Şərqlə Qərbin, fərqli mədəniyyətlərin, tarixlə müasirliyin əsrarəngiz şəkildə qovuşduğu Bakı zaman-zaman buraya gələn əcnəbilərin diqqətini çəkib, onları heyrətə salıb. Bakı bu gün də qədim tikililəri, müasir arxitekturası, ümumiyyətlə, şəhər mədəniyyəti ilə şöhrətinin zirvəsindədir. Heydər Əliyev Mərkəzi, “Alov qüllələri” (“Flame Towers”), Azərbaycan Xalça Muzeyi və son illərdə inşa edilən digər möhtəşəm binalar müasir dünya memarlığının gözəl nümunələrindəndir.

Şəhərin ən gözəgəlimli tikililərindən biri də paytaxtın hər tərəfindən görünən, gecələr lazer işıqlandırılması ilə nəhəng bir mayak kimi bərq vuran Bakı Televiziya Qülləsidir. Onun zirvəsindən paytaxtın gözəlliyini seyr etməyin isə ayrıca ləzzəti var. Bu günlərdə biz də paytaxtımızı bu zirvədən seyr etdik. Həqiqətən də unudulmayacaq bir mənzərə idi...

Tarix

Təməli 1981-ci ildə qoyulan Bakı Televiziya Qülləsi ölkədə televiziya verilişlərinin daha keyfiyyətli yayımlanması məqsədilə tikilib. Kompleks Azərbaycan Rabitə Nazirliyinin sifarişi əsasında SSRİ Nazirlər Şurasının qərarına əsasən layihələşdirilmişdi. İlkin planlaşdırılmaya görə, tikinti işləri 1985-ci ildə tamamlanmalı idi. Lakin müəyyən səbəblər üzündən işlər ləngiyir, SSRİ-nin dağılması ilə tamam dayandırılır. Tikintiyə artıq müstəqillik dövründə, 1993-cü ildə yenidən start verilir və nəhayət, 1996-cı il iyunun 7-də kompleksin rəsmi açılış mərasimi keçirilir.
310 metrlik qüllə Azərbaycanda ən hündür tikili, dünyada isə 34-cü televiziya qülləsidir. Bakının ən yüksək nöqtəsində yerləşən tikilidə 2008-ci ildə yenidənqurma işləri aparılıb, 175 metr yüksəklikdə şəhərin gözəl mənzərəsini seyr etməyə imkan verən və dövr edən restoran açılıb.

Zirvədən görünənlər

Restorana qalxmaq üçün qüllənin içərisində iki lift quraşdırılıb. Lift 1 dəqiqə 20 saniyə ərzində bizi qüllənin 27-ci mərtəbəsinə qaldırdı. Restoranın interyeri, sözün həqiqi mənasında, göz qamaşdırır. Çox orijinal üslubda, xüsusi işləmələrlə bəzədilib. Dizaynı da fərqli üslubda qurulub. Restoranın əsas özəlliyi isə döşəməsinin saat əqrəbi istiqamətində fırlanmasıdır. Bu da paytaxtın bütün panoramını oturduğun masadan seyr etməyə imkan verir. Döşəmənin bir dəfə dövr etməsi 1 saat 20 dəqiqə çəkir.
Buradan baxdıqda gözümüzün önündə ecazkar bir mənzərə canlanır. Möhtəşəm göydələnlərin əhatəsində qalan, Bakının minillik tarixinə şahidlik edən qədim İçərişəhər, Qız qalasından tutmuş ən müasir tikililərini, paytaxtın ən uzaq yaşayış məntəqələrini belə aydın görmək olur. Şəhərin ən yüksək nöqtələrindən birində inşa edilmiş nəhəng “Alov qüllələri” isə tam fərqli bir mənzərə yardır. Bu əsrarəngiz tikili sanki günəşin yerə göndərdiyi işığı, alovu səxavətlə göylərə ərməğan edir...
Bayraq meydanı, milli qürur mənbəyimiz olan üçrəngli bayrağımızın ahəstə dalğalanması mavi Xəzərin dalğaları ilə qol-boyun olur, xüsusi bir ahəng yaradır. Paytaxtımızın səmasına sığal çəkən üçrəngli bayraq isə sanki coşqun Xəzəri, onunla bağrıbadaş olan qədim və müasir Bakımızı qoruyan, kirpikləri qovuşmayan ayıq-sayıq gözətçini xatırladır.
Qaş qaralmağa başlayanda müasir işıqlandırma sistemləri sayəsində Bakı çilçırağa dönür. Odlar Yurdunun qəlbi sanki alışıb-yanır. Hündür binalar isə biri-biri ilə yarışa girərək öz gözəlliklərinə tamaşa etmək üçün Xəzərə boylanırlar. Xəzər də onlara özlərini aydın görmələri üçün bir güzgü tutur...

175 metr hündürlükdə könlünüz nə istəyir?

Gündüz saat 12-dən gecə 24-dək işləyən restoranda Azərbaycan və Avropa mətbəxinə aid istənilən yeməklərdən sifariş etmək mümkündür. Qonaqlara mehriban, gülərüz və bacarıqlı kollektiv yüksək səviyyədə xidmət göstərir. Səslənən Azərbaycan musiqiləri isə hər kəsə gözəl istirahət əhvalı bəxş edir.
Televiziya qülləsinin insanların orqanizminə mənfi təsir göstərib-göstərmədiyini soruşduq. Bildirirlər ki, şüalanma ehtimalı yoxdur. Çünki fizikanın qanunlarına görə, qüllənin şüası onun yaxın ətrafına təsir etmir. Amma müxtəlif qan-damar xəstəlikləri olan və hündürlükdən qorxan adamlar üçün bir qədər çətinlik yarana bilər. Onu da deyək ki, buraya gəlib paytaxtın seyrinə dalmaq, ləziz yeməklərdən dadmaq hər kəsin arzusu olsa da, hamının cibinə uyğun deyil.
Dünyanın müxtəlif ölkələrində bu tip qüllələrdən böyük şəhərlərin panoramını izləmək həmişə turistlərin marağında olub. Bakı Televiziya Qülləsindən də şəhərin təkrarolunmaz görüntülərini izləməyə turistlər tez-tez gəlir.

Fariz Hüseynov