gələn karvanlar, Cənubdan və Şimaldan yan alan gəmilər özləri ilə fərqli mədəniyyətləri, insanları gətirdi.
XVI-XVII əsrlərdən başlayaraq Hindistandan gələn zəvvarlar Bakı yaxınlığında qədim atəşpərəstliyin yeni odunu yandırdılar, burada Atəşgah məbədi quruldu. Rus tacirləri Bakı xanlığının işğalından xeyli əvvəl, XVIII əsrdən burada məskən salmağa başlamışdılar. XIX əsrdə Azərbaycana gələn almanlar Bakıda da öz icmalarını yaratdılar. Şəhərdə yəhudi icması təşəkkül tapdı. XIX əsrin sonunda Bakıda başlanan neft bumu dünyanın müxtəlif yerlərindən insanları buraya çəkib gətirdi.
Sözsüz ki, gələnlər özləri ilə fərqli mədəniyyət, adət-ənənə də gətirirdilər. Şəhərdə alman kirxası, polyak katolik kilsəsi, yəhudi sinaqoqu, pravoslav məbədləri inşa edildi. Bakı bütün bu mədəni müxtəlifliyi bir araya gətirərək XX əsrin əvvəlində, bu gün dəbdə olan ifadə ilə desək, multikulturalizmin mərkəzinə çevrildi. Məscidlərdə azan sədasının kilsə zənglərinin səsinə qarışdığı, muğam zəngulələri ilə klassik musiqinin həmahəng olduğu, Avropa memarlığı ilə Şərq üslubunun, milli memarlıq naxışlarının bir-birini əvəzlədiyi şəhər. Dahi Üzeyir Hacıbəylinin müsəlman Şərqinə bəxş etdiyi ilk opera da 1908-ci ildə bu şəhərdə meydana gəldi. Bu, sadəcə, klassik Avropa üslubunda yazılmış muğam operası deyildi, eyni zamanda, iki mədəniyyətin dialoqu idi.

Tarixi missiya

Şərq və Qərb sivilizasiyalarının qovuşduğu məkan olaraq milli dəyərlərimizi saxlamaqla modernləşmək xətti XX əsrin əvvəlində Azərbaycan ziyalı fikrinin mühüm istiqamətini təşkil edirdi. Böyük mütəfəkkir Əli bəy Hüseynzadənin irəli sürdüyü “türkçülük, çağdaşlıq və islamiyyət” məfkurəsi üzərində bina edilən Azərbaycan Xalq Cümhuriyyəti də sivilizasiyalararası dialoqun bir ölkə timsalında təcəssümü idi. Müsəlman dünyasında ilk parlamentli cümhuriyyət qurmuş Azərbaycan xalqı əsrlərlə münaqişə zəminindən qurtulmayan Qərb-Şərq münasibətlərinə tarixi örnək verdi. 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Cümhuriyyətin ənənələrinə sahib çıxdı. Azərbaycanın dialoqa, əməkdaşlığa açıq ölkə elan edilməsi dövlət siyasətinin əsasını təşkil etdi.

“İpək Yolu” üzərində mədəniyyətlərin qovuşması

1998-ci ilin sentyabrında Prezident Heydər Əliyevin təşəbbüsü ilə Bakıda “İpək Yolu” layihəsinə həsr olunmuş beynəlxalq konfransın keçirilməsi ölkəmizin Şərq-Qərb dialoquna mühüm töhfəsi idi. 32 ölkənin təmsil olunduğu konfrans mahiyyətcə iqtisadi işbirliyini nəzərdə tutsa da, strateji məqsəd nəhəng coğrafiyada yerləşən xalqlar, mədəniyyətlər arasında ünsiyyətə meydan açılması idi. Prezident Heydər Əliyev çıxışlarında layihənin bu özəlliyini xüsusi vurğulayırdı: “Bu nəhəng layihənin mərkəzində yerləşən ölkə kimi Azərbaycan Şərqlə Qərbin qovuşmasında mühüm rol oynayır”. Təsadüfi deyil ki, son illər Bakıda gerçəkləşən bir sıra mədəniyyət tədbirləri məhz “İpək Yolu” ideyasına köklənib.

