İlham Rəhimli


Yaşa dolduqca, milli dramaturgiya, teatr, aktyor, rejissor sənəti tarixi ilə bağlı daha çox məlumat topladıqca, daha geniş arxiv materiallarını gözdən keçirdikcə xeyli mətləblərə cavab tapmaqda müşkülə düşürəm. Öz-özümə fikirləşirəm ki, filankəslərlə görüşsəydim onlara məndə rahatsızlıq doğuran suallar verib cavabını istəyərdim...
Başa düşürəm ki, bu, romantik bir xəyaldır, sərt desəm, boş xülyadır...
Amma və di gəl ki, illərdir bu suallar «yaddaşımdan əl çəkmir», özümdən asılı olmayaraq, onları xatırlamalı oluram.
Bu intizardan nisbətən xilas olmaq üçün fikirləşdim ki, heç olmasa sualların özünü qələmə alıb bir az təskinlik tapım. Hər halda təskinlik mənimdir, amma suallarımı dahi, qüdrətli, görkəmli, məşhur sənətkarların əvəzinə cavablandırmağa cəhd göstərən hər bir oxucum da sərbəstdir. Yəqin onların yozumlarının da öz məntiqi olacaq...
Nə isə...
Fikir yürütmək istəmirəm, ancaq suallarımı sıraya düzməyə ehtiyac duyuram...
Bəzi mətləblər daha mürəkkəb olduğu üçün həmin mövzu ilə bağlı iki, bəzən üç sual verməyə, yaxud bir sualı iki yerə bölməyə ehtiyac yaranıb...


Mütəfəkkir, filosof, milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadəyə (1812-1878) xitab.
Sual.
- Möhtərəm Mirzə Fətəli!
Altı komediyanız milli mədəniyyətimizə teatr sənətini bəxş etdi. Teatr sənəti isə öz növbəsində dramaturq, aktyor, rejissor, teatr rəssamı, teatr bəstəkarı... kimi peşələrə rəvac verdi. Bütün bunlara görə Sizin gördüyünüz işlər misilsizdir... Bunlar öz yerində. Sualımı verirəm.
«Mürafiə vəkilləri»ndə nə üçün hadisələr Rusiya təbəəliyində olmayan Təbriz şəhərində baş verir?
Məgər əsəri yazdığınız dövrdə milləti göz yaşında boğan qanunsuzluqlar Sizin yaşadığınız Tiflisdə, ya Bakıda, ya da Gəncədə və yaxud Naxçıvanda yox idimi?

* * *
Məşhur milyonçu, neftxuda Hacı Zeynalabdin Tağıyevə (1823-1924) xitab.
Sual.
- Möhtərəm Hacı!
Bakıda ilk dəfə Siz 1883-cü ildə dəniz kənarındakı taxıl anbarınızın özülü üzərində teatr binası tikdirdiniz. Bu bina bir neçə dəfə əsaslı dəyişikliklərlə yenidən quruldu. El arasında «Tağıyev teatrı», «Şəhər teatrı» adları ilə məşhur idi. Ancaq 1883-1918-ci illərdə (1918-ci ildə teatr növbəti dəfə yanmışdı. 1922-ci ildə dövlət teatrı kimi pərdələrini açıb) bu teatr heç vaxt azərbaycanlı teatr həvəskarlarının ixtiyarında olmayıb. Binada uzun illər Polonskinin rəhbərlik etdiyi rus-yəhudi teatrı fəaliyyət göstərib. Bina ayda bir-iki, uzağı dörd dəfə, cümə günləri müxtəlif türk teatr truppalarına verilib. Özü də yüz minnət-xahişlə, baha qiymətə. Polonski binanı türk teatr dəstələrinə verəndə əvvəlcədən pərdəni səhnə tərəfdən qıfıllayırdı (Dünyanın heç bir ölkəsində belə şey olmayıb... Bəlkə də olub, amma mən eşitməmişəm). Yalnız icarə haqqı əvvəldən ödənəndən sonra qıfıl açılırdı. Hətta 1908-1911-ci illərdə harınlamış, millətimizə ikrahla baxan Polonski «Nicat» truppasının kollektivinə yalnız bir dekorasiya-otaq verirdi. Həmin məkanda «Bəxtsiz cavan» (Əbdürrəhim bəy Haqverdiyev) da oynanılırdı, «Hacı Qara» (Mirzə Fətəli Axundzadə) da, «Dəmirçi Gavə» (Şəmsəddin Sami) də göstərilirdi, «Ər və arvad» (Üzeyir bəy Hacıbəyli) da, «Müsibəti-Fəxrəddin» (Nəcəf bəy Vəzirov) də tamaşaya qoyulurdu, «Zorən təbib» (Jan Batist Molyer) də...
Hacı, niyə bunun üstündə Polonskiyə qulaqburması vermirdiniz?
Yaxud, nə üçün teatr binasını Azərbaycan türklərinin səhnə xadimlərinə yox, məhz Polonskiyə icarəyə verirdiniz?.. Axı Siz millət atası sayılırdınız...

* * *
Bakı milyonçusu, neftxuda, mesenat Musa Nağıyevə (1848-1919) xitab.
Sual.
- Ağa Musa!
1913-cü ilin iyun ayında Bakıdakı realnı məktəbə 10 min manat vermisiniz. Şərtiniz də bu olub ki, həm məktəbi təmir etsinlər, həm də böyük bir zalda səhnə düzəldib tamaşa salonu qursunlar. Müəllim və şagirdlər, eyni zamanda teatr həvəskarları vaxtaşırı məktəbin, şagirdlərin nəfinə tamaşalar oynasınlar.
Ağa! Verdiyiniz pul təyinatı üzrə xərcləndimi?

* * *
Dramaturq, milli peşəkar teatrımızın yaradıcılarından biri olan Nəcəf bəy Vəzirova (1854-1926) xitab.
Birinci sual.
- Nəcəf bəy!
1892-ci ilin sentyabr ayında Tiflis mətbuatı yazır ki, «Güzəşt» komediyanızı senzuraya təqdim etmisiniz. Oktyabr ayında senzura həmin pyesi oynamağa icazə verib.
«Güzəşt» komediyası niyə külliyyatınıza daxil edilməyib? Bəlkə də bu, bizə bəlli olan hansısa komediyanızın ilk adıdır, sonradan dəyişmisiniz?
İkinci sual.
- 1907-ci ildə rus dramaturqu Lev Meyin «İvan Qroznı» pyesini «İvan Səffak» adı ilə tərcümə etmisiniz. Təəssüflər olsun ki, həmin faciə tamaşaya qoyulmayıb.
Əsər nə üçün oynanılmayıb? Halbuki həmin dövrdə faciə oynamağa maraq güclü idi. Bir də soruşmaq istəyirəm ki, tərcümənin əlyazması haradadır?

* * *
Böyük ziyalı, filosof, rəssam, ədəbi tənqidçi və publisist Əli bəy Hüseynzadəyə (Əli Hüseyn Turan. 1864-1940) xitab.
Sual.
- Bəy Əfəndi!
Vaxtilə türkdilli xalqların, o cümlədən azərbaycanlıların sıx yaşadıqları Orenburq (Ərənburq. Yəni, ərənlər, igidlər yurdu) şəhərində çıxan «Vəqt» qəzeti 3 dekabr 1909-cu il tarixli sayında yazır ki, Əli bəy Hüseynzadə ingilis ədibi Uilyam Şekspirin «Hamlet» faciəsini tərcümə etməyə başlayıb.
Siz Türkiyədə yaşayanda isə alman ədibi İohann Volfqanq Hötenin məşhur «Faust» əsərini tərcüməyə başlamısınız. Hətta İstanbulda çıxan «İctihad» qəzeti 1911-ci ilin yayındakı bir neçə sayında tərcümənizdən parçaları oxuculara təqdim edib.
Bu tərcümələr üzərində işiniz hansı səbəbdən yarımçıq qalıb?
Yaxud, «Hamlet»i və «Faust»u dilimizə tərcümə etmisinizsə, həmin əlyazma nüsxəsi haradadır?

* * *
Dahi nasir, dramaturq, publisist Cəlil Məmmədquluzadəyə (1869-1932) xitab.
Sual.
- Ay Mirzə!
Yaratdığınız «Molla Nəsrəddin» jurnalının qeyrət alovundan dünyaya səpələnmiş bütün Azərbaycan türklərinə hərarət çatdı. Əsərlərinizdən hamımıza qeyrət payı düşdü, xalqı əzən nadanlıq məngənəsi silkələndi, mənəviyyatları puç edən xurafat zülmətinə işıq saçdı. Hələ hekayə və pyeslərinizi demirəm... Amma və di gəl ki, Sizin xəstə vaxtınızda bu millətin bir otağınızı qızdırmağa qeyrəti çatmadı... Nə isə... Sualım başqadır.
Molla əmi, həmin o soyuq otaqda, ölümlə əlbəyaxa olduğunuz məqamlarda buxarıda əlyazmalarınızı yandırmısınız ki, canınız az da olsa qızsın. Həmin əlyazmalarının arasında bizə məlum olmayan əsərləriniz də vardımı?

