Şərq memarlığı tarixində orijinallığı ilə seçilən bənzərsiz memarlıq abidələrindən biri də İranın İsfahan şəhərinin simvolu hesab olunan məşhur yellənən minarəli məsciddir. Şəhərdən 7 km aralıda, Kardalan adlı qəsəbədə yerləşən abidə XIV əsrin əvvəllərində - Elxanilər dövründə ucaldılıb. Firuzəyi rəngdə kaşılarla bəzədilən məscidə dünya şöhrəti gətirən də məhz onun qeyri-adi konstruksiyaya malik qoşa minarələridir.

Məscid öz dövründə mömin və zahid kimi tanınan Əmu Abdullah ləqəbli Mahmud Səqəlanın məzarı üzərində tikilib. O, Elxani hökmdarı Sultan Məhəmməd Xudabəndə Olcaytunun zamanında yaşayıb və 1317-ci ildə vəfat edib. Araşdırmalarda qeyd olunur ki, məscidin oturacağı kvadratşəkillidir. Tərəfləri isə təqribən on metrdir. Elxanilər dövrünün memarlıq ənənələrinə uyğun olaraq, məscidin girişi hündür və yaraşıqlı baş tağ şəklindədir. Abidənin ikimərtəbəli daxili hissəsi isə bir-birinin üzərində yerləşən iki kiçik otaqdan ibarətdir.
Maraqlıdır ki, məscid uzun müddət minarələrsiz olub. Qoşa minarələr Səfəvilərin hakimiyyəti dövründə inşa edilib. Məscidin cinahlarında ucaldılan qoşa minarə yer səthindən 17, məscidin damından isə 5 metr hündürdür. Minarələr XVII əsrdə yaşamış ensiklopedik biliyə malik alim, dini və dünyəvi mövzuda çoxsaylı kitabın, elmi ixtiranın müəllifi Şeyx Bəhai ləqəbi ilə tanınan Bəhaüddin Məhəmməd ibn Hüseyn Amulinin (1547-1621) layihəsi əsasında inşa edilib.
Kiçik sahəli en kəsiyinə baxmayaraq, minarələr dörd əsrdir öz möhkəmliyini qoruyub saxlayır. İllər ərzində dəfələrlə təkanlara məruz qalan minarələr əvvəlki kimi yırğalanmaqda davam edir. Minarələrin yuxarı hissəsində bir nəfərin zorla yerləşəcəyi qədər kiçik ölçülü dairəvi meydança var. Eyni zamanda minarələrin daxili divarına dəstək bərkidilib. Meydançada dayanan şəxs həmin dəstəkdən tutaraq güclü təkanla minarəni itələdikdə hər iki minarə eyni vaxtda hərəkətə gələrək yırğalanır. Çoxsaylı müşahidələrdən aydın olub ki, hərəkət təkan verilən minarədən başlayır. Daha sonra məscidin binasına, oradan da digər minarəyə ötürülür.
Minarələrin hərəkətini daha qabarıq nümayiş olunması üçün gövdəsindən iri zınqırovlar asılıb. Minarələr hərəkətə gələndə zınqırovlar tərpənib səs salır. Eyni zamanda məscidin içində, Əmu Abdullahın ağ mərmərdən yonulmuş və “Yasin” surəsi ilə bəzədilmiş sənduqəsinin üzərinə su ilə dolu kasa qoyurlar. Məscidin binası yırğalandıqca kasanın içindəki suyun səthində titrəyişlər müşahidə olunur.
Onu da qeyd edək ki, əvvəllər minarələr turistlərin üzünə açıq olub. Turistlər dolama 30 pilləni qalxaraq minarələrin birinin dəstəyindən yapışaraq onu tərpətməklə bu hadisəni canlı olaraq seyr edə bilib. Ancaq son vaxtlar minarələrin tez-tez fiziki təsirə məruz qalması müəyyən fəsadlarla müşahidə olunub. Buna görə də bu iş yalnız abidənin xidmətçilərindən birinə həvalə edilib. O, hər saatdan bir minarəyə qalxır və turistlərin gözü qarşısında minarələri hərəkətə gətirir.
Minarələrin yellənməsini xalq arasında Əmu Abdullahın qəbrinin kəraməti ilə əlaqələndirirlər. Amma buna şübhə ilə yanaşan və məscidin sirrini açmaq istəyənlər dəfələrlə minarələri sökməyə cəhd göstəriblər. Qazıntılar zamanı məzar bir neçə dəfə zədələnərək dağılıb. Belə bir rəvayət də formalaşıb ki, hər dəfə Əmu Abdullahın cəsədi çürüməmiş halda müşahidə edilib. Bəzi tədqiqatçılar isə minarələrin sirrini Şeyx Bəhainin müstəsna elmi bacarığı ilə izah ediblər. Qeyd olunur ki, minarələrin gövdəsinin aşağı və yuxarı hissəsində, bir nəfərin dayanması üçün nəzərdə tutulmuş meydança bərabərində dördbucaqlı şəklində taxtalar bərkidilib. Onlar sanki minarənin gövdəsini kəsərək içinə daxil olur. Mütəxəssislərin fikrincə, minarəni hərəkətə gətirən də elə bu konstruksiyadır. Minarələrin gövdəsini əhatə edən taxtalar sanki həncama rolunu oynayır...
Ərəbistanda, İraqda və İranın bir çox şəhərində yellənən minarələr mövcuddur. Maraqlıdır ki, bu minarələrin hamısının tikilmə tarixi XIII əsrin sonu - XIV əsrin əvvəlləri olaraq göstərilir.

Savalan Fərəcov