İlham Rəhimli

(Əvvəli qəzetimizin 11, 13, 18 dekabr, 22, 24, 29, 31 yanvar, 5, 7, 12, 14, 19 fevral tarixli nömrələrində)


Xalq artisti, rejissor Tofiq Kazımova (1923-1980) xitab.
Sual.
- Tofiq müəllim!
Şair-dramaturq Süleyman Rüstəm nəsrlə yazdığı «Burda mənəm, Bağdadda kor xəlifə» satirik komediyasını 1955-ci ildə Milli Dram Teatrına təqdim etdi. Uzun müzakirələrdən, bədii şurada bir neçə dəfə oxunuşdan sonra əsər teatrın repertuar planına daxil edildi. Tamaşanın quruluşu Sizə tapşırıldı. Bədii tərtibatı rəssam İsmayıl Axundov işləmişdi. Məşqlər çox intensiv şəkildə və coşqun yaradıcılıq ehtirası ilə aparılırdı. Bütün yaradıcı heyət səylə çalışırdı. Tamaşa hazır oldu. Tamaşaya əvvəl daxili və sonra ictimai baxış keçirildi. Səhnə əsəri respublika teatr ictimaiyyəti tərəfindən çox böyük maraqla qarşılandı. Repertuara daxil edilməsi qəbul olundu və mədəniyyət nazirliyi də buna razılıq verdi. Beləliklə, «Burda mənəm, Bağdadda kor xəlifə» tamaşasının premyerası da təyin edildi...
Ancaq və di gəl ki, maraqlı səhnə həlli tapılan satirik komediyanın oynanılmasına Mərkəzi Komitə icazə vermədi.
Respublika rəhbərliyi (yaxud qadağanı verən hansısa məsul işçilər) nəyi bəhanə və səbəb gətirərək «Burda mənəm, Bağdadda kor xəlifə» tamaşasının premyerası oynanılmadan repertuardan çıxardı?


Xalq artisti, dram və kino aktyoru Məlik Dadaşova (1924-1996) xitab.
Birinci sual.
- Məlik müəllim!
Rejissor Mehdi Məmmədov 1969-cu ilin sonlarında dramaturq Hüseyn Cavidin «Xəyyam» mənzum faciəsinin məşqlərinə başlamağı qərarlaşdırdı. Səhnə əsərinin hazırlanması haqqında direktorun teatrdaxili əmri verildi (premyera 12 mart 1970-ci ildə oldu). Həmin əmr teatrın foyesindəki elanbənddə bir neçə gün qaldı. Onu oxuyanlardan biri də mən olmuşam. Çünki həmin dövrdə bizim kursumuzun tələbələri səhnə texnikasını öyrənmək üçün teatra, quruluş hissə müdiri işləyən Həsən Mirzəyevin yanına təcrübəyə gəlirdi.
Elanda rol bölgüsünün siyahısı da vardı. Xəyyam rolunun qarşısına yazılmışdı: Məlik Dadaşov, Həsən Turabov və Mehdi Məmmədov. Mizarxası məşqlərdə, hətta səhnədəki mizan qurumlarında Siz də vardınız. Lakin gözlənilmədən Xəyyam rolundan çıxarıldınız.
Bunun səbəbi nə oldu?
* * *
İkinci sual.
- Gənc yaşlarınızda az müddət Gənc Tamaşaçılar, Zaqatala, Şəmkir teatrlarında aktyor işləmisiniz. Ancaq və di gəl ki, yaradıcılığınızın hüsnü, təravəti, möhtəşəmliyi bilavasitə Milli Dram Teatrı ilə bağlıdır. 1950-1990-cı illərdə Akademik Teatrın truppasında çox parlaq simalardan biri də Siz idiniz.
Birlikdə yada salaq. Bu sənət ocağında oynadığınız dərviş Məstəli şah (“Müsyö Jordan və dərviş Məstəli şah”, Mirzə Fətəli Axundzadə), Şeyx Nəsrulla (“Ölülər”, Cəlil Məmmədquluzadə), Şiruyə və Şapur (“Fərhad və Şirin”, Səməd Vurğun), Tərlan (“Sənsiz”, Şıxəli Qurbanov), Aslan (“Yağışdan sonra”, Bəxtiyar Vahabzadə), Prospero (“Fırtına”, Uilyam Şekspir), Don Aryas (“Sevilya ulduzu”, Lope de Veqa), Kavaler de Lya Kotri (“Məzəli hadisə”, Karlo Qoldoni), Paratov (“Cehizsiz qız”, Aleksandr Ostrovski), Ruprext (“Yad adam”, Leonqard Frank), Viktor Karenin (“Canlı meyit”, Lev Tolstoy) rolları ilə böyük uğurlar qazanmısınız. Həmin sırada daha neçə-neçə rolunuzun adını çəkə bilərəm.