* * *
Azərbaycan realist aktyor məktəbinin banisi Cahangir Zeynalova (1865-1918) xitab.
Birinci sual.
- Kərbəlayı!
«Səfa» mədəni-maarif cəmiyyətinin yaradıcılarından (1910-cu il), onun nəzdində teatr truppasının təşkilatçılarından (1912-ci il) birisiniz. «İqbal» qəzeti 15 fevral 1914-cü il sayında yazır ki, Siz «Səfa» cəmiyyətinin yaratdığı kitabxanaya 50 cild kitab bağışlamısınız.
Kitabxanaya verilən hansı kitablar idi?
İkinci sual.
Azərbaycanda ilk və yeganə «Ev teatrı»nı öz mənzilinizdə Siz açmısınız. Mülkünüz indiki Azərbaycan və Dilarə Əliyeva küçələrinin kəsişməsində olub.
Ağa, «Ev teatrı»nı açmaq Sizin üçün hansı reallıqdan doğmuşdu?

* * *
Pedaqoq, jurnalist, naşir və dramaturq Haşım bəy Vəzirova (1868-1916) xitab.
Sual.
- Cənab Haşım bəy!
Cəlil Məmmədquluzadənin «Ölülər» əsəri 1916-cı il oktyabr ayının 29-da “Tağıyev teatrı”nda Hüseynqulu Sarabskinin rejissorluğunda tamaşaya qoyuldu. Əsas rolları da Mirzağa Əliyev (İsgəndər), Əliqulu Qəmküsar (Şeyx Nəsrulla), Ələkbər Hüseynzadə (Hacı Həsən ağa), Yunis Nərimanov (Kərbəlayı Fatma), Mirzə Muxtar Məmmədov (Şeyx Əhməd), Hüseynağa Hacıbababəyov (Nazlı) ifa etdilər. Bu, o dövr üçün böyük cəsarət və əsl sənət fədailiyi idi. Bakı ziyalılarının böyük maraqla qarşıladıqları və əksəriyyətin təqdir etdiyi tamaşa Sizi əsəbiləşdirib. Mətbuatda çıxış edib bildirmisiniz ki, Mirzə Cəlil xalqı təhqir edib. Hətta qəzəblənib yazmısınız ki, mən «Ölülər»in lazımsız, hədyan cızma-qara olduğunu göstərmək üçün «Dirilər» pyesi yazacam.
«Dirilər» pyesini yazdınızmı?..
Yazmısınızsa əlyazması haradadır?
Haşım bəy, sözgəlişi bir məsələni xatırladım. Vaxtilə yazdığınız «Döymə qapımı, döyərlər qapını», «Xan-xan», «Evlənmək su içmək deyil», «Uprava xanımın qızı, Tramvay xanımın toyu» pyeslərinizi 1919-cu ildən üzü bəri heç bir teatr yada salmır... Amma və di gəl ki, bəyənmədiyiniz «Ölülər» bu gün də teatrlarımızın repertuarının bəzəyidir.
Deyə bilərsinizmi bunun səbəbi nədir?

* * *
Nasir, dramaturq, rejissor Əbdürrəhim bəy Haqverdiyevə (1870-1933) xitab.
Sual.
- Cənab Əbdürrəhim bəy!
«Marallarım», «Ağa Məhəmməd şah Qacar», «Pəri cadu», «Millət dostları» kimi sənət inciləri yaratmısınız. Azərbaycanın ilk peşəkar rejissoru sayılırsınız. Ölkəmizdə dirijor pultuna ilk dəfə «Leyli və Məcnun» operasında Siz çıxmısınız (12 yanvar 1908).
Necə oldu ki, ömrünüzün müdrik çağlarında «Yoldaş Koroğlu», «Sağsağan», «Qadınlar bayramı» kimi qatı ideoloji pyeslər (ustad, üzrlü say, adamın əsər deməyə dili gəlmir) yazdınız?

* * *
Dramaturq, ictimai-siyasi xadim Nəriman Nərimanova (1870-1925) xitab.
Sual.
- Doktor Nərimanov!
1906-cı il iyun ayının 1-də «İrşad» qəzetində «Yeni teatrçılar» Sizə böhtan və təhqir dolu məktub ünvanlayıblar. Hətta utanıb-çəkinmədən Sizə, Azərbaycanda ilk teatr dəstəsinin yaradıcılarından birinə, «Nadanlıq», «Dilin bəlası» (“Şamdan bəy”) dramlarının, «Nadir şah» faciəsinin müəllifinə, Hacıtərxan (indiki Həştərxan) şəhərində Azərbaycan teatr truppasının yaradıcısına «səhnə sənətinin tərəqqisinə mane olursunuz» deyə çirkab atıblar. «Həyat» qəzetinin 1906-cı il 2 iyun nömrəsində onlara cavab ünvanlamısınız. Ancaq məktub-məqalənizdə heç kimin adını çəkməmisiniz.
Həmin «yeni teatrçılar» kimlər idi?

