“Biz qarşıdurma siyasəti aparmaq niyyətində deyilik. Bu bizim maraqlarımıza cavab vermir. Amma lazım gəldikdə sözümüzü deyirik, maraqlarımızı müdafiə edirik. Üzv olduğumuz beynəlxalq təşkilatlarda prinsipial mövqeyimizi daim ifadə edirik və edəcəyik”. Azərbaycan Prezidentinin bu gün uca səslə söylədiyi bu sözlərin, məsələn, 20 il əvvəl səslənməsi, əlbəttə, real deyildi. Bəlkə də söz olaraq o zaman da bəyan edilə bilərdi. Amma rezonansı, hədəfləndiyi ünvanlara təsiri indiki kimi olmazdı.

Çünki dünyada hər bir ölkəyə maraq və diqqət, ilk növbədə, onun güc və potensialı, yerləşdiyi coğrafiyadakı vəziyyəti, strateji imkanları ilə şərtlənir. Məhz bu faktorların üstünlüyü dövlətə də, onun əldə etdiyi nailiyyətlərə də münasibəti təmin edir. Bu baxımdan Azərbaycanın müstəqilliyini bərpa edəndən sonra keçdiyi yol, çatdığı inkişaf səviyyəsi özümüzdə qürur doğurduğu qədər, dünyanın gözündə də diqqətəlayiqdir. Bizim üçün ona görə qürurvericidir ki, ölkəmiz bu nailiyyətlərə öz imkanları hesabına, heç bir böyük dövlətin əlaltısı, forpostu olmadan çatıb. Dünyanın gözündə ona görə diqqət çəkirik ki, bugünkü Azərbaycanın imkanları, Cənubi Qafqazın iqtisadi potensialının dörddəüçünü əlində cəmləməsi, regional layihələrdə əsas söz sahibi olması, Avropanın enerji təchizatında önəmli rol oynaması gözardı ediləcək faktlar deyil.
Amma bütün bunlar asan əldə edilməyib. Müstəqilliyimizin ilk illərində yaşadığımız ağrı-acıları, itkiləri, o dövrdə regiondakı və dünyadakı yerimizi yada salsaq, bunu yəqin edə bilərik.
Bugünlərdə həmin acılı olaylardan ən dəhşətlisinin - Xocalı soyqırımının 23-cü ildönümü tamam oldu. 23 il əvvəl Azərbaycan yeni tarixinin çox ağır bir dövrünü yaşayırdı. Dünya səsimizi eşitmirdi, gerçəklərdən xəbərsiz idi. Müxtəlif ölkələrin informasiya vasitələrinin, Xocalı dəhşətini gözləri ilə görüb vicdanını susdurmayan əcnəbi jurnalistlərin bu faciə barədə yazıb-yaydıqları hər nə qədər ictimai rezonans doğursa da, Qarabağ problemi haqqında obyektiv beynəlxalq münasibət yaradacaq qədər təsirli deyildi. Bütün bunlara özümüz, dünya birliyində yerimizi tapmaqla, beynəlxalq təşkilatlarda mövqelərimizi möhkəmləndirməklə nail olmalı, çox yol qət etməli idik. Diplomatiya hər zaman uzun və incə bir yol olub.
Bugünlər həmin yolun da əlamətdar bir tarixinin ildönümü idi. Martın 2-də Azərbaycanın Birləşmiş Millətlər Təşkilatına (BMT) üzvlüyünün 23-cü ili tamam oldu. BMT dünyanın ən böyük təşkilatıdır, bu gün sıralarında 193 ölkəni birləşdirir. Təbii ki, BMT-də təmsilçiliyin onun halına təfavüt etməyən böyük dövlətlər də var. Elə ölkələr də var ki, uzun illər bu üzvlüyə heç ehtiyac duymayıb. Avropanın ən rifahlı ölkələrindən İsveçrə yalnız 2002-ci ildə keçirilən referendumdan sonra əhalisinin yarıdan çoxunun istəyi ilə BMT sıralarına qoşulub.