Bir müddət doğma kollektivdən ayrılıb Azərbaycan Dövlət Rus Dram Teatrında direktor və bədii rəhbər işlədiniz (1989-1991). Sonra yenə Milli Dram Teatrına qayıtdınız.
İşlədiyiniz müddətdə Rus Dram Teatrının yaradıcılıq iqlimində yüksəlişə doğru elə bir dəyişiklik edə bilmədiniz. Burada oynadığınız iki rol da yaradıcılığınızda dərin iz buraxmadı.
İstər-istəməz sual doğur.
Aya, görəsən, Məlik Dadaşov kimi nəhəng Azərbaycan aktyorunu Rus Dram Teatrına nə çəkib aparmışdı?
Direktor və bədii rəhbər işləməyiniz vəzifə ehtirasından irəli gəlirdi, yoxsa yeni yaradıcılıq məqsədinizin başlanğıcı idi?
Əgər belədirsə, onda niyə heç iki il tamam olmamış bu istəyinizə xitam verildi?


Rejissor və pedaqoq Nəsir Sadıqzadəyə (1926-1996) xitab.
Sual.
- Nəsir müəllim!
19 sentyabr 1962-ci ildə Akademik Dram Teatrında Süleyman Rüstəmin «Qaçaq Nəbi» qəhrəmanlıq dramını tamaşaya hazırlamısınız. Teatr tarixindən bilirik ki, bu pyes ilk dəfə Azərbaycan Dövlət Dram Teatrında 26 sentyabr 1940-cı ildə İsmayıl Hidayətzadənin rejissorluğu ilə oynanılıb. Nəbi rolunu Rza Əfqanlı və Ələsgər Ələkbərov ifa ediblər. Məmmədrza Şeyxzamanov Nəbi rolunu Gəncə teatrında oynayıb. Bunlar öz yerində. Sizin quruluş verdiyiniz tamaşanın premyerası üçün buraxılan proqramlarda Qaçaq Nəbi rolunun qarşısına üç ifaçının adı yazılıb: Möhsün Sənani, Məmmədrza Şeyxzamanov və Həsən Turabov. Hər üç ifaçı da sona qədər məşq edib. Ancaq bir neçə il teatrın repertuarında qalan tamaşada Nəbi rolunda səhnəyə çıxmağa ancaq Məmmədrza Şeyxzamanova icazə vermisiniz.
Bəs Möhsün Sənani kimi hörmətli və təcrübəli, Həsən Turabov kimi istedadlı gənci Nəbi rolunda məşq edə-edə, onlar rola tam hazır olduqları halda nə üçün səhnəyə buraxmamısınız?
Onu da bilirəm ki, bu xoşagəlməz münasibətə görə Həsən Turabov teatrdan inciyərək Dənizçilik İnstitutunun Bakıdakı Odessa filialına imtahan verib. Hətta bir neçə ay orada oxuyub və onu sonradan yenidən teatra qaytarıblar.
Həmin tamaşada Lütfi Məmmədbəyovun (Qurd Kərim) və Fazil Salayevin (Xəlil) də adları proqramda yazılıb. Ancaq onlar da «Qaçaq Nəbi»də oynamayıblar.
Bir tamaşada dörd aktyorun hazır olduqları rollarda səhnəyə çıxmamasına necə, hansı tutarlı əsasla haqq qazandıra bilərsiniz?


Xalq artisti, aktyor və rejissor Lütfi Məmmədbəyova (1927-2004) xitab.
Sual.
- Lütfi müəllim!
