20 Yanvar. Tariximizin qanla yazılmış səhifəsi. Həmin  gecənin ürək yandıran dəhşətindən hələ indi də özünə gələ bilməyən, danışanda səsi titrəyən, saçları vaxtından tez ağaran insanlar var ki, onları həyəcansız dinləmək olmur. Onlardan biri ilə görüşdüm, fəryad dolu titrək söhbətini lentə aldım. Özünü təqdim etdi. Əmirova Zərintac Cəlil qızı. 36 ildir Respublika Mədəniyyət Müəssisələrinin İxtisasartırma Mərkəzində tədris hissə müdiri işləyir.

 
- O günü xatırlamaq mənə çox ağır gəlir. O günü unuda bilmirəm. Həmin gecə mən də "səngər"də idim. Həyat məni mübariz etmişdi.
1987-ci ildə axırıncı dəfə İrəvana gedəndə orada 2 azərbaycanlı uşağının öldürüldüyünü gördüm. Bu hadisə məni dəhşətə gətirdi. 1988-ci ildən öz dədə-baba torpaqlarından - indi Ermənistan adlandırılan Qərbi Azərbaycandan  qovulan azərbaycanlıların bir qismi bizim iş yerimizin yanında məskən salmışdılar. İçərisində qulağı kəsik, başı yarılmış, gözləri çıxarılmış adamlar var idi. Bütün bunlar mənim qəlbimi yandırırdı. 1988-ci  ildə müstəqillik uğrunda xalqımızın apardığı mübarizəyə qoşuldum. Mitinqlərdə iştirak etdim. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə azğın sovet qoşunlarını "səngər"də qarşıladım. Mərd oğullarımızla bir yerdə.

 
Gecə saat 1-ə işləyirdi. 4-cü mikrorayonda, Biləcəridən qalxan yolda qeyrətli oğullarımız barrikada qurub şəhərin müdafiəsinə durmuşdular. Mən onlara isti yemək və çay gətirmişdim. Elə bu zaman rus tanklarının üstümüzə gəldiyini gördük. Heç nəyə baxmırdılar. Barrikadanı dağıtdılar. Tanklarla maşınları əzdilər. Qaçaqaç düşdü. Yaxınlıqdakı evin həyətinə girdik. Artıq başa düşdük ki, bu vəhşilər bu milləti qırmağa gəliblər. Əlimizdən heç nə gəlmirdi. Saat 3 olardı. Həyətdən çölə çıxdıq. Adamı dəhşətə gətirən bir mənzərə yaranmışdı. Hadisə yerində kiminin ayaqqabısı, kiminin paltosu, papağı, gödəkçəsi qalmışdı. Əzilib parçalanmış baş, qol, bədən hissələri, qanlı ət parçaları. Gözlər olsun görməsin!..
Həmin vaxt məhlənin kişiləri (onları üzdən tanıyırdım) yaralıları xəstəxanaya daşıyırdılar. Biz də bir neçə qadın onlara kömək etdik. Sonra bir yerdə şəhid olanların paltolarını, əşyalarını yığdıq ki, bunlardan muzey təşkil edərik. Xalq  Təsərrüfatı İnstitutunun bir qadın müəlliməsi də var idi yanımızda. Həmin şeyləri ona verdik. Onu da şəhid etdilər. Bilmədik o şeylər sonra necə oldu.


Həmin vaxtı mənim gəlinim Biləcəridə anasıgildə idi. Səhər istədim onlara gedim. Yolda tankı sürdülər üstümə. Mən əllərimi qaldırıb tankın üstünə yeridim. Rus dilində onlara dedim ki, mən ölənlərdən artıq deyiləm. Vətən yolunda ölməyə hazıram. Ola bilsin ki, bir az inandırıcı olmasın. Amma düzünü deyirəm. Tankın üstünə yeridim. Nə fikirləşdilərsə dönüb məndən uzaqlaşdılar.


Hadisədən iki gün sonra, dəqiq yadımda deyil, hansı ölkələrdənsə 3 müxbir gəlmişdi. Mən onlara bu barədə ətraflı məlumat verdim. Dedim ki, sovet imperiyasının xalqımızın başına gətirdiyi bu müsibətlərin  heç zaman oxşarı olmayıb. Alman faşistləri belə vəhşilik etməyib. Onlar nə uşağa, nə qocaya, nə qadına rəhm edirdilər. Üstümüzə heç yerdə istifadə olunmamış silahlardan atəş açırdılar. Mən bu sözləri onlara ağlaya-ağlaya dedim.
Yanvarın 20-dən sonra da onlar xalqımıza qarşı vəhşiliklər edirdilər.
Bir dəfə mən evimizə gedirdim. Qarşımda məktəb uşaqları vardı. Sir-siyətdən quldura oxşayan bir əsgər 10-11 yaşlı bir uşağı tutub sifətinə yanar siqareti basdı. Bu məni dəhşətə gətirdi. O əsgərlərə ağzıma gələni dedim, amma məni heç veclərinə almadılar. Mən həmin uşağı da götürüb, o vaxt Bakının komendantı olan Dubinyakın yanına apardım. Birtəhər onun  qəbuluna düşdüm. Baş vermiş hadisəni ona danışdım. O, mənə dedi ki, sən qadınsan, belə şeylərə qarışma. Onun üstünə qışqırdım ki, nə istəyirsiniz bu xalqdan.  Cavanlarını qırdız, qocalarına, qadınlarına rəhm etmədiniz, bəs bü körpə uşaqlardan nə istəyirsiniz?


Sonra Dubinyak tabeçiliyində olan iki nəfəri çağırıb tapşırdı ki, uşaqlara toxunmayın.


Həmin hadisədən 9 gün sonra ana olmağa hazırlaşan gəlinimi təcili yardım maşını ilə Semaşko adına xəstəxanaya aparırdıq. Bizi düz 17 yerdə saxladılar.


Nə qədər övladlarımız atasız, cavan gəlinlərimiz ərsiz, analarımız oğulsuz qaldı. Mən heç bir vaxt bunları yaddan çıxara bilmərəm. Bu hadisələri hər gün xatırlayıram. Amma mən xalqımızın birliyini də görmüşəm. Dəfn günü bütün Bakı torpağı qərənfilə bürünmüşdü. Bu, müstəqilliyə gedən yolun başlanğıcı idi. Xoşbəxtəm ki, bu gün müstəqil bir ölkədə yaşayıram. Onunla təskinlik tapıram ki, şəhidlərimizin arzuları puç olmadı. İnanıram ki, Qarabağda şəhid olanlarımızın da qanı yerdə qalmayacaq.


Fərahim Şükürov