* * *
Azərbaycanın Xalq artisti Aleksandr Tuqanova (1871-1960) xitab.
Sual.
- Aleksandr Aleksandroviç!
Uilyam Şekspirin «Hamlet» faciəsi 1926-cı il dekabr ayının 23-də Azərbaycan səhnəsində ilk dəfə Sizin quruluşunuzda tamaşaya qoyulub. Tərcümə Cəfər Cabbarlının idi. Məşq prosesində təkidlə, Cəfər Cabbarlının ciddi etirazına məhəl qoymadan Hamlet və Ofeliyadan başqa bütün obrazların adlarını dəyişmisiniz. Gertruda - Göhərşad, Poloni - Loğman, Horatsio - Bəhram, Marsell - Bahadır, Gildenstern - Qəmran, Rozenkrans - Gülçin, Layert - Söhrab... olublar. İlkin və müəmmalı iddianız bu olub ki, azərbaycanlı tamaşaçıların «Hamlet» kimi mürəkkəb faciəni qavramaları üçün hadisələr Şərqə köçürülüb.
Əziz Tuqanov!
Tarixə birlikdə qısaca nəzər salaq.
1924-cü ilin iyun ayında Siz bugünkü Akademik Milli Dram Teatrına baş rejissor təyin olunan vaxtdan «Hamlet»in premyerasına kimi bu kollektiv aşağıdakı tərcümə əsərlərini oynayıb. Alman ədibləri Fridrix Şillerin «Qaçaqlar», «Məkr və məhəbbət», «Vilhelm Tell», fransız dühaları Jül Vernin («Kapitan Qrantın cocuqları»), Jan Batist Molyerin «Jorj Danden», «Don Juan», Aleksandr Dümanın «Nel qülləsinin sirri» («Qanlı qala» adı ilə), Adolf D’Enneri və Kermonun «İki yetimə», ingilis qələm sahibləri Uilyam Şekspirin «Otello», Brandon Tomasın «Tələbələrin kələyi, yaxud Çarleyin xalası», italyan Karlo Qoldoninin «Köhnə fikirlər, yaxud savadsız müəllim», ukraynalı Qriqori Genin «Trilbi», rus klassikləri Maksim Qorkinin «Yurdsuz insanlar» («Həyatın dibində» adı ilə), Nikolay Qoqolun «Müfəttiş» pyeslərinin tamaşaları əsasən uğurla göstərilib. Onu da deyim ki, bu tamaşalardan yalnız birini, Qoldoninin komediyasını Mirseyfəddin Kirmanşahlı tamaşaya hazırlayıb. Qalan bütün tamaşaların quruluşçu rejissoru Sizsiniz.
Məncə, fikrim aydındır...
Belə olan halda... Sizin azərbaycanlı tamaşaçıların zövqlərinə, dünyagörüşlərinə, qavrama qabiliyyətlərinə şübhəylə yanaşmağınızın kökündə nə dururdu?

* * *
Xalq artisti, aktyor, rejissor və opera müğənnisi Hüseynqulu Sarabskiyə (soyadı Rzayevdir. 1879-1945) xitab.
Sual.
- Cənab Sarabski!
Üzeyir bəy Hacıbəyli Peterburqda konservatoriya təhsili alanda maddi sıxıntı keçirib. Bakıda oynanılan tamaşalardan onun payına düşən qonorarı poçtla göndərməyi dostu və bacanağı Müslüm bəy Maqomayevə, əsasən isə Sizə həvalə edib. Üzeyir bəy 7 avqust 1913-cü il tarixdə Müslüm bəyə göndərdiyi məktubda yazır: «...Sarabskiyə məktub yazıb öz 400 manatımı istəmişdim. Heç olmasa 200 manat göndərəydi, lakin heç bir cavab almadım. Halbuki pula ehtiyacım vardı. Ciddi teleqram vurmağa məcbur oldum. Bir neçə gündən sonra 100 manat aldım. İndi yenə də pul gözləyirəm. Lakin pul əvəzinə israğa gün Sarabskidən və kompaniyasından teleqram almışam ki: «içirik sənin sağlığına, «Əsli və Kərəm» müvəffəqiyyətlə keçdi». Mən cavab vermədim...»
Yeri gəlmişkən, yaxşı xəbərdarsınız ki, həmin dövrdə dram tamaşaları ilə müqayisədə Üzeyir bəyin opera və operettaları daha tez-tez oynanılırdı. Deməli, aktyorların, həm də bəstəkarın payına düşən gəlir də artıq idi. Yəqin onu da unutmamısınız ki, dramatik aktyor və rejissor kimi məşhur olsanız da, 1908-ci il yanvar ayının 12-dən başlayaraq Məcnunla əvvəlkindən qat-qat böyük şöhrət qazanmısınız.
Hüseynqulu bəy!
Məsləkdaşınıza, dostunuza bu münasibətiniz ərkyanalıqdan irəli gəlirdi, yoxsa laqeydlikdən? Xahiş edirəm, səmimi cavab verin...

(Ardı var)