Maraqlananlara məlumdur ki, səhnə fəaliyyətinə 1946-cı ildə, hələ Bakı Teatr Məktəbində oxuyanda Gənc Tamaşaçılar Teatrında başlamısınız. Bu sənət ocağında İsgəndər Coşqunun «Komsomol poeması» (Cəlal), Mir Cəlalın «Bir gəncin manifesti» (Mərdan), Rauf İsmayılovun «Son məktub» (Çinar), «İki həyat» (Elşən), Yusif Əzimzadənin «Nəsrəddin» (Nəsrəddin), Əyyub Abbasovun «Aqil və Sərvinaz» (Aqil), Əfqanın «O mənim oğlumdur» (Ramiz), Yevgeni Şvartsın «Qarlar kraliçası» (Şahzadə Klaus), Biçer Stounun «Tom dayının koması» (Klaus Corc) pyeslərinin tamaşalarında baş rolları oynamısınız. Neçə-neçə səhnə əsərində əsas obrazlarda çıxış etmisiniz. Sizin rollara başqa teatrın aktyorları da gəlib maraqla baxıblar.
Gənc Tamaşaçılar Teatrında qəhrəman rollarının əsas ifaçısı olan iki-üç aktyordan biri idiniz. Belə bir vaxtda, 3 dekabr 1961-ci ildə gözlənilmədən Milli Dram Teatrına aktyor keçdiniz. Təəssüflər olsun ki, burada böyük sənət uğurları qazana bilmədiniz.
Nə məqsədlə, hansı maraqla truppasının zirvəsində olduğunuz kollektivdən ayrıldınız?
Sonralar bunun peşmançılığını çəkirdinizmi?
* * *
İkinci sual.
- Birinci sualımdan ikinci sual doğur.
Görünür, Milli Dram Teatrında aktyor yaradıcılığında uğur qazana bilməməyiniz Sizi rahatsız edib. Buna görə də 1961-1966-cı illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunda rejissorluq təhsili almısınız. Mənim fikrimcə, rejissoru olduğunuz «Bağ qonşuları» (Hay Vahid), «Qanqın böyük dalğası» (Cahan Əfruz), «Əcəb işə düşdük» (Şıxəli Qurbanov), «Eşq və intiqam» (Süleyman Sani Axundov) tamaşaları da teatrın yaradıcılıq salnaməsində parlaq iz buraxmadılar.
Bunun müqabilində 1970-1988-ci illər ərzində Azərbaycan Televiziyasında «Atayevlər ailəsində» (İlyas Əfəndiyev), «Alov» (Mehdi Hüseyn), «Göz həkimi» (İslam Səfərli), «Kişilər» (Altay Məmmədov), «Köşək gözü» (Çingiz Aytmatov), «Polkovnik Şaber» (Onore de Balzak) və digər əsərlərin gözəl, maraqlı, yüksək aktyor ifaçılığı olan teletamaşalarını hazırlamısınız. Videoçəkiliş yaranandan sonra hazırladığınız tamaşalar hazırda televiziyanın qızıl fondunda saxlanılır. Bakı teatrlarının aktyorları böyük həvəslə hazırladığınız televiziya tamaşalarında oynayırdılar. Rol almayanlar da nə vaxtsa istəklərinə çatmaq arzusu ilə Sizə rəğbət bəsləyirdilər.
Soruşuram: bir-birinin ardınca uğurlar qazandığınız halda niyə Azərbaycan Televiziyasına (o vaxt bir televiziya vardı) quruluşçu rejissor işləməyə getmədiniz?
Halbuki bir neçə dəfə Azərbaycan Televiziyasının rəhbərliyindən belə təklif almışdınız...
* * *
Üçüncü sual.
- Gülüm oğlan! (İfadə Sizindir).
Milli Dram Teatrında 1962-ci ildə Süleyman Rüstəmin «Qaçaq Nəbi» (Qurd Kərim), 1963-cü ildə Hüseyn Cavidin «Səyavuş» (Altay), 1964-cü ildə Aleksey Arbuzovun «Tanya» (Mixey), Hüseyn Muxtarovun «Kimdir müqəssir?» (Qurd Bəkir), 1973-cü ildə İlyas Əfəndiyevin «Qəribə oğlan» (Otar), 1977-ci ildə Droqomir Asenovun «Qızıldan qiymətli» (Petrunov), 1982-ci ildə Nahid Hacızadənin «Məhəbbət yaşadır» (Cığatay) əsərlərinin məşqlərində sona qədər iştirak etmisiniz. Obrazları əməlli-başlı məşq edib hazırlamısınız. Tamaşaların premyera proqramlarının hamısında göstərdiyim rolların qarşısında adınız və soyadınız yazılıb. Ancaq həmin tamaşaların heç birində oynamamısınız. Yeddi rolu məşq edib... səhnəyə çıxmamaq... Çox deyilmi?