Dünəndən bu günə: tarixin həqiqət anı

Azərbaycan kimi yeni müstəqillik qazanmış ölkələr üçün isə BMT-yə üzv olmaq suverenliyin təsdiqi üçün müstəsna şərt idi. Amma tarixin gərdişi elə gətirdi ki, bayrağımız Nyu-Yorkdakı möhtəşəm bina önündə dalğalanmağa başlayanda bu hadisəyə sevinə bilmədik. Çünki böyük acı içində idik. Bayrağımız dünyanın o başında bayraqlar arasında ucalanda burada ona qara lent bağlayıb, aşağı endirmişdik. 1992-ci il martın 2-si Azərbaycanda Xocalı qətliamı ilə bağlı elan edilən üçgünlük rəsmi matəmin sonuncu günü idi.
Bu hadisədən iki həftə sonra BMT baş katibinin xüsusi nümayəndəsi Sayrus Vens Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətlə tanış olmaq üçün regiona gəldi, əvvəl Bakıda oldu, sonra Yerevana, oradan Xankəndiyə getdi. O zaman teleekrandan seyr etdiyimiz kadrlar, əslində, bizim üçün beynəlxalq münasibətlərin anatomiyasını dərk etmək baxımından təsirli mənzərə idi. BMT təmsilçisi Yerevandan Xankəndiyə uçmaq üçün vertolyota minərkən erməni heyətdən biri onun ayaqqabısının ipinin açıldığını görür və dərhal dizini yerə qoyaraq S.Vensin heyrətli baxışları altında ayaqqabının ipini bağlayır. Bu bir anlamda beynəlxalq vasitəçilərin ayağı ilə, onların seyrçi baxışları altında Qarabağ probleminə vurulan ilk düyün idi. Bu, eyni zamanda beynəlxalq aləmdə lobbiçiliyin nə qədər idbar növlərinin olduğuna, belə bir fonda Qarabağ probleminin necə dəyərləndiriləcəyinə, qarşı tərəfin bu məsələdə nə dərəcədə riyakar davranacağına dair siqnal idi. Bu alçaq xislət qarşısında lobbi savaşına Azərbaycan öz gücünü səfərbər etməklə çıxmalı idi.
Sonrakı illərdə beynəlxalq təşkilatlardan gələn bəyanatlar, Qarabağa dair qəbul olunan qətnamələr işğalçını öz adı ilə çağırmayacaq qədər zəif, işğala son verməyəcək qədər təsirsiz idi. 1993-cü ildə BMT Təhlükəsizlik Şurasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dörd qətnamə qəbul olundu. Onların sıra sayına diqqət yetirək - 822, 853, 874, 884. BMT TŞ-nin hələlik axırıncı olan (26 fevral 2015-ci il tarixli) qətnaməsinin sıra sayı 2205-dir. Deməli, bu təşkilatda Qarabağdan öncə 800-dən çox, Qarabağdan sonra da 1400-ə yaxın qətnamə qəbul olunub. Bəs onlardan neçəsi kağız üzərindən icraata keçib? Təəssüf ki, bunun statistikası yoxdur.
23 il öncə Azərbaycan üçün BMT-yə üzv olmaq, ilk növbədə, ən böyük dərdini dünyanın diqqətinə çatdırmaq baxımından önəmli idi. Üstündən bu qədər zaman ötəndən sonra biz yenə BMT-yə və bütövlükdə beynəlxalq təsisatlara Qarabağ pəncərəsindən baxmaqdayıq. Amma ötən illərin əlamətdar nəticəsi də var. Biz bu illərdə dünyada haqq və ədalətə bəslənən ümidlərin xeyli dərəcədə illüziya olduğunu, beynəlxalq qurumlarda hər şeyin böyük mənafelərin fonunda cərəyan etdiyini anlamışıq. Regional və beynəlxalq müstəvidə prosesləri, ikitərəfli və çoxtərəfli münasibətlərin gedişatını milli maraqlarla uzlaşdırmaq isə ölkənin öz imkanlarından asılıdır.

İqtisadi imkanlar diplomatiyada güc alətidir

Son illər artan iqtisadi potensialımız ölkəmizin regional layihələrdə daha güclü rol oynamasına, beynəlxalq təşəbbüslərə daha aktiv cəlb olunmasına, xaricdə sərmayə qoyuluşuna zəmin yaradır. Çünki daxildə gücü, imkanları olan dövlət beynəlxalq miqyasda da özünü əmin və arxayın hiss edir. Prezident İlham Əliyev bununla bağlı demişdir: “Xarici siyasətimiz daxili siyasətimizin davamıdır. Bu gün Azərbaycanın xarici siyasəti prinsipiallığı ilə seçilir. Eyni zamanda ölkəmizin uğurlu inkişafı və iqtisadi müstəqilliyimizin tam şəkildə təmin olunması bizə imkan verir ki, xarici arenada da öz sözümüzü deyək, öz maraqlarımızı müdafiə edək”.
Çağdaş dünyada iqtisadi güc həlledici faktor, xarici siyasətdə mühüm təsir rıçaqları deməkdir. Bir vaxtlar “Əsrin müqaviləsi”nə və digər layihələrə dünyanın böyük dövlətlərini, regionun söz sahiblərini cəlb etməklə enerji diplomatiyasında tarazlığı təmin edən Azərbaycan indi özü xarici siyasətdə iqtisadi imkandan yararlanır. Ölkəmiz qonşu Gürcüstan, qardaş Türkiyə ilə yanaşı, Avropa məkanında da investor kimi çıxış edir.
Dövlət başçısının haqlı olaraq qeyd etdiyi kimi, enerji diplomatiyası milli təhlükəsizliyin vacib elementidir: “Bu gün enerji təhlükəsizliyini ölkələrin milli təhlükəsizliyindən ayırmaq mümkün deyildir. Son vaxtlar imzalanan sazişlər Azərbaycanı dünya üçün, Avropa üçün daha da önəmli ölkəyə çevirəcəkdir. “Şahdəniz-2”, TANAP, TAP layihələri Avropanın ən böyük infrastruktur layihələridir. Azərbaycan bu layihələrdə liderliyi öz üzərinə götürüb və onların icrası nəticəsində böyük bazara çıxış əldə edəcəyik. Ona görə bizim iqtisadi diplomatiyamız çox fəal olmalıdır”.
İqtisadi imkanlar xarici siyasətin mühüm istiqamətlərindən olan humanitar diplomatiyaya da yol açır. 10-15 il öncəyədək üzləşdiyi hərbi təcavüzün fəsadlarını aradan qaldırmaq, yüz minlərlə qaçqın və köçkünün problemlərini həll etmək üçün xaricdən köməyə ehtiyac duyan Azərbaycan bu gün müxtəlif ölkələrə humanitar yardım göstərir. Xarici İşlər Nazirliyinin nəzdində təsis edilmiş Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) həyata keçirdiyi humanitar proqramlar Fələstin, Anqola, Əlcəzair, Çad, Liviya, Vyetnam, Əfqanıstan kimi onlarla ölkəni əhatə edir. Bu fəaliyyətlər ölkəmizin beynəlxalq arenada mövqeyini möhkəmləndirir, tərəfdaşlarının sırasını, lobbi imkanlarını genişləndirir.

Dost və düşmən əhatəsində: milli maraqlardan güzəşt olmaz

Hər bir dövlətin xarici siyasətinin effektivliyi onun beynəlxalq müstəvidə öz maraqlarını qoruya bilməsi ilə xarakterizə olunur. Müstəqilliyimizin ilk illərindən dünyadakı erməni lobbisi və Ermənistana havadar qüvvələrin səyi ilə Azərbaycana qarşı qaralama kampaniyası aparılmaqdadır. Ölkəmizin dünyada nüfuzu artdıqca bu qüvvələr də fəaliyyətlərini genişləndirirlər. 2014-cü ilin may-noyabrında Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə bu proses xüsusilə qabarıq nəzərə çarpdı. Təbii ki, bu kampaniyalara verilən cavab da adekvat olmalı idi.
Bu baxımdan ötən ilin iyununda ölkə Prezidentinin AŞPA tribunasında söylədiyi nitq həm Azərbaycan əleyhdarları ilə məntiq mübarizəsi, həm də güclü Azərbaycanın təqdimatı idi. Prezident İlham Əliyev daha öncə dəfələrlə söylədiyi fikri bir daha diqqətə çatdırdı ki, Azərbaycanın Avropa Şurasına üzv olması, üzərinə öhdəliklər götürməsi, müxtəlif konvensiyalara qoşulması kiməsə xoş gəlmək üçün atılan addımlar deyil. Bu, bizim özümüzün strateji seçimimizdir və Azərbaycanı modern, inkişaf etmiş, rifahlı dövlətə çevirmək istəyimizdən irəli gəlir.
Bu gün Azərbaycan tolerantlığın bərqərar olduğu bir ölkədir. Avropada, Amerikada dinlər, sivilizasiyalar arasında toqquşmalardan söz edilərkən Azərbaycan multikulturalizm, mədəniyyətlərarası dialoq məkanı kimi dünyaya nümunə göstərilir. Okeanın o tayında hələ də qara dərilərlə ağların birgəyaşayış problemlərinin üzə çıxdığı (Ferqyusson olayları), Avropanın millətçi dairələrində islamofobiyanın kultivasiya edildiyi bir vaxtda bizim ölkəmizdə fərqli inancların təmsilçiləri dini bayramları, mərasimləri birgə qeyd edir, müxtəlif etnik qruplar bir ailə kimi yaşayırlar.
Ölkə rəhbərliyinin yeritdiyi ölçülü-biçili və ən əsası, səmimi xarici siyasət nəticəsində dünyada bizə etimad bəsləyən dövlətlərin sayı artır. Azərbaycan 155 ölkənin dəstəyi ilə BMT TŞ-nin qeyri-daimi üzvü seçilərək 2012-2013-cü illərdə bu mötəbər qurumda təmsil olundu. Ölkəmiz bu il Türkiyədə keçiriləcək “Böyük 20-lik” sammitinə dəvət alıb. Beynəlxalq münasibətlərdə “soyuq müharibə” havasının əsdiyi bir vaxtda Azərbaycan ilin ən böyük idman hadisəsinə - I Avropa Oyunlarına ev sahibliyi edəcək. Biz hər kəsi Olimpiya ruhunda səmimiyyətə, “fair-play” prinsipinə əsaslanan siyasətə dəvət edirik. Çünki seçdiyimiz müstəqil inkişaf yoluna sadiqik, beynəlxalq təşkilatlarla, böyük-kiçik ölkələrlə münasibətlərimizi də qarşılıqlı hörmət üzərində qururuq. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, biz heç bir ölkə və təşkilatla qarşıdurma siyasəti aparmaq istəmirik. Amma bu o demək deyil ki, milli maraqlarımızın müdafiəsindən geri duracağıq: “Biz bütün ölkələrlə çox xoş münasibətlər qurmaq əzmindəyik. Ancaq milli maraqlarımızın hesabına yox, bərabərhüquqlu münasibətlərin hesabına”.

Vüqar Əliyev

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur.