Orta əsrlərdə dünya elminə bənzərsiz töhfələr verən azərbaycanlı alimlər çox olub. Belə görkəmli simalardan biri də dünyada tanınmış səyyah, coğrafiyaşünas Əbdürrəşid əl-Bakuvidir.

Əbdürrəşid Saleh ibn-Nuri əl-Bakuvinin təvəllüd tarixi barədə səhih məlumat yoxdur. Onun təxminən 1335-1360-cı illər arasında Bakıda dünyaya göz açdığı, 1425-1430-cu illərdə Qahirədə vəfat etdiyi qeyd olunur. Atası Nuri dövrünün yüksək təhsil görmüş adamlarından olub. Ə.Bakuvi atasından bəhs edərək yazır: “Bakı, atam - alim imam Saleh ibn Nurinin vətənidir. O, ləyaqət meyarı idi... 77 yaşında ikən dünyadan köçdü”.
Araşdırıcı Eybəli Mehrəliyev Ə.Bakuvinin səyahətlərinin yol xəritəsini təhlil edib. O, ömrünün çox hissəsini səfərlərdə keçirib. Səyyahın daimi yaşayış yeri isə Bakı və Məkkə şəhərləri olub. Bir sıra əsərlər yazsa da, yalnız bir kitabı günümüzə qədər gəlib çatıb. Həmin kitabın əlyazması Paris Milli Kitabxanasında saxlanılır.
Ə.Bakuviyə böyük şöhrət gətirən “Abidələr” haqqında kitabın ixtisarı və qüdrətli şahın möcüzələri” əsəridir. Kitabda o zaman Şərqdə məlum olan ölkə və millətlər haqqında məlumat verilir. Kitabın dünyanın müxtəlif kitabxanalarında qorunan fars dilinə tərcüməsinin nüsxələri var.
Əsərin təhlili göstərir ki, müəllif yüksək savada və geniş dünyagörüşünə malik bir şəxs olub. Səyahətlərində öz müşahidələrindən başqa bir çox sələfləri tərəfindən coğrafiya, fəlsəfə və tibbə dair əldə olunan məlumatlardan da istifadə edib. Araşdırmalarda göstərilir ki, Ə.Bakuvi kitabı yazarkən istinad etdiyi başlıca mənbə o dövrün ən görkəmli coğrafiyaşünası Zəkəriyyə əl-Qəzvininin “Ölkənin abidələri” əsəri olub. O, kitabda İstəxri, Məsudi, Biruni, İbn Sina, Yaqut, Həmdullah Qəzvini də daxil olmaqla məşhur filosof, alim, şair və həkimlərin əsərlərindən də çıxarışlar verib... Əsər 1789-cu ildə fransız dilinə, sonra bir çox digər Avropa dillərinə tərcümə olunub. Əsərin məzmununa isə görkəmli Azərbaycan coğrafiyaşünası N.Kərəmovun kitablarında geniş yer verilib.
Ə.Bakuvi kitabda Azərbaycanın coğrafiyası, iqlimi haqqında ətraflı məlumatlar verir. Araz çayı haqqında da yazan müəllif bildirir ki, bu çay bir çox ölkələrdən keçərək Nakcuvan (Naxçıvan) yaxınlığındakı Diya əl-mülk körpüsünə çatır. Bu körpü daşdan tikilib və dünyadakı möcüzələrin biridir.
Səyyah Bakı haqqında bunları yazır: “Bura bir şəhərdir ki, əl-Xəzər dənizinin sahillərində daşdan tikilib. Divarları dəniz suyu ilə yuyulur. İndiyəcən su çoxlu qala qüllələrini aparmış və məscidə yaxınlaşmışdır... Evlərin çoxu qayalar üzərində tikilib. Havası gözəldir, qayalardan axıb gələn içməli su isə çox xoşdur. Burada buğda az yetişir və əsasən taxılı şəhərə Şirvan və Muğandan gətirirlər. Ərazisində əncir, nar və üzüm bol olur”. Müəllif Bakının küləyindən və neft istehsalından bəhs edir: “Gecə də, gündüz də külək əsir. Bəzən güclü əsəndə az qala adamı da yıxır. Buradan hər gün 200 dəvə yükü həcmində neft çıxarılır”.
Bakuvi Təbrizə də böyük diqqət göstərir: “Bu şəhər varlı və bar-bəhərlidir. Əhalisi imkanlıdır və sənətkarlıqla məşğul olur. Şəhərin yaxınlığında heyrətamiz dərəcədə faydalı keyfiyyətləri olan kükürdlü hamamlar var”. O, Təbriz şəhərinin görməli yerlərinə heyran olub: “Orada saysız-hesabsız məscidlər, mədrəsələr, saraylar və insanı heyran edən tikililər var”.
Kitabda Pirallahı adasının təsviri də maraq doğurur: “Şəhər yaxınlığında adada məskunlaşmış insanlar suitiləri ovlayırlar. Dərisini soyur, piyindən çıraq yağı düzəldirlər. Dərisindən tuluq düzəldir və içinə neft dolduraraq gəmilərlə başqa ölkələrə aparırlar... Neçə ildir orada böyük bir məşəl yanır. Bu alov dənizdən qalxaraq birgünlük yoldan, bəlkə də daha uzaqdan görünür”.

Savalan Fərəcov