Hansı səbəblərdən sadaladığım rolları ifa etməmisiniz?
Obraz xoşunuza gəlmirdisə məşqlərin yarısında roldan çıxa bilərdiniz. Bunu nə üçün etməmisiniz?
Tutaq ki, quruluşçu rejissorları başqa-başqa şəxslər olan tamaşalarda səhnəyə çıxmamağınıza bəhanələr tapdınız. Axı «Məhəbbət yaşadır»ın rejissoru özünüz idiniz. Səməndər Rzayevin aktyor qüdrətinə bələd ola-ola nə üçün ona eyni obrazda roldaş oldunuz?
Bəlkə Səməndərin uğurlu ifasından sonra səhnəyə çıxmağa cəsarət etməmisiniz?


Əməkdar artist, aktyor və pedaqoq Müxlis Cənizadəyə (1928-1972) xitab.
Sual.
- Müxlis müəllim!
Yüksək səhnə mədəniyyətinə, gözəl ifaçılıq qabiliyyətinə malik aktyor idiniz. Məlahətli və cazibəli, zəngin repertuarlı qiraət ustası sayılırdınız. Klassik Azərbaycan şairlərinin sənət nümunələrindən ibarət silsilə proqram-repertuarınız vardı. Azərbaycan Dövlət Teatr İnstitutunun aktyor fakültəsini bitirən ilk buraxılış kursunda Siz də vardınız. Hərbi xidmətdən qayıdandan sonra, 1953-cü ildə Milli Dram Teatrının bədii rəhbəri Ədil İsgəndərovun dəvəti ilə həmin kollektivə aktyor götürülmüsünüz. Zeynal («Həyat», Mirzə İbrahimov), Talıbov («Göz həkimi», İslam Səfərli), Pavlik («Şəxsi iş», Aleksandr Şteyn), Ötgün, Camal («Dönüş» və «Almaz», Cəfər Cabbarlı), Çjou Çun («Tufan», Tsao Yuy) və bu kimi bir sıra maraqlı xarakterik rollar oynamısınız. 1960-cı ilin oktyabr ayında teatra baş rejissor Mehdi Məmmədov təyin edildi. 1961-1962-ci il teatr mövsümündə, deyilənə görə, baş rejissorla aranızda kəskin konfliktiniz oldu və truppadan uzaqlaşdırıldınız. Uzaqlaşdırıldınız... və bir daha teatra qayıtmadınız.
Bilmək maraqlı olar. Mehdi müəllimlə belə ciddi konfliktin əsasında nə dururdu?


Fövqəladə fitri istedad sahibi, gülüş ustası Fazil Salayevə (1931-1986) xitab.
Sual.
- Can-ciyər! (Sizin xoşladığınız müraciətdir).
Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsini bitirərək (əvvəl Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində təhsil almısınız) 1961-ci il oktyabr ayının 14-də Milli Dram Teatrına aktyor qəbul olunmusunuz. Burada Lütfiyar («Əcəb işə düşdük», Şıxəli Qurbanov), Cəlal («Ölülər», Cəlil Məmmədquluzadə), Artist Sərxan («Görünməmiş toy», Qriqori Qorin və Arkadi Arkanov), Musiqiçi («Canlı meyit», Lev Tolstoy), İkinci əcinnə («Pəri cadu», Əbdürrəhim bəy Haqverdiyev) kimi tipik-xarakterik və son dərəcə koloritli səhnə obrazları ifa etmisiniz. Rejissorlara xahiş edirmişsiniz ki, hazırladıqları tamaşalarda Sizə çox sözü olan obraz verməsinlər.
Teatrdaxili qaydaları pozduğunuz, məşqlərə müntəzəm gecikdiyiniz, tamaşalara lazımi qaydada gəlmədiyiniz üçün dəfələrlə xəbərdarlıqdan sonra truppadan çıxarıldınız.
1970-ci ilin sentyabr ayından Azərbaycan Dövlət Musiqili Komediya Teatrında işlədiniz. Bu kollektivdə Vəli («Arşın mal alan», Üzeyir bəy Hacıbəyli), Şulu («Əlli yaşında cavan», Zülfüqar bəy Hacıbəyli), Şakir («Dağlar qoynunda», Ədil İsgəndərov və Əşrəf Abbasov), Muxtar («Həmişəxanım», Salam Qədirzadə və Süleyman Ələsgərov), Cako («Keto və Kote», Viktor Dolidze) rollarını oynadınız. İş vaxtlarında da əylənməyə güclü meyl göstərdiyinizə görə bu sənət ocağı ilə də vidalaşmalı oldunuz.
Nə yaxşı ki, «Azərbaycanfilm»də «Şərikli çörək» (Qırçı Məhəmməd), «Rəqiblər» (Fazil. «Ömrün səhifələri» kinoalmanaxında), «Axırıncı aşırım» (Rəşid), «Dərviş Parisi partladır» (Qulaməli), «Alma almaya bənzər» (Mehdi), «Bizim Cəbiş müəllim» (Mıqqı), «Bir cənub şəhərində» (Fazil), «Sən niyə susursan?» (Qatil) bədii filmlərində epizod rollara, neçə-neçə satirik «Mozalan» süjetinə çəkildiniz.
Təəssüf... təəssüf... və yenə təəssüf ki, Azərbaycan teatrı Fazil Salayev kimi qüdrətli komediya aktyorunu sağ-salamat olarkən itirdi...
Səhnəyə ölçüyə gəlməyən qeyri-ciddi münasibətinizə son qoymağa iradəniz çatmırdımı?
Yoxsa Sizi içki yoluna sürükləyənlər qarşılarında Fazil Salayev kimi möcüzə aktyorun olmasını istəmirdilər?
Hər iki halda Fazil Salayev istedadının çoxlu lay-lay qatları həm teatrda, həm də kinoda açılmamış qaldı...


Xalq artisti Səyavuş Aslana (1935-2013) xitab.
Sual.
- Dostum Səyavuş!
Musiqili Komediya Teatrında dramaturq Süleyman Rüstəmin və bəstəkar Səid Rüstəmovun «Durna» operettası oynanılırdı. Dursun rolunu siz ifa edirdiniz. Həmin gün teatra başqa respublikadan qonaqlar gəlmişdilər. Onlar teatrın bədii rəhbəri Şəmsi Bədəlbəyli ilə birlikdə direktorun hücrəsində (lojasında) əyləşib tamaşaya baxırdılar. Dursun rolunun ifaçısı (yəni Siz) qonaqların çox xoşuna gəlib. Onlar Şəmsi müəllimdən təvəqqe ediblər ki, Səyavuşla görüşmək istəyirlər. Lütfən tamaşadan sonra bu tanışlığı reallaşdırsın.
Tamaşa bitib. Şəmsi müəllim qonaqlarla səhnə arxasına keçiblər. Səyavuş Aslanın qrim otağı boş idi. Aktyorlar da tərəddüdlə qonaqlara və çox şən görünən Şəmsi müəllimə baxırdılar. Şəmsi müəllim gülə-gülə soruşub:
- Bəs bu xani-xərab Səyavuş hanı?
Aktyor İmamverdi Bağırov dillənib:
- Şəmsi müəllim, bəyəm bilmirsiniz? Səyavuşun atası rəhmətə gedib. Bu gün dəfn olundu. Ona görə tamaşadakı yeri qurtaran kimi tələsik qrimini silib evə getdi...
Şəmsi müəllim qonaqları da vəziyyətdən hali etdi. Hamının çöhrəsini heyrət və təəccüb bürümüşdü.
Sənətkar!
Bilirik ki, aktyor ömrünün, aktyor taleyinin belə qəribəlikləri də olur. Aktyorun sevinci, kədəri, yaşanan günləri bütün peşə sahiblərindən fərqlənir...
Şahidlər deyir ki, həmin gün Səyavuş Aslan öz rolunu daha şövqlə, daha ilhamla oynayırdı.
Kədərli faciənin ağırlığı altında səhnəyə çıxmaq, çıxıb komediya rolu oynamaq, oynayıb tamaşaçılara bol-bol gülüş bəxş etmək üçün iradənizi necə topladınız?