Fərqli baxışlar arasında anlaşmanın tək yolu - dialoq

Bu gün dünya qarşısında duran ən mühüm problemlərdən biri sivilizasiyalar arasında əməkdaşlıq yollarının tapılmasıdır. 2001-ci ilin 11 sentyabrında Amerikada baş vermiş terrordan sonra mədəniyyətlərin toqquşması kimi təqdim edilən proseslər geniş zəminli dialoq zərurətini xüsusilə aktuallaşdırıb. Bu mövzuda beynəlxalq konfranslar keçirilir, qurumlar təsis olunur. 2005-ci ildə Türkiyə və İspaniya baş nazirləri tərəfindən irəli sürülən, daha sonra BMT çərçivəsinə salınan “Mədəniyyətlər İttifaqı” (“Sivilizasiyalar Alyansı”) layihəsi, 2008-ci ilin Avropa Birliyi tərəfindən “Mədəniyyətlərarası dialoq ili” elan olunması bu qəbildəndir.
Azərbaycan da bu prosesə öz töhfəsini verir. 2001-ci ilin 11 sentyabrından sonra dünyada xristian-müsəlman ziddiyyətlərinin qabardılmağa başladığı bir vaxtda ölkəmiz bu tendensiyaya qarşı mühüm addım atdı. 2002-ci il mayın 22-də Prezident Heydər Əliyevin dəvəti ilə Bakıya gələn dünya katoliklərinin rəhbəri, Roma Papası II İohann Pavel buradan dünyaya barış, anlaşma mesajları verdi. Roma Papası Bakıya səfərini “Xeyirxah torpağa gəldim” sözləri ilə başlayaraq bu şəhərin, ölkəmizin tolerantlıq ruhunu heyranlıqla dilə gətirdi: “Mən bu ölkəyə onun mədəni sərvəti qarşısında heyrətimi ürəyimdə saxlayaraq gəlmişəm. Bu ölkə özündə bir çox mədəniyyətləri cəmləşdirib. Bu ölkənin tolerantlıq və qarşılıqlı anlaşma ruhu ilə fəxr etməmək olmur”.

“Bakı Prosesi” - təşəbbüsdən reallığa

Azərbaycanın dünyaya nümayiş etdirdiyi tolerantlıq örnəyi mədəniyyətlərin təmas tapdığı Bakının timsalında özünü bariz şəkildə göstərir. Bu istiqamətdə həm dövlət, həm də qeyri-dövlət xətti ilə addımlar atılır. Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Bakıda gerçəkləşən beynəlxalq festivallar müxtəlif ölkələrin sənətçiləri arasında dialoq üçün imkanlar açır. 2005-ci ilin oktyabrında UNESCO-nun 60 illiyinə həsr edilmiş “Sivilizasiyalararası dialoq” həftəsi çərçivəsində Parisdə keçirilən “Azərbaycan: mədəniyyətlərin və sivilizasiyaların qovşağında” adlı tədbirdə çıxış edən Mehriban Əliyeva ölkəmizin qlobal mədəni dialoqa töhfə verməyə hazır olduğunu vurğulamışdı.
2007-ci ilin noyabrında İslam ölkələri mədəniyyət nazirlərinin Tripolidə (Liviya) keçirilən konfransında Bakının 2009-cu il üzrə “İslam Mədəniyyəti Paytaxtı” elan edilməsi bu yöndə əlamətdar fürsət oldu. İslam Əməkdaşlıq Təşkilatı və Avropa Şurasının üzvü olaraq ölkəmiz mədəniyyətlərarası ünsiyyətə platforma yaradacaq təşəbbüsə imza atdı.
2008-ci il dekabrın 2-3-də Bakıda Avropa Şurası ölkələri mədəniyyət nazirlərinin iştirakı ilə “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda konfrans keçirildi. Azərbaycan tədbirə müsəlman ölkələri nazirlərini dəvət etməklə mədəniyyətlərarası dialoqa pəncərə açdı. Prezident İlham Əliyev konfransda mədəniyyətlərarası dialoqla bağlı “Bakı Prosesi” təşəbbüsünü irəli sürdü: “Mən çox istəyirəm ki, “Bakı Prosesi” mədəniyyətlər arasında dialoqun, anlaşmanın möhkəmlənməsinə dəyərli töhfəsini versin. Belə tədbirlərin keçirilməsi ənənəyə çevrilsin”. Konfransda “Bakı Bəyannaməsi” qəbul olundu və tarixi prosesin əsası qoyuldu.
2009-cu il fevralın 18-də “Bakı - İslam Mədəniyyəti Paytaxtı” ilinin açılışında Prezident İlham Əliyev mədəniyyətlərarası dialoqun vacibliyini bir daha vurğuladı: “Bütün bu təşəbbüslər bir məqsəd güdür: dünyada sülh bərqərar olunsun, əmin-amanlıq olsun, sivilizasiyalar arasında dialoq daha da möhkəmlənsin”. Həmin ilin martında Bakıda mədəniyyətləri qovuşduran daha bir tədbir - I Beynəlxalq Muğam Festivalı keçirildi.
“Bakı Prosesi” təşəbbüsü 2009-cu ilin oktyabrında İslam ölkələri mədəniyyət nazirlərinin paytaxtımızda keçirilən konfransında da müzakirə olundu. Ölkəmiz ənənəyə sadiq qalaraq tədbirə Avropa Şurasından qonaqlar da dəvət etmişdi. Konfransda “Bakı Prosesi” - sivilizasiyalar arasında dialoqa yeni çağırış” adlı sənəd qəbul olundu. 2010-cu ilin sentyabrında BMT Baş Məclisinin 65-ci sessiyasında çıxış edən Prezident İlham Əliyev ölkəmizin mədəniyyətlərarası dialoq üzrə ilk Dünya Forumunu keçirmək niyyətini bəyan etdi.
2011-ci ilin 7-9 aprelində gerçəkləşən I Bakı Dünya Mədəniyyətlərarası Dialoq Forumu qədim şəhərin çağdaş dünyaya tolerantlıq mesajı oldu. Dünyanın beş qitəsindən 80-dək ölkənin təmsil olunduğu Forum beynəlxalq platformanın təməlini qoydu.
Azərbaycan paytaxtı mədəniyyətlərin qovuşduğu məkan olmaqla yanaşı, dini konfessiyaların da dialoq mərkəzi kimi özünü təsdiq edib. 2009-cu ilin noyabrında Bakıda keçirilən “Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru” mövzusunda beynəlxalq konfrans, 2010-cu ilin aprelində paytaxtımızın ev sahibliyi etdiyi dini liderlərin sammiti buna sübutdur. 2011-ci ildən Bakıda ənənəvi olaraq keçirilən Beynəlxalq Humanitar Forum da ümumbəşəri dialoq yolunda daha bir təşəbbüsdür.

