Kanadanın Karlton Pleys şəhərində bu şəhərin rəmzlərindən biri olan Beynəlxalq Daş Piramidasının açılış mərasimi olub. Tədbirdə Azərbaycanın Kanadadakı səfirliyinin müvəqqəti işlər vəkili Ramil Hüseynli iştirak edib.
Səfirlikdən bildiriblər ki, dünya ölkələrinin dostluğunun rəmzi kimi tanınan bu abidə yerli vətəndaşlar və səfirliklər tərəfindən ianə edilən daşlardan ibarətdir. 2014-cü ilədək piramidada yalnız 20 ölkədən daş parçaları var idi. Artıq bu ildən Azərbaycan da sözügedən abidəyə töhfə vermiş ölkələr siyahısındadır və ölkəmizin Qarabağ bölgəsindəki Quruçay vadisindən tapılmış kobud çapma aləti bu abidədə yer alıb.
Mərasimdə çıxış edən Karlton Pleys şəhərinin meri Vendi Löblan abidənin formalaşmasına töhfə vermiş ölkələrə, o cümlədən Azərbaycana təşəkkürünü ifadə edib. Tədbirdə Azərbaycan səfirliyinin təqdim etdiyi daş parçasının detalları haqqında iştirakçılara məlumat verilib.