Dünyanın aparıcı turizm ölkələrinə virtual səyahətdə bu dəfə yolumuz Fransayadır. İldə 80 milyondan çox turist qəbul edən Fransa bu sırada dünya birinciliyini əldən vermək niyyətində deyil. Bu liderlik ölkənin təbiətinin rəngarəngliyi, mədəni irsinin, muzeylərin, tarixi abidələrinin zənginliyi ilə izah olunur. Fransa, eyni zamanda, Amerika Birləşmiş Ştatları və İspaniyadan sonra dünyada turizmdən ən çox gəlir götürən üçüncü ölkədir.

Fransa turizminin iqtisadi aspektləri

Statistik məlumatlara görə, 2012-ci ildə ölkəyə 83 milyon turist gəlib. Fransa bu göstərici ilə ABŞ-ı (63 milyon), Çini (57 milyon), İspaniyanı (56 milyon) geridə qoyur. Ölkənin turizm naziri deyir: “Bir qədər səy göstərib bu göstəriciləri yüksəltmək də olar, amma, deyin görək, hansı sektorda nəticələr turizmdə olduğu kimi ilbəil sürətlə artır: 2010-cu ildə dövriyyəmiz 68 milyard, 2011-də 75, 2012-ci ildə isə 77 milyard avro olub. Biz çalışmalıyıq ki, turist axını sahəsində dünyada birinci yeri qoruyub saxlayaq, infrastrukturumuzu təkmilləşdirək, təkliflərimizi və göstərdiyimiz xidmətin səviyyəsini yüksəldək”.
Fransanın turizm dövriyyəsi ümumi daxili məhsulun 7 faizini təşkil edir. Turizm sektorunda 2,9 milyon insan çalışır və bu, iqtisadiyyatın ən böyük əməktutumlu sahələrindən biridir.

Əsas turizm şəhərləri və məkanlar

2012-ci ildə illik 6% artımla Paris şəhəri turizm sahəsində diqqətəlayiq nəticələr əldə edib. Fransa paytaxtına istirahət və işgüzar məqsədlə üz tutanlar arasında amerikalılar, britaniyalılar və çinlilər çoxluq təşkil edir. Ən böyük artım isə Yaxın və Orta Şərqdən gələn turistlər arasında müşahidə olunur. Mütəxəssislərin fikrincə, bu müvəffəqiyyət şəhərdə mədəniyyət proqramlarının daha dolğun və rəngarəng olması, zəngin tarixi və mədəni abidələrin çoxluğu ilə əlaqəlidir. Mağazalar, modalar evi və zəngin mətbəx də Parisin cazibədarlığını artıran əsas amillər sırasındadır.
Turist axınının əsas hissəsi Parisə yönəlsə də, Tuluza, Strasburq, Bordo, Lion şəhərləri, Provans və Lacivərd sahil, Luara vadisi, Atlantik okeanı sahili və cənub-qərb regionları da əcnəbi qonaqların sevimli yerlərinə çevrilib. Luaranın məşhur qəsrləri, Marsel və Kassi arasındakı kiçik cazibədar körfəzlər, Avropada ən böyük hesab edilən Pilanın qum barxanı və saymaqla qurtarmaq bilməyən onlarla digər gözoxşayan məkanlar var ki, onlardan 37-si UNESCO-nun dünya mədəni irs siyahısına daxil edilib.

Məhəbbət və mədəniyyət paytaxtı

Luvr dünyanın ən çox ziyarət olunan muzeyidir. Hərdən deyirlər ki, sadəcə bu muzeyə görə Parisə səyahət etməyə dəyər. Eyfel qülləsi, Notr-Dam kafedral kilsəsi Fransa paytaxtının təkrarsızlığının bariz nümunələridir. Paris rusiyalı turistlərin ən sevimli şəhərləri sırasında birinci yerdə dayanır. Ruslar bu şəhəri turist marşrutları içərisində məcburi istiqamət hesab edir, onu romantikadan, ətriyyatdan, və şərablardan ayrı təsəvvür etmir və deyirlər ki, hər bir insan ömründə heç olmazsa bir dəfə Fransada, Parisdə olmalıdır. Fransa Turizm İnkişaf Agentliyinin təxminlərinə görə, 2014-cü ildə Rusiya və Ukraynadan Fransaya gələn turistlərin sayı 1,3 milyon nəfərdən çox olacaq, bu isə 2011-ci ilə nisbətən iki dəfə çoxdur.

Günəşli sahil və qarlı dağlar

Paytaxt Parisdən sonra 10 milyon turist sayı ilə ən çox baş çəkilən yerlərdən biri ölkənin Cənub-Şərqində yerləşən fransız Rivierası və ya Kot de Azurdur. Bura ilin 300 günü günəşli xoş havası, 115 kilometr uzunluğunda əsrarəngiz qumlu sahilləri, təkrarsız çimərliklər və yaşıl qolf meydançaları, dağ-xizək idmanı və 3 mindən çox restoranı ilə turistlərin xidmətindədir. Eyni zamanda, Kot de Azur sahillərini ilboyu ən bahalı və dəbdəbəli yaxtalar da bəzəməkdədir. Burada turistləri isti qumlu çimərliklərlə yanaşı, Alp dağlarının şərq yamaclarında böyük dağ-xizək kompleksləri gözləyir.

İşgüzar turistlərin sevimli şəhəri

İşgüzar turistlər arasında ən məşhur fransız şəhəri isə Tuluzadır. Bu, ilk növbədə şəhərdə biznes turizmi üçün müvafiq infrastrukturun olması ilə izah olunur. Tuluzada iri təyyarə və gəmiqayırma sənayesi müəssisələri fəaliyyət göstərir, transmilli kooperasiyalar ilboyu toplantılar, konqreslər və seminarlar təşkil edirlər. Ümumiyyətlə, işgüzar turizm sahəsində Fransa çox mühüm yer tutur, 2011-ci ildə Fransada 6 mindən çox belə tədbir təşkil olunub. Beynəlxalq miqyaslı mədəni tədbirlərin təşkilində də bu ölkə ilk yerlərdən birini tutur.

Kənd turizmi və unikal mətbəx

Fransanın turist sayında liderliyi əldə saxlamasında mətbəx amili də az rol oynamır. Avropalı turistləri, daha doğrusu almanları, italyanları, belçikalıları Fransa təbiətinin təkrarolunmaz gözəllikləri, mədəni irsi, kəndlərinin özünəməxsus xüsusiyyətləri ilə yanaşı, fransız regionlarının mətbəxi özünə daha çox cəlb edir. Ümumiyyətlə, mətbəx mədəniyyəti, xidmət səviyyəsi ilə seçilən bu ölkə unikal restoranlarla da zəngindir. Hər biri sənət əsəri kimi təqdim edilən ən müxtəlif mətbəx nümunələri bu ölkəyə gələn turistləri valeh edir. Xüsusilə Fransada dəbdəbəli şam yeməkləri həm fransızlar, həm də qonaqlar üçün hadisə hesab olunur. Zərif gecə qiyafələrində restoranlara üz tutan turistlər şam yeməyini hadisəyə çevirməyin mümkünlüyünü dərk etmiş olurlar.

Sadiq Musa