Dünyanın dialoq yolları Bakıda kəsişir

Azərbaycan Prezidentinin 27 may 2011-ci il tarixli fərmanı ilə Bakı Mədəniyyətlərarası Dialoq Forumu iki ildən bir keçirilən beynəlxalq tədbir statusunu qazanıb. Bakı Forumu UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, İSESCO, Avropa Şurası və Dünya Turizm Təşkilatının dəstək verdiyi unikal dialoq platformasıdır. Forumun koordinasiyası Mədəniyyət və Turizm Nazirliyinə tapşırılıb.
2013-cü il 30 may - 1 iyun tarixində Bakıda gerçəkləşən II Dünya Mədəniyyətlərarası Dialoq Forumu 90-dan çox ölkənin təmsilçilərini bir araya gətirməklə öz miqyasını bir daha sübut etdi. Tədbir çərçivəsində Bakıda Milli Tolerantlıq Mərkəzi açıldı.
Forumun devizi də bəşəriyyətin müştərək gələcəyinə ünvanlanıb: “Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama”. Prezident İlham Əliyev Forumun açılışında bu məqamı xüsusi vurğuladı: “Bu, çox vacib məsələdir - müştərək gələcək. Bu dünyada hər bir xalq üçün, hər bir millət üçün yer vardır. Təki sülh, qarşılıqlı anlaşma olsun”.
Anlaşmaya mane olan səbəblər çoxdur. Amma fərqli baxışlara təmas nöqtəsi tapmağa kömək edəcək yol var: dialoq. Bu gün dünyanın dialoq yolları qədim tarixi ilə öyünən, müasir görkəmi ilə gözoxşayan Bakıda kəsişir. Dünyanın istənilən məkanından gələn şəxs dünyagörüşü, mədəniyyəti, digər fərqli cəhətləri ilə burada özünü yad hiss etmir, mehriban münasibət, məhəbbət görür. Altı əsr öncə Bakuvinin dediyi kimi: “Qəlblər yaxşılıq edənə doğru məhəbbətlə meyl edər”.

Vüqar Əliyev

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar