Bəzən  tarixi hadisələrin mahiyyətini isti-isti dərk edib onu bədii-estetik "süzgəcdən" keçirməklə yaddaqalan əsər yaratmaq çətin olsa da, rəssam və heykəltəraşlarımız 20 Yanvar faciəsinə münasibət göstərməkdə gecikməyiblər. Bunun başlıca səbəbi baş verənlərin sənət adamlarına çox güclü mənəvi-psixoloji təsir göstərməsi, Qanlı Yanvara onların özlərinin bilavasitə şahidlik etmələridir. Odur ki, faciə sonrası arxada qalan illərdə vaxtaşırı təşkil olunan müxtəlif miqyaslı sərgilərdə yaradıcı insanlar 20 Yanvarda gördüklərini həm real, həm də rəmzləşdirilmiş əsərlərdə ifadə etməyə nail olmuşlar. Özü də təkcə yaşlılar yox, kiçik uşaqlar da gözlənilməz təcavüzə etirazlarını bildirmişlər.

Yeri gəlmişkən, qeyd edək ki, o vaxt respublika televiziyasında ən yaxşı uşaq rəsmlərinin "Yurdum, yuvam, məskənimsən..." adlı müsabiqəsi keçirilirdi. Müsabiqənin növbəti mərhələsinə göndərilən rəsmlərin əksəriyyətində 20 Yanvar faciəsi öz əksini tapmışdı. Odur ki, həmin rəsmlərin bir qismini ekranda göstərməyə qərar verdik, təbii ki, sonradan nə baş verəcəyini düşünmədən... Ancaq ekranda qara bayraqlı Bakı küçələrini əks etdirən rəsmlərin göstərilməsi o vaxt şəhər komendantını hövsələdən çıxartdı. O, bu işdə "günahı" olanları tənbeh etməklə verilişin təkrar göstərilməsinə qadağa qoydu. Amma  artıq iş-işdən keçmişdi və uşaqların haqlı etirazlarını ictimaiyyət görmüş və addımı yüksək dəyərləndirmişdi. İş elə gətirmişdi ki, 20 Yanvar gecəsi müsabiqənin iştirakçılarından biri, Bakı məktəblisi Larisa Məmmədova şəhid olmuşdu. Münsiflər heyətinin qərarı ilə müsabiqə yekunlaşdırılarkən onun da adı mükafatçılar sırasına daxil edildi...


Sonralar yaradıcılığında 20 Yanvar mövzusuna və çeşidli problemlərimizə geniş yer ayıran rəssam Vaqif Ucatay hadisə baş verən gecə Mərkəzi Komitə binası qarşısında toplaşan insanların arasında olmuşdu. Elə səhərə yaxın o, binanın önündəki mərmər divara yağlı boya ilə "Qorbaçov cəlladdır!" sözünü yazmaqla ilk olaraq təcavüzə öz sənətkar etirazını bildirmişdi. Onun  "Yenidənqurma iblisi", "Şərin oyuncaqları", "Fəryad", "İşıq sevgisi" və s. əsərlərində həm qrafik cizgilərin, həm də təzadlı rənglərin vasitəsilə faciənin əsas baiskarına real-rəmzi münasibət ifadə olunmuşdur.


Nizami Hüseynovun "Şəhidlər" adlı rəngkarlıq tablosunda isə millətimizin taleyinə yazılmış acı yaşantıların obrazlı, ümumiləşdirilmiş görüntüsü ilə qarşılaşırıq. Əlavə edək ki, rəssamın günahsız insanları bu cür ağır duruma gətirib çıxaranlara sərt münasibəti həm də ona görə təqdir olunandır ki, əsər nifrətə bələnmiş insanları ayıq-sayıq olmağa səsləyir...
Görkəmli fırça ustası Rasim Babayevin yaradıcılığında kommunist ideologiyasına qarşı yönəli Xeyirlə Şərin mübarizəsi mövzusu Qanlı Yanvar faciəsindən sonra həm də milli məzmunla zənginləşdi. Onun "Təcavuz" tablosunda bunun yaddaqalan ifadəsi ilə rastlaşırıq.


Şəhidlərin dəfni günü hamılıqla ağı deyən paytaxtın küçə-meydanlarının qərənfil selinə bələndiyni çoxları yaxşı xatırlayır. Bakı kəndlərində yetişdirilən toy-büsat ünvanlı al qərənfillərin həmin qəmli günlərdə nahaq qan rəmzinə çevrilməsi sayəsində yaratdığı görüntü yaddaqalan olmaqla yanaşı, həm də çox dərəcədə təsirli idi. Hadisə sonrası  təşkil olunan elə ilk sərgidə tanınmış rəssam Sara Manafovanın çəkdiyi natürmort janr etibarı ilə sadə görünsə də, özündə qara rəngli qərənfilləri bədiiləşdirdiyindən çox duyğulandırıcı idi.


Rəngkar Hacırza Fərzəliyevin "Ağlı-qaralı dünya", Fikrət İbrahimovun "Gələcək naminə", Həmzə Abdullayevin "Çərxi-fələk", İsmayıl İsmayılovun "Həqq tərəzisi", Qafar Seyfullayevin "Öncə vətəndir...", Asim Səmədovun "Ruhlar" və s. tablolarında qanlı gecənin acılı-ağrılı yaşantıları yaddaqalan bədii ifadəsini tapmışdır.


Görkəmli qrafika ustası Arif Hüseynovun "Qara tağlı natürmort" əsərində rəmzlərlə təcavüzə münasibət göstərilmişdir. Fəxrəddin Məmmədvəliyevin "Qara yanvar" və Arif Ələsgərovun "20 Yanvar" qrafik əsərlərində isə ağ-qara cizgilərin təzadından "boylanan" faciənin görüntüləri şərti-obrazlı təqdimatına, təfsir gücünə görə diqqətçəkəndir.
Monumentalçı rəssam Şükür Abbasın Bakı metrosunun "20 Yanvar" stansiyanın daxili tərtibatı üçün işlədiyi mozaik  pannoda da mövzunun ekspressiv, duyğulandırıcı təqdimatı ilə qarşılaşırıq. Bir vaxtlar metronun bu stansiyasının vestübülünü bəzəyən keramik kompozisiyada da faciəyə yaddaqalan (müəllifi Məhəmməd Əliyev) sənətkar münasibəti çox qabarıq idi.
Mövzunu özündə yaşadan digər bir keramik əsəri isə tanınmış rəssam Məzahir Avşar yaradıb. Onun "Yaralı daşlar" kompoziyası qanlı gecənin acılı-şirinli məqamlarının maddiləşmiş görüntüsü kimi qəbul olunur.


Rəssam Kamil Nəcəfzadənin "Faciə" adlı tematik tablosunu, Fəxrəddin Əliyevin eskizi əsasında toxunan "20 Yanvar" xalçasını da faciənin dəhşətlərini özündə bədii vasitələrlə əks etdirən yaddaqalan sənət nümunəsi hesab etmək olar.


Heykəltəraş Xanlar Əhmədovun "Şəhid", Sahib Quliyevin isə "Müqavimət" adlı plastika nümunələrində  qanlı gecədə baş verənlərlə barışmazlıq hissləri qabarıq duyulur...


Biz yazıda 20  Yanvar faciəsinə sənətkar münasibətini ifadə edən əsərlərin az bir qismi haqqında söz açdıq. Onların sayı isə kifayət qədər çoxdur və yenə də yaradılmaqdadır. Belə sənət əsərlərinin vaxtaşırı sərgilənməsi yetişməkdə olan nəslin vətənpərvərlik tərbiyəsində mühüm rol oynaya bilər. Həmin nümunələrin muzey ekspozisiyalarına daxil edilməsi, kitab, albom, plakat şəklində çap edilib yayılması çox vacibdir. Soyuq bir yanvar gecəsi ədalətsizliyə tuş gələn xalqımızın faciəvi yaşantıları özünə məhz bu cür münasibət istəyir...


Ziyadxan Əliyev,
əməkdar incəsənət
xadimi