Dövlət Bayrağının Təbliği Muzeyinə ekskursiya

Yanvarın 25-də Mədəniyyət və Turizm Nazirliyinin Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə nazirlik aparatının kollektivi paytaxtdakı Dövlət Bayrağı Meydanında yerləşən Dövlət Bayrağının Təbliği Muzeyində ekskursiyada olub.

Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin Aparat rəhbəri Qəzənfər Qasımov ekskursiyaya gələnləri qarşılayaraq bu təşəbbüsü yüksək qiymətləndirib, Mədəniyyət və Turizm Nazirliyi işçilərinin muzeyə diqqətindən məmnunluğunu bildirib.
Muzeyin direktoru Könül İmamverdiyeva və əməkdaşlar Dövlət Bayrağı Meydanı, muzeydə nümayiş olunan zəngin ekspozisiya haqqında məlumat veriblər. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 17 noyabr tarixli sərəncamı ilə Bakı şəhərində yaradılmış Dövlət Bayrağı Meydanı ölkəmizin qüdrətini, xalqımızın dövlət atributlarına ehtiramını təcəssüm etdirir. 2010-cu il sentyabrın 1-də meydanın təntənəli açılışı keçirilib. Burada ucaldılan dövlət bayrağı dirəyi ölçülərinə görə “Ginnesin rekordlar kitabı”na düşüb. Dirəyin hündürlüyü 162, bünövrəsinin diametri 3,2 metrdir. Qurğunun ümumi çəkisi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, çəkisi təqribən 350 kiloqramdır.
Qeyd olunub ki, meydan ərazisində yaradılan Dövlət Bayrağının Təbliği Muzeyi eyni zamanda maraqlı memarlıq layihəsidir. Burada qədim dövrlərdən başlayaq Azərbaycan dövlətlərinin, xanlıqlarının bayraq və rəmzləri nümayiş olunur.
Bu tarixi rəmzlərdən biri də İrəvan xanlığının bayrağıdır. Üzərində Quran ayələri olan bu bayraq indiki Ermənistan ərazisinin vaxtilə Azərbaycanın tarixi torpaqları olmasına dair əyani sübutdur.
Vaxtilə Azərbaycan Xalq Cümhuriyyətinin İstanbuldakı nümayəndəliyinin qarşısında dalğalanmış bayrağın əsli də ekskursiya iştirakçılarında maraq doğurub. Qeyd olunub ki, üçrəngli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qaldırılıb.
Ekskursiya iştirakçıları Azərbaycan Respublikası Prezidentinin, müxtəlif nazirlik və dövlət orqanlarının ştandartlarının nümunələri, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mərasim geyim formaları, bayraqların emblemləri, poçt markaları, muzeydə yaradılan elektron kitabxana ilə də tanış olublar.
Mədəniyyət və Turizm Nazirliyi Aparat rəhbərinin müavini, nazirliyin Həmkarlar İttifaqı Komitəsinin sədri Cavanşir Cəfərov kollektiv adından maraqlı ekskursiyaya görə Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin və muzeyin rəhbərliyinə təşəkkürünü bildirib. Mədəniyyət və Turizm Nazirliyinə Dövlət Bayrağının Təbliği Muzeyinin nəfis nəşrləri hədiyyə edilib. Sonda xatirə şəkli çəkdirilib.